“Milli Məclisin ağlamalı gülməcələri” - MARAQLI
Bizi izləyin

Bilgi.az

“Milli Məclisin ağlamalı gülməcələri” - MARAQLI

Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitutunun direktoru olan professor Nazim İmanov millət vəkli olduğu dönəmlərdə parlamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. Milli Məclisin ağlamalı gülməcələri" adlanan kitabça əslində N.İmanovun zaman zaman-etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qazandığı dostlarına həsr edib.

Modern.az həmin kitabçada qeyd olunmuş əhvalatların təqdimatına davam edir:

SARALMIŞ ARMUDUN NAĞILI

Milli Məclisin ən ləzzətli vaqeələrindən biri "Armud fraksiyası" idi. İşin məğzi bu idi ki, biri də mən olmaq etibarilə bir sıra deputatlar arasında yarımgizli işbirliyi var idi. Müxalifətçilər öz yerində. İqtidarçılarla sözümüz olanda açıq danışa bilmirdik. Lehinəyə "alma", əleyhinəyə "armud" deyirdik. Günlərin bir günü müzakirəyə nə isə çox keyfiyyətsiz bir layihə çıxarmışdılar. Mən danışıq növbəsindəydim. Amma mənə qədər çıxışa 6-7 nəfər yazılmışdı. Fikirləşirdim ki, hələ vaxta var: nədir ki, arada fırlanıb, dostlarla danışacam.

Bu əsnada təklif verdilər ki, çıxışlar kəsilsin. Dirəşdim ki, bəs mən mütləq çıxış etməliyəm.

Murtuz müəllim yumşaldı:

- Yaxşı, -dedi, - onda Nazim danışsın, sonra səsə qoyaq.

Gördüm "fraksiya"ya işarə eləməyə vaxt qalmır, belə başladım:

- Cənab Sədr, hörmətli deputatlar! Müzakirəyə çıxarılmış qanun layihəsi o qədər yarıtmazdı ki, çürümüş armud iyi verir. Və sonra layihəni ciddi bir tərzdə təhlil etdim. Amma camaat hesabını götürdü. Çıxışımı bitirən kimi bir-iki nəfər də təkid edib, söz almaq istədi. Aranın qarışdığını hiss edən Murtuz müəllim üzünü bizə tutdu:

- Tay təkid-zad olmuyacaq, -dedi, - Özü də bura baxın, siz elə bilirsiz ki, mənim dünyadan xəbərim yoxdu? Bilmirəm nədən danışırsız? Milli Məclis meyvə-tərəvəz yeri döyül. Yığışdırın o armud məsələsini.

Bu incə qeyddən sonra qanun lahiyəsi səsə qoyulub qəbul edildi.

Ertəsi gün qəzetlər iri-iri başlıqlar verdi: "Layihədən çürük armud iyi gəlir!" və beləliklə də "Armud fraksiyası" adlı gizli ittifaq aləmə əyan oldu

Əsl türk

İstanbula çatar-çatmaz eşitdik ki, yenə zəlzələ baş verib. Aeroportdakı televizor qarşısında oturub zəlzələ yerlərindən birbaşa reportajlara dilxor-dilxor baxırdıq ki, gözəl şairimiz Qabil İmamverdiyev fəxrlə:

- Vsyo-taki böyük millətdi türk milləti, -dedi.

Sual dolu nəzərlərlə üzünə baxsaq da, dillənmədik. Təxminən 5 dəqiqədən sonra Qabil müəllim eyni sözü, amma fəxr intonasiyasını bir qədər də artıraraq, təkrarladı:

- Deyirəm, vsyo-taki böyük millətdi də türk milləti.

- Olmağına elədi, Qabil müəllim, -dedim, - ancaq indi hardan ağlınıza gəldi?

- A bala, -dedi, - bu millət gör nə qədər böyükdü ki, zəlzələdə də kişilər qadınları qoruyub öz sinələrini qabağa verirlər. Bayaqdan deyir ki, filan yerdə 3 kişi öldü, filan yerdə 5 kişi yaralandı, filan yerdə 10 kişinin evi uçdu. Heç gör bir qadının burnu qanayıb?

Deputat Asəf Hacıyev üzünü şairə çevirib pıçıldadı:

- Qabil müəllim, bunlarda kişi adama deyirlər.

Gördüm vəziyyət qəlizləşdi:

- Amma bizdə hər adama kişi deməzlər, -dedim.

Qabil müəllim:

- Yaşa səni, -dedi, - bax ona görə də əsl türk elə bizik

İl cümlələri

1996-cı ilin cümləsi Rəsul Quliyevdən gəldi:

"O balacaboy millət var e, ağıllı – yaponlar, onlar dəlidilər?".

1997 – Məzdək Hüseynovdan:

"İkisi də əfəl olub: nə Fərhad Şirinə bir şey eləyə bilib, nə də Kərəm – Əsliyə".

1998 – Murtuz Ələsgərovdan:

"Mən genə də deyirəm, bəziləri Milli Məclisi siyasət meydanına çevirmək istəyir, biz buna yol vermiyəciyik!"

2000 – Zəlimxan Yaqubdan:

"Sizi gündüz saat 3-də yaradıcılıq gecəsinə dəvət edirəm".

Biri də desertə - Maksim Musayevdən:

"Kitaylar qıyıxgöz şeydilər, nə bilirlər qoz nədi!" .

Oxumağa davam et
Reklam
Reklam

Gündəm