Dünyanın ən qorxulu həbsxanaları: Çalışın oraya düşməyin... - FOTOFAKT
Bizi izləyin

Bilgi.az

Dünyanın ən qorxulu həbsxanaları: Çalışın oraya düşməyin... - FOTOFAKT

Bu gün, demək olar ki, bütün ölkələrdə kütləvi informasiya vasitələri məhkumların hüquqlarının qorunmasının zəruriliyi, onlarla tərbiyəvi işlərin aparılmasının vacibliyi və ölüm hökmünün ləğvinin faydalarından bəhs edirlər. Elə buna görədir ki, bir sıra Avropa ölkələrində həbsxanalar cəzaçəkmə müəssisələrindən çox, istirahət mərkəzlərinə bənzəyir. Lakin digərlərində, hətta bəzi inkişaf etmiş ölkələrdə belə, məsələn, ABŞ-da vəziyyət tamamilə fərqlidir. Ümumiyyətlə, dünyanın ən qorxunc həbsxanalarında məhbuslara ağır işgəncələr verilir, onların hüquqları ayaqlar altına atılır.

Araşdırmalar göstərir ki, dünyanın ən dəhşətli həbsxanaları Braziliyada yerləşir. Tikanlı məftillər arxasında qalan San-Paulu həbsxanası dustaqlarla qəddar davranışına görə xüsusi ad qazanıb. Belə ki, 2010-cu ildə burada 102 məhbusun kütləvi qətlə yetirilməsi ilə nəticələnən olay baş verib. Həmin dustaqlar onlara olmazın işgəncələrin verildiyini iddia edərək üsyana qalxmışdılar. Lakin həbsxana rəhbərliyinin göstərişinə əsasən qiyamda iştirak edənlərin hamısı kütləvi şəkildə qətlə yetirildilər.

Sözügedən həbsxanada həkim yardımı almaq, demək olar ki, qeyri-mümkündür. Əgər həkim tapılsa belə, o zaman əməliyyat zamanı dustağa anesteziya, yəni "narkoz" verilməyəcək. Bundan başqa, beş məhbusdan biri HİV virusunun daşıyıcısıdır. San-Pauluda məhbusların nəzarətçilər tərəfindən mənəvi və fiziki zorakılığa məruz qalmaları isə artıq adi hala çevrilib.

San-Paulu həbsxanasında ümumilikdə 7500 dustaq var. Onlara isə 1000 gözətçi nəzarət edir. Cəzaçəkmə müəssisəsinin əməkdaşları 4 növbəli iş rejimində çalışırlar.

Bura ilə müqayisədə ABŞ-ın Kolorado ştatında yerləşən ciddi rejimli dövlət həbsxanası olan "ADX Florence"də məhbuslara bir qədər mülayim yanaşırlar. Məhbuslar burada həftədə cəmi 9 saat kameradan çöldə vaxt keçirə bilirlər. Onlar sutka ərzində 22 saat gün işığına həsrət qalırlar. Bu türmədə dustaqlar bir-birindən təcrid olunublar. Başqa sözlə, onlar istəsələr belə, heç bir halda bir-biriylə ünsiyyət qura bilməzlər.

Dünyanın ən dəhşətli həbsxanaları siyahısında 3-cü yeri Parisin "La Sante" çəzaçəkmə müəssisəsi tutur. Burada dustaqlar o qədər işgəncəyə məruz qalırlar ki, yeganə çıxış yolunu yalnız intiharda görürlər. Buna görə də onlar başlarını kamera divarlarına vurur, siçan zəhəri içir, həyatlarına son qoymaq üçün digər vasitələrə əl atırlar. Təkcə 1999-cu ildə adıçəkilən cəzaçəkmə müəssisəsində 124 nəfər işgəncələrə, qeyri-insani hərəkətlərə dözməyərək intihar edib. "La Sante" həbsxanasında baş vermiş dəhşətli məqamlarla bağlı həmin müəssisənin baş həkimi olmuş Veronika Vasser 7 il ərzində öz gündəliyində qeydlər aparıb. Onun sözlərinə görə, həbsxananın kameralarında normadan artıq məhbus saxlanılır: "Dustaqlar həftədə ancaq 2 dəfə duş qəbulu imkanı əldə edirlər. Onlara verilən yeməklərin keyfiyyətindən isə danışmağa belə dəyməz. "La Sante"nin məhbuslarının böyük əksəriyyəti dəri xəstəliklərinə yoluxublar. Onların arasında biti olmayan insan tapmaq mümkün deyil. İş o yerə çatıb ki, dustaqlar öz əşyalarını kameranın tavanında saxlayırlar. Çünki burada siçan əlindən tərpənmək olmur".

Həbsxana nəzarətçilərinə gəlincə, onlar dustaqlarla çox kobud, qəddarcasına davranırlar. Türmə rəhbərliyinin göstərişlərinə əməl etməyənlər dərhal "karser"ə salınır və onlara uzun müddət su verilmir. 1867-ci ildə əsası qoyulan bu cəzaçəkmə müəssisəsi hələ də vəhşiliyin, zorakılığın, təcavüzün, rüşvət və korrupsiyanın geniş yayıldığı məkan olaraq qalmaqdadır. Burada qoldan güclü olan dustaqlar zəifləri sındırır və onları özlərinin qullarına çevirirlər.

Məhbuslarla qəddar davranışı ilə ad çıxarmış həbsxanalardan biri də Suriyada yerləşən Tadmore cəzaçəkmə müəssisəsidir. Suriyanın, eləcə də Yaxın Şərqin tanınmış şairi Fərəc Berakdar ömrünün 5 ilini burada keçirib. O, Tadmore həbsxanasını "ölüm və dəlilik səltənəti" kimi təsvir edib.

Qeyd edək ki, Tadmoredə dustaqlara qarşı orta əsr işgəncə üsullarından – çubuq, şallaq və baltalardan istifadə olunur. Gözətçilərin qurbanları sırasında günahkarlarla yanaşı, heç bir günahı olmayanlar da var. Əksər hallarda cəzaçəkmə müəssisəsinin nəzarətçiləri işgəncə vermək üçün təsadüfi şəxslərdən, yəni elə də ciddi günahı olmayanlardan istifadə edirlər.

Keniyanın Nayrobi həbsxanasında da məhbuslara qarşı qeyri-insanı münasibət sərgilənir. 800 nəfər üçün nəzərdə tutulmuş kameralara nə az, nə çox düz 3800 dustaq yerləşdirilib. Məhbusların, demək olar ki, döşəkdən tutmuş tibbi müayinəyədək hər şeyə ehtiyacları var. Qeyri-insani rəftardan, eləcə də baxımsızlıqdan insanlar həlak olur və onların cəsədləri günlərlə kamerada saxlanılır.

Kaliforniya ştatında yerləşən San Kventin həbsxanası da ən qorxulu cəzaçəkmə müəssisələrindəndir. Belə ki, burda əsasən ömürlük həbs cəzası almış şəxslər saxlanılır. 2005-ci ildə sözügedən türmədə yoxlama keçirilib və bu zaman dəhşətli antisanitariyanın olduğu, həkimlərin dustaqlara heç bir tibbi yardım göstərmədikləri bəlli olub.

Qeyd edək ki, San Kventin həbsxanasında mövcud olan əsas problem təcavüz, zorlama hallarıdır. Məhbusların bir qismi dəfələrlə cinsi zorakılığa məruz qalıb və bu səbəbdən də həbsxanada tez-tez üsyanlar baş verir. Lakin nəzarətçilərin qəddar üsulları ilə həmin üsyanlar qısa müddətdə yatırılıb.

Vazeh Bəhramoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm