Dərslik qalmaqalında ÜÇÜNCÜ TƏRƏF: bütün BİABIRÇILIĞIN ÜSTÜ AÇILDI
Bizi izləyin

Elm və təhsil

Dərslik qalmaqalında ÜÇÜNCÜ TƏRƏF: bütün BİABIRÇILIĞIN ÜSTÜ AÇILDI

“Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərslik layihələrində “səhv” və “plagiat” hallarının olması ilə bağlı iddialar ətrafında mətbuatda və sosial şəbəkədə müzakirələr davam edir.

Təqdim etdiyi dərslik layihəsi qalib olan tərəf heç bir plagiatlıq olmadığını, qarşı tərəf isə əksini deyir.

Publika.az xəbər verir ki, mübahisə və ittihamlar iki tərəf arasında davam edərkən, müsabiqəyə dərslik layihəsi təqdim edən üçüncü tərəf də müzakirələrə qoşulub.

“Ümumi tarix” dərsliyi ilə müsabiqədə iştirak edən “İlin Ən yaxşı müəllimi” adına layiq görülmüş Hamlet Əliyev müzakirələrin elmi müstəvidə, dəyirmi masa ətrafında aparılmasını təklif edib: “Ümumi tarix dərsliyi üzrə tender iki yox, üç dərsliklə təmsil olunub. Tenderin haqsız nəticəsi ilə (Ümumi tarixi nəzərdə tuturam) ilk olaraq biz (Müəlliflər: Hamlet Əliyev, Aydın Allahverdiyev, Şəhla Quliyeva, Leyla Bayramova və Rüfət Rzayev) narazı olduğumuzu bəyan etdik. Nazirliyə qəbul edilmiş dərsliyin şərtlərə uyğun olmadığını məlumatlandırdıq, sosial şəbəkədə tarix müəllimləri ilə bu məsələni birlikdə müzakirə etdik. Son zamanlar mətbuatda iki dərslik müəllifləri arasında kəskin polemika gedir. Rəqiblər bir-birlərini təhqir etməkdən belə çəkinmirlər. Belə təəssürat yaranır ki, guya tenderdə yalnız bu iki komanda iştirak edib, üçüncü komandanın varlığı isə unudulub”.

H.Əliyev onu da bildirib ki, “Ümumi tarix” dərsliyi üzrə hər üç dərslik mümkün balı toplaya bilməyib: “Kamran müəllim məğlubiyyəti həzm edə bilməyənlərə qeyri-obyektiv olduqlarını yazır. Ədalətli olmadıqlarını, qərəzli yanaşdıqlarını bildirir. “Ümumi tarix” üzrə tenderdə iştirak edərək “məğlub” olmuş komandalardan biri də bizik. Xüsusi qeyd edim ki, bizim komanda “plaqiatlıqla” hücuma keçən tarixçi-alimlərin fikirlərini bölüşmür. Kamran müəllim yazılarında bildirir ki, ən layiqli, standartlara tam cavab verən onların dərsliyidir. Hörmətli oxuculara bildirim ki, “Ümumi tarix” üzrə tenderdə hər 3 dərslik mümkün olan balı toplamayıb, bir sözlə, hər 3 dərslik “məğlubdur”. Sadəcə ekspertlərin rəyinə görə Kamran müəllimin də müəllifi olduğu dərslik üstün sayılıb və bu səbəblə qəbul olunub. Bizdə olan məlumata görə, ən çox bal toplamış ikinci dərslik isə bizimki olub. Bu günə kimi nə üçün sözügedən dərslik üstün olub müəmma doğurur. Dostlar qəbul olunmuş 10-cu sinif dərsliyi, tendərdə məğlub olan Yaqub müəllimin komandasının dərsliyilə təxminən eyni ssenaridə yazılıb. İbtidai icma dövründən başlayaraq müəlliflər 19-cu əsrə kimi dövrü əhatə ediblər. Burada dərsliyin ayrı-ayrı paraqraflarında elmi səhvlərdən danışmırıq (təbii ki, var və çoxdur). Qəbul olunmuş dərslik ümumi konsepsiyanı kobud pozub. Standartlar kapitalizmə qədərki dövrü əhatə etdiyi halda, dərslikdə kapitalizm dövrü də işıqlandırılıb. Halbuki bu mövzular 11-ci sinifin məzmun standartlarına daxildir. Nədənsə ekspertlər bu boyda konsepsiya pozulmasını “görməyiblər”. 6-9-cu siniflərdə artıq keçirilmiş mövzuların yenidən eyni ssenaridə yazılması hansı zərurətdən irəli gəlir? Belə çıxır ki, 6-cı sinif şagirdi 10-cu sinif dərsliyi ilə dərs keçə bilər. Konkret olaraq 10-cu sinif dərsliyi 6-7 və 8-ci siniflər üçün əlavə resurs kimi tərtib edilib. Hansı kurikulumdan danışmaq olar, hansı müasir dərslikdən danışmaq olar? Bu ənənəvi dərslikdir... Bizim hörmətli ekspertlər görünür özləri də sovet təhsilinin inhisarından yaxa qurtara bilməyiblər. Tender şərtləri, qaydalar var. Bu şərtləri ən çox pozan dərslik hansıdır? Bunu araşdırdınızmı? Yoxsa redaktə xarakterli yazılara görə, hərf səhvlər və texniki səhvlərə görəmi qalib seçdiniz? Yaxşı seçdiniz, qalibi elan etdiniz, o zaman nə üçün “məğlub” olanlara məğlubiyyətin səbəblərini, yəni rəyləri vermirsiz, nə üçün ekspertlərlə görüşdürmürsünüz? Azərbaycan tarix fənni üzrə ekspert Talıb müəllim açıqlama gətirdi... Nə üçün “Ümumi tarix”lə bağlı belə açıqlamalar yoxdur? Kamran müəllim, obyektivlik yalnız bu günə kimi dərslik siyasətində inhisarçı mövqe tutmuş Yaqub müəllimin komandasının tenderdən uzaqlaşdırılması deyil. Bəli, əvvəlki kurikulum dərslikləri bərbad vəziyyətdədir... İnanıram ki, sizin dərslik də onların təklif etdiyindən daha yaxşı olub. Lakin bu, o dəmək deyil ki, sizin dərslik ən yaxşısıdır. Dərsliyinizlə bağlı müəyyən qədər elmi səhvlər var, ancaq mən onları hələlik səsləndirməyəcəm, dərsliyiniz nəşr olunduqdan sonra bildirəcəm, inşallah.
Bu yazı sadəcə sizin yazılarınıza bir cavabdır. Ədalət müdafiəçisi və onun axtarışında olanlara isə məsləhətim bu işə son vermək üçün bir dəfəlik hər 3 komanda ilə birlikdə dəyirmi masa təşkil olunsun və hər kəsin qarşısında hansı komanda daha ədalətli olub bilinsin”.

10-cu sinif “Ümumi tarix” üzrə metodik vəsaitin müəllifi Leyla Bayramova dərsliklər ətrafındakı müzakirələrə münasibət bildirib və dərslik müəlliflərinin haqlı səbəblər tapıb ortalığa qoya bilmədiyini vurğulayıb: “Aydın Allahverdiyev, Hamlet Əliyev, Şəhla Quliyeva, Rüfət Rzayevin, Leyla Bayramovanın müəllifi olduqları dərslik də yüksək bal toplayıb. Lakin həmin dərsliyin “məğlub olmasının” səbəbi ilə bağlı açıqlama verilmir. Bizim tələbimiz odur ki “məğlub olan” digər dərsliyin də keçməmə səbəbləri, keçən dərsliyin isə üstünlükləri açıqlansın. Bu dərsliklər məktəblərə gedir və müəllimlər məcbur şəkildə bu dərsliklərdən istifadə edirlər. Onlar sosial şəbəkələrdə nə qədər fikir bildirsələr də, ya əhəmiyyət verilmir, ya da dərslikləri analiz etmə ixtiyarı istifadə edən müəllimlərə verilmir. Onlar yerlərdə etirazlarını bildirən zaman isə hər şey üçün gec olur.

Bu gün əsas tələb standartlardır. Çoxsayda ixtisas və ya qeyri-ixtisas fənn müəllimlərilə işləyən və onların fənlərinin standartları üzərində iş aparan biri (mentor) olaraq demək istəyirəm ki, dərslik standartın tələbinə cavab verməlidir. Təəəsüflər olsun ki, dərsliklər hazırlanan zaman standartların tələbinə cavab vermir. “Tam əksinə deyirlər ki, standartı dərsliyə uyğunlaşdırın”. Standartın tələbinə uyğun dərsliyi məktəblərə yönəldin ki, müəllimlər əziyyət çəkməsin”.

L.Bayramova dərsliklərdə problemlərə də diqqət çəkib: “Dərsliklərdə çox ciddi problem var. Onların hamısını sadalaya bilməyəcəm amma ən vacibini nəzərinizə çatdıracam. Məsələn, ibtidai sinif ( sinifi ya 2, ya da 3-dür) “Həyat bilgisi” fənnində “üfüqün cəhətlərini təyin edir” deyə bir standart var. Amma bu standartı reallaşdıracaq mövzu yoxdur. Nəzərə alsaq ki, hələ “inqilab” səviyyəsində deyilik və yalnız əsas vasitə kimi dərsliyə istinad edirik deməli, bu standartı reallaşdıracaq mövzu olmalıdır dərslikdə. Sonra dərslikdə “Milli mətbəximiz” mövzusu var. Hansı ki, heç bir standarta uyğun gəlmədən dərsliyə daxil edilib.
6-cı sinfin Azərbaycan dili standartlarında “Müxtəlif yazı tiplərini fərqləndirir” standartı var. Amma həmin standartı reallaşdıracaq mövzu 6-cı sinifdə yox, 10-cu sinifdə var. Deməli, 6-cı sinif “Azərbaycan dili” dərsliyi də standart tələblərinə cavab vermir. Eyni zamanda nəzərə alsaq ki, bu şagird 9-cu sinifdə yekun summativ imtahanına cəlb ediləcək, deməli, onun müxtəlif yazı tiplərindən və onlar üzərində təcrübi işdən xəbəri olmayacaq.
Eyni hal, hazırda Təhsil Nazirliyinin təyin etdiyi ekspertlərin üstün hesab edib qiymətləndirdiyi “Ümumi tarix” dərsliyində də yaşanır. Standart kapitalizmə qədərki dövrü tələb etdiyi halda, dərslik kapitalizm dövrünü əhatə edib. Görünən odur ki, 11-ci sinifdə müəllimin həyata keçirməli olduğu standartı gətirib 10-cu sinifdə reallaşdırmalıdır. Bəs şagirdin səviyyəsi? Öyrənmə gücü? 11-ci sinifdə şagird nə edəcək? Müəllim nə edəcək? 11-ci sinif dərsliyi nəyə əsasən hazırlanacaq? 11-ci sinif üçün yeni standartlarmı yaradılacaq? Hansısa dərslik səhv yazılıb və təsdiq edilib deyə?! Hörmətli ekspertlər bunu niyə unudub? Və ya buna niyə açıqlama vermirlər? Əgər müəllimlərə standartları reallaşdırın tələbi qoyuruqsa, bir halda ki, imtahan da standartlara əsaslanaraq götürülürsə, dərsliklər də standart əsas meyar olaraq götürülməlidir”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm