Dillər Universitetində bir İMTAHAN GÜNÜ - YAŞANANLAR - FOTO
Bizi izləyin

Elm və təhsil

Dillər Universitetində bir İMTAHAN GÜNÜ - YAŞANANLAR - FOTO

Azərbaycan Dillər Universitetinə 2017-2018-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədilə KİV nümayəndələrinin iştirakı ilə bu gün mediator təşkil olunub.

Publika.az xəbər verir ki, mediaturdan əvvəl universitetin tədris işləri üzrə prorektoru Əfqan Abdullayev imtahanların təşkili barədə məlumat verib.

Prorektor bildirib ki, imtahan sessiyası əyani şöbədə fevralın 5-i, qiyabi söbədə isə fevralın 8-dək davam edəcək:

“İmtahan sessiyası mövcud normativ sənədlərə uyğun təşkil edilib. Sessiyanın beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materiallarla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, sessiyanın obyektiv, qaydalara uyğun keçirilməsinə kömək məqsədilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakı təmin olunub. İmtahanlar iki növbəli təşkil edilir. Ümumilikdə, bu semester ərzində 30 minə yaxın imtahan keçiriləcək. Bu rəqəm imtahan prosesinin çətinliyi barədə müəyyən fikir yarada bilir. Lakin prosesin tam şəffaf və obyektiv keçməsi üçün bütün lazımi tədbirlər görülür”.

Daha sonra media nümayəndələri imtahan otaqlarına baş çəkib, prosesi əyani şəkildə izləyiblər. Bu gün Filologiya və jurnalistika fakültəsinin birinci kurs tələbələri imtahan verirdi. İmtahan nəzarətçiləri bugünkü imtahan prosesində hər hansı qayda pozuntusunun olmadığını bildirdi. Tələbələr də imtahan prosesində razı idilər.

Universitetdə imtahanlar yalnız yazılı aparılır. Qabiliyyət tələb edən ixtisaslar isə istisnalıq təşkil edir. Yazılı imtahanlar müəllimlər üçün ayrılmış xüsusi otaqda yoxlanılır.

Mediaturun sonunda universitetin rektoru Kamal Abdulla media nümayəndələri ilə görüşdü. Rektor universitet həyatında ən çətin dövrün məhz imtahan sessiyası olduğunu bildirdi:

“Bugünkü görüşdən sonra media nümayəndələrinin imtahan prosesi ilə bağlı irad və təkliflərini dinləməyə hazırıq. Bu təkliflər növbəti imtahanlarda nəzərə alına bilər. Ümumiyyətlə, təkcə bu gün yox, bütün sessiya boyu media nümayəndələri, valideynlər istədikləri zaman universitetə gəlib, imtahanları izləyə bilər. Əminəm ki, bu gün imtahan verən tələbələrin yaddaşında daim qalacaq”.

Rektor universitet tələbələrin problemləri və onların həlli üçün atılan addımlardan da danışdı:

“Universitetdə 6 aydır rektor vəzifəsini icra edirəm. Tələbələrin ciddi bir problemi ilə qarşılaşmamışıq. Lakin bəzi məsələlər var ki, onları tələbələrin xeyrinə həll etməyə çalışmışıq. Məsələn, əvvəl imtahanda nəzarətçi müəllimlər tam fərqli ixtisas sahibi olurdu. Artıq imtahan fənlərinə yaxın ixtisas müəllimləri seçilir. Çünki bəzən tələbə imtahan vaxtı həyəcanlanır və bir sözü xatırlamaq belə, ona kömək edə bilir. Düzdür, bundan sui-istifadə edən tələbələr oldu, bəzən müəllimlər də ürəyiyumşaqlıq edib çox kömək edirlər. Lakin nə qədər çətin olsa da, vəziyyəti nəzarətdə saxlamağa çalışırıq”.

Rektor bu ildən tələbələrin təcrübə mərhələsində yeniliyin tətbiq ediləcəyini bildirdi:

“Bu ildən tələbələrimiz yalnız Bakıdakı məkəblərdə deyil, bölgələrdə məcburi köçkün məktəblərində də təcrübə keçəcək. Bunun üçün onlar müxtəlif rayonlara ezam ediləcək, hətta kafedra müəllimləri ilə bu dövrdə mütəmadi olaraq həmin məktəblərə gedib, şagirdlərlə görüşəcək. Universitet həyatı məktəblərə daşınacaq. May ayında həmin məktəblərin şagirdləri universitetdə xüsusi konfransda iştirak edəcək”.

Söhbət zamanı “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bir çox universitetdə imtahan prosesini izlədiyini Azərbaycan Dillər Universitetində tələbələrin imtahanda sərbəstliyinin diqqətçəkən hal olduğunu dedi:

“Hesab edirəm ki, bu çox yaxşı haldır. Bu həm tələbələrin özlərinə olan inamından, həm də universitetdə onlar üçün yaradılan müsbət şəraitdən xəbər verir. İmtahan suallarının hazırlanması da tarixiliklə müasirliyin vəhdət təşkil etmək müsbət məqam idi”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev imtahan sessiyası dövründə jurnalistlər üçün belə bir imkan yaradılmasının universitet və cəmiyyət arasında sağlam münasibətin təzahürü olduğunu bildirdi.

Qeyd edək ki, imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə Operativ Qərargah yaradılıb.

Gülxar,

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm