Tanrının ziyarət etdiyi məbəd – Babil qülləsi
Bizi izləyin

Bilgi.az

Tanrının ziyarət etdiyi məbəd – Babil qülləsi

Uzun müddət müasir elm Babil qülləsi haqqında məlumatı insan təkəbbürü haqqında simvolik əfsanə kimi qəbul edib.

Publika.az bu barədə araşdırmanı təqdim edir.

Amma ötən əsrin sonlarında Babil qülləsinin əfsanə yox, reallıq olduğu sübut edildi. Avropalı arxeoloqlar Babil xarabalıqlarını kəşf etdilər. Bağdaddan yüz kilometr cənubda hamar zirvəsi və sıldırımlı yamacı olan təpələr var. Yerli sakinlər bu təpələri ərazinin dağlıq relyefi sayırdılar. Təpələrin hamar yamaclarında çadır quran bədəvilər yaşayırdılar. Amma heç kəsin ağlına da gəlmirdi ki, ayaqlarının altında bütün zamanların və xalqların böyük şəhərinin xarabalıqları yata bilər. 1899-cu ildə Almaniyalı arxeoloq Robert Koldevey qazıntı işləri aparmaq üçün Səhn düzənliyinə yola düşdü. Bir neçə ildən sonra isə o, Babilin xarabalıqlarını tapan şəxs kimi tarixə düşdü.

Arxeoloji qazıntılar və onun nəticələri barədə məlumat verməzdən əvvəl, Babil və Babilistan haqqında bir neçə cümlə, yəqin ki, oxucular üçün maraqlı olar.

Babil semit dilində "bab-illu" sözündən yaranıb və mənası Tanrının Qapıları deməkdir. İki çay arasında mövcud olmuş şəhər Qədim Dünyanın ən iri şəhərlərindən biri idi. Babil 1500 il mövcud olan Babilistan çarlığının paytaxtı olub.

Babilistanın hər bir şəhərində zikkurat adlanan qüllə var idi. Şəhər sakinləri buraya gələrək Marduka sitayiş edir və qurbanlar kəsirdilər. Amma Babil qülləsi ilə heç bir zikkurat rəqabət apara bilməzdi.

Heredota görə, Babil qülləsinin 8 yarusu olub. Ən alt qatda yerləşən yarusun eni 180 metr olub. Onun tikintisində 85 milyon ədəd kərpicdən istifadə edilib. Babil zikkuratı bir neçə dəfə dağılsa da, yenidən bərpa edilib.

Arxeoloji qazıntılar

1899-cu ilin yaz aylarında düzənlikdə arxeoloji qazıntılara start verildi. Koldevey qazıntıların ilk günündən uğur qazanmağa başladı. Sonrakı 15 ildə də alim bir çox uğura imza atdı. Qazıntılar zamanı torpağın altından çıxan əşya və tapıntılar burada qədim sivilizasiyanın olduğunu sübut edirdi. İşə başladıqdan bir neçə ay sonra artıq Babilin ölçüləri barədə onun məlumatı var idi. Robert ilk olaraq, eni 7, hündürlüyü 12 metr olan və çiy kərpicdən tikilmiş divarı qazıntılar altından çıxardı. Divardan 12 metr aralıda bişmiş kərpicdən inşa edilmiş, eni 8 metr olan başqa bir divar var idi. Bundan başqa, eni 3 metrlik başqa bir divar da ortaya çıxdı.

Birinci və ikinci divarın arasındakı boş sahəni qədim dövrdə torpaqla doldurublar. Bu isə hər iki divarı keçilməz səngərə çevirib. Daxili divarda hər 50 metrdən bir gözətçi qülləsi olub.

Koldevey orada 360 qala qülləsi saydı. Bu isə Babilin daxili divarının 18 kilometrdən çox olduğunu üzə çıxarırdı. Əgər orta əsrlərdə olduğu kimi, şəhərin - ətrafına divar çəkilmiş insan məskəni olduğunu düşünsək, o zaman 4 min il əvvəl tikilmiş Babilin Yer kürəsində ən böyük şəhər olduğunu söyləmək lazımdır.

Arxeoloqlar? demək olar ki, hər gün yeni tapıntıları torpağın altından çıxarırdılar. Bu tapıntılar arasında minalı kərpic barelyefinin qırıntıları, mislə işlənmiş şəhər qapıları, qanadlı şir heykəlləri var idi. Torpaq altından çıxarılan artefaktlar Misir mədəniyyəti şedevrlərini kölgədə qoydu və elm dünyasını yeni bir sual qarşısında təslim etdi: qədim Mesopotamiyada bu səviyyədə inkişaf etmiş xalq necə ola bilərdi?

Arxeoloqların fikrincə, qədim Babilistan sirli şumer sivilizasiyasının son işartıları olub. Şumerlər bir neçə min il öncə Fərat və Dəclə çayları arasında yaşamış qədim bir xalqdır. Şumerlər böyük şəhərlər salmışdılar. Onların zərgərləri qızıldan elə məmulatlar hazılayırdılar ki, günü bu gün də məhşur Paris zərgərləri şumerlilərə paxıllıq edirlər. Sərdabələrdən çıxan insan sümükləri arxeoloqları heyrətə salır. Çünki bu insan sümükləri qurban kəsilmiş yüzlərlə şəhər sakininə aiddir.

Şumerlər haqqında məlumat çox azdır. Amma bu xalqın Nuhun tufanı ilə yer üzündən silindiyini sübut edən faktlar kifayət qədərdir. İstənilən halda, şumer sivilizasiyasına məxsus laydan sonra arxeoloqlar iki metrlik gil qatı ilə rastlaşdılar. Bu isə, ərazidə nə vaxtsa faciəvi daşqının olmasına işarə idi.

Çox güman ki, daşqından sonra təkcə Nuh peyğəmbər və gəmidəkilər yox, şumer xalqının bəzi nümayəndələri də sağ qalıb və bu şumerlilər Babil şəhərinin təməlini qoyublar. Bu şəhərdə Tanrı tərəfindən məhv edilmiş sivilizasiya yenidən dirçəlməyə başladı. Keçmişin müəmmalı sirlərinə işıq salan bütün bu kəşf və hipotezlər Koldeveydən sonra meydana çıxdı. Alman arxeoloq isə, Babil qülləsi və Semiramidanın asma bağlarına aid iki əfsanənin real olduğunu sübut etdi.

Koldevey əvvəlcə qədim şəhərin şimali-şərq hissəsində qeyri-adi formalı zizrəmilərin qalıqlarını torpaq altından çıxardı. Arxeoloq özünü itirdi, çünki Babildə apardığı uzunmüddətli arxeoloji qazıntılar zamanı ilk dəfə yeraltı tikili ilə qarşılaşırdı. Tikilinin içində üç şaxtadan ibarət olan quyu var idi.

Texniki mütəxəssislər tikilini gəzib incələdikdən sonra Koldeveyə bildirdilər ki, üç şaxtalı quyu suburaxıcı (suyu su anbarından, suvarma və ya gəmiçilik kanallarına mexaniki buraxmaq üçün qurğu) rolunu oynayıb. Lentşəkilli qaldırıcı mexanizmi olan quyu fasiləsiz su ötürmək üçün nəzərdə tutulub. Bundan başqa, Koldevey tərəfindən divarın şimal hissəsində aşkara çıxarılmış yeraltı tikilinin qübbəsi daşla hörülmüşdü. Bütün antik yazıçılar, İosif Flaviy, Stesiy, Strabon tərəfindən qələmə alınan kitablarda və assuriyalıların qədim tabloidlərində Babildə cəmi iki yerdə kərpic əvəzinə daşdan istifadə edildiyi yazılıb. Bu zaman onlar şimal divarının və Semiramidanın asma bağlarının tikintisini nəzərdə tuturdular! Arxeoloqlar tapıntıdan çox məmnun idilər. Çünki tapılmış zirzəmilər haqqında ortaya atılan yeganə mülahizə onların hər zaman yaşıl olan Semiramida bağlarının qübbəsi olması ilə bağlı idi.

Bağda o dövr üçün unikal sayılan su sistemi var idi. Bu su sistemi çoxteraslı nəhəng bağı lazım olan su ilə təmin edirdi. Heredot məhz bu bağları görmüş və onu dünyanın möcüzəsi adlandırmışdı. Semiramida bağlarının yalnız zirzəmisi günümüzə qədər gəlib çatdığından bu möhtəşəm tarixi abidənin arxitekturası və hündürlüyü barədə məlumat vermək mümkün deyil. Əfsanəyə görə, Semiramida taxt-tacı oğluna verdikdən sonra özünü sevimli asma bağının terasından aşağı atıb. Terasdan aşağı düşən Semiramidanın əlləri göyərçin qanadına, bədəni isə göyərçinə çevrilib. Əfsanəyə görə, sehrbazlıqla məşğul olan çariça əbədi olaraq bu dünyadan uçub gedib.

Koldeveyin ikinci tapıntısı bütün Qərb dünyasını heyrətə saldı. O, əfsanəvi Babil qülləsinin qalıqlarını tapdı. Babil sakinləri məbədi "E-temenanki", yəni səmanın və yerin təməl daşı adlandırırdılar. Babil qülləsinin yalnız fundamenti günümüzə qədər gəlib çatıb. Alman arxeoloq tərəfindən tapılmış kvadratşəkilli fundamentin eni 90 metrdir.

Qülləni hər tərəfdən əhatə edən divarların da xarabalıqları qalmışdı. Koldeveyin fikrincə, burada müxtəlif dini ayinlər keçirilirmiş. Babil qülləsi isə böyük məbəd kimi fəaliyyət göstərirdi. Onun üst tərəfində isə Mardukun (Babil əhalisinin Tanrısı) məbədi yerləşirdi.

Babil qülləsinin taleyi haqqında məlumat Babil və Assur-Babilistan çarlığının digər şəhərlərində arxeoloqlar tərəfindən tapılmış gil löhvələr və yunan tarixçilərinin əsərləri vasitəsilə əldə etmək mümkündür. Heredotun yazdığına görə, "qüllənin başı buludlara dəyirdi. Babil qülləsi bir-birinin üzərinə inşa edilmiş 7 qüllədən ibarətdir. Əsas qüllənin eni 90 metr, hündürlüyü də bir o qədər idi". Koldeveyin də tapdığı qüllənin fundamentinin eni 90 metrdir!

Birinci mərtəbənin hündürlüyü 33 metr, ikinci mərtəbənin hündürlüyü 18 metrdir. Digər 4 mərtəbənin hər biri isə 6 metr hündürlükdədir. Üst mərtəbədə 15 metr hündürlüyü olan məbəd olub. Bu məbəd Babil Tanrısı Madrukun şərəfinə ucaldılıb və qızıl suyuna salınmış mavi rəngli bişmiş kərpicdən inşa edilib. Məbəd günəşin şüaları altında mavi-qızılı işıq saçır və kilometrlərlə uzaqlıqdan görünürdü.

Eramızdan əvvəl VII əsrə aid tapılan gil lövhə Babil çarı Nabopolasarın külliyatını əks etdirir. Bu məlumatlar əfsanəvi Babil qülləsinin tarixçəsini gün işığına çıxarır. Çar Tanrı Mardukun hökmü ilə Babil qülləsini bərpa etməyi əmr edib.

Qüllənin ilk dəfə nə vaxt inşa edildiyi məlum deyil. Amma Nabopolasarın hekayəsindən də məlum olduğu kimi, Assuriya çarları Sarqon və Sanxerib Babili işğal edərkən qülləni bir neçə dəfə dağıdıblar. Hər dəfə də Babil hökmdarları onu yenidən bərpa ediblər. Amma bu dəfə bərpa işləri o qədər çətin idi ki, Nabopolasar 75 il hakimiyyətdə olduğu illər ərzində tikinti işini başa çatdıra bilmədi. Tikinti ilə çarın oğlu Navuxodonosor məşğul oldu. 40 il sonra Babil qülləsi yenidən Babil xalqının məbədinə çevrildi. Məbədin içində üzərinə qızıl örtük salınmış qızıl masadan başqa heç nə yox idi. Babil sakinlərinin inancına görə, Tanrı Marduk bu məbəddə gecələyirdi və məbədə giriş hamı üçün bağlı idi. Ancaq əvvəlcədən seçilmiş gözəl bir qız hər gecə məbədə gəlir və Tanrını gecə nəvazişləri ilə əzizləyirdi. Heredotun yazdığına görə, Tanrının məbədi ziyarət etməsi və gecələməsi onun üçün şübhəli idi.

Babil qülləsinin aşağı mərtəbəsində Mardukun ikinci məbədi yerləşirdi. Məbədin içində Tanrının böyük heykəli vardı və onun qarşısında qurban kəsilirdi. Heredotun sözlərinə görə, heykəl saf qızıldan hazırlanmışdı və çəkisi 24 ton idi! Yəqin ki, bu heykəli tapan şəxs dünyanın ən varlı insanlarından birinə çevriləcək.

Məbədin girişinə gedən yolda bayram günlərində kahin və inanclı insanlardan ibarət kütlə addımlayırdı. Koldevey nümayiş yolunu qazıntılar altından çıxardı və müasir şosse yollarından heç birinin bu yolla müqayisə edilməyəcəyini etiraf etdi. Qədim inşaatçılar yola 1 metrlik kvadrat plitə döşəmişdilər. Pilətələr, üzərinə asfalt örtüyü çəkilmiş kərpic döşəmənin üzərindən vurulurdu. Daş pilətələrin kənarları naxışlı idi. Pilətələr arasındakı məsafə asfaltla doldurulmuşdu. Bundan əlavə, hər pilətənin iç tərəfinə daşyonanlar tərəfindən "Mən Navuxodonosor, Babil çarıyam. Babil küçəsini Cənab Marduk üçün döşədim".

Babil qülləsi və Semiramidanın asma bağları kimi möhtəşəm binalar inşa edən Babilistan mühəndisliyinin hansı səviyyədə olduğunu təsəvvür etmək çətindir. Sonrakı sivilizasiyalara Babil xalqından səma cisimlərinin dəqiq hərəkət trayektoriyaları, hesablamaları və qara pişik xurafatı miras qalıb. Yəqin ki, bəzi oxucularımız hazırda da yoluna çıxan qara pişik görəndə bunu uğursuzluq sayır. Amma bu xurafatın haradan gəldiyini bilmir. Əslində bu xurafat qədim Babilistanda da mövcud imiş. Dilçi alimlər Babilistanda tapılmış gil löhvələri incələnəndə məlum oldu ki, o dövrdə də insanlar yolu keçən qara pişiyin bəd əlamət olduğuna inanırdılar.

Uğursuzluq və müsibət son günlərinə qədər Babili təqib etdi. Navuxodonosordan sonra şəhər İran çarı Kir tərəfindən işğal edildi. Amma Babil qülləsini görən Kir tikintiyə toxunmamağı əmr etdi və öldükdən sonra qəbri üzərində belə bir qüllə ucaldılmasına göstəriş verdi. İran çarı amansız Kserks isə Babili ələ keçirərkən qülləni dağıtdı. Hindistana səfərə çıxan Makedoniyalı İsgəndər də yolu üzərində Babil qülləsinin dağıntılarını gördü. Nəhəng dağıntılardan heyrətə düşən İsgəndər ordusunu iki ay burada saxladı. Bu iki ay ərzində böyük sərkərdənin əsgərləri dağıntıları zir-zibildən təmizlədilər.

Qədim İncil əfsanəsinə görə, Nuhun tufanından sonra, 4 min il əvvəl bütün insanlar Mesopotamiyada yaşayıblar və vahid dildə danışıblar. Ərazinin torpaqları çox məhsuldar olduğu üçün insanlar zənginı yaşayıblar. Onlar adlarını tarixə yazdırmaq üçün Babil şəhərini salmaq və çox hündür qüllə tikmək qərarına gəldilər. Sonra Tanrı düşüncəsiz və şöhrətpərəst insanlara qeyzləndi və onları cəzalandırdı: tikinti ilə məşğul olan insanlar müxtəlif dillərdə danışmağa başladılar. Bu zaman bir-birini anlamayan insanlar tikintini yarımçıq buraxaraq, dünyanın müxtəlif guşələrinə səpələndilər. Qüllənin tikintisi yarımçıq qaldı.

Başqa bir əfsanəyə görə, Nuhun törəmələri vahid bir xalq idilər və bir dildə danışırdılar. Onlar Fərat və Dəclə çaylarının hövzəsində məskən salmışdılar. Amma onlar adlarını əbədiləşdirmək üçün şəhər tikmək və göylərə uzanan qüllə inşa etmək qərarına gəldilər. Tanrı onların şöhrətpərəstliyindən qeyzləndi və onları cəzalandırdı. İnsanlar müxtəlif dillərdə danışmağa başladılar və bir-birlərini anlamadılar. Bir-birini anlamayan insanlar şəhərdən müxtəlif istiqamətlərə dağılışdılar. Yafəsin törəmələri Şimala gedərək Avropada, Simin törəmələri Cənubi-Qərbi Asiyada məskunlaşdılar. Hamın törəmələri cənuba köçərək cənubi Asiya və Afrikada kök saldılar. Hanaanın övladları isə Fələstinə axışdılar.

Birtaniyalı yazıçı və jurnalist Qrem Henkok "Tanrıların izi" kitabında Babil qülləsi barədə müəyyən fikirləri qeyd edib. Henkokun fikrinə görə, Babil qülləsinin memarları bu tikilini özlərindən xatirə kimi inşa ediblər. Memarların fikrinə görə, adları, sivilizasiya və dilləri unudulsa da, bu qüllə unudulmayacaq.

İlahiyyatçı-filosof, yazıçı və səyyah Yelena Blavatskayanın fikrincə, Babil şəhəri Nuhun tufanından xilas olan insanlar tərəfindən inşa edilib. Onlar azman idilər və memarlıqdan əlavə, astrologiya elmini də mükəmməl səviyyədə bilirdilər. Onlar kahinlərə müəyyən elmlər öyrətdilər və şahidi olduqları faciələr barədə məbədlərə məlumatlar yazdılar. Onun sözlərinə görə, Babil qülləsi sadəcə astroloji qüllə idi.

Babil tarixçisi, Tanrı Mardukun kahini Beros babillilərin yadplanetlilər – müəmmalı məxluqlarla görüşü barədə yazıb. Bu məxluqlar balıqlara oxşayır və skafandrda yaşayırdılar. İlk elmi bilikləri insanlara onlar ötürüblər.

Yazıçı, tarixçi və filosof Jak Berjye "Lənətlənmiş kitablar" əsərində qeyd edir ki, Berosun "Dünya tarixi" kitabı itirilib. Bu əsərdə yadplanetlilərlə ilk əlaqə haqqında kifayət qədər məlumat var. Amma kitab İsgəndəriyyə kitabxanasında saxlanılsa da, hazırda onun cəmi bir neçə səhifəsi mövcuddur.

Ernst Muldaşevin fikrincə, Babil – Tanrılar şəhəri və Misir piramidalarını birləşdirən vahid sistemdə yerləşir. O, "Tanrılar şəhərinin axtarışlarında" adlı kitabında qeyd edir: "Adəm və Həvva Babildə peyda olub".

Rusiyalı alim Selenok qədim şumer mətnlərini analiz edib və onun fikrincə, Adəm – Nibiru planetindən gəlmiş Annunaki Tanrıları tərəfindən aparılan eksperimentlər nəticəsində yaradılıb.

Bu iddiaları, hipotezləri artırmaq da olar. Babil qülləsi, Babilistan haqqında İncili araşdıran alimlər də kifayət qədər məlumat verirlər. Onların fikrinə görə, Babil, əslində, nəinki Tanrının Qapıları, eyni zamanda Cəhənnəmin Qapıları kimi də tərcümə edilir. Bunu isə burada daim baş verən faciə və kataklizmlərlə əlaqələndirirlər. Hətta bəzi alimlərin iddiasına görə, Tanrının qəzəbinə gələn insanlara bəla gəlir və Babil qülləsi dəhşətli alov nəticəsində əriyərək məhv olur. Ümumiyyətlə, məlumatlara əsasən, Babil qülləsi dəfələrlə dağıdılsa da, yenidən inşa edilib. Sonuncu dəfə Makedoniyalı İsgəndər Babil qülləsini yenidən bərpa etmək istəsə də, arzusuna çata bilmir və cavan yaşda dünyadan köçür. Beləcə, Babil qülləsi bir daha bərpa olunmur.

Hikmət Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm