• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Zəfər tanrısının adı ilə - Jurnalist necə brend sahibi oldu

Zəfər tanrısının adı ilə - Jurnalist necə brend sahibi oldu

Bu markanın məhsulları Amerika basketbol ayaqqabısı bazarının 95 faizini tutur. Ən çox gəlir əldə edən idman brendi sayılır.

Asiyanın elə ölkəsi yoxdur ki, orada bu şirkətin istehsal zavodlarına rast gəlinməsin. Söhbət cəmi 500 dollar investisiya ilə bazara daxil olan və bu pulları milyardlara (10,7 milyard dollar) çevirən “Nike”dən gedir.

Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində idmançıların sevimli brendini - “Nike”ni təqdim edir.

Niyə “Nike”?

Şirkət 1964-cü ildə “Blue Ribbon Sports” adı altında yaradılıb. 1978-ci ilin mayın 30-dan rəsmən “Nike, Inc” adlandırılmağa başlayıb. Brendin adı yunan mifologiyasındakı zəfər tanrısı Nikedən götürülüb.

İllərlə məşhur idmançılara öz məhsullarını reklam etdirib və Türkiyə, Braziliya, Hollandiya, Portuqaliya və bir sıra milli komandalar “Nike, Inc” şirkətinə geyim dəsti sifariş veriblər. Bu gün təkcə milli komandaların deyil, klubların da – “Manchester United”, “Porto”, “Celtic”, “Inter”, “Trabzonspor”, “Galatasaray SK” və “Barcelona”nın formaları “Nike”nin istehsalıdır.

Aşağı maaş, bahalı qiymət siyasəti

Böyük pullar gətirən “Nike”nin məhsulları Çin, İndoneziya, Meksika, Pakistan kimi üçüncü növ ölkələrin zavodlarında istehsal edilir. Səbəb də bu dövlətlərdə ucuz əmək qüvvəsinin olmasıdır. İttihamlara görə,”Nike” bəzi yerlərdə işçilərinə hətta ayda cəmi 40 dollar ödəyirmiş.

Maraqldır ki, istehsala az pul xərclənsə də, brendin məhsulları kifayət qədər bahadır.

“Nike”ni kim və niyə yaradıb?

Əslində, şirkətin istehsal profili yaradıcısı haqqında ilkin informasiyanı verir. “Nike” Fil Nayt adlı tələbənin beyninin məhsuludur. Düzdür, universitet komandasında yüngül atlet olan Fil Nayt şirkəti tələbə yoldaşı, məşqçisi Bill Bauermanla birgə qurub. Amma biznesin ideyası ilk dəfə Filin ağlına gəlib. Səbəb də həmin dövrdə alternativ seçimlərin olmaması idi. Belə ki, bazarın rəqibsiz sahibi “Adidas” həddən artıq baha satılırdı. Məsələn, Amerika istehsallı idman ayaqqabıları 5 dollar təşkil etdiyi halda “Adidas” ayaqqabıları 30 dollar idi. “Ucuz ətin şorbası olmaz “deyimi burada bütün anlamı ilə özünü doğruldurdu. Yəni, adi idman ayaqqabıları qaçışdan sonra ayaqlarda ağrı yaradırdı. Başqa tərəfdən peşəkar idmançılar 30 dollarlarından keçib “Adidas” alsalar da, həvəskarlar üçün situasiya kritik idi.

Belə şəraitdə Fil əsl biznesmenə xas çıxış variantı tapır: Asiya bazarlarına idman ayaqqabıları sifariş verib, onları Amerika bazarında satmaq kimi. Yaratdıqları “Blue Ribbon Sports” (BRS) şirkəti əvvəlcə yapon idman ayaqqabı istehsalçısı “Onitsuka Tiger”in (ASIC) rəsmi distribüteri kimi çıxış etməyə başlayır. Yeri gəlmişkən, ilk vaxtlar ayaqqabıların satışı Naytın furqonunda və ya səyyar şəkildə aparılırdı. Fil özü küçə-küçə dolaşıb ayaqqabıları təklif edirdi. Nəticədə, “BRS” bizneslərinin ilk ilində –1964-cü ildə 1300 cüt yapon idman ayaqqabısı satmağa müvəffəq olur və ümumilikdə 8000 dollar gəlir əldə edir. Bir il sonra tam iş rejiminə keçən şirkətin gəliri 20 000 dollara yüksəlir.

35 dollarlıq loqotip

Bir müddət sonra ortaqlara istedadlı menecer Ceff Conson da qoşulur. Ceff özü də idmançı olduğundan bu sahənin adamlarına yaxınlaşmağın yollarını bilirdi. O, məşhur idmançıların siyahısını tutur və hər biri ilə şəxsən görüşür. Bu zaman idmançıların məşq, yarış prosesində hansı ayaqqabı geyindiklərini müşahidə edir, çatışmazlıqlarla maraqlanır, hətta onları satdıqları ayaqqabılarla tanış etmək üçün Filin qarajında yerləşən ofislərinə dəvət edir. Ceffin bütün bu hiylələri öz bəhrəsini verir. 1965-ci ildə Fil və Bill şirkətin adını dəyişib “Nike” qoyurlar. Karolin Deyvidson adlı tələbəyə isə 35 dollar qarşılığında “Nike” nin məşhur loqotipini – “Swoosh”u hazırlatdırırlar.

1971-ci ildə “Nike” adı altında öz ayaqqabılarını bazara çıxaran şirkət bir il sonra kolleksiyasını təqdim edir. 1975-c ildən isə “Nike”nin məşhur “vafli” altlıqlı ayaqqabları dükanlarda peyda olur. Altlıqların belə dizaynda hazırlanmasının maraqlı tarixçəsi var: Yazılanlara görə, Bill həyat yoldaşının vafli hazırlayan qabından rövnəqlənib. Onun ideyası bazarda özünü doğruldur. Çünki belə atlıqlarla hərəkət etmək asandı, eyni zamanda, ayaqqabılar çox yüngül idi.

1978-ci ildə “Blue Ribbon Sports” rəsmi şəkildə “Nike, Inc” adlandırılır. Elə həmin ildən etibarən “Nike” ayaqqabıları Avropada da satılmağa başlanır. Beləcə, marka qısa müddətdə ABŞ sərhədlərini aşır.1980-ci ildə “Nike” idman ayaqqabıları bazarının 50 faizini ələ keçirməyi bacarır və “Adidas”, “Puma” kimi markalara meydan oxuyur.

24 milyard dollarlıq gəlir

Hazırda “Nike” təkcə ayaqqabı deyil, köynək, şortik, kostyum, eləcə də bir sıra idman geyimləri istehsal edir. Məhsullarını “Nike”, “Nike Golf”, “Nike Pro”, “Nike+”, “Air Jordan”, “Nike Skateboarding” və törəmə “Hurley International”, “Converse” brendi altında satır.

Fəaliyyəti dövründə “Nike” bir çox geyim şirkətlərini satın alıb. Bu sırada xüsusən yüksək keyfiyyətli ayaqqabı brendi “Cole Haan”ı (1988) və “Bauer Hockey”in (1994) adını çəkmək olar. 2002-ci ildə isə “Nike” geyim şəbəkəsi “Hurley International”i satın alır. 2004-cü ildə isə İngiltərə yığma komandasının geyim dəstini hazırlayan “Umbro”nu əldə edir. Lakin sonradan “Nike”əsas diqqəti ilkin biznesinə yönəltmək üçün törəmə şirkətlərinin çoxunu aldığı kimi də satır. Məsələn, 2012-ci ildə “Umbro”, “Bauer Hockey”, 2013-cü ildə isə “Cole Haan” satılır. 2013-cü ilin məlumatına görə, “Nike” iki törəmə şirkətə – “Converse” və “International”a sahibdir. 2013-cü ilin sentyabrından Dou-Djons sənaye indeksinə daxil edilib.

“Nike”nin illik gəliri

Şirkət idman avadanlıqları, geyim istehsalından başqa “Niketown” adı altında pərakəndə mağazalar şəbəkəsini idarə edir. Eləcə də,, çoxlu sayda idman komandasının və idmançının sponsorudur. 2011-ci ildə “Nike Inc”in dövriyyəsi 20,86 milyard, əməliyyat gəliri 2,85 miylard , xalis gəliri 2,13 milyard dollar olub. 2012-ci ildə dövriyyə 24,1 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə şirkətin gəliri 16,325 milyon, xalis gəliri 1,491 milyon dollar idi. Bazar dəyəri 10,7 milyard dollar təşkil edən brendin daxil olduğu “Nike Inc”də 44 min nəfər işləyir. Şirkətin prezidenti Mark Parker, idarə heyətinin rəhbəri isə Fil Naytdır.

Yaradıcı haqqında maraqlı faktlar

Dünyanın varlı iş adamlarının siyahısında 56-ci yerdə olan14,4 milyard dollar sərvətə sahib Fil Nayt bakalavr təhsili jurnalistika, magistr təhsilini isə iqtisadiyyat üzrə alıb. Stanfor Universitetini bitirdikdən sonra firmalardan birinə mühasib vəzifəsinə düzəlib. İşlə bağlı günlərin bir günü Yaponiyada səfərdə olarkən “Tigers” idman ayaqqabıları istehsal edən “Onitsuka” fabrikində olub. Onun biznes imperiyasının tarixi də belə başlayıb. Nayt çoxdan beynindən keçirdiyi ideyanı reallaşdırmağı qərara alıb. 1964-cü ildə ABŞ-a qayıtdıqdan sonra köhnə yük maşını ilə ayaqqabı ticarətinə start verib. İlk vaxtlar heç kim onu ciddiyə almasa da, müəyyən müddətdən sonra “Adidas” kimi brendlə yarışacaq səviyyəyə yüksəlib. Fil Nayt özü bu haqda belə deyir: “Sektorda liderliyi qoruyub saxlamaq üçün hər dəfə yeni bir şey təklif etmək lazımdır. Bilin, digərlərinin ağlına gözəl ideyalar gəlirdi və biz onları realizə edirdik. Bunlardan biri də vafli altlıqlı ayaqqabılardır. “Waffle Trainer” ayaqqabıları illərdir Amerika bazarında ən məşhur idman geyimi sayılır. Həmişə istehsal xərclərimizi aşağı həcmdə saxlamağa çalışmışıq. ”Puma”, “Adidas” kimi şirkətlər öz məhsullarını insan əməyinin baha olduğu Avropa ölkələrində istehsal edirlər. Amma biz Asiyada bu məhsulların ucuz başa gəldiyini bilirdik. Buna görə də, istehsal prosesini idarə etmək məqsədilə özümüzün ən yaxşı menecerlərimizi ora göndərdik”.

Maykl Cordanla məşhurlaşan “Nike”

Maraqlıdır ki, “Nike”nin ilk reklam çarxına o zamanlar adı heç kimə məlum olmayan Maykl Cordan çəkilib. 1984-cü ildə idmançı ilə müqavilə bağlayan şirkət hətta buna görə tənqidlərə də məruz qalıb. Hamı “Nike”nin bu müqavilədən itirdiyini düşünürdü. Lakin illər keçdikdən sonra Maykl təkcə özünə deyil, “Nike“ da dünya şöhrəti gətirir. Hətta brendin “Air Jordan” ayaqqabıları məhz Cordan üçün istehsal edilib.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR