Azərbaycan alimlərindən BÖYÜK NARAHATLIQ: “Bu gün iri dövlətlər...” - FOTO
Bizi izləyin

Elm və təhsil

Azərbaycan alimlərindən BÖYÜK NARAHATLIQ: “Bu gün iri dövlətlər...” - FOTO

“Bu gün dünyada bir sıra terrorçu qruplar fəaliyyət göstərir. Təəssüf ki, bu qruplar bəzi inkişaf etmiş ölkələrin dəstəyilə yaradılıb”.

Publika.az xəbər verir ki, bu sözləri Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

İnstitut direktoru bildirib ki, dünya bu gün son dərəcə mürəkkəb və olduqca təhlükəli qarşıdurmalarla üz-üzədir: “Dünyanın müxtəlif siyasi qüvvələri tərəfindən müsəlman dünyasında bilərəkdən qarşıdurmalar yaradılır. Terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Xristian dünyasında da yüzlərlə terror təşkilatları var. Amma açıq-aşkar islamofobiya siyasəti yeridilir”.

Y.Mahmudov onu da vurğulayıb ki, regionda münaqişələrin gücləndiyi şəraitdə dəyərlərimizin, milli maraqlarımızın və mənafelərimizin qorunması son dərəcə önəmlidir: “Bu gün dünya ictimaiyyətinin bəzi dairələrinin bizim həqiqətləri görmək istəməməsi alimlərimizi narahat edir. Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaq və saxta erməni təbliğatının qarşısını almaqdır”.

Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev “Müasir dövrdə Azərbaycanın regional problemlərin həllində fəaliyyəti” mövzusunda çıxış edib. O deyib ki, bu gün müsəlman, türk dünyası təzyiqlərə məruz qalır: “Azərbaycana qarşı da müxtəlif təzyiqlər müşahidə edirik. Kiçik bir bəhanə tapan kimi bizim haqqımızda bəyanat verirlər. Bu da şübhəsiz, Şərq, İslam dünyasına qarşı aparılan təxribatın tərkib hissəsidir”.

Digər çıxış edənlər vurğulayıb ki, müasir dövrdə bəşəriyyətin başlıca bəlalarından birinə çevrilmiş terrorizmin bir sıra dövlətlər tərəfindən dəstəklənməsi böyük təhlükədir. Qeyd edilib ki, Dövlətimizin suverenliyi və təhlükəsizliyini qorumaq, milli maraqlarımızın müdafiəsinə çalışmaq hər kəs üçün əsas meyar olmalıdır.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə keçirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm