“Gözlərimi bağlayıb dedilər ki, başını kəsirik” – əsirlikdən qayıtmış döyüşçü danışdı
Bizi izləyin

Bilgi.az

“Gözlərimi bağlayıb dedilər ki, başını kəsirik” – əsirlikdən qayıtmış döyüşçü danışdı

Ermənistanın ölkəmizə qarşı elan edilməmiş müharibəsi minlərlə soydaşımızın qaçqın və məcburi köçkün, əsirlik həyatı yaşamasına səbəb oldu. Milli Ordumuzun ilk hərbi birləşməsinin, birinci batalyonunun könüllülərindən olan Qarabağ veteranı Arif İsmayılov da belə soydaşlarımızdandır. 90-cı illərin əvvəllərində erməni daşnakları Qarabağda soydaşlarımıza qarşı vəhşiliklərin, hərbi əməliyyatların miqyasını artıranda, ərazilərimizin işğalı kampaniyasına başladıqda ailənin yeganə övladı yaşının 30 olmasına baxmayaraq yenidən ordu sıralarına yazıldı. 1991-ci ilin noyabrında Milli Ordunun ilk əsgərlərindən biri kimi Arif İsmayılov dekabrın 10-dan etibarən hərbi əməliyyatlarda iştirak edib. Birinci Daşaltı əməliyyatının iştirakçısı olmuş qəhrəmanımız həmin əməliyyatdan bir neçə gün sonra başqa əməliyyatda yaralanaraq düşmənə əsir düşüb.

1991-ci il dekabrın 28-dən 1992-ci ilin yanvarın 26-dək əsirlik həyatı yaşamış Arif İsmayılov Publika.az-a əsirlikdə ermənilər tərəfindən başına gətirilən işgəncələrdən danışıb:

"Bizi arxadan da vururdular, mühasirədəydik"

1991-ci il, dekabrın 27-də Kərkicahanda postları dəyişməyə başladıq. Dekabrın 26-dan başlayaraq kənddə hər gün atışma gedirdi. Ayın 27-dən ermənilər ağır silahların sayını artırdılar. Ayın 27-dən 28-nə keçən gecə şiddətli döyüşlərin miqyası genişləndi. Üç-dörd darağım vardı, onları doldururdum. Döyüşçü yoldaşım gəlib dedi ki, Arif, vəziyyət çox pisdir. Bizi arxadan da vururlar.

Artıq mühasirədəydik, xəbərimiz isə yox idi. Ermənilər və ruslar kəndə arxa tərəfdən daxil olmuşdular. Artıq arxadan da atırdılar. İki-iki, üç-üç bir neçə kiçik qrupa bölünmüşdük. Cəmi 24 nəfər idik. İyirmi iki nəfər bizim tağımın əsgərləri idi, iki nəfər isə kənd sakinlərindən köməyə gəlmişdi. Atışma şiddətləndi.

"Əməliyyata təkcə "ALFA" qrupundan 600 nəfər cəlb olunmuşdu"

Aramızdakı məsafə o qədər yaxın idi ki, artıq əllə qumbara atırdılar. Ermənilər rusca bizə təslim olmağı təklif edirdilər. Böyük bir silahlı qrup bizi mühasirəyə almışdı. Sayları təxminən 1100 nəfər idi. Əməliyyata təkcə "ALFA" qrupundan 600 nəfər cəlb olunmuşdu. Düz 13 saat döyüş getdi. Ermənilərin açıqladıqları rəqəmlərə görə, döyüşdə 80-dən artıq dığanı məhv etmişdik. İkinci dəfə yaralananda komandirimiz Mehman Hüseynova dedim ki, tapançanı mənə ver, özümü vuracam. O isə bildirdi ki, indi kömək gələcək.

"Ay sənin ananı... Bayaqdan bunu axtarırdın?" – deyə təəccübləndi"

Arxadan kömək gəlmədi. Dörd yerimdən yaralanmışdım, güllə kürəyimin sol tərəfindən dəymişdi. Əsgər yoldaşlarım da yaralanmışdılar. Bizimlə birlikdə döyüşən komandirimiz Mehmana da güllə dəymişdi. Paltarım cırılmışdı deyə, formamın qabağı arxaya, arxası isə qabağa düşmüşdü. "Zapal" daşı isə yan tərəfdə, bir az arxada idi. Əllərim çatmırdı ki, onu götürüm, nə qədər çalışsam da, barmaqlarım işləmədiyindən çıxara bilmirdim. Dəfələrlə səy göstərsəm də, yenə özümdə güc tapıb, "zapal" daşını götürə bilmədim. Evi partlatdıqlarından zərbənin gücündən hərəmiz bir tərəfə düşmüşdük. Yaralandığımdan çoxlu qan itirmişdim. Tədricən gücümü və huşumu da itirməyə başlayırdım. Elə bu vaxt kimsə dedi ki, Arif, özünü vurma, bizi yandıracaqlar. Həmin vaxt evin içindəki döyüş yoldaşlarımızın sayı cəmi 10 nəfər idi.

Ermənilər bizi əsir alıb, sayımızın 10 nəfər olduğunu biləndə dəhşətə gəldilər. Dedilər ki, özünüzə güc artıran iynə vurmusunuz. Yoxsa belə döyüşə bilməzdiniz. İki dığa qoluma girib, məni sürüyə-sürüyə harasa apardı. Əllərində "oqnemyot" vardı. Sən demə, bizi yandırmaq istəyiblər. Üst-başımı axtarmağa başladılar. Paltarımın böyründəki "zapal"ı gördülər, erməni əsgərlərindən biri "Ay sənin ananı...bayaqdan bunu axtarırdın?" – deyə təəccübdən gözlərini bərəltdi. Vəhşicəsinə döyməyə başladılar. Sonra bir-birimizə bağladılar və sürüdülər. Kənddə arvadlar və uşaqlar bizi görəndə üstümüzə cumdular. Döyə-döyə yandırmaq istəyirdilər. Lakin bizi erməni əsirlərlə dəyişmək məsələsi ortaya çıxdığına görə qərara gəldilər ki, öldürməsinlər.

"Mehman dedi ki, döyüşçülərimə dəyməyin, nə edirsinizsə, mənə edin"

Ürəyimdə komandirimiz Mehmanı danlayırdım ki, niyə qoymadın özümü öldürüm? Biz əsir alınanda Mehman dedi ki, döyüşçülərimə dəyməyin, onların komandiri mənəm. Nə edirsinizsə, mənə edin. Bu cəsarətli sözü hər oğul deyə bilməz.

Bizi döymək istəyən erməni arvadların əlindən güclə alıb, maşınlara mindirdilər. Dekabrın 28-də gündüz saat 14-15 radələrində bir neçə kilometr yol gəldik. Maşınlardan düşürüb "besedka"nın içinə saldılar. Hər birimizi 4-5 nəfər döyməyə başladı. Əllərində dəmir əşyalar və taxta parçaları vardı. Həmin əşyalarla bədənimizin yaralı yerlərinə, başımıza zərbələr endirirdilər. İki cərgəyə ayrılmışdılar. Biz cərgələrin arasından qaça-qaça qabağa getməliydik. Amma yaralanmışdıq deyə qaça bilmirdik. Sürünürdük, ermənilər isə bundan istifadə edib əllərindəki əşyalarla bizi döyürdülər. Cərgələrin arasından keçəndə bir neçə zərbə başımdan dəydi.

Döydükdən sonra soyundurdular, üst-başımızı bir də yoxladılar. Paltarlarımızı qaytarıb özümüzə verdilər. Təkcə corabımızdan başqa. Betonun üstündə ayaqyalın qaldıq. Sarkisyan da, Köçəryan da onların arasında idi. Əməliyyata onlar başçılıq etmişdilər.

"Gecələr ayın işığında "qızınırdım"

Sonradan bildik ki, Xankəndi ərazisindəyik. Bunu da Şuşanın qülləsini görəndə bildik. Əllərimizi və ayaqlarımızı qandallamışdılar. Üstümüzə ovçarka itlərini, habelə digər cins itləri buraxır, qorxudurdular. Bura Xankəndi təcridxanası idi. Bizi həbsxana kameralarına saldılar, hər gün qapı açılırdı, içəri girib döyürdülər. 366-cı alayın zabitləri və əsgərləri də işgəncə verirdilər. Aralarında Sergey adlı rus zabiti vardı. İri bədənli, hündürboylu, cüssəli vəhşi idi. İçkili vəziyyətdə kamerama girib deyirdi: "Rembo, başlayaq?" Çoxlu qan itirmişdim, həm də normal qidalanmırdım deyə, xeyli zəifləmişdim. O, bundan istifadə edib, məni təpikləyir, yumruqlayırdı. Sonra o birilər başlayırdılar işgəncə verməyə. Bizə tərkibi naməlum olan iynə vurdular. Gündə 3-4 dəfə döyülürdük. Bəzən kameramıza bir nəfər, bəzən də 2-3 nəfər, hərdən isə 4 erməni girib vəhşi kimi döyürdü. Əlləri ağrımasın deyə, "dubinka"yla vururdular. O qədər döyülürdük ki, keyləşirdik və artıq heç nəyi hiss etmirdik. Ayılanda isə ağrılarımız, sancılar başlayırdı. Hər kameraya bir nəfər salınmışdı.

Yeməyə balaca qabda "perlovka" verirdilər. Əllərimizdəki qandalı açır, qollarımızı qabağa keçirir, yenidən qandallayırdılar. Barmaqlarımızı birləşdirib qaynar qabdakı yeməyi ağzımıza yaxınlaşdırırdıq. Təpiklə sifətimizə vurub yeməyi dağıdırdılar ki, tez ye. İki gündə bir dəfə 100 qramlıq dəmir qablarda su verirdilər. Gecələr ayın işığı kameranın pəncərəsindən içəri süzülürdü. Ayın işığında "qızınırdım". Təsəlli tapırdım ki, o işıq məni qızdırır, çünki dekabr-yanvar aylarında betonun üstündə qalırdım. Ayaqlarım şişmişdi.

Kameralardakı bütün döyüşçü yoldaşlarımı döyürdülər. İniltilərini, ah-zarlarını eşidirdim, mən döyüləndə qışqırtımı onlar eşidirdi. Bağırtılar elə həddə idi ki, indi də yadıma düşəndə ətim ürpəşir. Allaha yalvarırdıq ki, İlahi, öldür bizi. Başqası döyüləndə elə bilirdim, məni vururlar. Axı o ağrıları mən də yaşayırdım. Özü də güllə haradan dəymişdisə, oradan da zərbə endirirdilər.

"Baronessa Koksla Staravoytova kamerama gəldilər"

Bir gün kamerama döşək atdılar. Dedilər ki, xaricdən gələn var, artıq-əskik danışma. "Villa"mın qapısı açıldı, içəri girən əxlaqsızı tanıdım – Britaniyanın Lordlar Palatasının üzvü, ermənipərəst Baronessa Koks idi. Yanında iki-üç rus və jurnalist də vardı. Baronessa sifətimin şişdiyini, göyərdiyini görüb soruşdu ki, üzünə nə olub? Cavab verdim ki, ərəb mebelindən yıxılmışam. Söylədiklərimi ona tərcümə edirdilər. Tərcüməçilərdən biri rus, digəri erməni idi. Baronessa Koks daha sonra nə yediyim barədə sual verdi. Cavab verdim ki, hər gün balıq, kürü, hinduşka kababı, toyuq qızartması verirlər. Baronessa Koks güldü. Ermənipərəst bu qadın daha sonra soruşdu ki, siz nə istəyirsiniz? Niyə ermənilərlə müharibə aparırsınız? Cavab olaraq ona bu sualı verdim: - Niyə Britaniya İrlandiyaya hücum edir? Tərcüməçi sualımı ona tərcümə edəndə Koks barmaqlarını mənə uzadaraq silkələdi: "On politik". O, məni siyasətçi adlandırdı. Baronessa Koksa bu cavabı verəndə qonşu kameradan çıxıb koridordan keçən ermənipərəst deputat Qalina Staravoytova sözlərimi eşitdi. O da kamerama gəldi. Staravoytova tərcüməçidən nə dediyimi soruşdu. O da cavabımı tərcümə etdi. Staravoytova da "on politik" sözlərini deyib, Koksla birlikdə kameramı tərk etdi. Beş dəqiqə sonra kamerama girdilər, döşəyi apardılar. Yenidən döydülər.

"Dedilər, başımı kəsmək istəyirlər"

Yanvarın 13-də, Sumqayıt hadisələrinin ildönümü ərəfəsində kamerama iki nəfər girib dedi ki, başını kəsirik. Əvvəlcə başıma, qarnıma bir neçə təpik vurdular. Sonra bıçağı çıxarıb, tərs üzünü boynumun arxasına sürtməyə başladılar. Belə etməklə məni ələ salır, əylənirdilər. Ayın 23-də gözümü bağladılar, başıma torba keçirdilər. Dedilər, səni öldürməyə aparırıq. Kəlmeyi-şəhadətimi dedim. Maşına mindirib harasa gətirdilər. Öz-özümə sual verdim, görəsən, niyə öldürmürlər? Bir neçə gün də keçdi. Yanvarın 26-sı, səhər çağları idi. Məni bir evə gətirdilər. İçəridəkilər ancaq hərbçilər idi. Başımdakı torbanı çıxardılar, gözlərimi açdılar. Kimsə azərbaycanca soruşdu ki, Arif, necəsən? Məni tanıdın? Cavab verdim ki, bəli, tanıdım. Hər gün kamerama girib, döyənlərdən idi. Mənə işgəncə verənlərin hamısını üzdən tanıyırdım. Dedi, gedək əl-üzünü yu. Sifətimi güzgüdə görəndə özümü tanımadım. Xeyli arıqlamışdım, üzümü saqqal basmışdı. Gətirib oturtdular. 7-8 nəfər idilər, dedilər sağlıq de, konyak iç. Badəni götürüb dedim ki, qələbənin sağlığına. Corab verdilər ki, geyin, başıma torba keçirib, dedilər, səni dəyişdirməyə aparırıq.

"Dedi ki, bala, söymə, mən də erməniyəm"

Bizi Xocalıda Tutduq adlandırılan əraziyə gətirdilər. Orada dəyişdirirdilər. Qoluma yaşlı bir kişi girmişdi. Dedi qaçma ha, səni də vurarlar, məni də. Cavab verdim ki, yaralıyam, qaça bilmirəm. Azərbaycanca təmiz danışırdı. Elə bildim bizimkilərdəndir. Sözlərini bir daha təkrarladı: "Bala, qaçma ha, ikimizi də vurarlar". Hirslənib söydüm ki, erməni millətinin ... Dedi: "Söymə, mən də erməniyəm". Əli ilə bizə tuşlanan snayperləri göstərdi. Təxminən 400 metr piyada getdik. Qoca qoluma girmişdi. Çətinliklə addımlayırdım deyə məsafəni düz yarım saata qət etdik. Həmin gün dəyişdirilən əsir təkcə mən idim. Xocalı batalyonunun əsgərləri ermənilərdən iki nəfəri əsir götürmüşdülər. Məni həmin əsirlərlə dəyişdirdilər. Bizimkilər onlara demişdilər ki, orada azərbaycanlılardan kim varsa, gətirin dəyişdirin. Xoşbəxtlikdən, bu dəfə məni dəyişdirdilər. Məni özümüzünkülərə təhvil verdilər, ermənilər isə öz tərəflərinə keçdi.

Əsgərlərimizlə görüşən kimi dedim ki, əsir düşməyimi, əsirlikdən qayıtmağımı heç kim bilməsin. Cavab verdilər ki, sizin tağımın mühasirəyə düşməsini bütün ölkə bilir. Bir gün Xocalıda qalmalı oldum. Yanvarın 28-də Milli Qəhrəman Aqil Quliyev məni arxa cəbhəyə qaytarmaq üçün xüsusi vertolyot gətizdirdi. Ağrılara dözə bilmirdim. Yaralarım çox incidirdi. Amma şükür Allaha ki, ölmədim. Əvvəlcə məni Ağdama, sonra isə Bakıya gətirdilər. İki ay hospitalda müalicə olundum.

"Fəryad" filmindəki əsirlik bizim acı həyatımızı əks etdirir"

"Fəryad" filmi batalyonumuzun komandiri Mehman Hüseynovun xatirələri əsasında çəkilib. İndi danışdığım əsirlik həyatı filmdəki səhnələrlə üst-üstə düşür. Xatırlayırsınızsa, filmdə aktyor Hacı İsmayılov özünü vurur. Bu səhnələrin hamısı baş vermiş əhvalatlardır. Filmdəki əsirlik bizim acı həyatımızı əks etdirir. Sadəcə, komandirimiz Mehman olduğuna görə, onun xatirələrini yazıb ekranlaşdırdılar. Mehmanı 1992-ci il fevralın 28-də dəyişdilər. Əsirlikdən qayıtdıqdan sonra onunla görüşdüm. Elə hamının yanında mənə dedi ki, Arifə baxın e, özünü vurmaq istəyirdi. Mənim məsləhətimə qulaq asıb, özünü öldürmədi, arxadan kömək gələcəyini gözlədi. Bizim birinci batalyonun 600 əsgəri cəbhəyə göndərilmişdi. İndi onların təxminən 35-40 faizi sağdır. Qalanları şəhid oldu.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm