• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Mango”da hamı türkcə danışır - Bir brendin tarixi

“Mango”da hamı türkcə danışır  - Bir brendin tarixi

Onlar sektora, sadəcə, şanslarını sınamaq üçün daxil olublar. Orta təbəqənin cibinə hesablanmış geyimlər istehsal etməklə tez bir zamanda məşhurluq qazana biliblər. Bütün geyim kolleksiyası İspaniyada hazırlansa da, istehsal əməyin ucuz olduğu ölkələrdə, ən başlıcası, Çində həyata keçirilir. Söhbət “Mango” brendindən gedir. Onu da qeyd edək ki, bu brendin yaradıcıları Türkiyədə anadan olublar. Onların məhz türk əsilli olması ilə bağlı versiyalar da dolaşmaqdadır.

Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində “Mango”nun yaranma hekayəsini təqdim edir.

İspan brendi sayılan “Mango” İsak və Naman Andik qardaşları tərəfindən yaradılıb.

Andiklərin babası 500 il əvvəl İspaniyadan Türkiyəyə köç edib. İsak və Naman İstanbulda anadan olublar. 1970-ci ildə yerli malın qorunması məqsədilə qüvvəyə minən qanundan sonra atalarına məxsus idxal şirkətinin iflas etməsinin ardınca ailələri ilə birlikdə İspaniyaya köçüblər. İsak biznes sahəsində şansını da burada sınayıb və 17 yaşında iş həyatına atılıb. Türkiyədən kiçik miqdarda tekstil məhsulları idxal edərək onları pərakəndə şəkildə mağazalara satıb. Az sonra qardaşı ilə birgə biznesini genişləndirməyi qərara alıb.

1984-cü ildə onlar Barselonada öz mağazalarını açırlar. İlk vaxtlar əsas məqsədləri orta təbəqənin qızları üçün geyim tikib satmaq olan qardaşlar “Mango” adlı brendin əsasını qoyurlar. Marka tez bir zamanda özünü doğruldur. Artıq 1985-ci ildə Barselonada “Mango”nun 5 yeni dükanı fəaliyyət göstərməyə başlayır. Yeri gəlmişkən, fəaliyyətə başladığı ilk illərdə “Mango Punto Fa S.L.” istehsalı İspaniyada aparsa da, müəyyən müddət sonra bunun üçün ucuz ölkələri seçirlər. Gəlirin artmasında brend franşizaların satışına dair qərar böyük rol oynayır. Bununla da, qardaşlar Barselonadan kənarda dükanlar açırlar. 1995-ci ildə Portuqaliyada dükanlarını açmaqla beynəlxalq miqyasa çıxırlar. Artıq 2000-ci ilədək Andiklərin 50-dən çox ölkədə mağazası açılır. 2008-ci ildə İsak və Naman “H.E. by Mango” kişi geyimi kolleksiyasını təqdim edirlər. Brendin kişi xətti İspaniyada yaxşı satılsa da, beynəlxalq bazarda uğur qazanmır. Buna görə də, qardaşlar yalnız Barselonada kişilər üçün mağaza yaradırlar.

Onu da bildirək ki, brendin kişi kolleksiyası özündə iki xətti - Urban (şəhər stilində geyimi), Greenforest ( kreativ dizaynda geyimi) əks etdirir.

Mağazaların gəlirləri 2 milyard avro olub

Meyvə adi ilə lisenziyalaşdırılan şanslı “Mango”nun hazırda 2500-dən çox mağazası , 2 milyard avroluq dövriyyəsi var.“Mango” dünyanın 109 ölkəsində fəaliyyət göstərir. Satış həcminə görə onlar arasında İspaniya birinci sıradadır. Bu həm də ona görədir ki, “Mango”nun İspaniyada daha çox mağazası var. Ondan sonrakı yerləri Fransa, Rusiya və Türkiyə bölüşür.

“Mango” adı hardan gəlir?

Əslində, manqo tropik meyvə adıdır. Meyvə adı ilə geyim istehsal edilməsinin tarixi İsak Andikin Filippində mango ilə tanışlığından başlayır. Belə ki, 1984-cü ilədək Andiklərə məxsus 7-8 mağaza olsa da, onlar fərqli adlarla fəaliyyət göstərirdi. Lakin perspektivin tək bir markada birləşməyin olduğunu düşünən İsak Andik əvvəlcə iki markanın lisenziyasını alır. Bunlardan biri “Scooter”, digəri isə “Bubble” olur. Hər iki marka bazarda yerini tuta bilmir.

Bir gün Filippinə istirahətə gedən İsak orada manqonun dadına baxır. Meyvənin dadı o qədər xoşuna gəlir ki, yeni markanın məhz belə adlandırmağı qərara alır.

“Çox yaxşı iybilmə qabiliyyətim var”

İsak Andikin özünün dediyinə görə, sektora daxil olanda, sadəcə, şansını sınamaq istəyib: “1970-ci illərdə Türkiyədən İspaniyaya bez köynəklər gətirməyə başladım. Gətirdiyim bu məhsulların mağazalara pərakəndə satışını həyata keçirirdim. İşlər yaxşı getdiyindən İspaniyada mağaza açmağı qərara aldım. Əslində, çox yaxşı iybilmə qabiliyyətim var. Amma iş həyatında mənim üçün ən əhəmiyyətli şey insan faktorudur. Ətrafıma yaxşı insanları topladım. Düzdür, ilk əvvəl yoldaş tapmaq çətin idi. Çünki fərqli mədəniyyətlə qarşılaşmışdım. Lakin buna nail oldum”.

İsak pərakəndə satışdan böyük şəbəkənin yaranmasınadək uzanan səfərə necə başladığını belə izah edir: "Bir gün köhnə dostlarımdan birinə dünyanın hər yerində mağaza açmaq arzumun olduğunu dedim. Arzuma çatmaq məqsədilə gərgin işlədim. Lazımlı təşkilatı qurdum. İnsanlara hədəflərinə çatmaq üçün gərəkli olan əzmi verdim. Və bacardım”.

“Hər kəs eyni cür geyinmək istəyir”

Bütün dünyada markanın davamlılığına necə nail olmasına gəlincə, İsak Andik bu suala çox lakonik cavab verir. Deyir ki, dünya kiçilib. Hər kəs eyni cür geyinmək istəyir. Tək problem bədən ölçüləri və iqlimdir: “Məsələn Tailand, Sinqapur və Honq-Konqda sentyabr ayı çox isti olur. Şimali Rusiya və Avropada isə, əksinə, soyuq. Buna görə nizamlama etmək məcburiyyətindəyik. Biz kolleksiyadan çox bu mövzuda çətinlik çəkirik. Əlbəttə, kolleksiya edərkən hər mədəniyyətin nəyə ehtiyacı varsa, ona da önəm veririk. Belə ki, ərəblər üçün daha uzun ətəklər istehsal edirik”.

Bildirək ki, “Mango”nun bir dizayn mərkəzi var: bütün kolleksiya İspaniyada hazırlanır.

Şirkətdə gizli danışıq dili türk dilidir

Ailənin doğulduğu ölkə olaraq “Mango”nun fəaliyyətində Türkiyə xüsusi yer tutur. Hətta 1997-ci ildə Türkiyədə ilk “Mango” mağazası açarkən şirkət rəhbərliyinin kövrəldiyi də söylənir. Hazırda “Mango”nun Türkiyədə 20-dən çox mağazası fəaliyyət göstərir. Qeyd etdiyimiz kimi, şirkətin gəlirlərinin həcminə görə də Türkiyə bazarı 3-cü sırada yer alır. Təkcə 1 ildə bu ölkədəki satışdan 65 milyon avro əldə edilib. Bu arada “Mango” Türkiyədəki biznesini genişləndirməyi düşünür. Şirkətdə türklərin idarəçi vəzifələrdə təmsilçiliyinə də xüsusi önəm verilir. Məsələn, Avstraliyada işlərin başında türk dayanır. 2000-ci ildə “Oxford"da “flagship store” (admiral gəmisi mağazası) açarkən də işlərə rəhbərlik türklərə həvalə olunmuşdu. Digər məqam şirkətin rəhbərliyinin Türkiyəyə tez-tez səfər etmələri, hələ də türkcə danışmalarıdır. Bir zamanlar “Mango"nun Türkiyədən İspaniyaya köçən vitse-prezidenti İsak Halfon deyir ki, rəhbərlikdən kiminsə onları başa düşməsini istəməyəndə öz aralarında türkcə danışırlar.

Reklama böyük pullar xərclənir

Müxtəlif illərdə “Mango”nun reklam kompaniyalarında Naomi Kempbell, Karolina Kurkova, Mila Yovoviç, Penelopa Krus çəkiliblər. 2011-ci il payız-qış, yaz kolleksiyasında isə “Mango”nun yeni siması Skarlett Yohansson olub. 2012-ci il “Mango”nun qış kolleksiyasının reklam kompaniyasına model və balerina Karlie Kloss çəkilib.

“Mango Punto Fa S.L.”in 16 ortağı var

Yeri gəlmişkən “Mango Punto Fa S.L.” həm də bir ailə şirkətidir. Şirkətin 16 nəfərlik ortağı var. Eyni zamanda, Andiklərin övladları şirkətin rəhbərliyində təmsil olunurlar. Belə ki, İsak Andikin oğullarından Jonathan “Mango”nun icraçı vitse-prezidenti, Judith isə dizayn sahəsində işləri aparır.

“50 yaşımdan sonra özümə zaman ayrıdım”

Üç övlad atası olan İsak Andik boşanıb və Barselonada yaşayır. On yeddi yaşından qırx yaşınadək gərgin işləyən İsak Andik 50 yaşına yaxınlaşanda özünə daha çox vaxt ayırmağa başlayıb. Özünün də dediyi kimi, həyatdan keyf almağa qərar verib. Bununla belə, yenə də hər səhər 9-da işə gedir və axşam 6-ya qədər işləyir.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR