Bakıda ilk dəfə hüquq ədəbiyyatı kitab mağazası açıldı - - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

Bakıda ilk dəfə hüquq ədəbiyyatı kitab mağazası açıldı - - FOTOLAR

Mağaza kitabların surətini çap etmək üçün müasir texniki vasitələrlə təchiz edilib.

Fevralın 25-də paytaxtın Lev Tolstoy küçəsi, 191 ünvanında “Hüquq ədəbiyyatı” ixtisaslaşmış kitab mağazasının açılış mərasimi olub.

Publika.az xəbər verir ki, açılış mərasimində respublikanın tanınmış hüquqşünasları, ziyalılar və KIV nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən hüquq elmləri doktoru, professor İlham Rəhimov bildirib ki, mağaza Azərbaycanda bu tip ilk kitab mağazasıdır: "Bu kitabxana sırf hüquq elmi ilə bağlıdır. Heç Moskvada da hüquq elmi ilə bağlı bu cür kitab mağazası yoxdur. Xeyli vaxtdır Azərbaycanda belə bir kitab mağazası açmağı düşünürdüm. Bu mağazanı açmaqda məqsədim maddi qazanc əldə etmək deyil, hüquqi maarifləndirmə, hüquq fakültəsində oxuyan tələbələrə kömək etməkdir. Ola bilər ki, tələbə hansısa bir kitabı almaq istəyir, ancaq onun maddi cəhətdən buna imkanı çatmaz. Əgər tələbə hüquq fakültəsindən əlaçı olması ilə bağlı arayış gətirərsə, ona kitab ya pulsuz, ya da qiymətindən 50 faiz ucuz veriləcək. Bu güzəşt tanınmış elm adamları üçün də nəzərdə tutulub".

İlham Rəhimov qeyd edib ki, kitabxana təşkil edilərkən bütün sahələri nəzərə alınıb: "Dünyanın hansı şəhərində yeni çapdan çıxan hüquq üzrə ədəbiyyatlar varsa, onları bura gətirmişik və gələcəkdə də gətirəcəyik. Əgər tələbəyə, elm adamına lazım olan kitab mağazada yoxdursa, sifariş verilir və o, gətirdilir. Eyni zamanda burada elə qədimi kitablar var ki, onları heç Rusiyanın özündə də tapmaq mümkün deyil. Bura təkcə rus və Azərbaycan dilində deyil, ingilis dilində olan hüquq sahəsinə aid kitabları da gətirəcəyik”.

Bakı Dövlət Universitetinin Cinayət hüquqü və kriminologiya kafedrasının müdiri, əməkdar hüquqşünas Firudin Səməndərov bildirib ki, hüquq elmlərinin təbliği üçün bu kitabxananın açılışını böyük hadisə hesab edir: "Mənə elə gəlir ki, bu, hələ gecikmiş addımdır. Dünyada iki böyük məktəb olub ki, onlardan biri də Platon məktəbidir. Bu, bəşəriyyətin inkişafına böyük işıq saçıb. Kitab bir işıqdır. Kitabsız insan isə kordur. Nə qədər savadlı olsan da, kitab insanın həyatına işıq saçır. Bu mənada professor İlham Rəhimovun tədbirini yüksək qiymətləndirirəm. Hüququn inkişafında Roma xüsusi rol oynayıb. Hətta eradan əvvəl ikinci əsrdən, bizim eranın üçüncü əsrinə qədər olan dövrü “qızıl dövr” adlandırırlar. Həmin zaman kitabxanalar açılıb, hüquq sahəsi genişlənib. Bu gün açılışını etdiyimiz kitabxana da çox qiymətlidir. Doğrudur, indiki zəmanədə tələbələr kitab oxumaqdan bir qədər uzaqlaşıblar. Ancaq hesab edirəm ki, bu mağazadan tələbələr məlumat əldə edə biləcək və yetişən gənc nəslimizə yol göstərəcək”.

Daha sonra hüquq elmləri doktoru, BDU-nun professoru Səməndər Rzayev bildirib ki,
Bakıda belə bir ixtisaslaşmış hüquq ədəbiyyatı mağazasının açılması müsbət haldır: "İndi hər yerdə kitablara marağın azalması, oxucuların sayının azalmasından danışıldığı bir vaxtda belə bir ilkə imza atıldı. Bu addım bütün hüquqşünaslarımızın ürəyindəndir və ixtisaslaşmış bir mağazanın açılması təqdirəlayiqdir".

Açılış mərasimində iştirak edən hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyev də kitab mağazasının açılmasının olduqca vacib bir iş olduğunu deyib: "Biz, hüquqşünas olaraq ölkəmizdə belə bir mağazanın açılmasını uzun zamandır ki, gözləyirdik. Bu barədə mənə ilk dəfə İlham müəllim məlumat verəndə, xahiş etdim ki, bu ideyanı tez gerçəkləşdirsin. Son zamanlar hər kəs bir kitab buraxıb, onu pərakəndə şəkildə satırdı. Mənim zənnimcə, burada satılan kitablar, bir növ həm də yoxlamadan keçəcək".

Daha sonra digər tanınmış hüquqşünaslar, elm adamları çıxış ediblər.

Qeyd edək ki, Bakı şəhərində ilk dəfə açılan bu mağazada hüququn bütün sahəlinə aid kitabları tapmaq mümkün olacaq. Burada hüquqşünaslar, hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, hüquq- mühafizə orqanının işçiləri, nəzəriyyəçilər, eləcə də kütləvi oxucular həm Azərbaycan, həm də digər xarici dillərdə çap olunmuş ən yeni hüquqi ədəbiyyatı əldə edə biləcəklər.

Xaricdə nəşr olunmuş nəfis tərtibatlı kitablar oxucuların həm zövqünü oxşayacaq, həm də müasir dünya hüququnda baş verən yeniliklərlə tanış olmağa imkan verəcək.

Mağaza kitabların surətini çap etmək üçün müasir texniki vasitələrlə təchiz edilib. Kitab mağazasında həmçinin ötən əsrin əvvəllərində çap olunmuş kitablar da var. (teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm