Tarixi şəxsiyyətlərimizin xaricdəki varisləri: rektor, partiya sədri, qatı kommunist və daha kimlər...
Bizi izləyin

Bilgi.az

Tarixi şəxsiyyətlərimizin xaricdəki varisləri: rektor, partiya sədri, qatı kommunist və daha kimlər...

XX əsrdə Azərbaycan tarixinə adlarını yazdırmış bir çox şəxslərin övladları, nəvə-nəticələri, ümumiyyətlə, nəsil-şəcərəsi hazırda Türkiyə, Rusiya və Avropada yaşamaqdadırlar. Modern.az saytı onlardan bəzilərini təqdim edir:

Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadəməlum səbəblərdən ölkəni tərk edərək, xaricdə yaşayan zaman Vanda (Leyla) adlı polyak xanımla evlənib. Buradakı ailəsi isə sürgün olunub. Hazırda Rəsulzadənin xaricdə heç bir övladı və nəvəsi yaşamır. Kiçik oğlu Azər Bakıya gəlmək həsrəti ilə yaşasa da, ömrünə Türkiyədə vida deyib.

Çox gənc yaşında Azərbaycan Xalq Cümhuriyyətini tanıtmaq üçün Parisə gedən və siyasi səbəblər üzündən vətənə qayıda bilməyən Ceyhun Hacıbəyli məcbur qalıb böyük çətinliklə həyat yoldaşı Zöhrə xanımı 2 yaşlı körpə oğlunu Parisə aparıb. Hazırda C.Hacıbəylinin Klement Hacıbəyli adında nəvəsi Avropada yaşayır.

Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəylinin və Şəfiqə xanım Qaspiralının ailə üzvləri də hazırda qürbət diyarlarda yaşamaqdadırlar. Nəvələrindən Şaiqə Qaspiralı Ankarada, Nəsib Qaspiralı isə İzmirdə yaşayır.

Qeyd edək ki, Şaiqə və Nəsib türkçülüyün ilk qaranquşlarından olan İsmayıl bəy Qaspiralının nəticələridirlər.

Nakam taleli şairlərimizdən olan Almas İldırımın da Bakıxan və Araz adlı övladları hazırda Almaniya və Türkiyədə yaşayır. Araz atasının yolunu davam etdirən ziyalıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin əsas simalarından olmuş Əksinqilabla Mübarizə Komitəsinin sədri Nağı bəy Şeyzamanovun nəvəsi məşhur Tomris Azəri hazırda Amerika Azərbaycanlıları Konqresinin sədridir, okeanın o tayında yaşayır.

"Difai" Partiyasının qurucusu olmuş maarifçi Əhməd bəy Ağaoğlunun nəvəsi Tekdaş isə kommunistdir. O hətta babasına aid olan nadir şəkilləri bukinistə çox ucuz qiymətə satıb.

Ağaoğlunun məsləkdaşı Əli bəy Hüseynzadənin kiçik qızı Feyzavər hazırda Türkiyədə yaşayır.

Mətbuat tarixi üzrə araşdırmaçı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Modern.az-a açıqlamasında bu məsələ ilə bağlı kompakt araşdırmaların vacibliyini qeyd edib:

"Bu, əslində çox ciddi araşdırma tələb edən bir mövzudur. Özü də bu, qrup şəklində tədqiqatçıların sistemli araşdırmaları ilə həyata keçən bir prosesdir. Nəsib bəy Yusifbəylinin nəvələri İzmir və Ankarada yaşayır. Ankarada yaşayan Şaiqə xanım uzun müddət hüquq müşaviri vəzifəsində çalışıb. Hazırda Ankarada əməklidir. Nəsib bəyin adını daşıyan Nəsib bəy Kürdəmir də İzmirdə əczaçı kimi çalışır.

Nağı bəy Şeyxzamanlının nəvə-nəticələri də xaricdə yaşayırlar. Tomris Azəri hazırda Amerikada, Nağı bəy Şeyxzamanlının başqa bir nəvəsi Yavuz Şeyxzamanlı isə İstanbulda yaşayır. Mirzə Cəlilin də qohumları mən bilən əsasən Cənubi Azərbaycanda yaşayır. Əhməd Ağaoğlunun oğlu Samət Ağaoğlu prezident Menderesin dövründə Türkiyə baş nazirinin müavini olub. İndi onun oğlu Tekdaş hazırda Türkiyədə yaşayır.

Məmməd Sadiq Aran Azərbaycan mühacirət mətbuatının çox nüfuzlu adamlarından olub. Mühacirətdə "Türk izi", "Azəri türk" kimi qəzetlər buraxıb. Onun da qohumları, nəvələri bu saat Türkiyədədir. Mən bu yaxınlarda Türkiyəyə gedəndə o haqda məlumat aldım.

Əlimərdan bəy Topçubaşovun da varisləri var. Nəvəsi Züleyxa Kürdəmir babası və ana babası Həsən bəy Zərdabinin təbliği istiqamətində bir xeyli işlər görüb".

Araşdırmaçı alim Ədalət Tahirzadə hazırda xarici ölkədə varisləri qalan aydınlarımızın əsasən mühacirətdə yaşayıb-yaradanlardan olduğunu deyir. O, həm də əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil olduğu dövrdə xaricə oxumağa göndərdiyi 100 tələbənin də hazırda Avropada varisləri yaşayır:

"Cümhuriyyət dönəminin həm naziri, həm də parlament deputatı Əbdüləli Əmircanovun varisləri hazırda Türkiyədə yaşayır. Onun oğlu Fuad Əmircan çox görkəmli jurnalist olub. Fuad Əmircanın övladları Türkiyədə yaşayır.

Dövlətin xaricə oxumağa göndərdiyi 100 gənc var idi. Mən onların uşaqları ilə görüşmüşəm. Mirismayıl Seyidzadə Cümhuriyyətin oxutdurduğu gənclərdən idi. Almaniyada mühəndislik təhsili alıb. 1927-ci ildə qayıtdı, sonra yenə də Bakıdan Türkiyəyə getdi. Orada "Bakı rüzgarı " adlı çox gözəl kitab yazdı. Onun oğlu Nuri Saryal da hazırda Türkiyədə yaşayır.

Saryal təxəllüsü Gəncənin yaxınlığında Sarıyal dağı var onun adından götürülüb. İndi də yaşayır. 80-dən yuxarı yaşı var. Çox nurani bir kişidir. Türkiyənin dünyada məşhur olan ODTU universitetinin rektoru olub. Onun yoldaşı Nəriman xanım yazıçı-dramaturq Sabit Rəhmanın qardaşı qızıdır. Onların iki qızı var. Onların evlənməsində Rəsulzadənin və həyat yoldaşı Leyla xanımın çox böyük rolu var.

Cümhuriyyətin göndərdiyi daha bir tələbə Həmdi Məhəmmədoğludur. Şahsuvarlılarla bərabər Münhendə oxuyub. Ankarada Azərbaycan Kültür Dərnəyinin ilk başqanı olub. Həkim idi, eyni binada həm klinikası, həm də evi olub. Onun iki qızı bu gün də yaşayır. Böyük qızının adı Turunc xanım, kiçik qızının adı Narınc xanımdır.

Bu xanımları övladları da savadlı insanlardır. Turunc xanımın oğlu Amerikada Rokfeller Universitetinin müəllimidir. Narınc xanımım oğlu isə Avropada elmi tədqiqatlara görə mükafat alan ən gənc alimlərdəndir. Dərbəndli İbrahim bəy Heydərovun varisi hazırda Türkiyədə yaşayır.

İbrahim bəy Dağıstanın komissarı, daha sonra sovet vaxtında Dağıstanın daxili işlər naziri işləyib. Çox keçmir ki, sovet hökuməti onu həbs edir. Səbəb kimi isə həbsdə olan müsavatçıların azadlığa çıxmasına yarım etdiyi əsas gətirilib. İbrahim bəy həbsdən qaça bilib, əvvəlcə Fransaya, sonra isə Türkiyəyə gedib. Onun qızı Fatma xanım hazırda Türkiyədə yaşayır. Oğlu Nemətulla bəy isə Türkiyədə solçu partiyalardan birinin rəhbəri olub. Bu yaxınlarda rəhmətə getdi. Fatma xanımın qızı Mina Tansel yazıçı-tərcüməçidir. Mina xanım Azərbaycan Tarixi muzeyinə İbrahim bəyin xəncərini hədiyyə etdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm