• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Sənə gələrəm, amma mənə "Tiffany" alsan – FOTOLAR

Sənə gələrəm, amma mənə "Tiffany" alsan – FOTOLAR

Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində "Tiffany”ni təqdim edir.

Dünyanın elə bir qadını varmı, barmağında bu ikiəsrlik brendin brilyant qaşlı üzüyünü görmək istəməsin?

Onu dəftərxana kimi yaratdılar. Sonradan zinət əşyalarının satıldığı dükana, illər keçdikcə isə dünya miqyaslı brendə çevrildi. Söhbət "Tiffany & Co”dan gedir.

Dəftərxana biznesi

"Tiffany” brendi Çarlz Luis Tiffani adlı amerikalı tərəfindən yaradılıb. Çarlz Luis 1812-ci ilin fevral ayının 15-də Killinqlidə (ABŞ, Konnektikut ştatı) zəngin sənayeçi ailəsində dünyaya gəlib. Maliyyə baxımından heç bir problemləri olmasa da, kiçik yaşlarından pul qazanmağa başlayıb. 15 yaşında Çarlz dərsdən sonra baqqal dükanında işləyib. On səkkiz yaşınadək atasının dəyirmanını idarə edib. Beləcə, biznes sahəsindəki biliklərini artırıb. Əvvəlcə kollecdə, sonra Pleynfild şəhərində akademiyada təhsil alıb. 25 yaşını haqlayanda atasından min dollar alaraq və öz işini qurmaq məqsədilə Nyu-Yorka yola düşüb. Özü ilə birlikdə uşaqlıq dostu, sinif yoldaşı Con Yanqı və bacısı Harriet Oliviya Yanqı (sonradan onlar evlənirlər) da aparır. 1837-ci il sentyabrın 18-də Brodveydə "Tiffani və Yanq” adlı dəftərxana açır. Orada istehlakçılara müxtəlif məhsullar – çini qablar, gümüş zinət əşyaları satır. Bu arada qeyd edək ki, "Tiffany & Co”nun hazırda məhsul rəngi sayılan incə mavi çaları hələ o zamandan mövcud idi. Tiffany və Yanq mallarını zərif mavi qutularda alıcılara təqdim edirdilər.

Kral ailəsinin qır-qızılını alır

1841-ci ildə Yanq və Tiffaniyə daha bir ortaq – Cey El Ellis də qoşulur. Mağaza yeni adla "Tiffany, Young&Ellis” kimi biznesini davam etdirir. Bir neçə ildən sonra obyekt çex büllurunun ən yaxşı idxalçısına çevrilir. Bura böyük həcmdə gümüşü də daxil etmək olar.

1845-ci ildə ortaqlar müştərilərə kataloq vasitəsilə məhsullarla tanış olmaq imkanı yaradırlar. Bu nailiyyətdən ruhlanan Çarlz Tiffani zinət əşyalarının istehsalı ilə məşğul olmağı qərara alır. Çoxlu sayda zərgərlik atelyesi açır. Oradakı qızıldan, gümüşdən, bahalı daşlardan hazırlanan zinət əşyaları eksklüzivliyi ilə seçilir. Bu atelyelər Amerikada təmiz gümüşdən bər-bəzək əşyaları istehsal edən ilk müəssisələr olur. Beləliklə, ilk vaxtlar gündəlik dövriyyəsi cəmi 5 dollar təşkil edən dəftərxana dükanı çox keçmir avanqard dizaynda zinət, bahalı ev əşyalarının satıldığı məkana çevrilir.

925 əyar gümüşdən qab-qacaq hazırlanması isə "Tiffany”yə daha da şöhrət gətirir. 1848-ci ildə fransız monarxiyası devriləndə ortaqlar kral ailəsindən bahalı zinət əşyaları, Mariya Antuanettaya məxsus, üzərində daş-qaşlar olan karset satın alır. Bunun ardınca 128,51 karatlıq, dünyada ən böyük və yaxşı sarı almazı əldə edirlər. Nəticədə bu sərmayələr öz bəhrəsini verir. İmkanlı amerikalılar Avropa aristokratiyasına məxsus bu zinət əşyalarına böyük həvəslə pul sayılar.

Brendini yaradır

1851-ci ildə "Tiffany & Co" gümüşdə 925/1000 standart əyarı tətbiq edən şirkət olur. 1853-cü ildə iş adamı ortaqlarından biznesdəki paylarını satın alır. Beləliklə, Çarlz zərgərlik evinin tək varisi olur. Qurduğu şirkətə "Tiffany & Co” adını verir. 1862-ci ildə ABŞ-da vətəndaş müharibəsi başladığı zaman Çarlz ordunu silah, dərman ləvazəmatları ilə təmin edir. Bir qədər sonra isə şirkətin dizaynerləri Amerika ordusunun yüksək çinliləri üçün parad qılıncları (Model 1840 Cavalry Saber) hazırlayır.

1867-ci ildə “Tiffany & Co” Parisdə keçirilən sərgidə mükafat alan ilk Amerika zərgərlik şirkəti olur.1870-ci ildə "Tiffany & Co” Amerikanın 1 nömrəli daş-qaş təchizatçısına çevrilir. 1886-cı ildə şirkət ilk dəfə alıcılara nişan üzükləri təqdim edir. Amerikalı yazar Truman Capotenin öz romanına "Breakfast at Tiffany” adını verməsi isə brendi daha da məşhurlaşdırır.

1871-ci ildə yapon stilində məşhur gümüş yemək dəsti “Audubon” satışa təqdim edilir. 1940-cı ildə “Tiffany” saat, 1990-cı ildən parfümeriya biznesinə daxil olur. Qadınlar üçün “Trueste” ətirləri istehsal edir.

Biznesini oğluna vəsiyyət edir

19-cu əsrdən mövcud olan "Tiffany” qiymətli daşlarla zinət əşyalarının şəriksiz lideri sayılır. Araşdırmalara görə, Çarlz Tiffaninin uğuru ekstravaqantlığa üstünlük verməsindədir. Onun mağazalarında satılan əşyaları başqa yerdə tapmaq olmurdu. Biznesinə qoyduğu geniş fantaziya Çarlza yaxşı divident gətirirdi. 1902-ci ildə Çarlz Tiffaninin vəfatından sonra zərgərlik evinin idarəçiliyi oğlu Luis Komfort Tiffaniyə keçir. Yeri gəlmişkən, həmin zaman artıq "Tiffany” Şimalı Amerikanın ən məşhur şirkəti idi. Şirkətin kapitalı isə 2 milyon dolları aşmışdı.

Onu da bildirək ki, həyatda ikən Çarlz oğluna böyük ümidlər bəsləməyib. Çünki onu kifayət qədər diqqətli və məqsədyönlü hesab etmirdi. Amma demək olmazdı ki, Luiz bacarıqsız idi. "Tiffany & Co”nun sahibi olana qədər onun "Tiffani Atelyesi” adlı firması var idi. Hansı ki rəngli şüşə çalarlı vitrin şüşələri və masa lampaları istehsal edirdi. Bundan əlavə, o, möhtəşəm dizayner kimi tanınırdı. Məsələn, 1882-ci ildə prezident Çester Artur Luizi Ağ Evin dizayn layihəsi üzərində işləməyə dəvət edib.

Atasının ölümündən sonra Luis ona miras qoyulan işə yeni nəfəs gətirir. O, "Tiffany & Co”nun ilk art-direktoru olur.

Birinci xanımların sevimli brendi

"Tiffany” brendi mövcud olduğu gündən istedadlı zərgərlərlə əməkdaşlıq edib. Bu sırada Paloma Pikkaso, Anjela Kamminqs, Jan Şlyumbmerqer, Eliza Peretti digərlərinin adını çəkmək olar. Onların zərgərlik sahəsindəki peşəkarlığı sayəsində "Tiffany”yə nəinki ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Meksikada, İtaliyada, Yaponiyada, Çində, hətta Azərbaycanda rast gəlmək olar.

"Tiffany”nin alıcıları arasında məşhurlar, siyasi xadimlərin xanımları, birinci ledilər çoxluq təşkil edir. Xüsusilə prezidentlərin xanımlarında "Tiffany” brendindən zinət əşyasını görməmək mümkün deyil. Bu ənənə isə Amerikanın ən məşhur prezidentlərindən biri Avraam Linkolnla başlayıb. Belə ki, sevgi nişanəsi olaraq, 1861-ci ildə prezident Linkoln həyat yoldaşı Meri üçün "Tiffany”dən mirvari boyunbağı sifariş verib. Bu zinət əşyasını birinci xanım 1862-ci ildə rəsmi açılışda taxıb. Onun ardınca prezident Eyzenhauer həyat yoldaşına "Tiffany”dən çələng formasında qızıl boyunbağı alıb. 1904-ci ildə isə Franklin Ruzvelt sevgilisinə "Tiffany”dən aldığı nişan üzüyü ilə evlənmək təklifi edib. Jaklin Kennedi həyat yoldaşına "Tiffany”dən çiyələk formasında yaqut və brilliant qaşlı broş satın alıb."Tiffany”nin daha bir ekstravaqant satışı isə 1894-cü ildə gerçəkləşib. Zərgərlik evi amerikalı aktrisa Lilian Rassel üçün gümüşdən velisoped hazırlayıb.

İllik 100 milyon gəlir

Nəzərə çatdıraq ki, brendin təklif etdiyi qiymətlər bahadır. 150 dollardan başlayaraq, milyon dollara qədər yüksəlir. "Tiffany”də gümüş, qızıl, brilyant, eləcə də digər bahalı daş-qaşlardan, metallardan zinət əşyalarına rast gəlmək olur. Onu da deyək ki, baha qiymətlərin müqabilində şirkətin gəlirlik səviyyəsi də pis deyil. 2013-cü ildə Tiffany & Co.-nun xalis gəlirləri 94,6 milyon dollar olub. Aktivləri 4,73 milyard dollara çatıb.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR