Kasıb ailənin varlı qızı - 700 bal toplayan abituriyentlərin UĞUR SİRRİ
Bizi izləyin

Elm və təhsil

Kasıb ailənin varlı qızı - 700 bal toplayan abituriyentlərin UĞUR SİRRİ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

İmtahanda III ixtisas qrupu üzrə 2 abituriyent maksimum nəticə – 700 bal toplayıb. Onlar Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədovadır.

Maksimum nəticə gösətərən abituriyentləri siz də tanıyın.

İlhamə Hüseynova Publika.az-a açıqlamasında bu nəticəni gözlədiyini deyib: “Birinci qəbul imtahanında 685 bal toplamışdım. Düzdür, bu balla istədiyim ixtisasa qəbul ola biləcəkdim. Lakin mənim hədəfim 700 bal toplamaq idi. Müəllimlərim də mənə inanırdı. Onların dəstəyilə bu uğurlu nəticəni əldə etdim”.

İbtidai təhsilini Goranboy rayonunda alan İ.Hüseynova deyir ki, 700 bal toplamaq üçün birinci sinifdən yaxşı oxumaq lazımdır: “Düzdür, mən iki il repititor yanına hazırlığa getmişəm. Lakin maksimum nəticə göstərməyimin başlıca səbəbi 11 il ərzində bütün fənləri yaxşı oxumağımdır. Təməl yaxşı qoyularsa, uğurlu nəticə əldə etmək olar. Artıq ixtisas seçimi də etmişəm. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alacam”.

Rekorda imza atan digər abituriyent Pərvin Əhmədova da birinci qəbul imtahanında iştirak edib: “İlk imtahanda 657 bal toplamışdım, köçürmədə səhv etdiyimə görə 700 bal toplaya bilməmişdim. Lakin maksimum nəticəni toplamaq üçün qarşıma məqsəd qoymuşdum. İkinci imtahan mənim üçün şans oldu. Uğurlu nəticə əldə etmək üçün birinci sinifdən yaxşı oxumaq lazımdır”.

P.Əhmədova bu nəticə əldə etdiyinə görə ən çox müəllimlərinə minnətdar olduğunu deyir: “Məktəbdə yaxşı oxusam da, müəllimlərim əlavə hazırlığın maksimum nəticə əldə etməyim üçün daha yaxşı olduğunu məsləhət gördülər. Lakin mənim əlavə hazırlığa getməyim üçün bizim o qədər də imkanımız yox idi. Mənim bir qardaşım və bir bacım var, onlar da oxuyurlar, həm də kirayə qalırıq. Ağdam rayonundan məcburi köçkünük, əvvəl bir otaqlı evdə kirayə qalırdıq, mən 11-ci sinifdə oxuyanda dərslərimə daha yaxşı hazırlaşmağım üçün iki otaqlı evə köçdük. Dolayısı ilə kirayə pulu da artdı, bütün bu xərcləri qarşılamaq ailəm üçün çətin olacaqdı. Lakin müəllimlərim məni tək buraxmadı, kömək etdilər və bir il yarım hazırlaşdırdılar. Mən də uğurlu nəticə ilə onları sevindirdim. Əvvəl Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxumaq istəyirdim. Müəllimlərim isə Azərbaycan Diplomatik Akademiyası Dövlət və İctimai münasibətlər fakültəsini seçməyimi istəyir. Hələ ki, dəqiq qərar verməmişəm”.

Qeyd edək ki, P.Əhmədova bu il iyunun 14-də təhsil naziri Mikayıl Cabbarov təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşündə iştirak edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm