Elm və təhsil
Təmayülləşmə hansı məktəblərdə və necə həyata keçiriləcək? - MÜSAHİBƏ
Son günlər ümumtəhsil məktəblərində təmayülləşmə ilə bağlı məsələ ciddi müzakirə mövzusuna çevrilib. 9-cu sinfi bitirən şagirdlərin 4 təmayül istiqamətindən birini seçməsi nəticəsində bəzi məktəblərdə 10-11-ci siniflərin ləğv edilməsi xəbərləri istər müəllim, istərsə də şagirdlər və onların valideynlərinin narahatlığına səbəb olub. Xüsusən də, ucqar kəndlərdə məktəblilərin hər gün dərsə getmək üçün kilometrlərlə məsafəni qət etməsi fikri şagirdlərin təhsildən yayınması və hətta imtinası kimi məsələləri gündəmə gətirib.
Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bu mövzuda Publika.az-ın suallarını cavablandırıb.
- Aydın müəllim, təmayül siniflər necə müəyyən ediləcək?
- Təmayülləşmənin 4 istiqamətdə aparılması nəzərdə tutulub. Təmayüllər üzrə bölgü riyaziyyat, iqtisadiyyat, texniki, humanitar, habelə təbiət fənləri üzrə bölünəcək. Demək olar ki, bütün fənlər burada cəmlənib. Artıq yerlərdə təmayülə cəlb olunacaq şagirdlərin kontingenti müəyyənləşir və onların valideynləri, habelə özləri ilə söhbətlər aparılır. Burada əsas məqsəd şagirdlərin məhz seçdikləri fənn sahəsinə marağı və istedadının olmasıdır.
- Təmayülləşmə şagirdlərə nə verəcək?
- Təmayülləşmə şagirdlərə daha keyfiyyətli təhsil almaq imkanı yaradacaq. Bu siniflər üçün xüsusi tədris planı və proqramları tərtib edirik. Həmin tədris planı təmayüldən asılı olaraq 8-10 fəndən ibarət olacaq. Şagirdlərin seçdiyi təmayül fənlərlə yanaşı, fiziki hazırlıq, gənclərin çağırışa qədər olan hazırlığı, xarici dil, informatika kimi fənlər ölkə komponenti kimi nəzərdə tutulmaqla tədris ediləcək. Lakin təmayül fənləri üzrə dərs saatı daha çox olacaq. Məsələn, adi sinifdə riyaziyyat həftədə 4-5 saat keçilirsə, təmayül üzrə siniflərdə 8-9 saat keçiləcək. Şagirdlər meyl-maraq göstərdikləri sahə ilə məşğul olacaq. Bu da onların ali məktəbə hazırlaşmalarına, ümumiyyətlə, repititor hazırlığının qismən aradan qaldırılmasına təsir edəcək.
Bu istiqamətdə bizim araşdırmalarımız var. İndiyədək pilot təmayül siniflərin məzunlarının ali məktəbə qəbul nəticələri təhlil edilib. Həmçinin valideyn, məktəb rəhbərlərilə söhbətlər əsasında deyə bilərik ki, tam da olmasa, təmayül siniflərin təşkili repititorluğunun qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Əlbəttə, zaman keçdikcə bunun təsiri daha çox ola bilər.
- Bu vaxta qədər təşkil olunan təmayül siniflərin məzunlarının ali məktəbə qəbul göstəriciləri necədir?
- Bu siniflərin məzunlarının ali məktəblərə qəbul göstəricilərində müsbət nailiyyətlər var. Təmayülləşmənin tətbiq edildiyi pilot məktəblərin məzunlarının ali məktəbə qəbul göstəriciləri 70-80, bəzi məktəblərdə 90-100 faizə qədərdir.
- Bu məzunların neçə faizinin sırf təmayül siniflərdəki göstəriciləri əsasında universitetlərə qəbul olduğunu demək olar?
- Həm şagirdlər, həm də məktəb rəhbərlərindən aldığımız məlumatlara görə, tam olmasa da, təmayül siniflərinin təşkili repititorluğun müəyyən mənada aradan qaldırılmasına təsir göstərir. Lakin təmayül yaradılan kimi bunun tamamilə repititorluğa son qoyacağına hökm verə bilmərəm. Şəxsi düşüncəm belədir ki, şagirdin bildiyindən artıq öyrənmək ehtiyacına heç kim mane ola bilməz. Şagirdin tədris proqramından artıq öyrənmək istəyinin qarşısını ala bilmərik.
- Ən azından təmayül siniflər ali məktəbə hazırlıq üçün alternativ bir imkan yaradır...
- Hər bir şagird dərsdən sonra əlavə olaraq istər repititor, istərsə də internet vasitəsilə biliyini artıra bilər. Bizim əsas məqsədimiz odur ki, şagird məktəbdəki dərsin hesabına başqa yerə getməsin. Biz şagirdin dərs saatında məktəbə gəlməməsinə qarşı mübarizə aparırıq. Şagird nə qədər istəsə əlavə məlumat əldə edə bilər, amma məktəbdəki tədrisin hesabına yox.
- Bu yeniliyin bəzi məktəblərdə 10-11-ci siniflərin ləğv edilməsinə səbəb olması barədə fikirlər var...
- Biz bu barədə rayon təhsil şöbələri ilə söhbətlər aparmışıq. Hesab edirəm ki, bu məlumatların yayılması ümumi prosesin başa düşülməməsindən irəli gəlir. Bu fikirlərin yayılması ola bilər məktəblərin özündən, ya da kənar şəxslərdən qaynaqlanır. Lakin bunun heç bir əsası yoxdur, şayiədir. Bunu dəfələrlə də dilə gətirmişik, nazirliyə də bu barədə məlumatlar daxil olduqca açıqlama veririk. Yerlərdə izahat prosesində müəyyən yanlışlığa yol verilibsə, həmin səhvləri də düzəldirik. Təmayülləşmə, hər bir proses şagirdin mənafeyinə yönələcək. Hər bir şagirdin təhsil almaq hüququ var, onların bu hüququnun təminatını da Təhsil Nazirliyi həyata keçirəcək.
Ümumi orta təhsil (icbari təhsil) səviyyəsindən sonra təhsilin təmayüllər üzrə təşkilinə heç də hər şagird cəlb edilməyəcək. Bu siniflərə təmayül fənni üzrə istedadı olan şagirdlər seçiləcək. Təmayül sinifləri ilə yanaşı şagirdlərin könüllülüyü əsasında adi siniflər də açacağıq. Təmayülə cəlb edilməyən şagirdlər bu siniflərdə təhsil ala biləcək. İcbari təhsili bitirən şagird 9-cu sinifdən sonra təhsilini davam etdirməkdə sərbəstdir. İstəsə orta ixtisas təhsili müəssisəsi, ya da peşə məktəbini də seçə bilər, həmçinin təhsilini təmayül siniflərində də davam etdirə bilər.
Hər hansı bölgədə bu yeniliyin tətbiqinin yaratdığı problemi hiss etsək, növbəti illərdə onun aradan qaldırılmasına qədər gözləyəcəyik. Baza, müəllim kontingenti baxımdan ən yaxşı imkanlarımız olduğu məktəblərdə təmayülləşmə həyata keçirəcəyik.
- Bəzi kənd məktəbləri var ki, orada bir 9-cu sinif var və həmin şagirdlər də qonşu kəndlərdə təşkil olunan təmayül siniflərə cəlb ediləcəksə, həmin şagirdlərin gediş-gəliş məsələdə necə həll ediləcək?
- Biz təmayülləşməni mümkün olduğu ərazilərdə tətbiq edəcəyik. Təmayülləşmənin şagirdlərin məktəbə gediş-gəlişinə çətinlik yaradacağı ərazilərdə bunu reallaşdırmayacağıq.
- Elə məktəblər var ki, bu il onların 9-cu sinfini bitirənlərin sayı 10-u keçmir. Onlarla bağlı vəziyyət necə olacaq?
- Təmayül yaratmaq üçün bir məktəbdə heç olmazsa, bir neçə 9-cu sinif olmalıdır ki, onlardan təmayül seçilsin. Bir sinifdə 7-8 nəfər olanda bazada təmayül yaratmaq mümkün olmayacaq. Ona görə də biz belə təklif irəli sürdük ki, yaxın məktəblərin kompakt yerləşdiyi ərazilər üzrə zonalar yaradılacaq. Ola bilər ki, bir rayonda yaradılan zona məktəbləri arasındakı məsafə müəyyən ediləcək. Şagirdlərin həmin məktəbə gedib-gəlməsi üçün nəqliyyat xidməti varsa, təmayülləşmə təşkil olunacaq. Məsafə çox olacaqsa, bu da şagird və valideynlərin narahatlığına səbəb olacaqsa, çalışacağıq ki, həmin məktəblərin öz daxilində adi siniflər yaradılsın. Şagirdlər də adi siniflərdə təhsillərini davam etdirsinlər.
- Deyə bilərikmi, şagirdlərin sayı az olan və yalnız bir doqquzuncu sinif olan məktəblərdə təmayülləşmə həyata keçirilməyəcək?
- Bu işin təşkili zonalar üzrə müəyyən ediləcək. Zonalara bölmədən təmayülləşməni həyata keçirə bilmərik. Məsələn, ola bilər ki, uyğun zonada 7 məktəb var, lakin onlar arasında təmayülün təşkilinə imkan verən və ya verməyən məktəblər ola bilər. 9-cu siniflərində 7-8 nəfər olan məktəblər bir zonaya toplanacaq. Həmin zonada təmayül siniflər yaradılacaq. Ola bilər ki, hər hansı məktəbdən yalnız bir nəfər təmayül sinifdə oxumaq istəsin.
- Təmayül sinifdə oxumaq istəməyən şagirdlər necə olacaq?
- Onlar öz məktəbində adi sinifdə təhsil alacaq.
- Məcburi köçkün məktəblərinin əksəriyyətində 9-cu sinif şagirdlərinin sayı azdır. Onlarla bağlı seçim necə olacaq?
- Məcburi köçkün təhsil şöbələrinin rəhbərləri ilə ayrılıqda danışmışıq. Bu rayonların məktəblərininin şagirdləri müvəqqəti olaraq yerləşdikləri rayon məktəblərinin təmayül siniflərini seçə biləcək. Təmayül sinifdə oxumaq istəməyənlər öz məktəblərində qalması şagird sayından asılı olacaq. Çalışacağıq ki, adi siniflər uşaqların öz oxuduğu məktəblərdə təşkil edilsin.
Bu gün biz real mənzərəni müəyyənləşdiririk. Təmayül siniflərin təşkilində bizə problem yaradacaq və yaratmayacaq məqamlar yekunlaşandan sonra qərar qəbul ediləcək. Hələ ki, proses tam yekunlaşmayıb. Ona görə də, indidən həmin məktəblərdə nə qədər şagird olacağını müəyyən edə bilmirik. Çalışırıq ki, bu məsələləri mart ayının 20-dək yekunlaşdıraq.
- Paytaxtda bəzi məktəblərdə artıq şagirdlər təhsillərini davam etdirmək istədikləri təmayül istiqamətlər üzrə seçimlərini aparıblar. Lakin bəzi şagirdlər var ki, seçdiyi təmayül üzrə yaxınlıqda məktəb yoxdur. Həmin şagirdin istədiyi istiqamət üzrə məktəbə getməsi üçün azı 30-45 dəqiqə vaxt sərf etməlidir. Bu isə narazılıq yaradır. Bu məsələ necə həll edilə bilər?
- Bu gün elə şagirdlər var ki, qeydiyyatda olduğu rayon məktəbində oxumur. Şəhər daxilində bu məsələ var. Harada uyğun təmayül olacaqsa, şagird həmin məktəbi də seçəcək. Bu, hələ ki, ilkin müəyyənləşdirmədir, ola bilər ki, gələcəkdə dəyişiklik olsun. Prosesə indidən başlamışıq ki, növbəti tədris ili başlayana qədər işləri yekunlaşdıra bilək.
- Respublika üzrə təmayülləşmə növbəti ildən tam tətbiq olunacaqmı?
- Yaxşı imkanı olan, problemsiz zonalarda tətbiq edəcəyik.
- Təmayülləşmə siniflərində müəllimlər necə seçiləcək?
- Bizim əsas istəyimiz təmayül siniflərində təcrübəli müəllimlərin dərs keçməsidir. Bununla əlaqədar olaraq da yerli təhsil şöbələrinə maksimum dərəcədə bu siniflərdə məktəbin ən yaxşı müəlliminin dərs keçməsi tapşırılıb. Hətta ola bilər ki, kənardan da müəllim cəlb edilsin. Bəzi bölgələrdə ali, orta ixtisas təhsili müəssisələrinin filialları var. Həmin təhsil müəssisələrinin müəllimləri, təmayül siniflərində dərs demək üçün cəlb edilə bilərlər. Çünki təmayül sinfi yaratmaq şərt deyil. Əsas məsələ burada keyfiyyətli təhsil verməkdir. Bunun üçün də gərək yaxşı kadr potensialı olsun.
- Bu müəllimlərin seçimini məktəb direktoru, yoxsa təhsil şöbələri həyata keçirəcək?
- Bu istiqamətdə prosedur qaydalar var. Müəllimlərin cəlb edilməsi də həmin qaydalar əsasında aparılacaq.
- Bu gün ucqar bölgələrə həvəsləndirmə ilə göndərilən müəllimlər var. Məsələn, tarix müəlliminin əsas dərs yükü 10-11-ci siniflərdədir. Onun işlədiyi məktəbdə həmin fənn üzrə təmüyülləşmə olmazsa, həmin müəllimlərin aqibəti necə olacaq. Nəzərə alaq ki, bu müəllimlərin 3 il həmin məktəbdə işləmək məcburiyyəti var.
- Onlar işlədikləri məktəblərdəki adi siniflərdə dərs deyəcək. Çünki bu siniflərdə adi qaydada təhsil davam etdiriləcək.
- Təmayül fənləri üzrə dərs saatının artması əlavə müəllim cəlbinə ehtiyac yaradacaq?
- Əlavə müəllim cəlbinə ehtiyac duyulacağını düşünmürəm. Lakin məktəb rəhbərliyi şagirdlərin mənafeyi üçün əlavə müəllim cəlb edə bilər.
- Artıq təmayülləşmənin tətbiqi ilə bağlı araşdırmalar yekunlaşıbmı?
- Hazırda təmayülləşmə üzrə aparılan araşdırmalar təhlil edilir. Ona görə də indidən hər hansı dəqiq məlumat verə bilmərik. Araşdırmalarımızın nəticələrini müzakirə edəcəyik, real vəziyyət ortaya qoyulacaq və müəyyən qərarlar qəbul olunacaq.
Təmayülləşmənin təşkili üçün paytaxt məktəbləri və iri şəhərlərdə problemlər azdır. Lakin şagird sayı, kontingent məsələsinə görə rayonlar, xüsusən dağ kəndlərində problemlər var. Biz hər hansı şagirdin təhsil hüququna maneə yaradılmamasına çalışacağıq.
Gülxar Şərif
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA