Vəhhabiliyin Osmanlı imperiyasına ayaq açması – TARİXİ FAKTLAR
Bizi izləyin

Bilgi.az

Vəhhabiliyin Osmanlı imperiyasına ayaq açması – TARİXİ FAKTLAR

Publika.az istedadlı tədqiqatçı Adgözəl Məmmədovun "Osmanlının çöküşünə Rusiyadan baxış" kitabını hissə-hissə oxuculara təqdim edir:

Əvvəli bu linkdə:

http://publika.az/p/52889

http://publika.az/p/53121

http://publika.az/p/53456

Osmanlı imperiyasının ümumi sarsılması müsəlman ruhaniliyinə də öz təsirini göstərirdi. Bir çox ruhanilərin rüşvətxorluğu və ədalətsizliyi əhalinin narazılığına səbəb olurdu.

Bunu P.A.Tolstoyun məktublarından da görmək olar:

РГАДА, 1703,д 2,л.186-189 (Rusiya dövlət qədim aktlar arxivi, 1703, iş 2, səh.186-189)

"İndiki vəzir Əmcəzadə Hüseyin Paşa (Köprülü ailəsindən dördüncü vəzir) saraydan uzaqlaşdırıldıqdan sonra bu vəzifəyə gətirilib. Hüseyin Paşa "Taldaban" ləqəbi ilə daha çox tanınırdı. Əslində, o, əmrə sadıq və siyasətdən uzaq biriydi. Bu baxımdan, saray içi intriqaların qurbanı oldu.

İndiki vəzir bu görəvə başlayana qədər rəis – əfəndi məqamında otururdu. Bu vəzir həm siyasət aparır, həm də xristian dövlətlərə xoş görünməyə çalışır.

İndiki vəzir heç bir işi müftinin (şeyxülislam) xəbəri olmadan etmir. Müfti Sultanın müəllimi olub və bu baxımdan, padşahın böyük etibarını qazanıb. Sultan istisna hal kimi müfti ilə təkbətək sarayda görüşür və ondan tövsiyə alır, dövlətin önəmli məsələlərini onunla məsləhətləşir.

Sultan müftüyə böyük hörmətlə yanaşır. Hətta dövlətin bir çox məsələləri ilə əlaqəli sultana ünvanlanmış müraciətlər müftinin və onun oğullarının vasitəsi ilə həyata keçirilir. Müftinin oğulları içində daha çox təsir gücünə onun böyük oğlu Kip əfəndi malikdir və o, əmirlərin rəisidir. Müfti və onun oğulları özlərinə yaxın olanları Məhəmməd ümmətinin şəriət məhkəmələrinə qazi, Osmanlı vilayətlərinə isə vali təyin etdirirlər. Hətta məktəblərə müəllim təyinatı da onların əli ilə həyata keçirilir. Müftinin böyük oğlu Kip atasının ölümündən sonra onun məqamına oturacağından çox əmindir. Bu təyinatın sarayda artıq həll olunduğu söylənilir. Bütün Osmanlı xəzinəsi bu ailə üzvləri arasında əriyir və bu pulları onlar öz məqsədləri üçün istifadə edirlər.

Türklərin qanun-muhafizlərı, saray içi bürokratiyası bu barədə məruzələr etsələr də, heç bir faydası olmadı. Onlar barədə məruzə edənlər müfti və onun oğulları tərəfındən Andripoldan (Ədirnədən) çıxarıldı. Ona görə də heç kim onlarla mübarizəyə girişmir. Fəqət xalq üsyanından və əsgərlərin ayağa qalxmasından çox qorxurlar. Bu üsyan Ədirnədə deyil, daha çox Konstantinopolda gözlənilr. Ona görə ki, Ədirnədə dövlət məmurları azdır. Xalqı düşünən dövlət adamları Konstantinopolda toplanırlar. Öncəki müfti siyasətə qarışmazdı, siyasətlə məşğul olmaq sultandan sonra yalnız vəzirin səlahiyyətindədir. Öncəki müfti yalnız dini işlərlə məşğul olar və üləmalarla bərabər fıqhi (İslam şəriəti qanunları) məsələlərinə baxardı. İndiki müfti isə birbaşa siyasətlə məşğul olur və dövlət məsələlərinin həlli zamanı nadirən ya vəzirlə, ya da nazirlərlə məsləhətləşər. Ona görə ki, bütün səlahiyyətləri sultan müftiyə verərək, özünü isə eyş-işrətin içinə qapayıb.

İndiki vəzir də müftinin gücünü görərək ona yaxınlaşıb. Saray bürokratiyasından kim müftiyə qarşı gəlirsə, vəzir, müfti və onun oğullar, bir yerdə amansızcasına həmin adamlara qarşı qarşılıq verir. Belə ki, saray bürokratiyasında silahdar deyilən vəzifə sahibi var. Silahdar sultanın qılıncını daşyır, indi isə o, sultanın onun haqqında verəcəyi yaxşı və ya pis qərarı gözləyir.

Sonra sultana yaxınlığı ilə tanınan digər bir şəxc qızlar ağası var. O, indi sultanın rəhminə bağlı vəziyətdədir. Eynı zamanda sultan sarayında dövlət tədbirlərini təşkil edən və təhlükəsizlik işlərinə cavabdeh olan cəngavər namını daşıyan böyük bəy var. Türklər ona "qapıcılar kəndxudası" deyirlər. Qapıcılar kəndxudası və silahdar onlara yaxın olan digər saray bürokratiyasını ətraflarında toplayaraq, müfti və vəzirdən sultana şikayət etdilər.

Amma bu şikayət heç bir nəticə vermədi. Taldaban ləqəblı keçmiş vəzirin vaxtında onlar çox rahat idilər. Çünki keçmiş vəzir siyasətdən uzaq və üzüyola biriydi. İndiki vəzir isə öz sələfindən fərqli olaraq, gözu açıq, ayıq-sayıq və hazırlıqlıdır. Onları da narahat edən elə budur. İndiki vəzir Osmanlı dövlətinin çox əski dönəmlərindəki sadri azamlar kimi özünü göstərməyə çalışır. O, sultanın yaxın çevrəsindəkiləri saraydan uzaqlaşdırmaq cəsarətini göstərir.

Keçmiş zamanlarda silahdarlar, qızlar ağaları, qapıcılar kəndxudaları və digərləri sultanın məhəbbətini və sevgisini qazanmaq üçün ona yalandan təriflər söyləyərək, özlərinə yeni vəzifələr almağa çalışırdılar. Vali vəzifəsinə onların sultan tərəfindən təyin edilməsini Osmanlı dövlətinə xidmət kimi təqdim edirdilər. Əslındə, valilik vəzifəsinə başlayar-başlamaz özlərini zənginləşdirmək üçün nə desən, edərlər. Keçmiş vaxtlarda onlar xalqın qəzəbınə gəldikdə və cinayət işlədikdə həbs olunur və ya Yeniçəri ağaları tərəfindən şikayət edilirdilərsə, vəzirlər onları vəzifədən uzaqlaşdırıb, rütbələrini əllərindən alırdılar. İndiki vəzir də onlarla çox əski vəzirlər kimi davranmaq istəyir. Öncəki vəzir Taldaban indiki vəzir kimi onlarla davrana bilmirdi. İndiki vəzir isə gücünü müftidən alaraq onlara qarşı çıxır. İndiki sultanın anası Validə Sultan nədənsə saraydaxili mübarizələrdə iştirak etmir və baş verənlərə laqeyd münasibət göstərir.

Sonra Türklərdə yeniçəri ağası deyilən vəzifə sahibi var. Bu vəzifə sahibi sultan sarayında böyük əhəmiyyət daşıyır. Yəni, onun silahdarın, yaxud vəzirin yanında yer alması saraydaki qüvvələr nisbətinə böyük təsir edir. Mənə elə gəlir ki, indiki vəzir yaxın vaxtlarda yeniçəri ağasının görəvindən alınmasına və bu vəzifəyə ona yaxın olan birinin gətirilməsinə nail olacaq.

Bu yeniçəri ağalarının yerlərdəki təmsilciləri kəhya bəyləri adlanır. Bu kəhya bəyləri yeniçəri ordularına rəhbərlik edərək, böyük gücə malikdirlər. İndiki vəziyyət mənə bunu deməyə imkan verir ki, vəzir bu quru piyada quvvələrini özündə birləşdirən yeniçəri ordularını öz görəvlərinin içinə alıb, ordu başına ona yaxın olanları yerləşdirəcək.

Rəis əfəndi isə ağıllı birisidir. O, sultan sarayının katibi və ya sultanın vəkili sayılır. Osmanlı dövlətinin gizli yazışmalarından onun xəbəri var. O, vəzir və müfti haqqında yetərincə gizli bilgilərə malikdir. O, bu görəvə qədər sultanlığın səfirlik idarəsinə rəhbərlik edərdi. Keçmiş iş yerindən onunla isti münasibətlərini qoruyan və indi də onunla sıx-sıx görüşən Aleksandr Şkarlatdır (İskerletzade – türk mənbələrdə ad bu cür çəkilir – A.M.). Bu iki şəxsdən başqa səfirlik işini dərindən bilən yoxdur.

Aleksandr Şkarlat səfirlik işindəki xidmətlərinə görə Osmanlı dövlətindən ən yüksək mükafatlar alıb. O, uzaqgörənliyi və ağlı ilə böyük hörmət qazanıb. O, xristian olsa da, bir çox əməlləri xristiançılıq dəyərlərinin əleyhinədir. Bu əməllərinə görə o, müsəlmanlar tərəfındən izzət və var-dövlətlə mükafatlandırılıb. Əgər o, şərəfli xristian olsaydı, xristianlıq naminə Osmanlı təbəəsi olan xristianların mənfəətinə uyğun şəkildə onlara yardım etmiş olurdu. Amma o, fəaliyyətini müsəlmanların iradəsinə uyğun şəkildə qurdu. Burada onun haqqında belə söyləyirlər: "müsəlman ağlı və baxışları olan xristian". O, türklərin səfirlik siyasəti etiketlərinin və əlaqələrının daha da təkmilləşdirilməsində mühüm xidmətlər göstərib. Türkləri köhnədən qalma barbar ənənələrindən çəkindirib, səfirlik münasibətlərində daha da siyasi davranmaq qaydalarını aşılayıb. Ona görə, indi də bu iki şəxs səfirlik əlaqələrını idarə edir. Səfirlik əlaqələrı və işləri baxımından, vəzir və müftiyə sıx-sıx məruzə edərlər. Onlar da bu iki şəxsın fikirlərinə böyük önəm verirlər.

İndiki vəzirin kəhyası ağıllı adamdır. Ancaq keçmiş vəzir Taldabanın kəhyası axmaq və ağılsızdır. O və onun ağası olan Taldaban da oxumağı və yazmağı bilmir və zamanın dünyaya hökm edən dövləti bu insanların əlindədir. Artıq Taldaban Vəzirin dönəmindən başlayaraq dövlətin dini ve siyasi işlərinə müfti rəhbərlik edir. O isə dövlətə xidmət əvəzinə özünün və qohumlarının var-dövlətinin artırılması üçün çalışır.

Nazirlər o qədər də səlahiyyət sahibi deyillər.

Silahdar ağa və onun kimilərinin isə keçmiş gücündən əsər-əlamət qalmayıb, o, yalnız döyüşən əsgərlərin müşküllərini həll etmək səlahiyyətinə malikdir.

Osmanlı dövlətində dəftərdar deyilən bir görəv sahibi var. O, xalqdan gəlir vergisinin toplanmasına və bu vəsaitin xərclənməsinə nəzarət edir. Onun nazir qədər səlahiyyəti var. İndiki dəftərdar öz ətrafına satın alaraq topladığı eynı fikirlilərlə birgə xəzinədən xalqın pullarını oğurlamaqla məşguldurlar. Bu səbəbdən xəzinədə yetərincə vəsait olmur. Xalqdan artıqlaması ilə vəsait toplanmasına baxmayaraq, dövlətin xərçlərını ödəmək üçün ayrılan büdcə çatmır. Hər ıl olduğu kimi, bu ıl də dövlətin büdcəsi kəsir ilə qapandı. Yəni, belə vergi toplayanların insafsızlığı (daha doğrusu, xalqın pulunu oğurlayanların) üzündən müsəlman və xristian xalqlarının artıqlaması ilə ödədiyi pullar xəzinə borclarının ödənməsinə çatmır".

Artıq bu dövrdən Osmanlının Ərəbistan bölgəsində yeni təriqət formalaşırdı - vəhhabilik. Ərəbistandakı vəhhabilik adlanan təriqətin və ictimai-siyasi cərəyanın banisi 1703/04-cü ildə Ayaynda ruhani ailəsində

dünyaya gəlmişdi. Onun atası, müsəlman hakimi (qazi) Əbd əl-Vəhhab ibn Süleyman oğlunun ilk müəllimi olmuşdu. Onun qardaşı, Süleyman ibn Əbd əl-Vəhhab salnaməçi İbn Qənnama nəql edirdi ki, yeni müsəlman cərəyanının banisi uşaq vaxtı yüksək qabiliyyət nümayiş etdirərək, heç on yaşına çatmamış Quranı əzbərləyibmiş. Oğlan Quranın təfsirini və peyğəmbərin həyatından rəvayətləri (hədisləri) dərindən öyrənirdi. 16 yaşında Məhəmməd artıq həddi-büluğa çatdı və Əbd əl-Vəhhab onu evləndirdi.

Gələcəyin şəriət müəlliminin evlilikdən sonra atasının icazəsi ilə Məkkəyə həcc ziyarətinə getdi. Sonrakı illərdə o, Mədinədə iki ay qaldı və sonra evə döndü. "Qonşu ölkələrə"(Osmanlı imperiyasının digər böyük şəhərlərinə - A .M) çoxsaylı səyahətlər edirdi, bir neçə dəfə Hicazda və Bəsrədə oldu, sonra Əl-İhsədə yaşadı.

Məhəmməd İbn Əbd əl-Vəhhab Bəsrədə olduğu zaman islamda "həqiqi təkallahlılıq" normalarına qayıtmaq çağırışı ilə çıxış etdi. O, öz təlimini yerli zadəgan ailələrində tədris edir, amma sonunda hər yandanda qovulurdu.

Bəsrədən Əz-Zübəyrə gedən yolda vəhhabi təliminin gələcək banisi az qalmışdı ki, susuzluqdan ölsün, amma Əz-Zübəyr sakinlərindən biri onu xilas etdi.

İbn Əbd əl-Vəhhab sonra bir müddət Əl-İhsədə, ruhani Abdullah ibn Əbd əl-Lətifin yanında yaşadı. Gələcək təriqət başçısı Suriyaya səyahət etmək niyyətində idi, amma pulu çatmırdı və onda o, Nəcddə vahə olan Hürəymala yollandı. 1726/27-ci ildə Məhəmməd İbn Əbd əl-Vəhhabın atası Əbd əl-Vəhhab, Ayaynın əmirinin ölümündən sonra hakimiyyəti ələ keçirmiş yeni hakimlə mübahisə edərək, oranı tərk edib Hürəymalada yerləşmişdi. Hürəymalda yeni formalaşan təriqət başçısı Məhəmməd İbn Əbd əl-Vəhhab yenə həvəslə öz ideyalarını təlim etməyə başladı, o, hətta atası ilə də mübahisə edirdi. O, vahədə bir neçə il yaşadı. Bu dövrdə o, "Tövhid ki-tabı"nı yazdı. İbn Qənnam yazırdı: "Şeyx bütün Aridə - Ayaynda, Əd-Diriyədə, Mənfuhda məşhurlaşmışdı... İnsanlar onun düşmənlərinə və dostlarına bölünmüşdülər...".

1740/41-ci ildə Əbd əl-Vəhhab öldü və Məhəmməd, belə görünür ki, atasının yerinə qazi oldu. Hürəymal o vaxtlar bir tayfanın, mümkündür ki, bir-birindən asılı olmayan ayrı-ayrı parçaları arasında bölünmüşdü. Təriqət başçısının moizələri vahə əhalisinin bir hissəsinin narazılığına səbəb oldu. "Hürəymalın şimal hissəsində əbdlər yaşayırdı. İbn Əbd əl-Vəhhab onları yeni dini xəttinə gətirmək istədi. Və onda əbdlər Məhəmməd ibn Əbd əl-Vəhhabı öldürmək qərarına gəldilər", - İbn Bişr yazır. Xətib təsadüf nəticəsində qurtuldu və Ayayna qaçmağa məcbur oldu.

"Meteor parıltısı"nda bildirildiyi kimi, Məhəmməd ibn Əbd əl-Vəhhab 37 yaşında (Ay təqvimi üzrə) səyahətə yollandı. O, təqribən altı il Bəsrədə, beş il Bağdadda, bir ilə qədər Kürdüstanda, iki il Həmədanda (İran) qaldı.

Nadir şahın hakimiyyətinin əvvəllərində o, İsfahana köçdü, burada yeddi il keçirdi, Qum və digər şəhərlərdə yaşadı, yarım il – Hələbdə (Suriya), bir il Dəməşqdə, müəyyən müddət – Qüdsdə, iki il Qahirədə oldu, sonra Məkkəyə gəldi, Nəcdə qayıtdı, il yarım – iki il Yəmamədə qaldı, hicri 1150-ci ildə (1737/38-ci il) Ayaynda yerləşdi.

Bu dövrdən başlayaraq, İbn Əbd əl-Vəhhab daha açıq şəkildə islamın digər xətlərini qəti şəkildə pisləyirdi.14

O dövrdə Osmanlı imperiyasında hənbəlilikdən tutmuş islamın digər məzhəblərinədək zəydilərə, şiələrə, ələvilərə, malikilərə və ibadilərədək islamın geniş rəng və çalarları mövcud idi. Qeyri müsəlmanlarda – yəhudiliydən ortodoks xristianlığına qədər və həmçinin müqəddəslərə pərəstiş geniş yayılmışdı; bunlarla yanaşı, islamla çulğalaşaraq və ya onu əvəzləyərək, cadugərlik, bütpərəstlik, günəşpərəstlik, animizm, fetişizm, əcdadlara sitayiş kimi müsəlmanlığa qədərki dini etiqad və pərəstişlər də mövcud idi. Bir çox köçəri ərəblər o dövrdə ruhlara (cinlərə) qurban kəsir və onlardan xəstəliklərdən izalə olunmalarını istəyirdilər, deyə təriqət baş-çısının nəvəsi Əbdürrəhman ibn Həsənə bildirirdi.

Əsasında Osmanlı imperiyasının ölkə içərisindəki yaşanan mühiti və ərsəyə gələn mənəvi irs bu cür idi. Yeni xətt olan vəhabilik isə imperiyanın ideloji əsasını təşkil edən hənəfiliyi inkar edərdi. Beləliklə də, vəhhabilik imperiyanın rəsmi dini təbliğatını zəiflədərək, dövlətin ideloji xəttinə qarşı çıxırdı.

Məhəmməd ibn Əbd əl-Vəhhab soyləyirdi: "Allahdan başqa tərifə və təzimə layiq məbud yoxdur".

Məhəmməd ibn Əbd əl-Vəhhabın Məhəmməd peyğəmbərə - islamın banisinə münasibəti də xüsusi idi. Məhəmməd ibn Əbd əl-Vəhhab onu Allahın peyğəmbərlik missiyası üçün seçdiyi adi insan hesab edirdi.

Məhəmməd ibn Əbd əl-Vəhhabın fikrincə, islamın mənbəyi yalnız Quran və sünnədir. O, mömin sünni məktəbinin əsasını qoymuş dörd imamı, həmçinin Taki əd-Din ibn Təymiyə və İbn əl-Qayiməni (XIV əsr) tanıyır, amma bütün sonrakı nəsillərə aid olan ruhanilərin nəzəriyyə və əməllərini faktiki olaraq inkar edirdi.

Adgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm