Azərbaycanda bu universitetlər də BAĞLANACAQ - ADLAR
Bizi izləyin

Elm və təhsil

Azərbaycanda bu universitetlər də BAĞLANACAQ - ADLAR

"Bu proses davam edəcək”

Son günlər Azərbaycan mətbuatı ard-arda universitetlərin bağlanması xəbərləri ilə silkələnir. Əvvəlcə Azərbaycan Təfəkkür Universitetinin, bu gün isə Qafqaz Universitetinin bağlanması tələbələr, abituriyentlər və valideynlərdə müəyyən qorxuya səbəb olub. Artıq hər kəsi düşündürən bir neçə sual var ki, bunların başında da “Görəsən, növbə hansı universitetindir?” sualıdır. Bu qapadılmalar heç şübhəsiz ki, ilk əvvəl bağlanan universitetlərin tələbələrində, daha sonra isə abituriyentlərdə soyuq duş effekti yaratdı. Şübhəsiz ki, bəzi valideynlərin “Övladım Təfəkkür, yaxud Qafqaz Universitetində oxuyacaq” kimi xəyalları da puç oldu. Yuxarıda qeyd etdiyimiz kimi, bu dəqiqə hər kəsi düşündürən, səksəkədə saxlayan isə növbədə hansı universitetlərin bağlanacağı ilə bağlıdır.

Təhsil üzrə ekspert Kamran Əsədov universitetin bağlanma səbəblərinə toxunaraq bildirdi ki, Azərbaycan cəmiyyəti gözəl universitet anlayışını 1990-cı illərdən sonra qazanıb. 90-cı illərdə, Azərbaycan təzə müstəqillik qazananda isə əlində müəyyən imkanı, müəyyən elmi dərəcəsi olan bəzi şəxslər bina götürüb, universitet açırdı:

“Təzə yarandığı və kadrlara ehtiyac olduğu üçün ölkə müəyyən qədər həmin şəxslərlə razılaşırdı. Lakin Prezident son illərdə ölkədə rəqabətə davamlı universitetlərin fəaliyyət göstərməsi ilə bağlı mühüm addımlar atdı. Azərbaycan Diplomatik Akademiyasının, Ali Neft Məktəbinin, Moskva Dövlət Universitetinin filialının yaradılması ilə bağlı qərarlar buna əyani misaldır. Həmin dövrdə yaranan ali təhsil müəssisələri ilə son vaxtlar yaranan universitetlər arasında ciddi fərqlər var. Həmin dövrdə yaranan universitetlərin böyük əksəriyyəti hətta maddi texniki imkanları olmamasına baxmayaraq kadrlar hazırlayırdı. Daha sonra həmin müəssisələr ləğv edildi”.

Kamran Əsədov hesab edir ki, son bir həftədə bağlanan iki universitet Azərbaycan təhsil məkanında sonuncu da olmayacaq: “İsanların son illər özəl universitetlərə olan inamı onsuz da itib. Bu inamın itməsinə əsas zərbə Beynəlxalq Universitetin bağlanması oldu. Həmin ali təhsil müəsisəsinə hər kəs qəbul olunurdu. İnsanlar Dağıstandakı universitetə qəbul olur, 1 il sonra köçürmə yolu ilə ölkəyə qayıdırdılar. Məhz Təfəkkür Universitetinin bağlanmasının arxasında da, bu dururdu. Bu kimi universitetlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanları ilə öz plan yerlərini doldurmurdular. Onlar Dağıstandan, Ukraynadan, Rusiyadan köçürülmələrlə bu plan yerlərini həyata keçirirdilər. Təhsil Nazirliyi 2016-cı ildən etibarən tələbələrin ali təhsil müəsisələrinə köçürülməsini elektron qaydada həyata keçirməyə başladı və ilkin tələb də ondan ibarət idi ki, yalnız qəbul imtahanında yetərli bal toplayanlar köçürmə prosesində iştirak edə bilərlər. Deməli, həm tələbə qəbulunda yetərli bal qəbulu apara bilməyənlər gəlirdən məhrum edilmiş oldu, həm də köçürmələrdən bu həyata keçirilə bilmədi. Bu isə onların maddi gəlirlərinin aşağı düşməsi ilə nəticələndi. Təəssüflər olsun ki, bu gün Azərbaycan universitetlərinin hamısının gəliri yalnız tələbələrin təhsil haqlarının hesabına formalaşır. Onlar hər hansı qrant layihələri, ixtiralar, kəşflər hayata keçirə bilmirlər. Ona görə də, Təfəkkürün bağlanması qaçılmaz idi. Bu proses davam edəcək”.

K.Əsədov bildirib ki, “Qafqaz” universitetinin bağlanacağını 6-7 ay əvvəldən məlum idi:

“Əlbəttə, Qafqaz Universiteti digər özəl ali təhsil müəsisələri kimi deyildi. Onun həm maddi texniki bazası, həm də tələbə kontingenti var idi. Bundan başqa yüksək reytinqə də malik idi. Sadəcə, Türkiyədə 15 iyunda baş verən dövlət çevrilişinə cəhd bu universitetin də taleyini həll etmiş oldu. Türkiyə Eyitim Bakanlığının həmin təhsil müəsisəsinin diplomlarının tanınmaması ilə bağlı açıqlaması faktiki olaraq bu universitetin bağlanacağına işarə idi. Ancaq mənim fikrimcə, bu universitetin binası Beynəlxalq Universitetin binası kimi fəaliyyətsiz qalmayacaq. Çünki Bakı şəhərinin baş planına əsasən ali təhsil müəsisələri şəhərdən kənara köçürüləcək. Ola bilər ki, yeni yaranacaq olan Mühəndis Universiteti bu buraya köçürüləcək. Hesab edirəm ki, növbəti rəqabətə davam gətirə bilməyərək, bağlanacaq universitet Kooperasiya Universiteti olacaq. Bundan başqa Bakı Slavyan Universiteti ləğv ediləcək və dillər universiteti ilə birləşdiriləcək, Turizm və Menecment Universiteti ləğv edilərək İqtisad Universitetinə birləşdiriləcək, yaxın günlərdə Azərbaycan Texniki Universiteti ləğv edilib, Memarlıq və İnşaat Universitetinə birləşdiriləcək, özəl universitetlərdən Odlar Yurdu Universitetinin də bağlanacağını düşünürəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm