Hitleri güldürən qadın: Vanqanı kim danışdırırdı?
Bizi izləyin

Bilgi.az

Hitleri güldürən qadın: Vanqanı kim danışdırırdı?

Bu gün dünyaşöhrətli Vanqanın doğum günüdür. Publika.az onun həyat hekayəsini təqdim edir.

O, 1911-ci ilin yanvarın 31-də Bolqarıstanın Strumitsa şəhərində kiçik torpaq sahibkarının ailəsində dünyaya gəlib. Körpə o qədər zəif idi ki, nə qışqırdı, nə də ağladı. Bundan başqa, onun iri qulaqları, əyri əl və ayaq barmaqları vardı...

Yeni doğulan körpəni kürkə büküb, sobaya yaxın yerə qoydular ki, qızınsın. Ona hələ heç ad da qoymamışdılar: düşünürdülər ki, qızcığaz çox sağ qala bilməyəcək. Lakin 2 aydan sonra, nəhayət ki, qızcığaz başqa körpələr kimi ağlamağa başladı. Onu xaç suyuna çəkdilər. Qızcığaza yunan dilindən tərcümədə "müjdə gətirən" mənasını verən Venqaliya adını qoydular.

Vanqanın 3 yaşı olanda anasız qaldı və uzun müddət o, baxımsız böyüməyə başladı. Sonra isə atası evə Vanqanın qayğısına qalacaq analıq gətirdi.

İnanılmaz faciə Vanqanın 12 yaşı olanda baş verdi. Günlərin birində küçədə gəzişən uşaqlar səmada qəribə buludlar gördülər. Düşündülər ki, ildırımdır. Lakin ildırım səsi də gəlmirdi. Qəfil başlanan külək ağacların yarpaqalrını qırıb yerə atdı, tufan Vanqeliyaya tərəf gələrək, nəhayət, qızı haqladı. Dəhşətli külək burulğanı onu göyə qaldırıb, havada bir neçə dəqiqə fırlatdı, sonra yerə çırpdı. Vanqa tufanın içində kiminsə onun başına toxunduğunu hiss etdi. Yerə sərilən qız huşunu itirdi.

Özünə gələndə o, gözlərini aça bilmirdi. Qum gözlərinə dolmuşdu. Yerli həkimlər onun təcili surətdə şəhər xəstəxanasına aparılmasında və əməliyyat olunmasında təkid edirdilər. Lakin o vaxt əməliyyat üçün tələb olunan 500 lev ailə üçün böyük məbləğ idi. Ailə pul axtarışına çıxmışdı, amma Vanqa tədricən kor olmağa başlayırdı. Dörd ildən sonra onun gözləri tamamilə tutuldu.

1925-ci ildə Vanqanı gözdən əlillər üçün olan müəssisəyə apardılar. Vanqa orada 3 il qalmalı oldu. Burada qıza toxumağı, tikməyi, oxumağı və korlar üçün əlifbanı öyrətdilər. Elə qızcığaz həyatının ilk və yeganə sevgisinə də burada rast gəldi: Vanqa imkanlı ailənin oğlu ilə tanış oldu. Onlar evlənməyə hazırlaşırdılar. Lakin həyat fərqli tale yazdı – Vanqanın analığı doğuş zamanı həlak oldu. Atası isə böyük qızının köməyi olmadan keçinə bilməzdi. Vanqa arzularını ürəyinin dərinliyində basdırıb, ata evinə qayıtmalı oldu...

Növbəti 10 il Vanqanın həyatında çətin illər idi. Kor olmasına baxmayaraq, o, paltar tikir, toxuyur, əvəzində isə heç kimdən pul almırdı. Bir tərəfdən isə onun xəstəliyi baş qaldırdı: sement döşəmə üstündə ayaqyalın dayandığından Vanqa ağır xəstəlik keçirdi – plevritə tutuldu və yatağa düşdü. Ətrafdakı insanlar onun bir daha sağalaraq ayağa qalxacağına ümid etmirdilər. Lakin möcüzə baş verdi, xəstə çarpayıdan durdu.

Bundan sonra onu tanıyanlar maraqlı hadisələrlə qarşılaşmalı oldular...

Qəzetlərin birində belə yazılır: "1940-cı ildə Vanqa ilk dəfə uzunmüddətli transa düşdü. 1941-ci ildə isə fərqli kişi səsi ilə danışmağa başladı. O, müharibənin gedişatı və insanların həyatı haqda danışırdı. Demək olar, Vanqa düz bir il yuxusuz qaldı..."

Onun özü isə etiraf edirdi ki, insanların başına gələcək hadisələri öncədən görür. Əvvəlcə bunu kiməsə danışmaqdan ehtiyatlandığı üçün heç kimə demədi. Qorxurdu ki, onu dəli hesab edə bilərlər. Lakin Vanqa sirrini çox saxlaya bilmədi və qonşusuna aprel ayında müharibənin başlayacağını söylədi. Onda hələ heç kim ona inanmırdı...

Lakin aprelin 6-da alman qoşunları Yuqoslaviya sərhədini keçdi. Elə bu zaman kor qızın öncəgörməsi yada düşdü. Vanqaya "öncəgörən" adını qoydular. Bundan sonra onun evinin qarşısında insanlar növbəyə düzülməyə başladı...

O, heç zaman evindən kimisə qovmaz və adətən, öncəgörmələrində səhvə yol verməzdi. Yarım əsr Vanqanın öncəgörmələrini izləyən və onu tədqiq edən bolqar alimi Georgi Lozanov belə qənaətə gəlib ki, Vanqanın dedikləri 80 faiz özünü doğruldur.

Vanqa nəinki İkinci Dünya müharibəsini, hətta Praqa, Nikaraqua və Suriya müharibəsinin də baş verəcəyini deyirdi. O, 1934-cü ildə Hitlerin düz üzünə demişdi: "Rusiyadan əl çək! Sən onsuz da müharibəni uduzacaqsan!" Deyilənə görə, fürer bolqar öncəgörücüsünün sözlərinə gülübmüş. Amma tarix də göstərdi ki, əbəs yerə!..

1963-cü ildə Vanqa ABŞ prezidentinə qarşı sui-qəsddən danışdı. Həqiqətən də, ABŞ-ın 35-ci prezidenti Con Kennedi sui-qəsdə məruz qaldı.

Vanqa 1969-cu ildə İndira Qandinin ölümünü, 1979-cu ildə "yenidənqurma"nın başlanacağını və SSRİ-nin dağılmasını "görmüşdü".

Vanqa ömrünün sonunda gün ərzində 50-yə yaxın insan qəbul edirdi. O hər bir ziyarətçiyə 3-4 dəqiqəsini xərcləyirdi. Hər gələn insan isə Vanqaya 100 lev (təximinən 2 dollar), xaricilər isə, adətən, 50 dollar ödəyirdilər.

1967-ci ildə Vanqa dövlət xidmətində "işə düzəldi". Bundan sonra, bolqar xüsusi xidmət işçiləri onun yanına xariciləri buraxmadı.

Vanqa necə "işləyirdi"? Özü bu haqda belə deyirdi:

"Qarşımda insan dayananda qəfildən onun ətrafında bütün yaxın adamlarının ruhları yığılır. Mənə verilən sualın cavabını ruhlardan eşidirəm və onu həmin adamın özünə çatdırıram".

Maraqlısı isə odur ki, "o dünyadan" gələn səsləri bəzən adi insanlar da eşidə bilirdi. Vəfat edən oğlunun səsini eşidən və halı pisləşən analar da vardı.

Vanqa deyirdi: "Mənim vergim ilahidəndir. O, gözlərimi əlimdən aldı, lakin mənə başqa gözlər verdi. Mən bu gözlərlə dünyanın görünən və görünməyən tərəflərini görürəm".

Onun yanına partiya liderləri, nazirlər və yazıçılar gəlirdi. Vanqanın öncəgörməsi haqda onun yaxın qohumu yazır:

"Vaxt gələcək, elm qeyri-materiya sahəsində böyük açılış edəcək. Biz böyük arxeoloji kəşflərin şahidi olacağıq. Bu kəşflər qədim dövrlərdən bəri formalaşmış dünya haqqında biliklərimizi dəyişəcək. Bütün gizli qalan qızıllar yerin səthinə çıxacaq, lakin su yerin dərinliyinə çökəcək...

Gələcək – mehriban insanlara məxsusdur və onlar indi təsəvvür edilməsi çətin olan gözəl dünyada yaşayacaqlar...

Ruh ölmür. Sadəcə, pis insanların qəlbi göylərə aparılmır. Onlar reinkarnasiya edə bilmədiyi üçün yerə qayıtmırlar. Ona görə də, Yerdə təkcə yaxşılar qalacaq".

Ömrünün son illərində Vanqa özünün öləcəyi günü dəqiqliyi ilə açıqladı. Vanqanın "varisinin" olub-olmaması haqda heç kim bilmir...

Bir gün bolqar öncəgörücüsü dedi ki, o, öldükdən sonra bütün bacarıqları Fransada yaşayan, sonradan korluq qazanacaq qızcığaza ötürüləcək. Lakin ölüm qabağı Vanqa bunları da söylədi:

"Allah mənə bu bacarığı verib və bu bacarığın kimə ötürüləcəyini o müəyyən edir. Heç nə məndən asılı deyil".

İnsanlara kömək edən Vanqa özü onkoloji xəstəlikdən əziyyət çəkirdi. 1996-cı il avqustun 10-da Vanqa ona baxan yaxın qohumundan çörək və su istədi. Sonra isə ölən valideynlərinin ruhunun onun yanına gəldiyini söylədi. Öncəgörücü onlarla danışıb, havada kiminsə başına sığal çəkdi. Səhər saat 10-da isə bütün dünya "planetin hər şeydən xəbərdar olan nənəsi"nin ölüm xəbərini eşitdi...

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm