“Qafqaz”ın tələbələri hansı universitetlərə və hansı şərtlərlə köçürüləcək?
Bizi izləyin

Elm və təhsil

“Qafqaz”ın tələbələri hansı universitetlərə və hansı şərtlərlə köçürüləcək?

Bağlanan universitetlərin tələbələri hansı şərtlərlə köçürüləcək?

Bu ay ərzində ölkədə iki özəl ali məktəb fəaliyyətini dayandırdı. İstər tələbələr, istərsə də valideynləri narahat edən məqam bu ali məktəblərdə təhsil alan tələbələrin bundan sonra hansı universitetlərə köçürülməsidir.

Məsələni şərh edən təhsil eksperti Kamran Əsədov bu vaxta qədər bağlanan ali təhsil müəssisələrinin tələbələrinin əsasən ixtisaslara uyğun köçürüldüyünü deyir: “2014-cü ilə qədər fəaliyyəti ləğv olunan ali məktəblər Müstəqil Azərbaycan Universiteti, Moskva Dövlət Açıq Universiteti, sonra isə Azərbaycan Beynəlxalq Universiteti idi. Bu təhsil müəssisələrinin tələbələri digər özəl universitetlərə köçürüldüsə də, Azərbaycan Beynəlxalq Universitetinə yalnız TQDK-nın qəbul imtahanları nəticələrinə əsasən qəbul olmuş tələbələr təhsillərini davam etdirə bildilər. 2014-cü ildə Azərbaycan İctimai Siyasi Universiteti Təhsil Nazirliyi tərəfindən lisenziya ala bilmədiyinə görə fəaliyyətini dayandırdı və onun tələbələri ixtisaslarına uyğun olaraq Bakı Biznes, Odlar Yurdu, Qərb Universiteti arasında bölüşdürüldü. Nəzərə alsaq ki, bu qeyd olunan özəl universitetlərə qəbul zamanı formalaşmış keçid balları o qədər də fərqli olmadığına görə bu köçürmələrdə bir problem olmadı. 2015-ci ildə Bakı Asiya Universiteti növbəti ildən təhsil ocağına tələbə qəbulu aparmaq istəmədiklərini və fəaliyyətlərini müvəqqəti olaraq dayandırdıqlarını elan etdilər. Düzdür, bu təhsil ocağının TQDK-nın (DİM) inzibati binası kimi istifadə olunması bu addımın labüd olduğunu göstərir. Onu da qeyd etmək istəyirəm ki, son illər təkcə özəl ali təhsil ocaqları fəaliyyətini dayandırmayıb, bu taleyi dövlət universitetlərindən də yaşayan var. Belə ki, 2015-ci ilin sonunda Azərbaycan Müəllimlər İnstitutu fəaliyyətini dayandıraraq Azərbaycan Pedaqoji Universitetinə birləşdirildi. Azərbaycan Müəllimlər İnstitutunun filialları Bakı Dövlət Universiteti, İqtisad Universiteti arasında bölüşdürüldü”.

Bu il bağlanan ali təhsil müəssisələri tələbələrinin necə köçürülməsinə gəldikdə, K.Əsədov burada yanaşmanın fərqli olacağını düşünür: “Təfəkkür” universiteti bağlanandan sonra oradakı tələbələrin aqibətinin əvvəlki təcrübə ilə oxşar olacağı gözləniləndir. Bu universitetdə təhsil alan tələbələrin qəbul zamanı topladıqları balın yüksək olmaması TQDK-nın məlumatlarında da öz əksini tapıb. yəqin ki, “Təfəkkür” universitetinin tələbələri Bakı Biznes, Azərbaycan, Odlar Yurdu, Avrasiya, Kooperasiya kimi universitetlərdə təhsillərini davam etdirəcəklər. Amma fəaliyyəti dayandırılmış “Qafqaz” universitetində situasiya digər analoji hallaradan kifayət qədər fərqli və həssasdır. Qəbul imtahanlarında əldə olunmuş statistik məlumatlara nəzər saldıqda görürük ki, burada təhsil alan tələbələrin qəbul zamanı topladıqları ballar fərqli görüntü və münasibət formalaşdırır. “Qafqaz” universitetinə qəbul olan tələbələrin rəsmi göstəriciləri: 700 bal toplayan tələbə sayı - 16 nəfər (hazırda 6 nəfər oxuyur) “Prezident təqaüdüçüsü” - 124 nəfər (hazırda 46 nəfər təhsil alır) “Gələcəyin müəllimi” təqaüdçüləri - 59 nəfər bu il qəbul olan tələbə sayı (bakalavr və magistr pilləsi üzrə birlikdə) - 952 nəfər bakalavriat – 703 nəfər, magistratura – 249 nəfər. Bu il 600 baldan yuxarı toplayaraq Qafqazı seçmiş tələbə sayı – 229 nəfər. Bu il 650 baldan yuxarı toplayaraq Qafqazı seçmiş tələbə sayı – 60 nəfər. Bu il 500 baldan yuxari toplayıb pedaqoji ixtisaslari seçmiş tələbə sayı – 116 nəfər olub. Göründüyü kimi, Qafqaz Universitetinin tələbələrinin köçürülməsi indiyə qədər qarşılaşdığımız mənzərələrdən çox fərqli olacaq. Əgər indiyə qədər fəaliyyəti dayandırılmış universitetin bir fakültəsinin, ixtisasının tələbələri bütünlükdə hansısa təhsil ocağına köçürülürdüsə, Qafqaz Universitetində belə yanaşma özünü doğrultmayacaq. Hesab edirəm ki, burada fərdi yanaşma tətbiq edilməsi ən uyğun variant ola bilər. Köçürmə zamanı nəzərə alınmalı bir neçə vacib xüsusiyyət var. Birincisi, 2002-2003-cü tədris ilindən etibarən ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan “Qafqaz” Universiteti yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir. Bunu hansı ali təhsil müəssisələri hazırda həyata keçirir? İkincisi, Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi qaydalarına görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir. Deməli, Qafqaz Universitetinin tələbələri bir ixtisas və ya fakültəsi ümumilikdə hansısa universitetə köçrülməyəcək. Onlar topladıqları ballara uyğun olaraq hansısa universitetlərə köçürüləcəklər. Bundan əlavə Qafqaz universitetində hələ də hazırlıq kursunda oxuyan tələbələrin də taleyi ciddi şəkildə diqqətdə saxlanılmalıdır. Habelə başqa rəsmi tələbələrin köçürülmə şərtlərinə görə bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Amma Qafqaz universitetinə müəyyən sayda qəbul olmuş tələbələr var ki, onlar ödənişli əsaslarla təhsil alırlar, amma digər universitetlərdə həmən ixtisas üzrə ödənişsiz əsaslarla təhsil alan tələbələr var”.

Ekspertin fikrincə, köçürmədə magistr və doktorantlarla bağlı problemlər yarana bilər: “Qafqaz” Universitetinin vəziyyətini digərlərindən fərqləndirən başqa bir amil də burada təhsil alan magistrlərin sayı ilə bağlıdır. Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bu o deməkdir ki, ən çətin vəziyyət magistr və doktorantura pilləsində təhsil alanlarla bağlı olacaq. Mən hesab edirəm ki, “Qafqaz” universitetinin tələbələrinin təhsillərini davam etdirməsi üçün ən uyğun Universitet Azərbaycan Diplomatik Akademiyası (ADA) ola bilər. Çünki ADA qısa müddət ərzində dünya standartlarına cavab verən təhsil idarəçiliyi və tədris mühiti yarada bilib. Amma tələbələrin əvvəlki illərdə ödədikləri təhsil haqqını artırmamaq yolu ilə. Xatırlatmaq istəyirəm ki, Azərbaycan Diplomatik Akademiyası təzə yarananda belə bir hadisə yaşanmışdı. Belə ki, Azərbaycan Respublikası Prezidenti İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam vermişdi. Həmən il bu universitetə 4 ixtisas üzrə 60 tələbə artıq qəbul olunmuşdu. Amma İnformasiya Texnologiyaları Universiteti 2014-cü ilin fevralından ADA-ya birləşdirildi və tələbələr təhsillərini burada davam etdirdilər. Digər bir təklifim isə odur ki, hazırda Qafqaz Universitetinin mühəndislik ixtisasının hazırlıq kursunda oxuyanlar yeni yaradılmış Bakı Mühəndislik Universitetinin birinci kursunda təhsillərini davam etdirsin. Elə Qafqaz Universitetinin tədris binasının da Bakı Mühəndislik Universiteti kimi fəaliyyətini davam etdirməsi məqsədəuyğun olar. Çünki, Xırdalan ərazisində ali təhsil müəssisəsinin fəaliyyət göstərməsi burada kirayə evlərdən tutmuş nəqliyyata qədər və sairə iş yerlərinin daima mövcud olmasına şərait yaradır. Bunddan başqa, Qafqaz Universitetinin tələbələrinin ixtisasları və oxuduqları kurslar nəzərə alınmaqla UNEC, ADNSU və Bakı Neft Məktəbi kimi ali təhsil ocaqlarında təhsillərini davam etdirə bilərlər. Qeyd edim ki, UNEC, ADNSU (Azərbaycan Neft və Sənaye Universiteti) son illər ərzində korrupsiyanın qarşısının alınması, innovasiyalara açıq, modern təhsil mühiti, sağlam rəqabət, gəncliyə diqqət və ingilis dilli qrupların fəaliyyəti, imtahan proseslərinin şəffaflığı baxımından böyük uğurlara imza atıb. Hesab edirəm ki, Qafqaz Universitetinin ibtidai təhsil və pedaqoji ixtisaslarının tələbələri Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsillərini davam etdirəcəklər. Çünki, ölkədə pedaqoji ixtisaslar üzrə peşəkar kadr hazırlığı məhz bu universitetdə həyata keçirilir və yeni rektor Azərbaycan Dövlət Pedaqoji Universitetində qısa müddətdə ciddi islahatlar aparıb sağlam təhsil mühiti formalaşdıra bilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm