“Yatmış gözəl”in nağılı: onu öpüb ayıldan olmayacaq
Bizi izləyin

Bilgi.az

“Yatmış gözəl”in nağılı: onu öpüb ayıldan olmayacaq

Nadir xəstəlik ucbatından gün ərzində 21 saat yatan Helen Uotersonun hekayəsi artıq bir neçə gündür ki, Britaniya mətbuatının gündəmindən düşmür. 36 yaşlı bu qadın Kelyne-Levin sindromundan əziyyət çəkir. Dünyada minə yaxın insan bu nadir xəstəlikdən əziyyət çəkir.

Bəs Helen özü kimdir?

O, 1977-ci ildə Cənubi Uelsdə dünyaya gəlib. Sinif yoldaşlarına o, tənbəl və astagəl insan təsiri bağışlardı. Valideynləri isə onu daha çox xəyalpərəst və öz dünyası olan qızcığaz hesab edirdilər. Güman edirdilər ki, qızın günün çox hissəsini otağında keçirməsi dost tapa bilməməsindən və özünə qapılmasından irəli gəlir.

Yay tətilində Helenin həmyaşıdları dənizə gedər, istirahət edərdi, o isə evdə qalaraq bütün günü yatardı. Helen deyir: "Mənim uşaqlıq xatirələrim, sanki sürətlə cərəyan edən filmin fraqmenti kimidir".

Qız uşaqlıq xatirələrindən çox az şeyi, məsələn, valideynləri ilə restorana getməsini yadında saxlaya bilib. O, daim yatmaq istəyib və ətrafda nə baş verdiyini anlaya bilməyib. Restoranda menyuya baxarkən "Bu, nə balığıdır?" sualı vermək əvəzinə "Bu, balıqdırmı?" sualını verib: "Niyə belə davrandığımı başa düşməyən insanlar mənə gülməyə başladılar. O zaman özümü çox pis hiss etdim".

Həkimlər qızın tənbəl olmasını deyir, lakin ona dəqiq diaqnoz qoya bilmirdilər.

Daim yorğunluq hissi yaşasa da, Helen tədrisini davam etdirirdi. Məktəbi bitirdikdən sonra o, universitetə daxil oldu. Universitet təhsili aldıqdan sonra Helen ipoteka krediti üzrə menecer kimi çalışmağa başladı. O, yenə də yatmaq istəyirdi, lakin Helen yorğunluğu ilə mübarizə apararaq ofisə gedirdi...

2009-cu ilin fevralında Helen qripə yoluxdu. O, da hamı kimi evdə oturub müalicə aldıqdan sonra yeni qüvvə ilə işə qayıdacağını düşünürdü. Və o, xəstəlik mddətində evdə qalıb yatdı. Helen düz 3 həftə yarım yatdı... Nadir hallarda valideynləri onu oyadıb yedirirdilər.

O, yuxudan ayıldıqda ətrafdakı insanlar bir şeyə əmin oldular: Helen çox ciddi xəstədir.

Bundan sonrakı yarım il ərzində Helen həkim otağından çıxmırdı. Onlarla müayinə, yüzlərlə analiz... Onun çox yatmasını depressiya ilə əlaqələndirdilər və müalicə kursu yazdılar, lakin antidepressantlar da kömək olmadı. Yenidən tibbi müayinə keçirildi. Nəhayət, Helenə diaqnoz qoyuldu: Kleyne-Levin və ya "yatmış gözəl" sindromu...

Helenin xəstəliyi nadir nevroloji pozğunluq xəstəliklərinə aiddir. Ən pisi isə budur ki, xəstəliyin yaranma səbəbləri, müalicə üsulları elmə məlum deyil. Yalnız yuxululuğun azaldılması üçün külli miqdarda antidepressant, trankvilizator lazımdır. Bu dərmanlar da hamıya eyni cür təsir etmir.

Helen mürgülədikdən 5 dəqiqə sonra dərin yuxuya gedir (sağlam insanda bu müddət 2 saatdır). Həkimlərin yazdığı dərman əsasında onun dərin yuxuya getməsi ləngidilir, lakin tədricən bu, onun səhhətinə mənfi təsir göstərəcək.

Son 4 ildə, həkimlərin də dediyi kimi, Helenin səhhəti daha da pisləşməyə doğru getdi. Artıq, dərmanlar da ona kömək olmur, əks effekt kimi əzələlərində ağrılar başlayır.

Halbuki dərmanlardan da imtina etmək olmaz, əks halda, o, ümumiyyətlə yuxudan ayıla bilməz. O deyib: "Yarım il bundan qabaq dərmanın dozasını aşağı salmağa çalışdım, nəticədə gün ərzində cəmisi yarım saat oyaq qala bildim".

Günün çox hissəsini yuxuda keçirən qadında artıq amneziya halları baş qaldırıb. O, ailə fotolarına baxarkən heç bir şeyi xatırlaya bilmir. O, məktəbdə ilk gününü və ilk öpüşünü də unudub.

Helen tək yaşayır və yuxudan durmaq üçün zəngli saatdan istifadə etmir. Onu Suti və Barni adlı iki iti yuxudan oyadır. İtlər sahiblərinin üzünü yalamaqla onu yuxudan ayıldır. Lakin bu da çox vaxt təsir etmir. O zaman hər iki it möhkəm hürüşməyə başlayır.

Helen ayıq olduğu zaman divanda uzanaraq televizora baxır. Onun durub qabları yumaq, kiməsə zəng etməyə gücü belə olmur. Gəzişməkdən isə söhbət belə gedə bilməz. Onun ayaqlarında yerimək üçün taqəti qalmayıb.

Bütün qadınlar kimi, Helen də gəlinlik paltarı geyinmək və ailə qurmaq istərdi. Lakin o, ömrünün sonunu da nadir xəstəliklə birgə keçirəcək. Çünki görüşə gedəndə onun ayaqları və bədəni ağrayır. Helen deyir: ""Yatmış gözəl" nağılından fərqli olaraq, mənim nağılımda "uzun və xoşbəxt yaşadılar" kimi ifadə olmayacaq".

O, tək yaşamağa özü razı olub. Çünki Helen öz xəstəliyi ilə yaxınlarını narahat etmək istəmir.

"Mən həyatı sevmirəm. Bu xəstəliklə mən yox kimiyəm, sadəcə, yaşayıram".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm