“Boynuma aldığım ilan zəhərli idi” - FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Boynuma aldığım ilan zəhərli idi” - FOTOLAR

Köpək balıqları da tox olduğu üçün adamlara dəymirlər. Çox heyif ki, vaxtımız qısa oldu, yoxsa mən də girəcəkdim həmin akvariuma .

Milli Məclisin deputatları Tahir Rzayev, Fazil Mustafa və Azər Badamov “Azərbaycanın iqtisadi, sosial və mədəni aspektləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün fevralın 16-dan 24-dək Cənubi Afrika Respublikasında (CAR) səfərdə olublar. Səfər zamanı deputatlarımız maraqlı yerlərdə və dünyanın ən vəhşi heyvanları ilə fotolar çəkdiriblər, həmin fotolar isə mediada maraqla qarşılanıb.

Səfərdə iştirak edən deputat, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa sözügedən səfərlə bağlı təəssüratlarını Publika.Az-a danışıb.

-Afrika səfəriniz necə keçdi?

-Ümumiyyətlə, Afrika ekzotik qitədir. Burada həyat tərzinə görə bir-birindən fərqlənən maraqlı ölkələr var ki, bunlardan biri də Cənubi Afrika Respublikasıdır. Bu ölkə inkişaf etmiş ölkələrdən biridir. Hesab edirəm ki, səfərimiz çox faydalı oldu. Afrikanın gəzməli və görməli yerlərini gördük, orada insanlarla tanış olduq. Cənubi Afrikada xüsusilə də müsəlmanların, türklərin icma olaraq fəaliyyəti ilə tanış olmaq imkanı da qazandıq. Hər halda bu səfər müsbət oldu və biz orada xeyli yeniliklərlə rastlaşdıq.

-Hansı yeniliklərlə qarşılaşdınız?

-Cənubi Afrika Respublikasında mənim üçün yeniliklərdən biri orta təhsilin səviyyəsi, çox böyük məktəblərin və infrastrukturun olması idi. Digər yeniliklər infrastruktur qurulmadan tikintiyə icazə verilməməsi, ağ dərililərlə qara dərililər arasında tolerantlıq mühiti idi. Diqqətimi çəkən digər maraqlı məqam isə Cənubi Afrika Respublikasında təhlükəsizliklə əlaqədar saat 5-dən sonra küçədə insanların özünə aid olmayan yerlərdə görünməməsi idi ki, bu da yaxşı hal deyil. Çünki bu hal Cənubi Afrika Respublikasında ağ və qara dərililər arasında hələ də etimadsızlığın qalmasının göstəricisi idi. Orada heyvanlar üçün çox sayda parkların olması ibrətamiz haldır. Cənubi Afrika Respublikasında yolların çəkilişi də çox yüksək səviyyədədir. Bütün bunlar çox ciddi məsələlərdir.

-Bizim maraqlı olan məqam sizin yırtıcı heyvanlarla çəkdirdiyiniz fotolar oldu. Həmin yer hara idi?

-Həmin yer vəhşi və yırtıcı heyvanların yaşadığı park idi. Biz həmin yerlərdə olduq. Hətta orada nəhəng köpək balıqları olan böyük akvarium da var idi. Bizim vaxtımız olmadı, yoxsa həmin akvariuma da girəcəkdik. Orada hər kəsin könüllü olaraq köpək balıqları ilə bir yerdə üzmək imkanı olur. Köpək balıqları da tox olduğu üçün adamlara dəymirlər. Çox heyif ki, vaxtımız qısa oldu, yoxsa mən də girəcəkdim həmin akvariuma . Çox heyf ki, o zövqdən məhrum oldum.

-Boynunuza aldığınız nəhəng ilan zəhərli idi?

-Bəli, boynuma aldığım ilan zəhərli idi. Ancaq görünür, həmin ilanları uyudurlar ki, təhlükəsiz olsun. Ola bilər ki, o ilanlara iynə vururlar və sairə. Açığı deyim ki, ilanı əlimə alanda çox qorxurdum. Istər-istəməz ilanın xofu adamı basır. Amma maraq o qədər üstün gəldi və mənə zəmanət verdilər ki, həmin ilanı əlimə alıb foto çəkdirdim.

-Bəs indiyədək əlinizə o cür böyük ilan götürmüşdiniz?

-Yox, indiyədək əlimə o cür ilan götürməmişəm. Ancaq əvvəllər kiçik ilanları əlimə götürmüşəm. Ancaq mənim ilanlarla aram yoxdur. İlanlarla daha çox məsafə saxlamağı sevirəm.

-Afrikada yırtıcı heyvanların qəfil hücumuna məruz qalmadınız ki?

-Biz orada avtomobillə aslanların olduğu yerə getdik. Maşınımızın çevrəsində 10-15 aslan fırlanırdı. Aslanlar bizə çox maraqla baxırdılar. Ancaq onlara əl toxundurmağa risk etmirdik ki, birdən əlimizi dartarlar. Hər halda aslanlar zarafatı sevməyən heyvanlardır.

-Cənubi Afrika Respublikasında marağınıza səbəb olan daha nələr oldu?

-Orada dünyanın ən gözəl təbiət möcüzəsindən biri olan “Masa dağı” var. Həmin dağ masa formasındadır. Dağdan hər yer, o cümlədən okeanlar da görünür. Dağa kanal vasitəsilə qalxırsan, oradan çox gözəl mənzərə açılır. Daha sonra orada mənim xoşuma quşlar üçün yaradılan yerlər xoşuma gəldi. Uşaqları həmin yerlərə gətirib tanıdırlar və orada tərbiyə edirlər, uşaqların dünya görüşünü yaradırlar. Orada olanda düşünürdüm ki, kaş belə yerlərdən bizdə də ola. Bizdə “zoopark”dan başqa bir yer yoxdur. Botanika bağına nədən uşaqlar aparılmasın? Azərbaycanda da botanika bağını yaxşı vəziyyətə salıb uşaqları orada gəzdirmək olar. Bu çox yaxşı addım olardı.

-Azərbaycanda da milli parklarda safarilərin təşkil olunması nə qədər faydalı ola bilər?

-Məndə olan məlumata görə hazırda Azərbaycanın Şamaxı-İsmayıllı ərazilərində bu istiqamətdə iş gedir. Çox yaxşıdır və bu işi dəstəkləmək lazımdır. Xüsusilə də maralların, ceyranların və digər bu kimi zərərsiz heyvanların sərbəst dolaşa biləcəyi açıq təbiət parkının olması çox faydalıdır. Burada vəhşi heyvanlar da ola bilər və bura yaxşı görüntü verə bilər. Mən deputatlar arasında da belə bir təşəbbüslə çıxış etməyə hazıram. Yəqin ki, Milli Məclisin növbəti iclaslarında da bu məsələ ilə bağlı çıxış edəcəyəm.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm