Qərargah rəisliyindən kitab satıcılığına – FOTO
Bizi izləyin

Bilgi.az

Qərargah rəisliyindən kitab satıcılığına – FOTO

Onu bir neçə dəfə elə burada, yeni, yaraşıqlı marketin qapısı ağzında görmüşdüm. Qarşısında kitablar, yanında da ixtiyar yaşlı bir qadın olardı.

O, kitab satır, xanım isə ona qulluq edirdi. Bu gün də eyni ünvanda, eyni cür gördüm. Qadın termosdan çay süzür, konfetin kağızını açır və kişiyə uzadırdı. Fikir verirəm: hər ikisinin bir-birinə müraciətində, ətrafla davranışlarında bir zadəganlıq, kübarlıq görünür. Elə insanların da onlar münasibətində hörmət hiss olunur.

Günün müxtəlif vaxtlarında burada ayrı-ayrı insanlar əyləşir. Limonsatan astaralı qadın, azyaşlı uşağını qucağına alıb "ancaq çörəkpulu istəyirəm" deyən qara çarşablı gənc ana, üzündən-gözündən his yağan çürük dişli sərxoş dilənçi və hər iki ayağını Qarabağ savaşında itirən qazini dilənməyə məcbur edən "sevgilisi"... Onların hər birinə də özlərinin rəva görə bildiyi münasibət olur.

Kitab oğrusu

Bu cütlük isə tam fərqlidir. Özləri ilə balaca kətil də gətirirlər. Daşın üstündə oturmurlar. Rusdurlar. Kişi hündür, qadın isə bəstəboydur. Hər ikisi tez-tez eyni sözləri təkrarlayır:

- Maraqlı literatura.

Alıcılara kitab haqda ətraflı məlumat da verirlər. Bu işi əsasən kişi görür.

Bir azdan qadın termosu götürüb yaxınlıqdakı kafeyə girir. Fürsətdən istifadə edib onun yerində otururam. Qarşımda qalaqlanan kitablardan birini götürmək istəyirəm. Kişinin möhkəm əli biləyimdən yapışır:

- Polaji na mesto! (Yerinə qoy!)

- Baxmaq istəyirdim, görüm nə kitabdır, - dillənirəm.

O isə hələ də kitab oğrusu zənn etdiyi adamın – mənim biləyimdən yapışıb. Düz qabağa baxır. Gözlərini qırpmır da.

- Əşi, əlimi burax, bir mənə bax, gör kitab oğrusuna oxşayıram?

Gözlərim kordur

Əlini boşaldır. Sonra yavaş səslə:

- Mən görmürəm, gözlərim kordur, – utanırmış kimi deyir. - Burada olub belə hallar, kitablarımı götürüb aparıblar. Sən heç danışmadın axı. Keçdin oturdun qarımın yerində. Fikrim səndə idi...

- Yox, mən pis məqsədlə keçmədim qarının yerinə. İstəyirdim sizinlə söhbət edəm, ona görə oturdum burda.

- Nə haqda danışacağıq?

- İstəyirəm sizin haqda nə isə yazam.

- Jurnalistsən?

KQB-dənsən, bəlkə

"Hə" cavabını alarkən gülümsədi. Ətrafdakı insanların eşidə biləcəyi tərzdə:

- Nəyimdən yazacaqsan? Sən bir redaktorunla məsləhət etmisən? Bəlkə, mən elə sözlər deyəcəm ki, sən heç onları yazmayacaqsan, yaxud heç dərc etməyəcəklər?

Kişini arxayın salıram ki, narahat olmasın. Adını soruşuram. Yox, deyəsən, o, müsahibə vermək fikrində deyil:

- Mane olma. Dur get. Adımı da demirəm. Elə suallar verirsən. KQB-dənsən, bəlkə?

Yaşlı nəslin adamlarında KQB xofu hələ qalmaqdadır. Bu adam təsadüfi bir adamla söhbət etmək belə istəmir. Amma mən də ilanı yuvasından çıxarmağın yollarını bilirəm. Kişini söhbətə tutacağım əminliyi var məndə.

- Bilirsiz, siz adınızı deməsəniz də olar. Sadəcə, mənim bir əsgər yoldaşım vardı Şamaxıdan, Xilmillidən. Onun adı Mişa idi. Atası da traktorçu idi. Dedim bəlkə siz həmin adamsız.

Özünə başqa sənət seç

Kişi əsəbləşdi:

- Sən necə jurnalistsən ki, traktorçu ilə keçmiş zabiti ayırd edə bilmirsən.

Əlləri əsə-əsə pencəyinin cibindən siqaret çıxardı. Yandırdım. Təşəkkür etdi:

- Sağ ol. Amma sən özünə başqa sənət seç. Sən gərək insanları seçməyi bacarasan.

- Qoca, mən sizə pis söz demədim axı. Traktorçu məgər pis sənətdir?

- Əlbətdə pis sənətdir. Mən traktorçu olmazdım. Mən zabitəm. Ehtiyatda olan polkovnikəm. Alay komandiri olmuşam, ona qədər də qərargah rəisi işləmişəm.

- Amma elə bildim deyəcəksiz ki, nə vaxtsa kitabxana müdiri olubsuz..

Yenə də əsəbiləşdi:

- Eşidirsən? Lazım deyil, mane olursan...

Könlünü alıram:

- Səhv edəndə adamı acılamazlar. Gör indi sizin əsgərləriniz, tabeçiliyinizdə olan zabitlər sizdən nə qədər çəkinirmiş, qorxurmuş. Yaman sərt olmusuz xidmətdə, yəqin...

Mənə hörmət etdilər

Hə, bax bu, deyəsən, həmsöhbətimə xoş oldu. Ürəkdən güldü. Pencəyinin yaxalığından əlini sinəsinə aparıb cod əlləri ilə sinəsini qaşıdı. Qurtarmaqda olan siqaretindən dərin qullab aldı:

- Yox, onlar məndən heç qorxmadı, yalnız hörmət etdilər.

- Sizin bu kitablar doğurdan da maraqlıdır? Oxumusuz bunları?

- Hamısını oxumuşam, bunları sifarişlə alardım. Bax bu, - əlini bayaq götürdüyüm kitab qalağının üstünə qoydu, – Drayzerin 8 cildliyidir. Bu isə Tolstoyun əsərləridir, - deyib sol tərəfdəki kitabların üstünə əlini çəkdi. Və duruxdu. Əlini kitabın cildi boyu gəzdirdi. Əlləri ilə görürüdü sanki. Və həyacanla:

- Kitabları götürüblər, - dedi.

- Əşşi götürməyiblər e, özü də o Tolstoyun yox, Lermantovun kitabıdır.

- Gördüm Lermantovundur. Bəs o kitab burda olmamalı idi. Kim isə götürüb.

Ona başa salıram ki aşağıdakı kitablar Tolstoyun kitablarıdır. Bunu isə yəqin səhv salıb üstə qoyubsan.

Əli ilə yoxlayır. Kitablarının götürülmədiyinə əmin olduqdan sonra deyir:

- Yəqin qarı dəyişib...

Elə bu zaman xanımı gəlir. Dinməzcə özünə və ərinə çay süzür. Mən onun kətilindən qalxıram:

- Oturun, - deyirəm.

Qadın öz yerini onun özünə qaytardığıma görə təşəkkürünü bildirir. Oturduqdan sonra Lermantovun kitabını əlinə alır və eynəyini gözlərinə taxır. Mütaliə edir.

Kişidən bir daha adını soruşuram. Yenə də acığı tutur:

- Həddindən artıq suallar verirsən...

Qadını söhbətə qoşulur. Məndən ərini niyə incitdiymi soruşur. Mən ona əksinə, sizin burada kitab satmağınız, mehriban olmanızdan yazmaq istəyimi deyirəm. Qadın ərindən fərqli olaraq söhbət etməyə meyillidir. Əri etiraz etsə də, onun haqda danışır. Qarının dediklərindən məlum olur ki, hər ikisi Rusiyada doğulublar. Əri hərbi məktəbi bitirdikdən sonra Zaqafqaziya Hərbi Dairəsinə göndərilib. Sonra məktub yazıb və o da ərinin ardınca Bakıya gəlib. Burada birgə yaşayıblar. Ali təhsilli olduğuna görə iş tapmaq çətin olmayıb.

İki övladları var. Hər ikisi Rusiyadadır. Ailəlidirlər, nəvələrindən biri azərbaycanlıya ərə gedib. Burada, Bakıda yaşayır. Təqaüdləri yetərincədir. Ancaq kitabları oxuyan yoxdur. Qərara gəliblər ki, satsınlar. Ucuz verirlər, düzdür, Sovetlər zamanındakı kimi oxucu bolluğu olmasa da, satışdan şikayət etmirlər. "Elə vaxt olur ki, 30-40 manatlıq kitab satırıq", - deyir. Kitablar isə çoxdur. Qadının dediyinə görə 3 otaq boyu şkaflar kitablarla sıralanıb.

- Kitabları əsasən kimlər alır? Ruslar, yoxsa azərbaycanlılar?

- Azərbaycanlılar. Həm də biz artıq unutmuşuq azərbaycanlı-rus söhbətini. Bizim üçün bakılılar var. Onlar da kitabı sevirlər!

Yer haqqı

Elə bu zaman 3 polis yaxınlaşır. Biri keçmiş hərbiçiyə, indi kitab satan kişiyə ərklə salam verir:

- Kolya dayı, salam.

Kişi tələsik ayağa qalxır:

- Salam. Gözlə, bir dəqiqə. Səni gözləyirəm, getmək istəyirdik.

Polis mənə, əlimdəki fotoaparata baxır:

- Sağ ol, Kolya dayı, mən getdim, - deyib yoldaşlarına tərəf tələsir.

Nikolay – kitab satan kişinin adı məlum olur – ayağa durub əlini mənə tərəf uzadır. Ayaq üstə durmağa kömək istəyir, diksinib əlindən tuturam. Ovcumun içinə nə isə qoyub, yerində oturur. Baxıram, iki manat puldur. Demək burda oturub kitab satmağına, küçə ticarətinə icazə verildiyinə görə haqq ödəyirmiş. Arxadan polisi səsləyirəm:

- Gəl, Kolya dayın sənə nəsə verir.

Gənc polis "eşitmir". Kolyanın isə mənə acığı tutur. Ona uzatdığım pulu alır:

- Sən nə pis adamsan. Niyə belə etdin, indi mən ona nə deyəcəm?

Faiq Balabəyli

axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm