Onu xidmətçilər narkoman etdi – arvadını öldürən məşhur yazıçının həyat hekayəsi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Onu xidmətçilər narkoman etdi – arvadını öldürən məşhur yazıçının həyat hekayəsi – FOTOLAR

Bu yazıçını internetdə, filmlərdə, bioqrafik əsərlərdə və televiziyalarda bizə daha çox ağıldankəm homoseksual və tiryək aludəçisi kimi təqdim ediblər.

Çoxları Berrouzun bioqrafik yazılarından bir şey anlaya bilmirlər. 1914-cü ildə dünyaya gələn yazıçı 1997-ci ildə 83 yaşında vəfat edib. Ona görə də, onu müasir dövrün yazarı olub-olmamağı hələ də mübahisələrə səbəb olur.

Qəribəliklər bununla bitmir. Sən demə, 83 il yaşayan yazıçı həqiqətən narkotik istifadəçisi olub və pozğun həyat tərzi keçirib. Bu halda sual ortaya çıxır: həkimlərin iddiasına görə, narkotik istifadəçiləri 40 yaşdan çox yaşaya bilmir. Bir narkomanın 80 yaşda dünyasını dəyişməsinə yalnız fantastik əsərlərdə rast gəlmək olar.

Publika.az-ın "Bizim tərcümə" layihəsi fevralın 5-də anadan olmuş Amerika yazıçısı Uilyam Berrouz barədə materialı təqdim edir.

Hər şey Uilyam Berrouzun dahi yazıçı olana qədərki vaxtdan başlayıb. Təsəvvür edin ki, qarşınızda qəribə bir oğlan dayanıb. Nəyə görə qəribə? Məgər onun gözlərində təlaşı görmürsünüz? O, tək qalmaqdan, tək yatmaqdan, qaranlıqdan qorxur. Axı o, otağın bir küncündə - boşluqda heç kimin görmədiyini görür. Qarabasmalar ona gerçək kimi görünür. Qorxulardan xilas olmağın yolu tiryəkdir. Bəli, düz eşitdiniz. Uşaq təsadüfən xadimələrin danışığını eşidib. Onlar tiryək istifadə edən insanın rahat yatmasından danışırdılar. Və oğlan tezliklə böyüyüb tiryək çəkməyi arzulayırdı.

Sən saydığını say, gör ailən nə sayır. Onun babası "Burroughs Corporation" şirkətinin təsisçisi və hesablama maşınlarının ixtiraçısıdır. Atasının da şəxsi müəssisəsi var. Uilyamın imkanlı biznesmenlər, hüquqşünaslar nəslindən idi.

Berrouz ən yaxşı özəl məktəb və ölkənin nüfuzlu universitetində təhsil almışdı. O, təhsil müəssisəsinə olan nifrətini açıq-aşkar bildirirdi. Ona meşşan həyat tərzi də iyrənc gəlirdi. Təhsilini bitirdikdən sonra Berrouz Avropaya yollandı. Avropa isə bu vaxt müharibədən sonrakı depressiyanın ağuşunda idi. Qəpik-quruşa "bütün Avstriya əhalisini almaq olardı".

Nasistlər Berrouzu yüngül həyat tərzinə görə Avropadan ABŞ-a sürgün edir. ABŞ-a qayıdan Berrouz əyləncə xətrinə Harvarda daxil oldu, sonra isə psixoanaliz oxumağa başladı. Bundan sonra, Berrouz olan-qalan abrını da itirdi.

Təxminən elə həmin vaxtlar Berrouz aşiq oldu. Burada qəribə nə var ki? İş ondadır ki, Berrouzun həmcinsinə - Cek Andersona vurulmuşdu. Təbii ki, Cek ona qarşılıq vermirdi. Onun diqqətini çəkmək üçün Uilyam "çox maraqlı və yaradıcı" hərəkət etdi: Cekə görə barmağını kəsdi. Çox sonralar Berrouz "Canki" kitabında yazacaqdı: "Heç zaman Van Qoq haqda eşitməyən həkim "heyəti" mənə paranoik şizofreniya diaqnozu qoydu".

Berrouzu fiziki yararsızlığına görə hərbi xidmətə götürmədilər. Sözün düzünü desək, Berrouz adını psixi dispanserə yazdırmaqla əsgərlikdən yayınmağa çalışırdı. Beləliklə, plan baş tutdu. Həmyaşıdları orduda ayaq döyərkən Berrouz gələcək arvadı ilə tanış oldu. Bəs Coan Vollmeri yazıçıya çəkən nə idi? Bunun bir cavabı var: morfin.

Berrouz və arvadı narkotik asılılığına görə hüquq mühafizə orqanlarının təqibindən tez-tez yaşayış yerini dəyişməli olurdular. Coan da narkotikdən asılı idi.

ABŞ-dan Meksikaya köçən Berrouz burada da özünü yaxşı apara bilmədi. O, qətl törətdi. Bir sürü dovşan dəstəsini qətlə yetirdiyi üçün Berrouz polisdən yayınmağa çalışırdı. Arvadı Coan isə heç yanda narkotik maddə tapa bilmədiyindən alternativ kimi içkiyə qurşanırdı.

Əyləncələrin birində içkili vəziyyətdə olan Berrouz arvadı üzərində fokus göstərmək qərarına gəldi. Fokus nədən ibarət idi? Dahi amerikalı yazıçı, əfsanəvi qəhrəman Vilhelm Tell kimi "bacarığını" nümayiş etdirmək istəyirdi. Əfsanəyə görə, kral döyüşçü Vilhelm Tellin qarşısına şərt qoyub: Tellin oğlunun başına alma qoyulur. Almanı oxla vura bilməyəcəyi təqdirdə ata və ğulu həbs cəzası gözləyəcəkdi. Xoşbəxtlikdən, Tell almanı oxla vurur və oğlunu xilas edir. Berrouz da özünü tarixi qəhrəman kimi hiss edərək arvadının başına stəkanı qoyur və atəş açır. Berrouz hədəfdən yayınır – tapançadan açılan güllə Coanın başına dəyir.

Yazıçını 10 ildən 20 ilədək həbs cəzası gözləyirdi. Bəs iki həftə sonra onun məsuliyyətdən yayına bilməsini nə ilə izah etmək olar? Bunun bir adı var: möcüzə. Berrouzun vəkili rüşvət yolu ilə açılan atəşin təsadüf olduğunu "sübut" edərək deyir ki, qətl "Vilhelm oyunu" əsasında baş verməyib və Coan təsadüfi atəşdən həlak olub.

Arvadının ölümü Uilyamın yaradıcılığına katalizator rolunu oynadı. Hadisə baş verdikdən yalnız 30 il sonra Uilyam arvadı haqda danışa bildi. 1985-ci ildə o yazırdı:

"Coanın öldüyü günü xatırlamağa başladım. Küçə ilə gedərkən yanaqlarımdan göz yaşlarımın süzüldüyünü hiss etdim. Mənə nə olmuşdu? Dəhşətli bir nəticəyə gəldim: Coana görə məşhur yazıçı oldum".

Sonra isə yazıçı Cənubi Amerikaya səyahətə çıxdı. Rəsmi məlumata görə, Berrouz tədqiqata çıxmışdı. O, psixotrop maddənin hazırlandığı bitkinin axtarışına çıxmışdı. Vətəninə qayıtdıqdan sonra Berrouz orada qala bilmədi. Tezliklə, Mərakeşin şimalında yerləşən Tanjer şəhərinə köçdü. Şəhər narkomanların və homoseksualların sığınacağı idi.

Elə Berrouz öz məşhur əsərini də Tanjerdə yazdı. ABŞ məhkəməsi "Çılpaq səhər yeməyi" (Naked Lunch) kitabını ədəbsizlikdə ittiham etdi. Kitab ətrafında qalmaqal yaransa da, yenə hər şey Berrouzun xeyrinə dəyişdi. Qalmaqaldan sonra kitabın satışı sürətlə artdı...

Onu da qeyd edək ki, Berrouz müxtəlif mükafatlarla təltif olunub. O, Amerika incəsənət və ədəbiyyat akademiyasına üzv seçilib. 4 ildən sonra isə Fransanın mədəniyyət naziri onu mədəniyyət və ədəbiyyat ordeni ilə təltif edib.

Publika.az məşhur yazıçının əsərlərindən sitatları təqdim edir:

...16 noyabr 1996-cı il.

Darısqal pilləkənlə yuxarı qalxarkən, qarşıma çıxan iki nəfərlə salamlaşdım. Yuxarı mərtəbədə çox da böyük olmayan otaq vardı. Otaqda isə sanki başı bədənindən ayrı düşmüş pişik gördüm. İçəridəki insanlar pişikdən danışıb, "əlbəttə" adlandırdıqları hansısa maddədən istifadə edirdilər (Berrouzun gündəliyindən)...

...Ən geniş yayılmış suallardan biri budur: nə üçün insan narkomaniyaya qurşanır? Cavab isə çox sadədir. Adətən insan öz hərəkətlərini əvvəlcədən proqnozlaşdıra bilmir və narkomana çevrilirlər. Günlərin birində yerindən durub, narkoman olmağa qərar vermək mümkün deyil...

...Əgər kişini əldən buraxmaq istəyirsənsə, seksin ən qızğın çağında siqaret çək...

...Dərin kədər hissi - gərəkli xəbərdarlıqdır, ona qulaq asmaq lazımdır. O, səni bir həftə, bir ay, hətta bir ildən sonra baş verə biləcək hadisədən xəbərdar edir...

...Pişiklərə nifrət hissi – pis niyyətdən, ağılsızlıqdan, kobudluq və hətta vəhşilikdən xəbər verir...

...Gənclər – yabançı növdür. Onlar inqilab yolu ilə bizi devirmir. Onlar eləcə də bizi unudacaqlar. Sanki heç zaman mövcud olmamışıq...

...Pulun mahiyyətində nəsə səhv var. Pul heroin kimidir. Bazar ertəsi dozası xoş gəlir, cümə günü isə daha çox istəyirsən...

...Nifrət, qorxu, ölüm, seks - sözlərdədir. Nə zamansa sözlər sanki qatil virus olub. O, yenidən ölümcül təhlükəyə çevrilə bilər...

...Dinc sakini zorladığı üçün amerikan əsgərini asmaq? Onda bu dünyada dinc sakinlər nəyə görə lazımdır?...

...Bu planetin tarixi – özünü dahi kimi göstərən bir neçə anormalın yazdığı idiotizm tarixidir...

...Məlum olduğu kimi insanlar formalaşmamışdan əvvəl "Homo Sapiens" mövcud olub. O, yemək üçün qətlə yetirir. Lakin yeməkdən başqa, insanlar həzz və arxayınlıq üçün də qətlə yetirirlər. Bundan əlavə, o, mənfur əşyalar üçün öldürə bilir. Əşya onun daxilindədir. İyrənc Heyvanın içində olan İyrənc Ruh...

...Zaman - bəşəriyyətin bəlasıdır. O, insan tərəfindən icad olunmayan həbsxanadır...

...Bütün hakimiyyət yalan üzərində qurulub. Bütün təşkilatlar yalan üzərində qurulub. Yalan – heroin asılılığından əziyyət çəkən insanın ağrılarını azaltmaq üçün nəzərdə tutulan möcüzəvi dərman – metadon kimi ziyansızdır...

...O, təkcə narkoman deyildi. O, hətta qatil və homoseksual da olub. Əsası isə Berrouz yazıçı idi. Onun haqqında hələ danışılacaq, qadağan ediləcək və onunla qürur duyulacaq.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm