Nazirliyin yeni qərarı tələbələrə necə təsir edəcək? - ŞƏRH
Bizi izləyin

Elm və təhsil

Nazirliyin yeni qərarı tələbələrə necə təsir edəcək? - ŞƏRH

Azərbaycanda Təhsil Nazirliyinin Kollegiyasının qərarlarına əsasən ali təhsil sahəsində bir sıra yeni qaydalar təsdiq edilib. Yeni qaydalara görə, Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrə akademik məzuniyyətin verilməsi ilə bağlı yeni qaydalar tətbiq ediləcək.

Bəs yeni qaydalar təhsil prosesinə necə təsir edəcək? Təhsil üzrə ekspert Kamran Əsədov Publika.az-a bildirdi ki, akademik məzuniyyətdən qayıdan tələbələr heç bir problemlə qarşılaşmayacaqlar:

Təhsil Nazirliyinin Kollegiya iclasında qəbul edilmiş yeniliklər içərisində ən önəmlisi mənə görə, məhz akademik məzuniyyətlə bağlı olan dəyişikliklərdir. Buna qədər ali təhsil müəssisələrində tələbələrə istisna hallarda və müəyyən müddətli məzuniyyətlər verilirdi. Biz buna təhsili dondurmaq deyirik. Mənə elə gəlir bu çox yerində qəbul edilmiş dəyişiklikdir. Məsələn, kimsə ölkədə hər hansı bir ali təhsil müəssisəsinə qəbul olub, lakin təhsilini xarici universitetlərdə davam etdirmək istəyir. Əvvəlki qaydalara görə, ona 1 illik akademik məzuniyyət verilirdi. Yeni qaydalara görə isə, artıq akademik məzuniyyətdə limit qoyulmur. Bundan başqa, yeni qaydalara görə, vəziyyətdən asılı olaraq ayrı-ayrı akademik məzuniyyət formaları tətbiq olunacaq. Hərbi xidmətlə bağlı məzuniyyət əvvəl 1 il 6 ay müddətinə verilirdi. Bu bir az uyğun hesab olunmurdu. Çünki hərbi xidmətdən qayıdanda müəyyən psixoloji vəziyyətlə dərhal təhsilə davam etmək məcburiyyətində qalan tələbənin təhsil keyfiyyətinə də təsir edəcək məqamlar olurdu. Bundan başqa, onun qəbul olduğu ixtisas ləğv edilirdi, ya da universitetdə həmin ixtisas üzrə tələbə qəbulu dayandırılırdı və s. Bunlar bir sıra məsələlərdə çətinlik yaradırdı. Amma yeni qaydalara görə, bu müddət 2 ilə qədər uzadılıb. Bu mütərəqqi addımdır. Bu müddət ərzində hərbi xidmətdən qayıdan və təhsilini davam etdirmək istəyən tələbə qarşılaşacağı bu və bənzər problemlərdən çıxış yolu tapa biləcək. Bu səbəbdən mən bu dəyişikliyi daha önəmli hesab edirəm. Onu da qeyd edim ki, yalnız hərbi xidmətə görə verilən akademik məzuniyyətin limiti var (2 il), digər,ailə vəziyyətinə görə, səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə, sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə, müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə görə akademik məzuniyyətlər veriləcək”.

K.Əsədov akademik məzuniyyətdən qayıdan tələbələrin sentyabr ayında deyil, məhz təhsilini dayandırdıqları semestrdən davam edəcəklərini də bildirdi:

“Tələbə dekabr ayında akademik məzuniyyət götürübsə, o qətiyyən gələn tədris prosesinə sentyabr ayından başlaya bilməz. Yəni tələbə hansı semestrdə gedibsə, qayıdanda eyni smestrdən başlayaraq təhsilinə davam edəcək. Akademik məzuniyyət zamanı itirilən dərslər kəsr yazılacaq və tələbə alt dərslərə gələrək kreditini də ödəyəcək”.

Ekspert onu da qeyd etdi ki, bəzi universitetlərdə təhsildən uzaqlaşdırılmış tələbələrin təhsilini davam etdirməsi, bərpası ilə bağlı da Kollegiya iclasında yeni qaydalar qəbul olunub:

“Belə ki, əvvəlki qaydalara görə, tələbə ödənişsiz ixtisaslar üzrə təhsil alıbsa, təhsilini yenidən bərpa edib eyni ixtisasın, eyni kursunda davam edəcəksə, bu yenə də ödənişsiz olacaqdı. Lakin yeni qaydalara görə, təhsilinin bərpası üçün müraciət edən istənilən tələbə (ödənişli və ya ödənişsiz ixtisaslar üzrə təhsil almasından asılı olmayaraq) təhsilini ödənişli əsaslar üzrə davam etdirəcək. Fərqi yoxdur, tələbə qəbul zamanı 700 bal toplamışdı, yoxsa 400 bal. Tələbə ödənişsiz əsaslarla qəbul olduğu təhsilini eyni ixtisas üzrə qəbul olduğu universitetdə deyil, bir başqa universitetdə davam etdirmək istəyirsə, ödənişsiz olaraq davam etdirə biləcək. Amma ixtisasını dəyişəcəksə, maksimum bal toplamasından asılı olmayaraq təhsilini yalnız və yalnız ödənişli əsaslar üzrə davam etdirə biləcək”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm