BDU-da “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” adlı simpozium
Bizi izləyin

Elm və təhsil

BDU-da “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” adlı simpozium

Çoxşaxəli tədqiqatlar aparılır.

Bakı Dövlət Universitetində Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” adlı simpozium keçirilib.

Universitetdən Publika.az-a verilən məlumata görə,rektor Abel Məhərrəmov bu tədbirin Bakı Dövlət Universitetində keçirilməsini yüksək qiymətləndirib.

Bildirib ki, təxminən 100 il bundan əvvəl-1919-cu ildə yaradılmış Bakı Dövlət Universitetinin ilk 2 fakültəsindən biri Tarix-filologiya adlanıb, ötən dövr ərzində xalqımızın milli-mənəvi dəyərləri, o cümlədən qardaş türk xalqları ilə bağlı müştərək tariximiz, mədəniyyətimiz dərindən araşdırılıb.

“Bu irsin ən dəyərli nümunələrindən biri olan “Dədə Qorqud” abidəsinin zəngin tarixini, onun mifologiyadan yazıya, eposdan kitaba çevrilmək qüdrətini tədqiq etmək baxımından alimlərimiz çox böyük işlər görüblər”. Rektor onu da qeyd edib ki, bu gün BDU-da “Dədə Qorqud” Elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Burada dastanın bir müqəddimə, on iki boydan ibarət olan Drezden nüsxəsi və bir müqəddimə, altı boydan ibarət Vatikan nüsxələri geniş tədqiq olunur, kökləri mifoloji dünyagörüşünə gedib çıxan dastandakı bəzi süjetlərin qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida verməsi məsələsinə qədər çoxşaxəli tədqiqatlar aparılır.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkili Hikmət Babaoğlu, Türkiyənin “Türk dili” qurumunun rəhbəri, professor Mustafa S.Kaçalin, Bayburt Universitetinin rektor köməkçisi Süleyman Ciydem, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Sebahattin Balcı, Qazaxıstan Respublikası Qorqud Ata Elmi Araşdırmalar İnstitutunun müdiri Şirinbek Koylibayev, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov və Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım çıxış ediblər. Qeyd edilib ki, Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara – şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir.

Türkiyədən 27, Azərbaycandan 14, Qazaxıstandan 5, Qırğızıstan 4 və ümumilikdə 53 tədqiqatçı və müğənninin iştirak etdiyi simpozium bölmə iclasları ilə davam edib. İclaslarda aşıq sənəti və ənənələrindən, ayrı-ayrı el sənətkarlarından bəhs edən mövzular ətrafında müzakirələr aparılıb, mədəni tədbirlər keçirilib və Dədə Qorqud bəstələri səsləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm