Publika.az əfsanəvi Brüs Linin evində – FOTOREPORTAJ
Bizi izləyin

Bilgi.az

Publika.az əfsanəvi Brüs Linin evində – FOTOREPORTAJ

O, ilk dəfə filmə çəkiləndə cəmi 3 aylıq idi. Söhbət 1940-cı il noyabrın 27-də San-Fransiskoda dünyaya gəlmiş, 1941-ci ilin fevralında hələ körpə ikən filmdə çəkilmiş, ötən əsrin 60-70-ci illərinin kino əfsanəsi sayılmış amerikalı kinoaktyor, rejissor, ssenarist, prodüsser, bir sıra hərbi səhnələrin və fəlsəfəsinin quruluşçusu, Çin döyüş növlərinin islahatçısı Brüs Lidən gedir.

Uşaqlıq soyadı Li Sayaolun – Balaca Əjdaha olan bu uşaq bir qədər böyüdükdən sonra Li Çjenfan adını götürüb. Hələ uşaqlıq yaşlarından filmlərə çəkilən, ümumilikdə 36 filmdə müxtəlif obrazlar yaradan, XX əsrin ikinci yarısından etibarən Şərq ölkələrinin döyüş incəsənətini Avropa, və Amerika da daxil olmaqla dünyanın bütün qitələrində populyarlaşdıran bu əfsanəvi insan ayrı-ayrı bədii filmlərdə yer aldıqdan və telekanallarda göründükdən sonra daha da məşhurlaşdı.

Həyatı və yaradıcılığı haqqında 30-dan çox film çəkilmiş Brüs Linin anası Qreys Linin əsli alman (qarışıq), atası isə çinli idi. Cəmi 33 il yaşamış, 1973-cü il iyulun 20-də Honkonqda dünyasını dəyişmiş Brüs Linin bir zamanlar uzun müddət yaşadığı və məşq etdiyi ev bu gün də yüzlərlə insanın, o cümlədən Çinə qonaq gələn azərbaycanlıların da hər gün ziyarət etdiyi məkana çevrilib.

Publika.az xəbər verir ki, Brüs Linin hər gün saatlarla, intensiv məşq etdiyi bu ev Çinin Foshan şəhərinin Şhapu qəsəbəsində yerləşir. Əfsanəvi aktyorun evini ziyarət etmiş həmvətənimiz İlham Əlisoy bildirir ki, bir neçə metr hündürlükdə yerləşən evin olduqca geniş, səliqəli həyəti var. Mənzilin ətrafı yaşıllıqlarla, kiçik dağlarla və göllə əhatə edilib. Bir sözlə, bu ev peşəkar idmançı üçün ideal yerdir: "Əslində bura Brüs Linin müəllimi olmuş İp Manın evidir. Lakin Brüs uzun müddət burada yaşadığından və saatlarla intensiv məşqlər keçirdiyindən həmin ev, onun həyəti Brüs Linin ev muzeyinə çevrilib.

Ev muzeyində onun şəxsi əşyaları, ailə fotoları, məşq üçün istifadə etdiyi idman ləvazimatları, habelə məşq geyimləri, ayrı-ayrı filmlərdə geydiyi kimonolar (sarı, qara, ağ) qorunub saxlanılır".

Qeyd edək ki, hazırda Çində yaşayan soydaşımız Brüs Linin ev muzeyindən çəkdiyi fotoları da əməkdaşımıza təqdim edib. Yeri gəlmişkən, əfsanəvi aktyorun müəllimi, bu evin əsl sahibi İp Man haqqında da bir neçə film çəkilib.

Publika.az əfsanəvi aktyorun ev muzeyində çəkilmiş fotoları təqdim edir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm