Xoruldamağın səbəbləri və zərərləri
Bizi izləyin

Bilgi.az

Xoruldamağın səbəbləri və zərərləri

Dünyada yetişkin insanların 45 faizi yuxu zamanı arada bir, 25 faizi isə mütəmadi olaraq xoruldayır. Xorultu nəfəs alma prosesi zamanı havanın dar bir sahədən keçərkən yumşaq toxumaları titrətməsi nəticəsində ortaya çıxır.

Publika.az xəbər verir ki, kök insanlarda qalın və yağlı boyun toxuması, uşaqlarda isə iri badamcıq və burun əti xoruldamağa səbəb ola bilər. Burnun tutulması isə xoruldamağın əsas səbəbi hesab edilir. Spirtli içki içdikdə, sakitləşdirici, yuxu gətirici dərmanlardan istifadə etdikdə xoruldamaq ehtimalı artır.

Kişilərin və kök insanların daha çox xoruldadıqları məlumdur. Bunun səbəbi yağ toxumasının qadınlarda omba bölgəsində, kişilərdə isə boyun və qarın bölgəsində daha çox toplanmasıdır. Kök insanlar isə əsasən kürəyi üstündə yatdıqları üçün qarın kütləsinin diafraqmaya təzyiqi nəticəsində xoruldamaq qarşısı alınmaz hala gəlir.

Qadınların əzələ quruluşu xoruldamağa imkan vermir. Qadınlar əsasən klimaksdan sonra bu problemlə üzləşirlər. Çünki klimaks zamanı hormonların səviyyəsinin dəyişməsi qadınların əzələ quruluşuna da təsir edir. Bu dövrdən sonra qadınların əzələ quruluşu kişilərinkinə oxşamağa başlayır və xoruldamaq riski artır.

Xoruldayan insanın yuxuda nəfəsinin kəsilməsi ehtimalı var. Əvvəllər qısa müddət nəfəssiz qalmağın təhlükəli olmadığı hesab edilirdi. Ancaq son illərdə aparılan araşdırmalar göstərdi ki, yuxu əsnasında tənəffüsün dayanması, ya da ani şəkildə oyanma, qandakı oksigen miqdarını azaldır. Bu isə ürək, beyin və digər orqanlara kifayət qədər oksigen getmədiyini göstərir. Orqanların oksigensiz qalması qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır.

Belə hallar adətən yuxu rejiminin pozulmasına, yorğunluğa, halsızlığa səbəb olur, həmçinin əsəblərə də pis təsir edir.

Xoruldamaq təkcə insanın özü üçün deyil, onunla eyni otaqda yatan insan üçün də problem yaradır. Çox vaxt bu, cütlüklərin yataqları ayırmasına, cinsi həyatda passivləşməyə və digər narazılıqlara gətirib çıxarır. Deməli xoruldamaq sağlamlıq problemi olmaqla yanaşı, həm də həyat keyfiyyətini aşağı salan çox təhlükəli xəstəlikdir.

Ancaq bu problem tamamilə aradan qaldırıla bilir, yəni müalicəsi mümkündür. Müalicə hər bir xəstənin probleminə uyğun aparılır. Əvvəlcə xəstə bir gecə xüsusi cihazın müşayiəti altında yatır. Bu zaman onun xoruldamasının əsl səbəbi üzə çıxarılır və diaqnoz qoyulur. Diaqnoza uyğun olaraq allergiya və ya infeksiyaya qarşı dərmanlar verilərək məsələ həll edilir. Çox vaxt isə badamcıqlar və burundakı ət cərahiyyə əməliyyatı ilə götürülür. Lazer vasitəsilə tənəffüs yollarının genişləndirilməsi də mümkündür.

Ümumi vəziyyəti əməliyyata uyğun olmayan, başqa bir xəstəliyi ilə əlaqədar əməliyyat ola bilməyən xəstələrə isə gecə yatarkən xüsusi təzyiqli ağız-burun maskasından istifadə etmək tövsiyə edilir.

Xoruldamaqdan xilas olmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək vacibdir:

• İdeal bədən kilosunda olmaq;

• Əzələ kütləsini artırmaq üçün idmanla məşğul olmaq;

• Yuxu vaxtına dörd saat qalmış spirtli içkidən imtina etmək;

• Yuxu vaxtından 3 saat əvvəl ağır yeməklərdən imtina etmək;

• Yan yatış mövqeyini seçmək.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm