Gecə işıqları yandıran ruh, seksual fotolar... - ədiblərimizlə bağlı maraqlı faktlar
Bizi izləyin

Bilgi.az

Gecə işıqları yandıran ruh, seksual fotolar... - ədiblərimizlə bağlı maraqlı faktlar

Tanrının inkarını, ateizmi, təbiətdə hər şeyin qanunauyğunluqların təzahürü kimi ortaya çıxdığını iddia edən sovet ideoloqlarının özləri də SSRİ dövründə baş verən bir sıra hadisələrin səbəblərini aydınlaşdıra bilmirdilər. Hərçənd guya Allahın mövcud olmadığını elə bəzi sovet yazıçı və şairləri ictimai şüura təlqin etməyə can atır, öz əsərlərində bunu dönə-dönə təkrarlayırdılar. Lakin ayrı-ayrı müəmmalı, maraqlı olaylar, paranormal, sirri bu günə qədər açılmayan hadisələr, habelə ədiblərimizin qeyri-adi vəsiyyətləri, indi təəccüblü görünən dəfn mərasimləri, ölümünü bir neçə dəfə qarşılamış yazıçımızın başına gələnlər söylənilənlərin tamamilə fərqli olduğunu göstərirdi.

Publika.az Azərbaycanın tanınmış şair və yazıçılarının başına gələn əhvalatları, onlarla əlaqələndirilən paranormal hadisələri, habelə ədəbiyyatçılarımızın qəribə vəsiyyətlərini sizə təqdim edir. İlk öncə qeyd edək ki, açıqladığımız maraqlı və qeyri-adi məqamların şahidləri ədiblərimiz, habelə onların yaxınlarıdır.

Həkimin ölüm "hökmü"nü oxuyan satirik

Yalnız Azərbaycanda deyil, bütün Şərqdə məşhur olan satirik, ədib, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi, duzlu-məzəli hekayələr ustası Cəlil Məmmədquluzadə səhhətində problemlər yaşasa da, ölkə rəhbərliyinə müraciət edərək müalicəsi üçün maddi yardım istəməyi şəninə sığışdırmırdı. Onun əsasını qoyduğu jurnalının məsul vəzifəli şəxslərindən biri Azərbaycan Xalq Komissarları Şurasına yazdığı məktubda Cəlil Məmmədquluzadənin ağır xəstə olduğunu, lakin müalicəyə imkanı olmadığını bildirirdi. Rəsmilər publisistin problemlərinə biganə qalmadılar. Satirik hekayələr ustasına Kislovodska putyovka, 200 rubl pul ayrıldı. Bir müddət müalicə olunan Cəlil Məmmədquluzadə müalicədən geri qayıdanda həkim ona bağlı zərf verib Bakıdakı həmkarına çatdırmasını xahiş edir. Məktubda yazılmışdı ki, xəstənin vəziyyəti ağırdır, o, çox yaşamayacaq. Ədib səbirsizlik edərək elə yoldaca zərfi açır, məktubu oxuyur. Beləcə, özünün ölümüylə bağlı "fərman"dan xəbərdar olur. Lakin yeganə ziddiyyət Cəlil Məmmədquluzadənin həkimin ona qoyduğu müddətdən bir neçə dəfə çox yaşaması idi.

Gecələr mənzillərin işıqlarını kim yandırırdı?

Bir dəfə Cəfər Cabbarlı ilə Abbas Mirzə Şərifzadə hansısa əsərdəki cümlənin tərcüməsi ətrafında uzun mübahisə edirlər. Otaqda onlarla yanaşı, bir gənc qız da vardı və mübahisəni dinləyirdi. Ancaq müdaxilə etmirdi. Söhbətin uzandığını görən gənc həmin cümləni tərcümə edib kağıza yazır və onlara uzadır. Mübahisə edənlərin hər ikisi təəccüblənirlər ki, belə savadlı qız ancaq tərcüməçi işləyir. Bu qız bir qədər sonra Azərbaycanın tanınmış ədəbiyyatçılarından birinə çevrilən Nigar Rəfibəyli idi. İstedadlı şairə tanındıqdan sonra onun əleyhinə mətbuatda yeni kampaniya başlayır. Bu cür xoşagəlməz kampaniya çərçivəsində şairənin əleyhinə yazılan məqalələrin altında təkcə dramaturq Cəfər Cabbarlının və şair Səməd Vurğunun imzaları yox idi.

Nigar Rəfibəyli gənc yaşlarında Moskvada olarkən dayısı oğlu bu şəhərə qonaq gəlmişdi. Onlar Maksim Qorkinin adını daşıyan parkda gəzirlər. Birdən parkda səs-küy qalxır, hamı bir tərəfə axışır. Balaca Mirzə də Nigar Rəfibəylinin əlindən tutub camaat qaçan tərəfə yüyürür. Məlum olur ki, SSRİ-nin rəhbəri İosif Stalin öz adamlarıyla parka gəlib. Mərkəzi Komitənin baş katibini sevən insanlar dünyanın bir nömrəli kommunistini dövrəyə alaraq onun ətrafına toplaşırlar. Nigar Rəfibəyli də onların arasında idi.

Nigar Rəfibəyli "Eşq olsun" adlı şeir yazsa da, onu heç yerdə nəşr etdirə bilmir. Sonradan şeir it-bata düşür. Həmin şeir mətbuatda dərc olunmadığından şairə ondan tamamilə əlini üzür. Şairənin itən şeirini tapmasının səbəbkarlarından biri də heç vaxt üzləşmədiyi, tanış olmadığı bir insan - Azərbaycanın tanınmış şairi Hüseyn Cavidin oğlu Ərtoğrul Cavid olur. Özü də təsadüfən. 1941-ci ilin iyununda Böyük Vətən müharibəsi başlayanda Ərtoğrul Rəfibəylinin şeirinə mahnı bəstələyir. Nigar şeirinə mahnı bəstələnməsini bir də 39 il sonra bildi.

Gözəl ədəbi-bədii əsərlər – filmllər, musiqi parçaları, melodiyalar, romanlar, hekayələr, novellalar heç də həmişə təsadüfən yaranmır. Onların bir çoxu bu və ya digər həyat hadisəsini, xatirəni özündə daşıyır. Elə indinin özündə də müğənni Akif İslamzadənin ifasında dönə-dönə qulaq asdığımız "Ala gözlüm" mahnısının maraqlı yaranma tarixi var.

Bəstəkar Emin Sabitoğlu ötən əsrdə -1956-cı ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında, Yuri Şaporinin bəstəkarlıq sinfində təhsil alarkən SSRİ-nin paytaxtındakı keçmiş Lenin adına kitabxanaya tez-tez gedər, Azərbaycanın yerli mətbuatı ilə maraqlanarmış. Bir gün o, Nigar Rəfibəylinin "Azərbaycan" jurnalında dərc olunmuş "Ala gözlüm" şeiri ilə rastlaşır. Şeir gənc bəstəkarın xoşuna gəlir. Emin Sabitoğlu şeiri dəftərinə köçürür və ona mahnı bəstələyir. Mahnı Akif İslamzadənin ifasında lentə yazılır. Mahnını maqnitofon kasetinə köçürüb xərçəng xəstəliyindən əziyyət çəkən Nigar Rəfibəylinin müalicə olunduğu xəstəxanaya gətirirlər. Onun musiqisi şairənin xoşuna gəlir.

Nigar Rəfibəylinin dəfnindən sonra ata evində Rzayevlər ailəsinin sonbeşiyi, Rəsul Rza ilə Nigar Rəfibəylinin övladı Təranə öz ailəsi ilə qalır. Bir dəfə gecənin bir vaxtı mənzilin otaqlarından birində qəfil işıq yanır. Ailə üzvləri buna çox təəccüblənirlər. Axı otaqda heç kim yox idi. Bir neçə gün sonra həmin hadisə Rəsul Rza - Nigar Rəfibəyli cütlüyünün digər övladları Fidanın evində də təkrarlanır. Həmin ailədə də gecə vaxtı mənzilin heç kim olmayan otağına qəfil işıq yanır. Nigar Rəfibəylinin vəfatından sonra onun övladlarının mənzillərində baş verən qeyri-adi hadisələr bunlarla yekunlaşmır.

Şairənin dünyasını dəyişməsindən 8 ay sonra, 1982-ci ilin martında televiziyada Nigar Rəfibəyli haqqında veriliş efirə gedir. Onun oğlu Anar bu verilişə öz mənzilində baxırmış. Soyuq mart günündə pəncərələr və eyvanın qapısı bağlı idi. Ekranda Nigar Rəfibəylinin səsi eşidiləndə qeyri-adi, müəmmalı daha bir sirli hadisə baş verir - eyvanın qapısı gözlənilmədən taybatay açılır. Həmin an küçədə, ümumiyyətlə Bakıda külək yox idi, meh də əsmirdi. Elə isə mərhumənin səsi televizordan mənzilə yayılanda eyvanın bağlı qapısını açan kim idi?

Qəribə vəsiyyətlər və məzarlara atılan kağız, qələm, parça

İki dəfə xərçəng xəstəliyinə qalib gəlib üçüncü dəfə məğlub olan Nigar Rəfibəylinin cənazəsi məzara qoyulanda qızları şairənin məzarına bir parça da qoyurlar. Şairə həmin parçadan özünə paltar tikdirmək istəyirmiş.

1969-cu ildə ağır xəstəlikdən əziyyət çəkən şair, tərcüməçi Əli Kərim ölümündən bir neçə gün əvvəl – iyunda vəsiyyətini yazır. Şair xahiş edir ki, oğlanları Paşa, Azər və Orxanı tabutuna yaxın buraxmasınlar. Yoxsa övladları şirin təbəssümlərini ora qoyarlar. Şair xahiş edir ki, onun tabutuna bir az kağız və qələm qoysunlar. Şairin vəsiyyətinə görə onun məzarı önündə şeir oxunur və mahnı səsləndirilir. Əli Kərimin dostları şairin vəsiyyətinə əməl edirlər.

1983-cü il aprelin 1-də Azərbaycanın xalq şairi Rəsul Rzanın vəfatının ikinci ildönümü ilə əlaqədar Məmmədhüseyn Şəhriyar Təbrizdən onun məzarına bir ovuc torpaq göndərmişdi. Torpağı Rəsul Rzanın məzarının üstünə səpdilər.

Dörd dəfə ölümlə üzləşən, erotik fotolardan iyrənən yazıçı

Azərbaycanın tanınmış yazıçısı, publisist İsmayıl Şıxlı Böyük Vətən Müharibəsinin əsgəri kimi ölüm təhlükəsilə bir neçə dəfə qarşılaşmışdı. Özü də eyni ayda, eyni ildə - 1943-cü ilin sentyabrında... İlıq payız günlərində Kazaçi Yerekdə ponton körpüsü salmağa gedəndə balaca bir kəndə çatarkən vıyıltıyla gələn mina yazıçımızın və digər əsgərlərin olduğu maşının qabağında yerə düşür. Amma möcüzə baş verir – mina partlamır, İsmayıl Şıxlının və dostlarının bəxti gətirir.

Digər ölüm təhlükəsi İsmayıl Şıxlının əsgər yoldaşları ilə son körpünü tikib qurtarandan sonra baş verir, almanlar yazıçımızı atəşə tuturlar. Yaxına düşən mərmilər əsgərlərin hərəsini bir tərəfə səpələyir. Hamı gizlənməyə yer axtarır. Birdən İsmayıl Şıxlı bir adama toxunur. O, Berets adlı əsgər yoldaşının səsini eşidir. Berets çox da dərin olmayan çuxurda gizlənib almlanların atəşindən yayınmaq istəyir. İsmayıl Şıxlı onun yanında qalmaq istədikdə döyüşçü yoldaşı buna etiraz edərək ondan özünə yer tapmasını tələb edir, buranın təhlükəli olduğunu bildirir. Atəş bitəndən sonra Beretsi həmin çuxurda ölü tapırlar. Yanında partlayan mərminin qəlpələri onun həyatına son qoyur. Berets son anda xeyirxahlıq edərək İsmayıl Şıxlını ölümdən xilas edir.

1944-cü ilin soyuq martında almanların atəşindən sonra içində İsmayıl Şıxlının da olduğu parom deşilir, o, batmağa başlayır. Heyət üzvləri, habelə burdakı qızlar və dənizçilər öz ölümlərini gözlərinin qarşısına gətirirlər. İsmayıl Şıxlı da həyatının sonun çatdığını düşünür. Bu vaxt üzməyi bacarmayan bir rus qızı yazıçıya yaxınlaşaraq onu tərk etməməsini xahiş edir. Lakin dənizçilərin işarələrindən sonra katerlə gəlib onları xilas edirlər. Kater kəndirlə paromu sahilə aparır. İsmayıl Şıxlı növbəti dəfə ölüm təhlükəsindən xilas olunur.

Yazıçının növbəti ölüm təhlükəsini ona öz əsgərlərimiz yaratmışdı. İsmayıl Şıxlı kəşfiyyata gedəndə sovet əsgərləri onu casus bilib öldürmək istəmişdilər. Lakin əməliyyata onunla birlikdə gedən leytenant əsgərləri İsmayıl Şıxlıya atəş aşmağa qoymamışdı. İnandırmışdı ki, onlar casus deyillər.

1944-cü il martın son günlərində yazıçımız erməni qızıyla rəqs etməli olur. Yaralı əsgərlərə xidmət edən hospitalın qızları o qədər şən görünürlər ki, onlar yazıçının diqqətini cəlb edirlər. Dəstə-dəstə bölünən qızların bəzilərinin əllərində gitara vardı, çalıb oxuyurdular. Birdən gitarada ləzgihəngi çalırlar. Bir erməni qızı ortaya atılır. İsmayıl Şıxlını nə vaxt dartıb meydana çıxardıqlarından yazıçının özünün də xəbəri olmur. Bir də görür ki, erməni qızı ilə qarşı-qarşıya oynayır.

Almanlarla müharibənin son günlərində Fris-Nerunq adasında təslim olmuş alman əsgərlərindən biri İsmayıl Şıxlının diqqətini cəlb edir. O, həm qorxudan, həm də soyuqdan titrəyirdi. Yazıçı əsirə yaxınlaşaraq alman əsgərindən arxasınca gəlməsini istəyir. Əsir qorxur. Bu zaman yazıçı avtomatın lüləsi ilə onu qabağına salıb aparır. Əsiri balaca kubrikə gətirib sobanın üstündəki qazançadan ona yemək verir. Əsgər yeyib doyduqdan sonra gülümsəyir. Çəkmələrini çıxarıb İsmayıla uzadır. İsmayıl Şıxlı razı olmur. Daha sonra qolundakı saatı sovet əsgərinə təklif edir. Yazıçı yenə razı olmur. Əsir bu dəfə erotik qadın fotoları olan şəkil albomunu yazıçıya uzadır. İsmayıl Şıxlı albomu alıb vərəqləyir. Çılpaq qadınların fotolarına nifrətlə baxıb, albomu alman əsgərinə qaytarır.

Ensiklopediyanın ali diplomsuz rəhbəri, dənizə butulka atan şair

Başqa ədəbiyyatçımız da almanların ölüm təhlükəsi ilə üzləşmişdi. Lakin İsmayıl Şıxlı kimi o da bu təhlükələrdən xilas oldu. 1942-ci ildə Kerçdə almanlar sovet gəmilərini bombardman etməyə başlayırlar. Gəmilərinin bombardman edildiyini görən Azərbaycanın Xalq şairi Rəsul Rza Abbas Zamanova butulka tapmasını xahiş edir. O, kağıza nəsə yazaraq butulkanın içinə qoyur və onu dənizə atır.

Rəsul Rza ilə bağlı digər maraqlı fakt ensiklopediyanın rəhbəri vəzifəsində çalışan şairin ali təhsil diplomunun olmamasıyla bağlı idi. Bir neçə dəfə ali təhsil almaq istəsə də, arzusuna qovuşa bilməmişdi. Onun toy mərasimi repressiyanın qurbanı olmuş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiqin birlikdə şənləndikləri son məclis idi. Toy 1937-ci il fevralın 11-də baş tutmuşdu.

1974-cü ildə Moskvada dahi Azərbaycan şairi İmadəddin Nəsiminin yubileyi keçirildi. Fikrət Əmirovun "Nəsimi" baleti Nəsiminin Bakıda keçirilən yubileyində böyük uğur qazanmışdı. Baletin liberettosu yazıçı Anarın idi. Moskvada keçirilən tamaşada Bakı tədbirində şairin şeirlərini oxuyan aktyor Rusiyanın paytaxtına getməmişdi. Çoxları bilmirdi ki, həmin misraları – Nəsiminin beytlərini səhnə arxasından oxuyan gənc Azərbaycan Yazıçılar Birliyinin hazırkı sərdi Anar idi.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm