• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Atatürkün “şapka inqilabı”ndan doğulan “Vakko” - FOTOLAR

Atatürkün “şapka inqilabı”ndan doğulan “Vakko” - FOTOLAR

Bir türk brendi olsa da, onu dünya tanıyır. Bəlkə də, bu, sahiblərinin yəhudi olmasından irəli gəlir. Lakin fakt faktlığında qalır. O, bu gün itlayan, fransız brendləri ilə müqayisə ediləcək qədər keyfiyyətə sahibdir. Söhbət “Vakko” brendindən gedir.

Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində məşhur brendin necə yarandığını təqdim edir.

“Vakko” brendi Vitali Hakko tərəfindən yaradılıb. O Hakko ki, 1913-cü ildə İstanbulun yoxsul və azlıqların yaşadığı məhəlləsində anadan olub. Atası dəmiryolçu, anası isə evdar qadın imiş. ““Yoxsulluq nədir, yaxşı bilirəm” deyən Hakko öz xatirələrində ailəsinin dəmiryolçunun kiçik maaşı ilə bitəhər dolandığını yazıb. Məktəb yaşı çatanda Vitali Kumqapıdakı fransız missionerlərinə məxsus olduğu təxmin edilən məktəbdə oxumağa başlayır. Ödənişli olan təhsil müəssisəsinin xərcini atasının işlədiyi fransız firması qarşılayır. Şirkətin verdiyi paso ilə isə yolpulunu ödəyir. Yəni qatarla pulsuz gedib-gəlmək imkanı qazanır. Ciddi rejimli məktəbdə Vitalinin dostu belə olmur. Bununla belə, hər zaman sözünü deməyi bacarır. Bir dəfə hətta məktəbin müdirinə "sizdən deyiləm, mənə kilsə duası oxutdura bilməzsiniz" deyir. Məktəb günləri uzun çəkmir. Cümhuriyyətin elan edilməsi Vitaliyə düşmür. Dəmiryollarının dövlətləşdirilməsi nəticəsində atası işsiz qalır. 10 yaşlı Vitali təhsil həyatına məcbur olaraq nöqtə qoyur. Ailənin digər üzvləri ilə birlikdə işləmək məcburiyyətində qalır. Düzdür, ilk vaxtlar anası Boxçaçı Behmoriaslardan iş götürür və bacısı ilə birlikdə dərziliyə başlayır. Amma atasının Ayancıkda “iş tapmışam deyib” evi tərk etməsi ilə çətin günləri başlayır. Çünki gedişi o gediş olur. Evin bütün yükü Vitalinin çiyininə çökür. Mahmutpaşada Spiros adlı bir rumlu mağaza sahibinin yanında işə düzəlir. İşi, əsasən, səhər dükanı açmaq, malları asmaq və küçədə “buyrun xanımlar, içəridə çeşidlərimiz var" deyə yoldan keçənləri içəriyə dəvət etmək olur. Qısa müddət sonra Kapalıçarşıdakı uşaqlıq xəyalı olan Kupidis mağazasına dəzgahdar olaraq işə düzəlir. Yalnız parça satmaqla kifayətlənmir. Kupidis mağazası daxil, bazardakı digər biznesmenlərin mağazalarının vitrinlərini tərtib etməyə başlayır.

“Vakko” brendinin yaranışı

1925-ci ildə Mustafa Kamal Atatürkün Şapka və Paltar İnqilabını reallaşdırması təkcə türk hazır geyim sənayesinin təməlini qoymur. Vitali Hakkonun həyatını dəyişdirir. 1934-cü ildə Sultanhamamda “Şən Şapka” adlı kiçik dükanı açır. Varını-yoxunu bu dükana qoyur. Restoranda yemir, kinoya getmir, hətta şənbə günləri belə işləyir. II Dünya müharibəsində öncə, yeni qurulmuş Cümhuriyyət Türkiyəsində qadına şapka geydirən və bunu yayıb dəb halına gətirən şəxsə çevrilir. Pulu olmadığı üçün 10 yaşında məktəbi yarımçıq buraxan V. Hakkonun nəinki özü, hətta anası və bacısı da artıq xöşbəxtliyin zirvəsinə yüksəlir. Artıq anası kürk geyinir, bərbəzək əşyaları taxır, Parisdən qayıdan qardaşı Əli isə agentlik açaraq iş qurur. Vitali Hakko isə öz müvəffəqiyyətini belə xatırladır: "Yaşadığım dövrdə bir çox iş adamı işə sıfırdan başladı. Mən sıfırdan belə başlamamışam. Başladığım nöqtə sıfırın altında idi. Mən və mənim dövrümdəki bir çox iş adamı tam fərqli şərtlər çərçivəsində yetişdik. Yaxşı niyyətdən, ümiddən, gələcəyə və özümüzə olan etibardan, bacarığımızdan başqa heç bir sərmayəmizin olmadığı dövrdə öz-özümüzü yetişdirdik. Gənc Cümhiriyyətin ilk nəsli idik. Bizə sürət verən Atatürk inqilabları idi. "Şapka inqilabı, paltar inqilabı baş verməsəydi, nə “Şən Şapka”, nə də “Vakko” olacaqdı".

Bu arada Atatürkün “Şapka inqilabı” Türkiyədə yaşayan yəhudilərlə xristianların dəyirmanına su tökür. Milyonlarla lirə çölə axıdılır. İtaliya və Fransada yeni və köhnə şapkalar Türkiyəyə gətirilir. İki-üç frank dəyərində olan həmin mallar ən aşağısı on lirəyə (120 Frank) satılır. Ölkədə başda bütün məmurlar olmaqla bütün vətəndaşlar şapka taxmağa məcbur edilirlər. Şapka taxmayanlar hətta həbs olunurlar. Bir sözlə, Türkiyədə şapka inqilabı səbəbindən ciddi iqtisadi-siyasi böhran yaşanır.

“İki şəhər, bir marka”

Şapka dönəmi bitdikdən sonra Vitalı biznes profilini dəyişir.Türk ipəyi, pambığı və yunundan şərflər istehsal etməyə başlayır.Vitali İstanbulda kiçik ipək istehsalı atelyesi yaradır. Türkiyədə irəliləmə və yenilənmə dövründə şapka, şarf və fabrik parçalarına təlabatın tam ödənilmədiyini görən V.Hakko hazır geyim istehsalına istiqamətlənir. 1962-ci ildə Beyoğlunda öz soyadı ilə ilk “Vakko” moda mağazasını açır. Bu mağaza Türkiyənin geyim dünyasını yeni faktla tanış edir. “Vakko Beyoğlu” nəinki o günə qədər açılan ən böyük mağazalardan biri olur. Hətta xidmət səviyyəsinə, çeşidlərinə görə hər kəsi təəcübləndirir. Burada müştərilər ilk dəfə nizamlı endirimli satış, satılan malın dəyişdirilməsi, geri alınması kimi müasir xidmətlərlə rastlaşırlar.

1968-ci ildə Merterdə cəmi sahəsi 36.000 m2, qapalı sahəsi isə 29.000 m2 olan “Vakko” fabriki tikilir. Fabrikin hər tərəfi məşhur türk sənətçilərinin şəkilləri, heykəlləriylə bəzədilir. İçərisində isə sənət qalereyası qurulur.1973-cü ildə “Vakko”nun Ankarada ikinci moda mağazası açılır. Sonrakı ildə “Vakko”nun 7 moda mağazası, “Vakko şərf”, qalstuk, köynək, Superfine mağazası və diler yaradılır. 1982-ci ildə isə Türkiyənin ilk gənclik mağazası “Vakkorama” açılır. Bütün Türkiyədə aparılan reklam kampaniyaları və “Vakko”nun məhsullarının illik moda nümayişləri brendin imicini gücləndirir. V.Hakko 2000-ci ildə “Vakkorama” mağazaları daxilində “iki şəhər, bir marka” şüarıyla Nyu-York modasını İstanbula gətirir. Daha sonra Paris, London, Milan kimi digər moda paytaxtlarından dizaynçı və markaları da daxil edən V2K designers fərqli dünya markalarını eyni dam altında birləşdirir. Rick Owens, Gareth Pugh, Aleksandr Wang, Hussein Chalayan, Preen, Ərdəm, Elizabeth & Ceyms, Bant of Outsider, Rag & Bone kimi dizaynçı və markaların məhsulları V2K designersdə yer alır.

2008-ci ildə Esenyurtda Merterdəki köhnə fabrikindən ikiqat daha böyük Vakko İstehsal Mərkəzi qurulur. 2010-cu ildə isə mərkəzi Nyu-Yorkda yerləşən məşhur memarlıq bürosu REX tərəfindən layihələndirilən Vakko Moda Mərkəzi istifadəyə verilir. 2010-cu “Vakko Wedding House” Akaretləri açılır. Hazırda “Vakko”nun 13 ana mağazasından əlavə, 3-ü xaricdə olmaqla 35 Butik Vakko mağazası və Türkiyəyə yayılmış 76 Vakko Corner, 10 Vakko Outlet, 2 Vakko Wedding House, 2 Vakko Chocolate Buduq, 2 Vakko Home, 3 Vakko Eşarp Corner, 10 Vakkorama, 2 V2K designers, 5 Vakkorama H20 mağazası var.

“Vakko”nun yeni sahibi

Bildirək ki, Vitali Hakko yaşlandığından mağazaların rəhbərliyini digər ailə üzvlərinə xüsusilə oğlu Cem Hakkoya həvalə edir. Lakin əsas nəzarəti əlində saxlayır. Tarixə şanslı bəndə kimi düşən Vitali Hakko 2007-ci ilin dekabrında vəfat edir. Şalom Sinagogunda təşkil edilən mərasimdən sonra yəhudi qəbiristanlığında basdırılır. Kiçik dükanla iş dünyasına atılan Vitali Vakko ailəsinə böyük sərvət buraxır. Bu gün onlar Türkiyənin ən varlı iş adamlarından sayılırlar.

Qeyd edək ki,” Vakkorama”nı məhz Cem Hakko yaradıb. O həmçinin Formula 1 yarışları üçün nəzərdə tutulan kompleksin İstanbulda yaradılmasında iştirak edən 3 təşkilatçıdan biridir. C.Hakko 2004-cü ildə İdarə Heyətinin rəhbəri olduğu zaman Vakko Qrupunun cəmi 24 mağazası var idi. Cem mövcud markalara W Collection, V2K designers ve Outletleri də əlavə edərək şirkətin markalarının sayını 4-ə çatdırdı. Gəlirini isə 3 dəfə artırdı.

Yeri gəlmişkən, İstanbulda yaşayan C.Hakkonun 3 övladı var Katia, Pia və Can.

Yəhudilər niyə “Vakko”nu sevmir?

Buna səbəb “Vakko”nun İtaliyada istehsal etdirdiyi 55 faiz kətan, 40 faiz yun və 5 faiz ipək qarışığı parçadan olan pencəklərdir. Belə ki, yəhudilərin inanclarına əsasən yun-kətan, pambıq-kətan kimi qarışıq parçalar haramdır. Buna görə, Cem Hakkonu tənqid atəşinə tutan yəhudilər "özü də yəhudidir, necə belə məhsul satır", "Dəyərlərimizə təhqir edir", "Dərhal pencəyi yığdırmalılar", “Vakko”dan alver etməyin” kimi bəyanatlar verirlər. Cem Hakkonun isə bu vecinə belə olmur. 2 min 590 lirəlik pencəkləri "Kətan-yun-ipək qarışığı olan parça “Vakko” üçün xüsusi hazırlanmışdır" deyərək dükanlarında satdırır.

“Vakko” şokoladları

“Vakko” təkcə geyim deyil, şokolad istehsalı ilə də məşğul olur. Şokoladlar 1989-cu ildə bəri “Vakko” mağazalarında satılır. Qutuların qiymətləri 17-165 lirə arasında dəyişir.

“Vakko”nun dünyaca məşhur gəlinliklərinin qiyməti isə 3000 lirədən 25 min lirəyə qədər gedib çıxır.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR