700 bal toplayanların sadə sirri: Öz dillərindən eşidin - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

700 bal toplayanların sadə sirri: Öz dillərindən eşidin - FOTOLAR

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qruplarının abituriyentləri üçün iyulun 22-də keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

Publika.az xəbər verir ki, nəticələrə görə, bu ixtisas qrupları üzrə ümumilikdə 3 nəfər 700 bal toplayıb. Maksimum nəticə göstərən abituriyentləri biz də tanıyaq:

IV ixtisas qrupu üzrə 700 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Ziya Müslümov bu nəticəni əldə etmək üçün əlavə hazırlığa ehtiyac olmadığını deyir:

“Məktəb dərslərini hər zaman yaxşı oxumuşam. Yaxşı nəticə əldə etmək üçün ancaq məktəbdə hazırlaşmışam. Birinci imtahanda 675 bal toplamışdım, bir neçə səhvim olduğuna görə maksimum nəticə göstərə bilmədim. Daha yaxşı hazırlaşdım və ikinci imtahanda 700 bal topladım. Amma məqsədim 700 bal toplamaq olmayıb, sadəcə hər zaman daha yaxşı nəticə göstərmək üçün çalışmışam. Valideynlərimiz həkimdir, məndən böyük iki bacım da Azərbaycan Tibb Universitetində təhsil alır, mən də həkim olmaq istəyirəm”.

Ziya təhsilini xaricdə davam etdirmək istədiyini deyir:

“Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini seçəcəm. Bir il təhsil alandan sonra Almaniyada oxumaq istəyirəm”.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 700 bal toplayan digər məzunu isə I ixtisas qrupu üzrə imtahan verən Qabil Əliyevdir. O da Ziya kimi əlavə hazırlığa getmədən, yalnız məktəb hazırlığı ilə 700 bal toplayıb. Qabil ixtisasını dəqiqləşdirməsə də, Bakı Ali Neft Məktəbində təhsil almaq istəyir:

“Birinci imtahanda 680 bal toplamışdım, kiçik diqqətsizliyə görə maksimum nəticə göstərə bilmədim. 700 bal toplamaq üçün çox oxumağa ehtiyac yoxdur, əsas müəllimin izahını dinləməkdir”.

Qabil gələcəkdə təhsilini Türkiyədə davam etdirmək istəyir.

I ixtisas qrupu üzrə maksimum nəticə göstərən Bakı şəhəri, Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Jalə Məmmədova birinci imtahanda 695 bal topladığını, ikinci imtahana isə 700 bal toplamaq üçün getdiyini deyir:

“Məqsədim 700 bal toplamaq idi. 10-cu sinifdə dördüncü ixtisas qrupu üzrə hazırlaşdım, sonradan həmin qrupdakı ixtisasların mənə uyğun olmadığı qərarını verdim. Həkim olmaq mənim üçün maraqlı deyildi. Ona görə də 11-ci sinifdə qrupu dəyişdirib, birinci qrup üzrə hazırlaşdım. Amma iki il hazırlaşmışam. Yüksək nəticə üçün məktəbdə yaxşı oxumaq mütləqdir”.

Jalə də təhsil alacağı ali məktəbi və ixtisası hələ dəqiqləşdirməyib:

“Bunları müəllimlərimlə birlikdə dəqiqləşdirəcəyik. Amma yəqin ki, Kimya mühəndisliyi və ya Proseslərin avtomatlaşdırılması ixtisasını seçəcəm. Sonradan təhsilimi xaricdə davam etdirmək istəyirəm”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm