• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sofi Loren - pərdədən paltar geyinən mələk

Sofi Loren - pərdədən paltar geyinən mələk

Sofiya - yunan dilindən tərcümədə "müdriklik" deməkdir. Bu xanım doğrudan da öz həyatını müdriklik üzərində qurub. Qadın üçün lazım olan ən dəyərli varlıqlar onun taleyində olub: başgicəlləndirici məşhurluq, xoşbəxt ailə və hisslərin ən ülvisi analıq...


Yəqin ki, heç kim tarixi ən azı 40 ili keçən “Dəniz şahzadəsi” adlı müsabiqənin qalibi - Şikoloneni tanımaz. Sonradan bu gözəl qalib Sofi Loren oldu. Maraqlıdır, görəsən aktirsanın yaradıcılıq fəaliyyəti xanım Ponti soyadını götürməsəydi necə olardı?

Müsahibələrində etiraf edir ki, “Hər 3 familiya birlikdə təkcə - MƏNDİR!”.

İtaliya möcüzəsi

“Məgər mən belə bir insanın anası rolunu oynaya bilərəm?”-deyə aktrisa Anna Manyani filmdə Çezarinin anasını oynayacağına öz etirazını bildirdi. Çezari rolunu sonradan dünya şöhrətli aktrisa, gözəllik etalonu olan Sofi Loren oynayacaqdı və onu milyonlarla kişilər, hətta İtaliya kinematoqrafiyasının boz kardinalı olan Karlo Ponti də ilahiləşdirəcəkdilər.

Enlikürək, balacaboylu rəngli corablarda gəzən Karlo Milan küçələrində alma satanlara oxşayırdı. 16 yaşlı Sofi onda nə tapmışdı? Cavab çox bəsit idi, Karlo məşhur prodüser, Sofi isə adi model idi, lakin çox böyük məqsəd və iddiaları var idi...

Bir may gecəsi Sofiya dostları ilə yeməkdə olarkən onlara studiyaların birinin administrasiyasından bir gənc yaxınlaşdı və onu sınaq kino çəkimlərində iştirak etmək üçün dəvət etdi. Qız bu təklifə çox təəccübləndi. Karli Ponti isə məsələyə belə münasibət bildirir: “Mənə elə gəlir ki, mənim istedadlara qarşı hissiyyatım var. Mən Cina Lollobridjiyə, Alide Valliyə və digərlərinə kömək edə bilmişəm. Sizin çox maraqlı simanız var. Sabah gəlin baxaq, görək ekranda necə görünürsünüz?”

Sofiya Şikolone təklifi qəbul etdi. O, bu görüşə bəlkə də elə 16 il idi ki, hazırlaşırdı. Kim düşünə bilərdi ki, kasıb Pitsuoli qəsəbəsindən olan bu qız Romaya qədər gəlib çatacaq. Qonşu oğlanlar onun dalınca “Kürdan” (diştəmizləyən) deyə qışqırırdılar. Onun çox arıq olmasının isə tək səbəb vardı - PULSUZLUQ.

Onlara kömək etməli olan atası da yox idi, anası Sofiyaya hamilə olarkən atası anasını atıb getmişdi. Sofiya böyüyürdü, boyu 1.73, gözəl bədən forması kişiləri ona tərəf baxmağa məcbur edirdi.14 yaşı olarkən bədən tərbiyəsi müəllimi onlara gəlib onunla evlənmək istədiyini bildirdi. Anası başa düşdü ki, artıq hərəkət etmək lazımdır.

Zaman öz işini gördü... Sofi Loren haqqında “İtaliya möcüzəsi” kimi danışmağa başladılar, onunla ayaqlaşmağa cəhd göstərdilər.

Kimin ağlına gələrdi ki, Neapolda keçirilən gözəllik yarışmasında ilk dəfə səhnəyə çəhrayı pərdəlikdə çıxan, ayaqqabıları ağ boya ilə boyanan bu qız dünyaca məşhur olacaq. Amma elə o zamanda bu qız münsifləri öz zərifliyi, dilbərliyi, yerişi ilə sarsıtdı.

Məşhur prodüserə etiraz edən qız

Sofiya doğularkən qonuşusu anasına demişdi ki, “Kaş bu uşaq doğularkən öləydi. Sənin bu kasıb həyatında o yazıq qız necə yaşayacaq?”.

Amma düz 16 ildən sonra Sofiya Karlo Pontinin - İtaliyanın ən məşhur kinoprodüserinin qarşısında idi və nəticəni gözləyirdi. “Burnunu qısaltmaq və arıqlamaq lazımdır” - Pontinin qızcığaza deyəcəyi ilk söz bu oldu.

Lakin gənc aktrisa elə o zaman öz xasiyyətini göstərdi. Başını qaldırıb “Yox” deyərək öz etirazını bildirdi. Bu onun ilk etirazı idi.

Sonradan Sofi bildirirdi ki, “Mən çox kasıb olsam da, istəyirdim ki, hamı məni necə varamsa elə də qəbul etsin. Zamanla bu mənim xeyrimə işləməyə başladı, mən özüm idim və uğurumun səbəbi də bəlkə bu idi”. O, günlərlə Pontinin idarəsinin qarşısında ən kiçik bir rol üçün gözləyirdi. Lakin Loren demişkən, şans həmişə var. Hər səhər Pontinin qəbuluna getməzdən əvvəl güzgü qarşısında saatlarla vaxt keçirirdi. Hər dəfə Pontinin katibəsi üçün nə isə kiçik bir hədiyyə aparardı.

Karlo Sofiyadan 20 yaş böyük idi, təcrübəli və ağıllı idi. Şöhrətə gedən yol çox çətin və keşməkeşli idi. Əyalətdən olan kasıb Sofiyaya ən çox intim səhnələrdə rol almağı təklif edirdilər, əvvəllər o, bunların hamısını rədd edirdi.

Lakin getdikcə maddi cəhətdən yaşamın çətin olduğunu görüb Sofiya Lazarro adı ilə rollar ifa etməyə başladı.

Sonradan Karlo Ponti bütün bu filmləri satın almışdı. Axır ki, o istəyinə nail oldu, Karlo onu “Afrika dənizlər altında”filmində baş rola təsdiq etdi. Lakin kino üçün Şikolone familiyası uğurlu deyildi. Ponti çox düşündükdən sonra aktrisa Marta Torenin plakatındakı Toren familiyasını Lorenlə əvəz etdi və Sofi Loren alındı. Ponti onun üçün müqavilə hazırladı. Bu müqaviləyə əsasən rejissor Vittorio De Sika Lorenin iştirakı ilə ildə bir film çəkməli idi. Kino tənqidçilərinin diqqətini Loren ilk dəfə Vittorio Sikanın 1954-cü ildə çəkdiyi “Neapolun qızılları” filmində cəlb etmişdi.

Bu filmdə o, neopolitikan qızı oynamışdı, o, elə bil ki özünü oynamışdı. Sika bu qızda əsl istedadı kəşf etmişdi və Sofinin bütün yadda qalan rolları onun filmlərində çəkilmişdi.1961- ci ildə Jan Pol Belmando ilə oynadığı “Çoçara” filmi ən yaxşı qadın roluna görə “Oskar”-a layiq görülmüşdü.” Dünən, bu gün, sabah”(1963),”İtaliyasayağı nigah”(1964-də Moskva festivalının mükafatı), “Günəbaxan”(1970) filmləri onu şöhrətləndirdi. Son 3 filmdə Sofi Marçello Mastroyani ilə tərəf müqabil olmuş, bununla dünya kino sənətində ən yaxşı duet yaradıblar.

“Bokkaço 70”, “Altonanın rahibləri”, “Dünən, bu gün, sabah”, “İtaliyasayağı nikah” kimi filmlər onu şöhrətləndirdi, onu İtaliyanın möcüzəsi etdi. Sofi Loren yaradıcılığının zirvə nöqtəsi onun “Çoçara” filmində yaratdığı ana obrazı olmuşdur.

Sofi Loren əsri

O, tamaşaçılara, öz prodüserinə çox minnətdar idi. Sofiya onun simasında əsl kişi obrazı görürdü. Ponti əsl kişi simvolu idi, Sofi özü üçün elə belə bir kişi təsəvvür edirdi. Bir dəfə Sofi Ponti üçün gözəl bir İtalya tortu hazırladı. Həyatının ilk 16 ilini yarıac-yarıtox keçirən Sofiya kulinariyanın sirlərini gözəl bilirdi. İtalyan kişisinin ürəyini o artıq ələ alınmışdı. Lakin Ponti evli idi.

“Evli kişilər həyatlarında heç nəyi dəyişmək istəmirlər, əgər o ailəsinə bağlıdırsa, onu dəyişmək çətindir. Ona elə təsir etmək lazımdır ki, kişi bu addımı ata bilsin” deyən Loren çox hiyləgərliklə hərəkət edirdi. “Ev qayığı” filmindəki partnyoru olan Keri Qrant Karlonu nə isə etməyə məcbur etdi. Hər gün Lorenə gül dəstələri göndərilir, bəzən müəllif göstərilmirdi, lakin Loren ona kimin gül göndərdiyini bilirdi.

Pontiyə şayiələr çatdı ki, Sofi ilə Qrant arasında eşq macərası yaşanılır. Bu bir tərəfdən filmin piarına təsir edir, digər tərəfdən isə Lorenin seks-simvol kimi tanınmasına kömək edirdi. Bu jestlər öz təsirini göstərdi, Ponti öz arvadı ilə boşanıb, Lorenlə gizli olaraq Meksikada evləndi. Sofi aclığa, kasıblığa qalib gəlsə də, Vatikana qalib gələ bilmədi. Vatikan Pontini çoxarvadlı elan etdi. Katolik qaydalarına görə Ponti günahkar sayılırdı.

İtaliya onları baykot etdi, mətbuat onları sakit qoymurdu. Sofiya və Karlonu yalnız 9 aprel1966-cı ildə ər-arvad hesab etdilər. Bu vaxta qədər onlar qeyri-leqal olaraq kirayə evlərdə yaşayırdılar. Fransız vətəndaşlığını aldılar. İki il sonra isə Karlo xəstələndi. Onda Loren qeyd etdi ki, mən onu əvvəlki kimi sevirəm, ölənə qədər də sevəcəyəm.

Hollivud karyerası

1957-ci ildən etibarən Sofi Loren Hollivudda çəkilmək üçün dəvətlər almağa başladı. Onun ilk Hollivud filmlərindən biri Frenk Sinatra və Keri Qrantla 1957-ci ildə çəkildiyi “Təkəbbür və ehtiras” filmi olub.

“Çəhrayı trikoda şeytan” filminə çəkilmək üçün Sofi ilk dəfə saçını sarışın rəngə boyadı.

“Roma imperiyasının süqutu”-na görə ona milyon dollar qonorar verilmişdi. 1967-ci ildə Çarli Çaplinin “Honkonqdan olan qrafinya” filmində rus fahişəsini oynamaq ona nəsib olub.

1957-72 illər ərzində Sofi Loren demək olar ki, Hollivudun bütün tanınmış aktyor və seks simvolları ilə filmə çəkilmişdir.

1994-cü ildə o son dəfə Mastroyani ilə “Yüksək moda”, 1996- cı ildə Jek Lemmon və Uolter Mattau ilə “Qoca deyingənlər qızışdılar” amerika komediyasında çəkilmişdir.

2002- ci ildə öz oğlu Eduardo Pontinin “Öz aramızda” filmində ikinci planda rol almışdır.

Kinodan kənar həyatı

Kinoda olan müvəffəqiyyətlərinə baxmayaraq həyatı çətin olmuşdur. Uzun müddət sonsuzluqdan müalicə almış və nəhayət 1968- ci ildə kiçik Karlo-Ponti (hal-hazırda Vena orkestrinin rejissorudur), 4 ildən sonra ikinci oğlu Eduardo dünyaya gəldi.

1970-ci ildən etibarən kinoda az-az görünməyə başlayır.1984-cü ildən rolları azalır.1979-80-cı illərdə avtobioqrafik kitab çap etdirir.1982-ci ildə vergi ödəmədiyi üçün 18 günlük həbs cəzası alır.
Maraqlı faktlar:

2007-ci ildə 72 yaşlı aktrisa “Pirelli” kalendarı üçün çəkilir. Sofi Loren çox hazırcavab olub. Onun kitabından bəzi kəlmələr İtaliyada çox məşhurlaşıb. Məsələn: “Mən hər şeyə görə spagettiyə borcluyam”.

Torontoda bir küçə onun adını daşıyır.

Hollivud alleyasında onun şöhrət ulduzu var.

Doğma İtalya dilindən başqa Sofi Loren ingilis və faransız dillərində sərbəst danışır.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR