Bilgi.az
Yeni faktlar: “Stalin Leninə yazırdı ki, Nərimanov mənə dekorasiya kimi lazımdır”
AMEA Tarix İnstitutunun müasir Azərbaycan Tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanovun fəaliyyətinin araşdırıcısı Firdovsiyyə Әhmədovanın Trend-ə müsahibəsi
"Nərimanov Stalin üçün arzuolunmaz şəxs
idi"
- Nərimanovun ölümü ilə bağlı hər iki versiyada niyə ancaq
Orconikidzenin adı hallanır?
- Ümumiyyətlə, həmin dövrdə Qafqazla bağlı siyasətdə rəhbər kadr
Orconikidze idi. Bu baxımdan Orconikidze Qafqazda, Azərbaycan
siyasətində söz sahibi idi. Yeridilən siyasətə iradını bildirən
Nərimanovun ittihamları Orconikidzeyə birbaşa toxunurdu. Nərimanov
yazırdı ki, Orconikidzenin siyasəti "şapalaq siyasətidir, özünü
qubernator kimi aparır, komissarların üstünə qışqırır". Bütün
hallarda Nərimanov Orconikidze, Stalin üçün arzuolunmaz şəxs idi.
Amma Nərimanovun onların siyasətində hansısa əmələ çevrilməsi
barədə düşünmək olmaz. Ömrünü mücadilədə keçirən Nərimanovun
ürəyini gərgin situasiya da partlada bilərdi.
- Nərimanov niyə öz Vətənində dəfn edilməyib?
- Stalin Kirova məktub yazır ki, Nərimanov Bakıda dəfn edilsin.
Stalinin göstərişlərinə uyğun Bakıda hazırlıq işlərinə başlanılır.
Moskvada isə onun dəfni üçün hazırlıq işləri görülmür.
Azərbaycandan gedən heyət Moskvaya gec gedib çatır, buna görə də
artıq Nərimanov Moskvada dəfn olunur. Onun nəşi yandırılmayıb, o,
kül şəklində Kremlin divarları yanında dəfn olunmayıb. Çox az
adamın cəsədi orda dəfn olunur. Nərimanovun da cəsədi düz
mavzoleyin yanında dəfn edilib. Onun dəfn mərasimi təntənəli
şəkildə həyata keçirilib, nəşinin Bakıya gətirilməsi isə baş
tutmayıb.
"Stalin Leninə yazırdı ki, Nərimanov mənə dekorasiya
kimi lazımdır"
- Nərimanov niyə Stalin üçün xoşagəlməz insan sayılırdı?
Onların münasibətlərinin yaxşı olmamasının kökündə nə
dayanıb?
- Nərimanov 1919-cu ilin avqustunda Moskvaya aparılıb. Ona qədər o,
Həştərxanda idi. 1919-cu ilin 16 avqustunda Stalin Leninə
Nərimanovla bağlı məktub yazıb. Stalin məktubunda israr edib ki,
Nərimanov xalq xarici işlər komissarlığında işləsin, Yaxın Şərq
məsələləri ilə məşğul olsun. Çiçerin bu məsələyə razı deyildi. O,
professional diplomat kimi yanaşaraq deyirdi ki, bu komissarlıqda
işləyən şəxs Şərqi yaxşı bilməlidir. Stalin orda yazırdı ki,
(Çiçerinin müavini mənşəcə erməni olan Qaraxan idi. Bu amil də
Çiçerinin müsəlman aləminə, Azərbaycana münasibətində müsbət
olmayan mənada rol oynayırdı - F.Əhmədova) bizim indi xarici
siyasətimiz Şərqə yönəlib və uğur qazanır. O baxımdan Şərqlə bağlı
məsələlərdə yeganə adam kimi erməni Qaraxan çıxış edir, Türkiyə ilə
danışıqları da o aparır. Bu isə yolverilməzdir. Məktubunda da
göstərir ki, bu faktoru nəzərə alaraq, bizə bir müsəlman kadr
lazımdır. Bu, orta partiya stajlı şəxs də ola bilər, Nərimanov
bunun üçün daha münasib şəxsdir. Stalin yazırdı ki, Nərimanov Uzaq
Şərqi bilməyə bilər, amma o, mənim üçün bir dekorasiya, bayraq kimi
lazımdır. Stalinin 1919-cu ildə israrı belə olub, 1920-ci ildə
burda hakimiyyətə gəlmək istəyəndə Stalin Nərimanovla bağlı deyirdi
ki, onun informasiyasına tam güvənmək olmaz. Çünki Nərimanov iki
ildir ki, burdadır və Azərbaycanla bağlı reallıqlardan uzaqdır.
Azərbaycana XI Ordunun gəlişinə rəhbərlik edən Orconikidze və Kirov
çevrilişə qədər israrla Leninə, Stalinə məktub göndərirlər ki,
Nərimanov təcili Azərbaycana gəlməlidir, onun bura gəlməyi
vacibdir. Ona görə ki, onlar hələ bu çevrilişin nə ilə
nəticələnəcəyini bilmirdilər. Nərimanovun isə Azərbaycanda nüfuzu
vardı. Onlar bunu nəzərə alaraq, belə israr edirdilər. Hakimiyyəti
ələ alandan sonra-mayın 2-də isə Leninə teleqram vururlar ki, siz
sovet Azərbaycanını təbrik etməlisiniz. Bundan başqa, Qafqazda və
daha geniş ərazidə kiməsə səlahiyyət vermək lazımdır. Amma bu
səlahiyyəti Nərimanova verməyin. Lenin də Azərbaycanın bütün
daxili, xarici siyasətinə rəhbərliyi Orconikidzeye həvalə edir.
Stalinin də Nərimanova münasibəti sırf taktiki gedişlərlə bağlı
olub. Onu karyerasına, sovet hökumətinə qarşı ciddi təhlükə
törədəcək bir fiqur saymayıb. Nərimanov da bunu bilirdi. Buna görə
də 1920-ci ildə Azərbaycana gələndən bir ay sonra istefa ərizəsini
yazır. Ərizəsində yazır ki, mərkəzə icraçı kadrlar lazımdır, mərkəz
bizi "şirma" (görünməz pərdə) olmağa məcbur edir. O, özünün
dekorasiya rolunda oynadığını dərhal başa düşür.
Amma o da buna qarşı digər üsullardan istifadə edirdi - tez-tez istefa tələbi qoyurdu, öz ətrafının kadrlarının sayının artırılmasını tələb edirdi. Orconikidze də yazırdı kı, Nərimanov Mikoyan da daxil olmaqla, arzuolunmaz hesab etdiyi 30-dan çox qeyri-müsəlman kadrın Azərbaycandan geri çağrılmasına nail olub. Orconikidze "Nərimanov tələb edirdi, biz də həyata keçirdik. Amma sonra o, yavaş-yavaş daha artıq tələb etməyə başladı" deyə yazırdı. Nərimanov sadəlövh deyildi, o, bu münasibəti bilirdi və adi icraçı olmaq istəmirdi. Nərimanov onların müstəqil, nümunəvi Azərbaycan Respublikası qurmaq vədlərindən istifadə edib reallıqda o cür siyasəti həyata keçirmək istəyirdi. Bu baxımdan Nərimanov barışmaz mövqeyinə, yeritdiyi siyasətə görə Stalin, Orconikidze üçün arzuolunmaz idi. Bəzən deyirlər ki, Nərimanov nə qədər sadəlövh adam olub, Stalinə onun özündən şikayət edib. O, özü də bunu bilirdi, amma bunların hamısı taktiki addımlar, təzyiq vasitələri idi.
"Lenin səhhətinin pis vaxtlarında da Nərimanovla
maraqlanıb"
- Bəs, Nərimanov Lenin üçün sevimli kadr ola
bilib?
- Şəxsi münasibətlər baxımından hər ikisinin arasında qarşılıqlı
etimad var idi. O, Leninin məramnaməsini, kağız üzərində olan
sosializm ideyalarını çox məqbul bilirdi. Nərimanov özü yazırdı ki,
mən bolşevizmin platformasını I Dünya Müharibəsi illərində qəbul
etdim. Ona qədər fikirləşirdim ki, ölkələr maarif yolu ilə
tərəqqiyə çata bilər. I Dünya Müharibəsi aparan ölkələrin son
dərəcə sivil ölkələr olduğunu gördükdə bunun kafi olduğunu
düşünmədim. Nərimanov Lenin tərəfindən təqdir olunurdu. Lenin hətta
səhhətinin pis vaxtlarında belə Səməd Ağamalı oğlu ilə
(Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra respublikanın
ilk xalq torpaq komissarı olub) Moskvada görüşəndə Nərimanovun
vəziyyətini soruşmuşdu. 1920-ci ildə Azərbaycanda çevrilişdən az
əvvəl - aprelin 18-də Nərimanovun Leninlə bir saatlıq görüşü
olmuşdu. Nərimanov yazır ki, Lenin onun Azərbaycanda sovet
hakimiyyəti qurmaq ideyalarını tam dəstəkləyib. Amma Nərimanovla
Leninin bəzi fikirləri taktiki baxımdan üst-üstə düşmürdü.
Nərimanov hesab edirdi ki, Şərqi azadlığa çıxarmaq üçün panislamizm
ideyalarından istifadə etmək olar. Çünki Şərqdə əhalinin
düşüncəsini, dini baxışlarını nəzərə alaraq, birbaşa sovet
hakimiyyəti qurmaq olmaz. Şərq ölkələrini Qərbin əsarətindən xilas
etmək yetərlidir, ondan irəli getmək olmaz. O deyirdi ki, indiki
durumda fəhləyə iş, kəndliyə torpaq vermək mümkün deyil. Amma Lenin
deyirdi ki, qətiyyən panislamizm hərəkatından istifadə etmək olmaz.
Nərimanov Azərbaycan neftinin xarici bazara sərbəst çıxarılmasını
istəyirdi. Lenin isə qətiyyən buna icazə vermirdi. Onun teleqramı
var ki, mərkəzi komitənin icazəsi olmadan Azərbaycan belə sərbəst
addımlar ata bilməz.
"Mövsüm Qədirli Nərimanova yazırdı ki, Azərbaycanda
sənin adını çəkmək belə qadağandır"
- Maraqlıdır ki, Stalin üçün arzuolunmaz şəxs olan
Nərimanov SSRİ-də çox yüksək vəzifələrdən birini
tutub...
- Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 4 sədrindən biri
təyin edilmişdi. Bu, çox yüksək vəzifə idi. Amma bunun əsl
mahiyyətində Nərimanovun Azərbaycandan uzaqlaşdırılması məsələsi
vardı. Onun Azərbaycana gəlməsi belə arzuolunmaz idi. 1925-ci ilin
fevralında Nərimanovun ictimai-ədəbi fəaliyyətinin 30 ili tamam
oldu. Bu, Rusiyada təntənəli keçirildi. Amma Azərbaycanda onun
adını çəkmək belə qadağan idi, heç bir iclasda belə anılmadı. O,
çox istəyirdi ki, onun bu yubiley tədbirləri vətənində də
keçirilsin. Amma Mövsüm Qədirli (1921-1935-ci illərdə Azərbaycanın
səhiyyə naziri) Nərimanova məktubunda yazırdı ki, burada yubiley
tədbirlərinin keçirilməsi heç cür mümkün deyil, burada sənin adını
çəkmək belə qadağandır. Yəni arzuolunmaz şəxs idi, onun səfərləri
qadağan edilmişdi. Nərimanov faktiki olaraq, Azərbaycandan
uzaqlaşdırıldı. O, Bakıya gələndə hətta insanlar cəsarət edib
onunla salamlaşmırdılar, üz döndərirdilər. Amma "Nərimançılıq" adı
altında böyük cərəyan yaranmışdı. Nərimanovun mübarizəsi
Azərbaycanın, Şərqin maraqlarının nəzərə alınmasına söykənirdi. Bu
mübarizə də onun vəfatı ilə sona çatır.
- Nərimanova tarixdə verilən qiymət birmənalı olmayıb.
Әvvəl burjua millətçisi kimi təqdim edilən Nərimanov daha sonra
möhkəm bolşevik, illər keçəndən sonra isə xalqa millət xaini kimi
tanıdıldı. Niyə tarix bir insana bu qədər bir-birinə əks olan
qiymətlər verib?
- Onu doğrudan da 1950-cı illərin ortalarına kimi burjua millətçisi
kimi təqdim etməyə çalışırdılar. Stalin vəfat edəndən - 1950-ci
illərin ortalarından sonra Nərimanov haqqında başqa istiqamətli
tədqiqatlar başladı. O dövrdə yazılan əsərlərdə Nərimanovun artıq
möhkəm bolşevik, əqidəli leninci obrazını yaratmağa çalışırdılar.
Həmin dövrdə yazılanlarda ən çox buna diqqət yetirilirdi ki,
Nərimanov bəraət qazansın. Amma haqqında bu qədər yazılmasına
baxmayaraq, 1970-ci ildə Nərimanovun 100 illik yubileyi tamam
olanda onu yenə də görkəmli kommunist saymırdılar. Nərimanovu
sevməyənlər MK-ya yazırdılar ki, Nərimanov burjua millətçisi,
liberal olub, əqidəli kommunist, leninçi olmayıb, ona görə onun
yubileyini keçirmək, ona abidə qoymaq olmaz. O vaxt Heydər Əliyev
həmin sənədlərin hamısını deyil, Nərimanova partiya etimadının
göstərilməsi barədə 1923-cü il tarixli sənədi Kremldən tapıb. Həmin
sənəd əsasında Nərimanovun yubileyi 2 il sonra – 1972-ci ildə qeyd
olundu və abidəsi ucaldıldı.
Sovetlər birliyi dağılandan sonra Nərimanova digər münasibət göstərilməyə başlanıldı - onu millət xaini, bolşevik adlandırdılar. Nərimanovun "Seçilmiş əsər"lərinin 3 cildliyini hazırlayanda özüm də o prosesdə iştirak etmişdim. O zaman Nərimanovun hələ 1917-ci ilə kimi dinə, millətə, islama aid olan bütün müsbət fikirləri kitabdan çıxarılırdı. Bu əsərlər dönə-dönə qayçılanırdı. Ona görə də bu gün Nərimanovun 1988-89-cu ildə işıq üzü görmüş əsərlərinin 1, 2-ci cildinə baxsanız, orda sırf bolşevik, millətdən, dindən uzaq olan Nəriman görəcəksiniz. Bu gün artıq tarixi şəxsiyyətlərin obyektiv obrazlarının qiymətləndirilmə vaxtı çatıb.
Nərimanovun oğluna məktubu: "Görəndə ki, səni vəzifəyə
məcburən qoyurlar, buna getmə"
- 55 yaşlı Nərimanov 5 yaşlı oğluna məktubunda nələr
yazmısdı?
- Nərimanov çox gec ailə həyatı qurub. 1915-ci ildə tacir qızı, rus
dilində təhsil almış Gülsüm adlı savadlı bir xanımla nişanlanıb.
Amma onların cəmi bir övladları olub, o da geç - 1919-cu il
dekabrın 2-də dünyaya gəlib. Nərimanov vəfat edəndə oğlu Nəcəfin 5
yaşı olub. Nərimanov Nəcəfə vəfatından bır az əvvəl - yanvarın
28-də yarımçıq qalmış bir məktub yazıb. Çox maraqlı bir məktubdur.
O məktubunda 55 yaşlı atanın 5 yaşlı övladına yazdığını bir
vəsiyyət kimi də qiymətləndirmək olar. Nərimanov orada oğluna çox
kamil, yaşlı bir insan kimi müraciət edir. O yazır ki, sən bu
sətirləri oxuyanda bolşevizm olmayacaq, atanı bəlkə də bəşəriyyət
üçün az görməkdə ittiham edə bilərsən. Amma sən görə bilsən ki, bu
işləri hansı şəraitdə görmüşəm?!
Nərimanov özü də ali təhsilini gec - 30 yaşında alıb. Ona qədər
Qori müəllimlər seminariyasını bitirmişdi. Amma o yazırdı ki, 30
yaşında insan daha asan ixtisas seçmək istəyər. O dövrdə belə bir
sahə hüquq idi, hüququ 4 ildə başa vururdun. Hüquq sahəsini tibb
sahəsinə baxdıqda oxumaq asan idi, amma mən həkimliyi seçdim. Bu
təhsili almaq daha uzun və daha çətindir. Mən ona görə bu sahəni
seçdim ki, ayrı-ayrı insanlardan asılı olmayım. Yəni həkimlik
fəaliyyəti onun həm də mənəvi azadlığı üçün vacib idi. Oğluna
yazaraq deyirdi ki, sən görəndə ki, səni vəzifəyə məcburən
qoyurlar, sən buna getmə. Çünki belə olmaqdıqda insanın həyatında
vicdan ağrısı başlayır. Bu, Nərimanovun öz şəxsi həyatında keçdiyi
ağrılar idi ki, onu "şirma" olmağa məcbur etmişdilər. Oğluna da
vəsiyyət edır ki, sən daha çox işlər gör, ictimai baxımdan aktiv
ol.
- Nəcəf bu məktubu niyə oxuya bilməyib?
- Nərimanov öləndən sonra Gülsüm xanım bu məktub da daxil olmaqla,
onun bir çox sənədlərini dövlətə verib. Nərimanovun oğlu 23 yaşında
olarkən 1942-ci ildə Ukraynada Volnovaxa uğrunda gedən döyüşlərdə
vəfat edib, elə orada da dəfn edilib. Bu məktubu Nərimanov irsinin
fədakar tədqiqatçısı olan Vəli Məmmədov 1957-ci ilin payızında
fənər işığında Nəcəfin qəbri üstündə oxuyub. Nəcəf ailə həyatı qura
bilməyib, amma atasına layiq ləyaqətli bir gənc olub.
Gülsüm xanımın da parlaq həyatı olmayıb. Mənəvi sıxıntıları olub, maddi cəhətdən əziyyət çəkib, bütün qalan ömrünü uşaq evlərinə yardım göstərməyə, onlarla əməkdaşlıq etməyə sərf edib. Gülsüm xanım gec - 1950-ci illərdə vəfat edib. Onun da məzarı Moskva qəbristanlığındadır.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi