Abel Məhərrəmov: “Millətimizə həmişə başucalığı gətirir” - - FOTO
Bizi izləyin

Elm və təhsil

Abel Məhərrəmov: “Millətimizə həmişə başucalığı gətirir” - - FOTO

Bu gün Bakı Dövlət Universitetində dünya şöhrətli alim, “Şöhrət” və “Şərəf” ordenli Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin dekanı və kafedra müdiri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru Abel Məhərrəmov akademik Vasim Məmmədəliyevin bütün həyatının, fəaliyyətinin xalqımızın mənəviyyatının zənginləşməsinə xidmət etdiyini deyib. Rektor bildirib ki, o, halal zəhməti, intellekti, zəkası, dərin düşüncəsi ilə elmin yüksək pilləsinə ucalmış görkəmli elm xadimidir. Böyük alim nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox kənarda da millətimizə həmişə başucalığı gətirir. Rektorun sözlərindən məlum olub ki, Vasim Məmmədəliyev İslam dininin, İslam dəyərlərinin təbliğində, geniş yayılmasında böyük xidmətlər göstərib, “Qurani-Kərimi”i doğma dilimizə tərcümə edib. Böyük alim dərs dediyi tələbələrə həmişə atalıq qayğısı göstərib, onların problemlərini həll etməyi ən mühüm vəzifə hesab edib. Universitetdə elm adamı, müəllim, ziyalı və müdrik ağsaqqal kimi sevilməsi məhz onun insani xüsusiyyətlərindən irəli gəlir. Vasim Məmmədəliyevi universitetin sütunlarından hesab edən rektor onun BDU-dan elmin zirvələrinə ucaldığını, elm və xalq qarşısındakı böyük xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına və Prezident təqaüdünə, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görüldüyünü, AMEA-nın həqiqi üzv seçildiyini xatırladıb. Nitqinin sonunda rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetində Vasim Məmmədəliyev kimi dünya şöhrətli alimin, ziyalının çalışmasından qürur hissi keçirdiyini deyib.

Sonra Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizovun “Mənalı alim ömrü” adlı məruzəsi dinlənilib. O, akademikin həyat və fəaliyyətindən, yaradıcılığından bəhs edib, əsərləri, yetirmələri, İslam dininə verdiyi töhfələrdən danışıb.

Çıxışlarda görkəmli şərqşünasın yüzlərlə elmi əsərindən, bütün dünya şərqşünaslarının istifadə etdikləri kitablarından bəhs edilib, alimin ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr olunan, İslam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair məqalələrinin onun yüksək elmi potensialının, hərtərəfli intellektinin parlaq nümunəsi olmasından danışılıb.

Sonda çıxış edən akademik Vasim Məmmədəliyev tədbirin təşkilinə görə BDU rəhbərliyinə, eyni zamanda, bütün toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm