İsa Məsihin Müqəddəs Qədəhi - Əsrlərin müəmması - ARAŞDIRMA
Bizi izləyin

Bilgi.az

İsa Məsihin Müqəddəs Qədəhi - Əsrlərin müəmması - ARAŞDIRMA

Müqəddəs Qədəh xristian mifologiyasına görə, İsa Peyğəmbərin sonuncu şam yeməyi zamanı istifadə etdiyi qədəhdir.

Müqəddəs Qədəhin tarixi kökü Bibliyadan yox, keltlərin folklorundan qaynaqlanan çox dolaşıq Avropa əfsanələri, şərq əsatirləri, ədəbi fikirlər əsasında formalaşıb. Xristian inancına görə, bu qədəhdən İsa Məsih sonuncu şam yeməyi zamanı istifadə edib və sonradan çarmıxa çəkilmiş Məsihin qanı bu qədəhə axıdılıb.

Müqəddəs Qədəh haqqında əfsanənin kökündə İosif Arimafeyskinin İngiltərəyə səyahəti durur. Romançı Kretyen de Trya, şair Robert de Born qədim tarixi mənbəyə istinad edirlər. Bu mənbə İsa Peyğəmbərin İosif Arimafeyskiyə Sirli Axşamda istifadə edilən qədəhi verdiyi barədə əlyazmadır. Bu hadisədən sonra İosif və bacısı Fələstin ərazisini tərk edərək xristianlığı yaymaq üçün Qərbi Avropaya yola düşüblər. İsanın bədənini deşən nizə və fincanı da İosif Britaniyaya aparıb. Bəzi əfsanələrdə isə onların aparıldığı konkret məkan göstərilib. Bu məkan Qlastonberi monastırıdır. Bu abbatlıqda qədim kilsə var idi. Amma kilsə 1184-cü ildə yandırılıb. Sonradan bu xarabalıqda yeni kilsə inşa edilib. Məlumata görə, Qədəh abbatlığın yeraltındakı otaqlarının birində gizlədilib.

Bəzi mənbələrə görə, bu, zeytun ağacından yonulmuş, hündürlüyü 12, eni isə 6 sm olan fincan kimi təsvir edilib.

Əfsanələrin birində isə, Müqəddəs İosifin oğlunun göydən yerə endiyi və Qədəh qəsrində baş verən toplantıda iştirak etdiyi bildirilir.

Digər bir əfsanəyə görə, kral Artur tərəfindən himayə edilən kelt əsilli sehrbaz Merlin, dairəvi masa cəngavərlərini Qədəhi axtarmağa yollasa da, bu axtarış nəticəsiz qalıb.

1180-1225-ci illər arasında Müqəddəs Qədəh haqqında onlarla əsər yazılıb. Hər bir əsər müəmmalı əşya haqqında öz versiyasını irəli sürür. Burada söhbət Kral Arturdan və Dəyirmi Masa cəngavərlərindən gedir. Kralın Perseval, Qaveyn, Lanselot, Bore, Qalaxad kimi cəngavərləri müqəddəs əşyanı axtarmaq üçün yola düşürlər. Müqəddəs Qədəhin axtarılma səbəbi aydındır. Çünki Qədəh sehrlidir. Bu fincandan su içən insanın günahları bağışlanır və ona əbədi həyat mükafat edilir. Bəzi mənbələrə görə isə, ölümsüzlüklə yanaşı, o, maddi rifah da əldə edir.

Müqəddəs Qədəhi əldə edən yeganə insan cəngavər Qalaxad olub. Uşaqlıqdan monaxlar tərəfindən tərbiyə edilən, düzgün həyat tərzi yaşayan cəngavər müqəddəs şəxs kimi göylərə yüksəlib. Digər cəngavər Persival tapıntıya yaxınlaşıb. O, yaxın qohumu Balıqçı-Kralı ziyarət edərkən Müqəddəs Qədəhi görüb. Kral bu qədəhdən müqəddəs su içib.

"Parsifal"ın müəllifi almaniyalı şair Volfram fon Eşenbax XII əsrin sonunda yazdığı poemasında bildirir ki, Müqəddəs Qədəh "Templaisen" cəngavər ordeni tərəfindən qorunur. Bu ad altında Məbəd cəngavərləri, Müqəddəs Torpağa istiqamətlənən səlib yürüşlərində fəal iştirak edən Tamplierlər ordeni nəzərdə tutulur. Bu orden Fransa kralı IV Gözəl Filipp tərəfindən XIV əsrin əvvəllərində dağıdılıb. Bəzi orta əsr romanlarında cəngavər Parsefal tamplierlərini qoruduqları Munsalveş qəsrini axtarır və tapır. Rəvayətə görə, Müqəddəs Qədəh bu qəsrdə qorunurmuş. Orta əsr əfsanələrində Tamplier ordeni mənsubları Müqəddəs Qədəhin qoruyucuları qismindədirlər. Bəzi mənbələrə görə isə, bu cəngavərlər İsa Peyğəmbərin nəslindən gəlir.

Əfsanənin kelt mifologiyasına, hətta daha dərinə, Hind-Avropa miflərinə gedib çıxan tərəfləri var. Bu miflər həyat və dirilik mənbəyi olan sirli qədəhdən qaynaqlanır. Kelt, irland və val miflərində insanlara mistik üstünlük bəxş edən sehrli əşyadan söhbət açılır. Fransada XII əsrdə orta əsr alimləri işləyərək onu xristianlığın gizli simvoluna çeviriblər. Kelt miflərinə görə, Annun qəsrində saxlanılan Keridven qab-qacağına ancaq tamamilə təmiz qəlbli, təmiz ruhlu insanlar toxuna bilər. Digər insanlar üçün isə bu qəsr gözəgörünməzdir. Başqa bir Kelt əfsanəsinə görə, Qədəh qışqırmağı bacaran daş formasındadır.

Müqəddəs Qədəh əfsanəsi rusiyalı alim akademik Aleksandr Veselovski tərəfindən uzun illər araşdırılıb. O, Qədəh haqqında məlumatın Xristian Şərqində, Suriya, Efipoiya kimi ərazilərdə eramızın ilk əsrlərində yarandığını sübut edib. Qərbə bu əfsanə səlib yürüşlərindən sonra Müqəddəs Torpağa səfər edən cəngavərlər və əsgərlər tərəfindən aparılıb.

Bizans kilsəsi tərəfindən qeyd edilən bayramlar arasında Tanrının Müqəddəs Fincanı – 3 iyul bayramı da var. Bir məlumata görə, bu fincan 394-cü ildə Yerusəlimdə, Sion məbədində gizlədilib. İsa Peyğəmbərin son şam yeməyi – Gizli Axşam da Sion məbədinin yerləşdiyi yerdə keçirilib. Mümkündür ki, bu fincan sonradan Bizans İmperiyasının paytaxtı Konstantinopola aparılıb və oradakı pravoslav məbədlərinin birində gizlədilib. Amma onun sonrakı taleyi məlum deyil: 1204-cü ildə, IV Səlib Yürüşü zamanı Konstantinopol işğal olunub və Qərbi Avropa cəngavərləri tərəfindən talan edilib. Fincanın Qərbi Avropa ərazisinə aparılması ilə yanaşı, onu Şərqdəki qalaların birində gizlətdikləri barədə də şayələr dolaşmaqdadır.

Qədəhi axtaranlardan birinin versiyasına görə, fincan Ukraynada gizlədilib. Onun gizlədildiyi məkan Krım dağlarında yerləşir. XII-XIV əsrlərdə Krımın dağlıq və dağətəyi ərazilərində paytaxtı Manqul-Qala olan Feodoro knyazlığı mövcud olub. Knyazlığa Qavrasov çar sülaləsi hökmranlıq edib. Onlar Bizans İmperatorlarının təbəəsi idilər.

Əfsanələrin birində feodoritlərlə genuezlilər arasında (tarixi mənbələrdə Genuez knyazlığının qoşun çıxardığı barədə bilgilər var) müharibədən bəhs edilir. Genuez knyazlığı Krım yarımadasının cənub sahillərində yerləşib. Müharibə zamanı genuezlilər Feodoro rəhbərliyi qarşısında şərt irəli sürüblər: hansısa qızıl beşiyi onlra verməlidər, müharibə bu zaman başa çatacaq. Vəziyyət o qədər təhlükəli idi ki, knyaz ailəsi ilə birlikdə Basman dağındakı mağaraların birində gizlənir və qızıl beşiyi də burada saxlayır. Bu hadisədən sonra dağlarda zəlzələ olur və qızıl beşik insanlardan tamamilə gizlədilir. Maraqlısı odur ki, arxeoloji qazıntılar zamanı bu əfsanənin real olduğu üzə çıxıb.

Alimlər təyin ediblər ki, Basman dağında yaşayış məskəni olub və bura XIV-XV əsrdə baş vermiş zəlzələ nəticəsində dağılıb. Dağ mağaralarının birindən isə, üzərinə zəlzələ zamanı düşmüş qaya parçası nəticəsində həlak olan insan skeleti tapılıb.

Qızıl beşik barədə müxtəlif fərziyyələr var. Bəzilərinin fikrinə görə, bu, Moskva çarı III İvan tərəfindən knyaz Feodoro İsaaka hədiyyə edilib. Digərləri isə onun Çingizxanın beşiyinə oxşadığını iddia edirlər. Amma bununla belə, araşdırmacılar həmin dövlətdən qalmış bir məbədin divarlarında çox maraqlı bir detalla qarşılaşıblar. Burada körpə beşik və fincan motivi var. Xristianlıq ənənəsinə görə, o, körpə Məsihi simvolizə edir. Çarmıxa çəkilmiş İsanın qanı, yuxarıda da qeyd etdiyimiz kimi, fincana yığılıb. XX əsrdə qəfildən bu Krım əfsanələri öz aralarında daim müharibə aparan iki böyük imperiyanın xüsusi xidmət orqanlarının diqqətini çəkir. Bu zaman bu müharibəyə Qərbi Avropa döyüşçüləri və Bizans ənənəsinin sələfləri də qatıldı.

1926-1927-ci illərdə SSRİ Daxili İşlər Komitəsinin kriptoqrafiya bölməsinin mütəxəssislərindən ibarət bir qrup Krımda fəaliyyət göstərir. Rəsmi məlumata görə, qrup Krım şəhərinin mağaralarını tədqiq edib. Bu qrupun tərkibinə daxil olan astrofizik Aleksandr Kondiaynın sözlərinə görə, onlar yüz minillər öncə Orion ulduzundan Yer planetinə düşən bir daşı axtarırmışlar. Burada qeyd etmək lazımdır ki, Volfram Eşenbaxın "Parsifal" poemasında Qədəh Lüsiferin tacından düşmüş daş parçası kimi təqdim edilib. Buradan da Qədəhin "Oriondan gələn daş" adı aldığı üzə çıxır. Ekspedisiyanın sonu dramatik olur – 1941-ci ildə Almaniya ilə müharibədən əvvəl ekspedisiyanın rəhbəri Aleksandr Barçenko güllələnir.

Müqəddəs Qədəhə təkcə sosializmə qalib gəlmiş ölkələrin xüsusi xidmət orqanları yox, eyni zamanda, onların alman həmkarları da maraq göstərməyə başladılar. İkinci Dünya müharibəsinin qızğın dövründə qədim əşyaları axtarmaq barədə fərman verən Adolf Hitler də Müqəddəs Qədəhi əldə etmək istəyirdi. Onun Vyana muzeyindəki əlaltısı Hofburq romalı senturion Longinin nizəsini tapır. Longin bu nizə ilə İsa Peyğəmbərin bədənini yaralayıb. Bu artefaktda alman nasistləri sehrli güc mənbəyi görürdülər və Hitler elə düşünürdü ki, nizə ona SSRİ, Amerika və Böyük Britaniya üzərində qələbə çalmağa kömək edəcək.

Almanlar Krıma gələndə Müqəddəs Qədəhi Krım dağlarında axtarmağa başladılar. Axtarışlara Qədəh cəngavəri adı verilmiş Otto Olendorf rəhbərlik edirdi. Tədqiqatlar Çufut Qalada, Toxtamış xanın qızı Canıbəyim xanımın mavzoleyində və çoxsaylı mağaralarda aparılır. Almanlar eyni zamanda tatar məscidlərini, qədim məbədlərin dağıntılarını, Kermençik qalasının xarabalıqlarını da axtarırlar, bununla belə, Müqəddəs Qədəhi tapa bilmirlər. Amma Otto Olendorf Krımdakı fəaliyyətinə görə Adolf Hitler tərəfindən birinci dərəcəli "Dəmir xaç" ordeni ilə təltif edilir.

Müqəddəs Qədəhlə bağlı başqa bir maraqlı əhvalat İngiltərədə cərəyan edib. Bu barədə Yen və Deyk Beqq "Müqəddəs Qədəhin və qiymətli qanın axtarışları" kitabında məlumat veriblər. Mənbələr yenə Qlastonberi abbatlığını nişan verir. XVI əsrdə İngiltərədə, VIII Henrixin krallığı dövründə Reformasiya təsdiqlənir. Katolik monastırları bağlanır, katolik rahibləri təqib edilir. 1535-1539-cu illərdə kral tərəfindən yaradılan xüsusi komissiya İngiltərədəki bütün monastırları bağlayır. Onların əmlakı müsadirə edilir.

Qlastonberi monastırının son abbatı ölümündən bir az öncə Müqəddəs Qədəhi etibar etdiyi monaxlara təhvil verir. Onlar isə qədəhi götürüb Uelsdəki Aberistuit abbatlığına yollanırlar. Monaxlar varlı Nantes Mener mülkündə qərar tuturlar. Buranın sahibi lord Pauell idi. O, monaxlara öz mülkündə yer verir və onlar burada yaşayaraq işləyirlər. Burada uzun illər yaşayan monaxlardan sonuncusu Müqəddəs Qədəhi mülkün sahibinə verir və müqəddəs əşyanı Nantes Menerdə saxlamağını xahiş edir. Pauell nəslinin son nümayəndəsi 1952-ci ildə vəfat edir və Müqəddəs Qədəh Mayeriless ailəsinə keçir. Amma müqəddəs əşya onlarda çox qalmır və müəmmalı surətdə yoxa çıxır...

Bu yaxınlarda Müqəddəs Qədəh barədə maraqlı bir versiya üzə çıxdı. Yəqin ki, bir çoxunuz amerikalı jurnalist Den Braunun "Da Vinçi Şifrəsi" əsərini oxumusunuz. Kitabda Leonardo da Vinçinin "Gizli axşam" freskasından söhbət gedir. Bibliya süjetinə əsasən, məhz bu gecədə, İudanın satqınlığı və İsanın həbsi ərəfəsində, Xilaskar bu qədəhdən çaxır içib. Amma Leonardonun freskasında masa üzərində qədəh yoxdur. İsanın sağ tərəfində oturan apostollardan biri kişidən çox qadına bənzəyir. Şifrəyə görə, bu əvvəllər düşünüldüyü kimi, İohan yox, Mariya Maqdalinadır. Qadının apostollar arasında nə işi var və niyə o, Ustadın yanında əyləşib?

Den Braunun fikrincə, İsa və Mariya Maqdalina evli idilər və onların Sara adında qız övladları da dünyaya gəlmişdi. Sara sonradan Merovinqlər sülaləsinin təməlini qoydu. Bu fikirdən sonra Müqəddəs Qədəh məhfumu müqəddəs qan mənasında işlədildi və Tanrının davamçıları haqqında danışılmağa başladı. Bir iddiaya görə, onlar Tampliyerlər ordeninin köməyi ilə bu gün də dünyada yaşayırlar.

Amma obyektivlik xatirinə qeyd etmək lazımdır ki, müəllif "Da Vinçi Şifrəsi" kitabında Maykl Beycent, Riçard Li və Henri Linkolnun birlikdə işlədiyi "Müqəddəs qan və Müqəddəs Qədəh" əsərindən istifadə edib.

Göründüyü kimi, orta əsrlərdən başlayan Müqəddəs Qədəh axtarışı günümüzdə də davam edir. İtaliyalı arxeoloq Alfredo Barbaqallo əmin edir ki, Müqəddəs Qədəh Romadadır və San Lorenso Fuori le Mura məbədində gizlədilib. Bu kilsə Romanın ən çox ziyarət edilən 7 kilsəsindən biridir. Alim bu nəticəyə kilsənin daxilindəki orta əsrlərə aid ikonaları və kilsənin üstündəki qübbəni iki il tədqiq edərkən gəlib. Arxeoloqun fikrincə, Müqəddəs Qədəh rahib Lorensonun ölümündən sonra, 285-ci ildə yoxa çıxıb. Lorensoya Roma Papası V Sikst tərəfindən xristianlığa aid kilsə dəfinələrini saxlamaq və qorumaq tapşırılmışdı.

Görünür, Müqəddəs Qədəhin axtarışları hələ uzun illər davam edəcək...

Hikmət Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm