İsa peyğəmbərin “övladları” - TARİXİN SİRRİ AÇILMAYAN MÜƏMMASI - RƏSMLƏR
Bizi izləyin

Bilgi.az

İsa peyğəmbərin “övladları” - TARİXİN SİRRİ AÇILMAYAN MÜƏMMASI - RƏSMLƏR

İsa peyğəmbər xristianlığın mərkəzi fiquru sayılır. Xristianların İsa Məsih adlandırdıqları şəxsin həyatı haqqında əsas mənbələri İncil və Əhdi-Cədid kitabları sayılır. Onun şəxsiyyəti və həyatı həm akademik, həm də məişət səviyyəsində mübahisələrə yol açır. Bəzi dairələrdə isə hətta İsanın mövcud olub-olmadığı, onun sosial mövqeyi barədə diskussiyalar aparılır. Teoloqlar üçün İsa gözlənilən məsih, apokalipsis hərəkatın lideri, səyyar müdrik, müstəqil dini hərəkatın banisidir.

Ortodoksal iudaizm İsanı nə peyğəmbər, nə də məsih kimi qəbul etmir. İslam dini İsa barədə müqəddəs Quranda bəhs edir. İsa Tanrının insanlara göndərdiyi əsas peyğəmbərlərdən biridir. İslama görə, İsa möcüzələr göstərən bir şəxsdir və ona Kitab verilib. Amma İslam dini İsanı Tanrının oğlu saymır və onu ilahiləşdirmir.

Bir çox iddialara görə, İsa peyğəmbər evlənməyib. Bəzi tarixçilər isə bunun əksini söyləyərək, günümüzdə də İsanın nəslindən gələn insanların yaşadığını iddia edirlər. Bu səbəbdən, bu gün də İsanın ailə qurduğu və övlad sahibi olduğu barədə sual cavabsız qalıb. Məsələn, kilsənin yepiskop rütbəli keşişləri İsanın evlənmə faktını inkar edirlər. Eyni zamanda, kilsə mənsubları cəmiyyətdə xilaskarın ailəsi barədə diskussiyaları aradan qaldırmaq üçün kifayət qədər cəhd göstərirlər.

Bəzi ilahiyyatçı alimlər müəyyən araşdırmalar apararaq nəticələr əldə ediblər. Məsələn, Harvard universitetinin ilahiyyat alimi, professor Karen Kinq şəxsi kolleksiyalardan birində qədim papirus tapıb. Papirusun tədqiqatından sonra professor nəticələri bəyan edib. Papirus 8 sətirdən ibarət kopt yazısıdır. Çox güman ki, bu papirus İncildən bir fraqmentdir. Yazılarda İsa Peyğəmbərin arvadı barədə danışılır: "İsa onlara dedi: Bu mənim arvadımdır". Bundan başqa, onun evli olduğunu sübut edən digər iddialar da var. Bu məlumatlar Vatikanın rəsmi versiyasını alt-üst edir.

Mütəxəssislər bilir ki, İncilin bir neçə versiyası olub. Onlardan bəzisi kilsə tərəfindən məhv edilib. Amma buna baxmayaraq, İsanın şəxsi həyatı barədə məlumatları küfr elan edən kilsə xadimləri yenə də bu məlumatlardan qurtula bilməyiblər. Kilsə tərəfindən 4 İncil versiyası qanuni elan edilib. Digərlərini oxumaq məsləhət görülmür. Kilsə tərəfindən Mariya, Foma və Filipp tərəfindən qələmə alınmış mətnlər saxta elan edilib. Amma adı çəkilən nüsxələr İohann, Mark, Matfey və Luki nüsxələrindən sonra yazılsa da, bu fakt onlara etibarsız yanaşmaq üçün əsas vermir.

Qeyd etmək lazımdır ki, İsanın ailə həyatı barədə məlumat İncil mətnlərinə qəsdən, bilərəkdən əlavə edilməyib. Bundan başqa, müqəddəs mətnlərin erkən xristian müəllifləri də bir neçə dəfə "İsanın həyat yoldaşı" sözündən istifadə ediblər. Hətta kilsə tərəfindən qəbul edilmiş İncil mətninə də diqqətlə nəzər yetirəndə, belə bir fakta rast gəlmək mümkündür: "Tanrının oğlu dirildikdən sonra hamıdan birinci Mariya Maqdalinanın yanına yollandı". Çox güman ki, İsa onun üçün yaxın olmayan, daha doğrusu həyat yoldaşı olmayan sadə bir xanımın yanına yollanmazdı (Mariya Maqdalina əvvəllər əxlaqsız qadın olsa da, sonradan mömin bəndəyə çevrilib). Əgər o dövrün adətlərini yada salsaq, anlayaraq ki, ərdə olmayan qadının peyğəmbərin tələbələri arasında olması mümkün deyildi. Kilsə tərəfindən saxta sayılan Filipin qələmə aldığı İncilə görə, İsanın tələbələri Mariyanı qısqanmağa başlayıblar. Çünki müəllimləri ona xüsusi diqqət yetirirdi. Xüsusən də İsanın Mariyanın dodaqlarını öpməsi tələbələri qıcıqlandırıb. Əgər bu belədirsə, çətin ki, Mariya İsanın adi tərəfdaşlarından biri olub. Çox güman ki, o, Peyğəmbərin arvadı olub. Yuxarıdakı faktların həqiqət olduğunu düşünsək, son versiyanın reallığa daha uyğun olduğunu qəbul etmək lazımdır.

Bundan əlavə, İsanın tələbələri tərəfindən müşahidə edilən bir mərasimin təsviri də var - Mariya Maqdalina İsanın ayaqlarını yuyaraq, onları öz saçı ilə qurudub. Bu isə qədim ənənələrə görə toy rituallarından biri sayılırdı. Nikah mərasiminə işarə edən dolayı faktlardan biri də İsanın anası ilə stolda çaxırın az olması ilə bağlı olan söhbətidir. Məhz bu zaman Peyğəmbər suyu çaxıra çevirərək qonaqlarını heyran edib.

Eyni zamanda, İsanın ailə həyatına müsbət yanaşdığı faktı da məlumdur. Lukinin qələmə aldığı İncildə belə bir hissə var: "Bəyəm siz oxumamısınız ki, Yaradan əvvəlcə kişini və qadını yaradıb? Qoy kişi anasını və atasını tərk edərək həyat yoldaşına yapışsın, bir cismdə iki ruh olsun". Qeyd etmək yerinə düşər ki, qədim yəhudi adətinə görə, evlənməyən kişi müəllim ola bilməzdi. Qanunda belə də deyilir: "Evlənməyən kişi digərlərini öyrədə bilməz".

Tarixçilər əminliklə iddia edirlər ki, İsanın ulu babası qədim yəhudi padşahları Davud və Süleyman olub. Bu səbəbdən İsanın çarmıxa çəkildiyi xaçın üzərinə yazılmış "İuda çarı" sözü təhqir yox, faktın təsdiq edilməsi idi.

Çox güman ki, İsanın cəlladlarının kobud və qəddar davranışı elə onun Qüds taxtına olan qanuni miras hüququ ilə əlaqəli olub. Qeyd etmək lazımdır ki, Qüds əhalisi üçün İsa tanınmış nəsildən, tayfadan olsa da qərib və yad sayılırdı. Qüds sakini olan və knyaz nəslinin davamçısı sayılan Mariya Maqdalina ilə evlənən İsa və onun varisləri elə bu şəhərdə önəmli siyasi fiqura çevriliblər. Foma və Filipin qələmə aldığı İncildə İsanın övladları barədə söhbət açılır. Əri edam edildikdən sonra dul qalan Mariya Maqdalina övladları ilə birlikdə İudeyanı tərk edir. O zamanın şahidlərinin söylədiyinə görə, məhz Mariya Maqdalina özü ilə Müqəddəs Qədəhi də aparır. Sonralar bu qədəh xristianlığın ən şərəfli tütyəsinə çevrilir.

Bəzi mənbələrə görə, İsanın ailəsi Fransanın cənubuna köçərək, burada yerləşən yəhudi icmalarından birində yaşayıb. Henri Linkoln və Riçard Ley adlı tədqiqatçılar Fransada mövcud olan əfsanə və rəvayətləri nəzərdən keçiriblər. Sonradan "Müqəddəs tapmaca" kitabı işıq üzü görüb. Kitabın müəllifləri Müqəddəs Qədəhin albiqoyeslərdə (Fransanın cənubunda fəaliyyət göstərən xristianlığa aid dini cərəyan) olduğunu qeyd edirlər. Bundan başqa, Mariya Maqdalinanın şərəfinə inşa edilmiş kilsə və məbədlərin əksəriyyəti Fransanın cənubunda yerləşir.

Fransanın ən qədim ailələrindən sayılan senyor de Trankavellərin ailəvi rəvayəti bu günə qədər də saxlanılıb. Onlar Merovinqlər sülaləsinə mənsubdurlar. De Trankavel əmindir ki, sülaləsini öz adı ilə adlandıran əfsanəvi Merovey Mariya Maqdalina və İsanın nəslinə mənsubdur. Merovinqlər sülaləsinin bütün sələflərinin uzun saçı, xaçşəkilli xalı olub. Tanrı ilə "ünsiyyət qurmaq" üçün onların hər birinin başında kəsik var idi (belə bir kəsik İsa peyğəmbərdə də olub). Bu günə qədər də Merovinqlərin sehrbaz olduqları barədə söhbətlər dolaşır. Guya ki, onlar suyu çaxıra çevirir, ağır xəstələri müalicə edə bilirdilər. Maraqlı faktlardan biri də budur ki, Merovinqlər sülaləsindən olan Qotfrid Bulyonskiy Qüdsə təşkil edilən xaş yürüşündə iştirak edib. Qüdsə daxil olan səlib qoşunu Qotfridə krallıq təklif edib. Amma Bulyonskiy İsanın edam edildiyi şəhərdə taxt-tac sahibi olmaq istəmədiyini bildirib.

Eyni zamanda, Merovinqlər 480-ci ildə Roma kilsəsini vestqotlardan xilas ediblər. Vestqotlar Roma hakimiyyətini zəiflədir və xristian məbədlərini dağıdırdılar. Kilsənin taleyi tükdən asılı idi. Belə bir vəziyyətdə Roma papası gözlənilməz və uzaqgörən bir qərar qəbul edir. Merovinqlərin mənşəyini bilən papa, frankların kralı I Holdviqlə (Merovinqlər sülaləsindən idi) müqavilə imzalayır. Müqaviləyə əsasən, Holdviq katolik xristianlığı qəbul etməli idi. Kilsə isə onu Yeni Konstantin elan edərək, Roma imperiyasına məxsus bütün torpaqların idarəçiliyini tapşırırdı. Avtomatik olaraq Roma katolik kilsəsi əsas Avropa kilsəsi statusunu əldə edirdi. Merovinqlər klanı isə qədim Romanın xarabalıqları üzərində bərpa edilən Müqəddəs Roma İmperiyası imperatorları statusunu əldə edirdi. Franklar xristianlığı qəbul etdilər. Yeni Konstantin Romanın düşmənləri ilə mübarizəyə atılır. 507-ci ildə Buye yaxınlığında baş tutan döyüşdə Holdviq vestqotları darmadağın edərək Karkasson və Tuluzanı azad edir. I Holdviq 511-ci ildə dünyasını dəyişir. Onun imperiyası oğlanları arasında dörd hissəyə bölünür. Merovinqlər bir əsrdən çox müddətdə bütün Avropanı idarə edirlər. Amma Merovinqlər çox dəhşətli bir səhvə yol verirlər - onlar imperiyanı adminstrator-majordomorların əli ilə idarə edirdilər. Bu səbəbdən xalq Merovinqləri "tənbəl krallar" adlandırır. Idarəetmə prossesinə belə bir yanaşma bütün sülalənin faciəsi ilə nəticələnir.

Katolik Kilsəsi və Merovinqlər arasında yaranan uçurum, Merovinqlərdən sayılan II Daqobertin xaincəsinə qətlə yetirilməsindən sonra dərinləşir. Daqovertin həyatı çətin olub. 15 yaşında majordomlar tərəfindən oğurlanaraq İrlandiyaya göndərilib. 15 il sonra vestqot şahzadəsi Gizele ilə evlənib. Vestqotların əhatəsində yaşayan Merovinqin nümayəndəsi "Tanrı ilə əlaqədə" kilsənin rolunu qəbul etməyən vestqot ideyasına inanmağa başlayır. 674-cü ildə vərəsəlik hüququna əsasən, II Daqobert taxta çıxır. Krallığı möhkəmləndirmək üçün onun çoxsaylı planları olur. Amma onu xaincəsinə ov vaxtı qətlə yetirirlər. Qatil kralın bütün ailəsini qırmağı planlaşdırıbmı. Amma kralın bacısı qardaşı oğlu IV Siqiberti anasının qohumlarının yanına, Razesə yola salmışdı. Bu səbəbdən oğlanı Plant-Ar adlandırmağa başladılar ki, bu da "qızğın qaçış" mənasını verirdi. Kilsə II Daqobertin qatilinə bəraət verdi. Bu andan etibarən iudeylər çarı sülaləsi ilə katolik kilsəsi arasında qarşıdurma başladı.

741-ci ildə Merovinqlər sülaləsinin taxtı Karl Martelin oğlu Qısa Pepin tərəfindən zəbt edildi. Taxt-tacın yeni sahibi öz sülaləsini atasının şərəfinə Karolinqlər adlandırdı.

Amma Merovinqlərin də votçinası (mülk, malikanə) qalmışdı. Razes şəhəri ətrafında Merovinqlər sülaləsinin idarəçiliyi altında kiçik müstəqil dövlət yaranmağa başladı. Karolinqlər bu dövləti tanısalar da, Kilsə bu dövlətin mövcudiyyəti barədə heç bir məlumata sahib olmadığı təsəvvürünü yaratdı. Kilsə saxtakarlıq edərək saxta Konstantin elan edir. Bu qərara əsasən, Pepin nəinki Merovinqlərin Roma İmperatorluğuna məxsus bütün hüquqlarını və var-dövlətini əldə edir, eyni zamanda kralları təyin etmək hüququna da qovuşur. Roma İmperiyası taxtına təyin edilən Qısa Pepin anlayırdı ki, bu mövqeyi qanunsuz olaraq əldə edib. Çünki Roma İmperiyası taxt-tacına ancaq Merovinqlər sülaləsindən olan şəxs çıxa bilərdi. Bu satqınlığı ört-basdır etməyə çalışan Karolinqlər Merovinqlərdən olan şahzadə qızlarla evlənməyə başladılar. Karolinqlərin növbəti davamçıları ana xətti ilə Merovinqlərə məxsus idi.

928-ci ildə Merovinqlərin davamçısı sayılan Qodfrua Bulyonskiy Sion ordenini qurur. Ordenin əsas hədəfi İsanın çarmıxda ölmədiyini sübut etmək idi. Merovinqlərin məqsədi katolik kilsəsini satqınlığına görə cəzalandırmaq idi. Əgər Sion ordeni İsanın dünyəvi mahiyyətini elan etsə, kilsə əhəmiyyətini itirəcək və lazımsız olacaqdı. Sion ordeni günümüzdə də fəaliyyət göstərir. Orden bəşəriyyət tarixinin ən müəmmalı sirlərinin mənbəyinə çevrildi. Merovinqlər Müqəddəs Şəhəri müsəlmanlardan azad etmək üçün səlib yürüşü təşkil etdilər. 1099-cu ildə Qüds xristianların əlinə keçdi.

Merovinqlər Sion dağında yaxşı möhkəmləndirilmiş abbatlıq - Notr-Dam-dyu-Mon-de Sionu inşa etmək əmrini verdilər. Bu abbatlıq Sion ordeninin əsas bazasına çevrildi. Merovinqlər sülalənin vətənə qayıtmağında Qodfru Bulyonskinin rolunu dəyərləndirərək ona Qüds krallığını təklif etdilər. Qodfru isə bu vəzifədən qardaşı I Boduen xeyrinə imtina etdi.

Bəşəriyyət tarixinin ən müəmmalı səhifələrindən biri də İsanın kasıb cəngavərləri ordenidir (tamplierlər). Tamplierlər Sion Ordeninin böyük magistrı Quqo de Peyn tərəfindən qurulub. Tamplierlər odeni Fələstin yolları ilə hərəkət edən xristian zəvvarlara kömək məqsədi ilə qurulmuşdu. Amma tamplierlər Fələstin yollarını qorumaqdan çox, Sion Ordeni üçün Formal Dəlilin axtarışı ilə məşğul idilər. Tapılan Dəlil Merovinqlər tərəfindən Renn-le Şatoda (keçmiş Razes) gizlədilib. Elə burada Merovinqlərin bütün xəzinəsi də saxlanılır. Kilsə tamplierlər ordenini tanımaq barədə qərar qəbul edir.

Tamplierlər ordeni güc və hakimiyyət əldə edərək kifayət qədər varlanır. 1146-cı ildən Tamplierlərin plaşında Merovinqlərin işarəsi - qırmızı xaç peyda olur. Bir müddət Sion və Tamplierlər ordeni böyük magistr Bertran de Blanşfor tərəfindən idarə ediləməyə başladı. Təşkilatlar birləşdi. Bertran de Blanşfor 1156-cı ildə alman şaxtaçılarını bir yerə topladı. Şaxtaçılar isə onun əmrinə uyğun olaraq tərk edilmiş şaxtalarda yeraltı məbədlər inşa etdilər. Məhz Blanşforun rəhbərliyi ilə tamplierlər ordeni dünya dövlətlərinin siyasətinə yüksək səviyyədə müdaxilə edən çox güclü bir təşkilata çevrildi. Amma cah-calal və geniş imkanlar ordeni məhv etdi. Qüds kralı IV Boudenin ölümündən sonra tamplierlər müsəlmanlarla olan sülhü pozdular və iki gün sonra müsəlman ordusu şəhərə daxil oldu. Tamplierlər Fransaya qayıtdılar. Sion Ordeni və Məbəd Ordeni arasında parçalanma başladı. Sion Ordenində köklü dəyişiklər başlayır. Onlar Müqəddəs Qədəh haqqında məlumatların sızmasına imkan yaradırlar ki, Ordenin əsas sirrini qorusunlar.

Avropanın sonrakı tarixi Sion Ordeni üzvlərinin bütün Avropa dövlətlərində hakimiyyətin yüksək eşalonuna soxulma cəhdi, Merovinqlər sülaləsi nümayəndələrini taxta qaytarmaq istəyi və katolik kilsəsinin təməlini sarsıtma hərəkətləri ilə yadda qaldı.

Kilsə də öz növbəsində Sion rəhbərliyini aradan götürmək üçün tədbirlərə əl atır. 1208-ci ildə papanın müvəkkili Pyer de Kastelno qətlə yetirilir. Bu isə kilsə üçün əla fürsət idi. 30 minlik xaç ordusu səlib yürüşünə çıxır. Bu ordu qəddar qatillərdən təşkil edilmişdi. Onlar qarşısına çıxan hər şeyi məhv edirdilər. Papa III İnnokentinin müvəkkili "Hər kəsi öldürün. Tanrı sizin günahlarınızı bağışlayacaq!" deyə fərman da vermişdi. Merolinqlərin əsas təbərüklərinin saxlandığı Monseqyür qəsrinin səlibçilər tərəfindən işğal edilməsi bu hadisələrin ən məhşur epizodu sayılır. 1243-cü il 16 mart tarixində Monseqyür qəsrinin işğalından bir neçə saat əvvəl 4 nəfər sülalə üzvü xəzinəni çıxara bildilər. Qəsrin digər müdafiəçiləri səlibçilər tərəfindən tonqalda yandırıldı.

Avstriya kralı III Henri tamplierləri əmlak müsadirəsi ilə təhdid etsə də aldığı cavab bu oldu: "Ədalətli olduğun müddət ərzində kralsan, əgər ədalət qanunlarını pozsan, krallığın ləğv ediləcək!". Bu cavab kralın xoşuna gəlmədi və 1307-ci il 13 oktyabr tarixində Fransa kralı Yaraşıqlı Filipin əmri ilə bütün tamplierlər həbs edilir və onların əmlakı müsadirə edilir. 1314-cü ildə sonuncu böyük magistr Jak de Mole tonqalda yandırılır. Amma tamplierlərin mifik xəzinəsi tapılmır.

Bir əfsanəyə görə, müqəddəs Remiqiy, Merovinqlər sülaləsinin nümayəndəsi Holdviqi xaç suyuna çəkəndə bu sülalə hakimiyyətinin qiyamətə qədər davam edəcəyini bildirib. Deyəsən, Remiqiy haqlı imiş. Çünki Fransanın demək olar ki bütün kralları Merovinqlər sülaləsinin davamçılarıdır. Eyni zamanda İspaniyanın Burbonları da bu siyahıya daxildir. Rusiya çarlarından İvan Qroznı və Romanovlar sülaləsinin nümayəndələri də Holdviqin törəmələri sayılır.

İsanın nəslinin davamçıları sualı uzun müddət beyinlərdə dolanacaq. Bu gün müasir tarix İsanın ailəsi haqqında az da olsa məlumata sahibdir. Bu məlumat bir qrup tarixçinin iddiasıdır. Bunun doğru və ya yanlış olduğunu aparılan araşdırmaların nəticəsi göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm