Dərsliklərlə bağlı növbəti BİABIRÇILIQ: müəlliflər üz-üzə
Bizi izləyin

Elm və təhsil

Dərsliklərlə bağlı növbəti BİABIRÇILIQ: müəlliflər üz-üzə

Tarixçi-alim Leyla Hüseynova 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsinin plagiat olması ilə bağlı müəyyən fikirlər səsləndirib. O, Təhsil Nazirliyin müsbət qiymətləndirdiyi dərsliyin plagiat olduğunu deyərək, bunu AMEA-nın Tarix İnstitutunun aşkarladığını bildirib. L.Hüseynova yeni dərslik layihəsində ciddi elmi səhvə yol verildiyini qeyd edib.

“Bu, şagirdləri bir-birinə zidd iki elmi fakt qarşısında qoyacaq. Bütün tarix müəllimlərinə məlumdur ki, uzun illər köhnə dərsliklərdə Aratta dövlət qurumu verildiyi halda 2013-cü ildə çap olunmuş 6-cı sinif “Azərbaycan tarixi” dərsliyindən mövzu çıxarılıb. Çünki bu mövzu ətrafında müxtəlif fikirlər formalaşmış, Aratta qurumunun dərsliklərə salınmaması doğru hesab edilmişdi. Lakin layihə müəllifləri bu mövzunu yenidən proqrama salıblar”.

Adıçəkilən dərsliyin həmmüəlliflərindən Kamran Əsədov Publika.az-a açıqlamasında Tarix İnstitutu əməkdaşının fikirlərinə münasibət bildirib: “Əvvəldən qeyd edim ki, hazırladığımız dərsliyi plagiat adlandıranlar özləri də bu il 10-cu sinif Azərbaycan tarixi dərsliyini hazırlayıb tenderə təqdim etmişdilər. Lakin nə onların, nə də digər müəlliflərin hazırladığı dərsliklər tenderdən keçmədi. Bizim dərsliyimiz standarta uyğun olduğuna görə qalib seçildi. Lakin qalib dərsliyin qiymətləndirilməsinin məğlub tərəfə tapşırılması doğru hal deyil. Onlar da peşəkarlıqdan daha çox, qərəzli rəylər ortaya qoyublar. İddia edirlər ki, həmmüəllifi olduğum 10-cu sinif Azərbaycan tarixi dərsliyindəki faktlar 6-cı sinif Azərbaycan tarixi dərsliyindən götürülüb. Əvvəlcə onu deyim ki, bu iddianı irəli sürən şəxslərin 6-cı sinif dərsliyində müəlliflikləri yoxdur. Bundan başqa, orta məktəb tarix dərsliyi fundamental elmi əsər deyil. Bu dərsliklərdə elmdə uzun illər ərzində qəbul edilmiş faktlar orta məktəb şagirdinə çatdırılmalıdır. Biz də müəllif qrupu olaraq bu faktları Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun çap etdiyi 7 cildlik Azərbaycan tarixi kitablarından, Bakı Dövlət Universiteti Tarix fakültəsinin hazırladığı tarix dərsliklərindən, fundamental əsərlərdən götürmüşük. Tarix fənni faktlar üzərində qurulub. Bizim yazdıqlarımız hamısı bir vaxtlar hər hansı tarix kitabında çap edilib. Lakin bu faktların həmin müəlliflərə aid olması demək deyil. Hər hansı dövləti həmin müəlliflər yaratmayıb, onlar da bizim kimi mənbələrə əsaslanıblar. Əksinə onların hazırladığı dərslikdə daha ciddi səhvlər var. Bundan başqa, bizim hazırladığımız dərsliyə rəy verən ekspertlərin peşəkar olmadığını deyirlər. Halbuki onların da bu vaxta qədər hazırladıqları dərsliyə həmin ekspertlər rəy verib. Bu vaxta qədər bizim dərsliyə ictimaiyyətdən, universitetlərdən, məktəb müəllimlərindən gələn rəylər hamısı müsbətdir”.

K.Əsədov bildirib ki, dərsliyi plagiat adlandıran şəxslərin Müəlliflik Hüququ haqqında qanun, plagiantlıqdan anlayışları yoxdur: “Dərsliyin sonunda istifadə edilmiş ədəbiyyat siyahısı var. İstifadə etdiyiniz qaynağı yazıda qeyd etdiyiniz halda heç kim sizi plagiatlıqda ittiham edə bilməz. Bu iddia onu göstərir ki, həmin şəxslər məğlubiyəti həzm etmirlər. Bir daha xatırladıram ki, tarix dərsliklərinin heç biri müəlliflərin şəxsi fikri deyil. Hamısı mənbələrə istinad edilir. Faktlar heç zaman plagiat ola bilməz. Faktları plagiat adlandıran şəxs tarixçi yox, şou biznes adamı ola bilər. Axı biz Manna dövlətin IX əsrdə yaranması ifadəsini başqa nə cür ifadə edə bilərik?”

Arattanın dərsliklərə salınmaması ilə bağlı fikirlərə gəldikdə, K.Əsədov bunu doğru yanaşma hesab etmədiyini vurğuladı: “Təəssüf ki, qədim dövlətçilik ənənələrimizdən ola Aratta, Lullubi kimi faktları inkar edirlər. Akademik Yaqub Mahmudov hər zaman qədim dövlətçilik ənənəsinə sahib olduğumuzu deyib. Lakin institutun əməkdaşları eramızdan əvvəl üçüncü minilliyə aid dövlətimizin adının dərsliyə yazılmasını istəmir. Onların bu fikirlərini vətənpərvərlikdən uzaq hesab edirəm. Lakin nə üçün belə bir məhduddiyyət olduğunu bilmirəm”.
Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Sorğumuza cavab verildiyi zaman nazirliyin də fikrini yayımlayacağıq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm