AMEA alimlərin ev qalmaqalına aydınlıq gətirdi
Bizi izləyin

Elm və təhsil

AMEA alimlərin ev qalmaqalına aydınlıq gətirdi

Azərbaycan Milli Elmlər Akademiyasında olan yataqxana və mənzil məsələsi barədə son günlər mətbuatda gedən məlumatlarla bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev açıqlamasında AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan, AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzil sahəsi ayrılması nəzərdə tutulduğunu deyib.

“Bu məsələyə hazırlıq məqsədilə AMEA prezidentinin 16 iyul 2013-cü il tarixli 147 nömrəli sərəncamı ilə komissiya yaradılıb.Komissiya tərəfindən yataqxanada qeydiyyatı olub yaşayan və qeydiyyatı olub yaşamayan vətəndaşlar müəyyənləşdirilmiş, yataqxanada yaşamağa qanuni hüquqlarının olub-olmaması araşdırılıb. Onlarla görüşlər keçirilmiş və lazımi sənədlər toplanıb.

Müəyyən edilib ki, sözügedən yataqxanada qeydiyyatı olub yaşamayan və AMEA ilə heç bir əlaqəsi olmayan (kənar təşkilatlarda işləyən və ya ümumiyyətlə işləməyən) çoxsaylı kənar şəxslər də var. Ona görə də yataqxanada qeydiyyatda olan şəxslərin müəyyənləşdirilməsi məqsədilə AMEA tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilmiş, AMEA-ya aidiyyatı olmayan və yataqxanada yaşamayan yüzlərlə şəxsin qeydiyyatdan çıxarılmasına nail olunub.Komissiya tərəfindən yerinə yetirilən işlər barədə AMEA rəhbərliyinə ətraflı məlumatlar təqdim edilib və bu istiqamətdə sonrakı işlər müəyyənləşdirilib.

Dəqiqləşmiş məlumatlardan və yerinə yetirilən işlərdən sonra yataqxana sakinlərinə ətraflı məlumatlar və yazılı cavablar verilib. Həmin cavab məktublarından daha geniş məzmunlusu kollektiv müraciət edənlərə verildikdən sonra bir surəti bir neçə gün yataqxanada divardan asılı olub ki, yataqxananın bütün sakinləri oxusunlar”.

S.Əliyev onu da vurğulayıb ki, araşdırma zamanı, AMEA-nın əvvəlki rəhbərliyi dövründə bağlanmış müqavilədə AMEA-ya ayrılacaq mənzillərin sayı və sahəsi göstərilmədiyindən böyük problemlə üzləşib.

“Odur ki, ayrılacaq mənzil sahəsinin müəyyənləşdirilməsi üçün AMEA-nın rəhbərliyi ilə “Evrostroy-S” MMC arasında dəfələrlə görüşlər keçirildi və çox gərgin söhbətlər aparılıb.Aparılan işlərin nəticəsi olaraq, “Evrostroy-S” MMC yeni inşa olunan yaşayış evlərindən AMEA-ya əvəzsiz olaraq ümumi sahəsi 8000 (səkkiz min) kvadratmetr yaxın olan mənzillər ayırmağı öhdəsinə götürüb. Bu mənzillərin çox hissəsi ayrılmış, qalanının isə yaxın vaxtlarda ayrılmasına yazılı zəmanət verilib.

Mənzillərin bölüşdürülməsinə hazırlıq məqsədilə yaradılan Komissiyaya Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan AMEA-ya ayrılmış mənzillərə həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin köçürülməsi məsələsinin ətraflı araşdırma aparıb. Araşdırma zamanı yataqxanada qeydiyyatda olub yaşayan və ya adına otaq olub yaşamayan 107 ailə olduğu məlum olub. Onlardan 71 ailə AMEA-da işləyən, 36 ailə isə AMEA-da işləməyənlərdir. AMEA-da işləyən 71 ailədən 6-sı elmlər doktoru, 45-i isə fəlsəfə doktorudur.

Bunlardan əlavə AMEA-da işləyən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) 20 ildən artıq müddətdir ki, yataqxanada qeydiyyatda olduğu lakin boş otaq olmadığına görə orada yaşamadıqları müəyyən edilmişdir. Bu əməkdaşlar da mənzil almağa iddialıdırlar. Onlar hesab edirlər ki, uzun illərdir kirayələrdə yaşamaq məcburiyyətində qaldıqlarına görə yataqxanada yaşayanlardan daha çox maddi və mənəvi sarsıntılara məruz qalmışlar. Hal-hazırda onların da sənədləri araşdırılır.

Yuxarıda qeyd edilən 71 AMEA əməkdaşından 17-sinin mənzil almağa hüququnun olması məsələsində problemlər yarandığını təsdiq edən sənədlər və məlumatlar toplanıb. Qalan 54 ailənin isə mənzil almağa hüququ olduğu müəyyən edilib.

Həmin 17 ailənin adına otaqlar olsa da, əsasən həmin otaqlarda yaşamayan, adlarında mənzillər olub, yataqxananın yanında yaşayış evi tikintisi başlayandan sonra adlarında olan mənzilləri özgəninkiləşdirənlərdir. Yoxlama zamanı bu ailələrin əksəriyyətinin özgəninkiləşdirdikləri mənzillərdə yaşadıqları və ya həmin mənzilləri kirayəyə verərək başqa ünvanlarda yaşadıqları məlum olmuşdur. Bəzilərinin isə yeni binalarda mənzillərinin olduğu, lakin öz adlarına sənədləşdirmədikləri müəyyən edilmişdir. Mənzil qanunvericiliyinə əsasən həmin ailələr mənzil alarkən, yataqxanadakı otaqları boşaldaraq təhvil verməli idilər və həmin otaqlar 20 ildən artıqdır ki, qeydiyyatda olan, boş otaq olmadığına görə kirayələrdə yaşayan elmi işçilərə verilməli idi.

Odur ki, ilk növbədə həmin 54 ailənin mənzillə təmin edilməsi məsələsinə baxılması məqsədəuyğun sayılıb.Son günlər yataqxanada yaşayan və mənzil almayan sakinlər yığışaraq respublikanın rəhbər orqanlarına gedib, AMEA-nın rəhbərlərinin qarşısını kəsməyə çalışıblar. Bu məsələ ilə əlaqədar AMEA Rəyasət Heyətinin inzibati binasının qarşısına toplaşmış 30-a yaxın şəxs qəbul edilmək istəyib. AMEA-nın rəhbərliyi tərəfindən onlara bildirilmişdir ki, qəbul olunmaq üçün aralarından 4-5 nəfər seçsinlər və ya hamısı tək-tək qəbul olunsun. Lakin onlar bu təklifin heç birini qəbul etməmişlər. Müraciət edən bu şəxslər yuxarıda qeyd etdiyim kimi, AMEA-da işləməyən 36 ailənin və problemi olan 17 AMEA əməkdaşının ailə üzvləridir.

Qəbul olunmaq istəyən AMEA əməkdaşlarına müraciət edərək bildirirəm ki, mənzil məsələsi elə bir sahədir ki, onun kollektiv qaydada araşdırılması və ümumi qaydada həlli mümkün deyil. Hər bir məsələ fərdi qaydada araşdırılmalı və həllinin mümkünlüyü müəyyənləşdirilməlidir.

Yataqxanada yaşayan və AMEA ilə heç bir əlaqəsi olmayanlara isə dəfələrlə bildirilmiş və bu gün də bildirilir ki, onların mənzillə təmin edilməsi AMEA-nın imkanları xaricindədir. Odur ki, yaşadıqları otaqları boşaldıb təhvil verməlidirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm