• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Onlar axmaqdırlar”, Angela Merkel isə...

“Onlar axmaqdırlar”, Angela Merkel isə...

Əsl adı Angela Dorozea Kaşner olan Angela Merkel 17 iyul 1954-cü ildə Almaniyanın Hamburq şəhərində anadan olub. Doğulandan bir neçə ay sonra ailəsi kommunizmin hakim olduğu Şərqi Almaniyaya, bir az da dəqiqləşdirsək, Almaniya Demokratik Respublikasına köçür. Merkel Almaniya birləşənə qədər burada yaşayır.

Atası Horst Kaşner rahib, anası Herlind Kaşner ingilis dili müəlliməsiydi. Almaniyanın məşhur Heydelberq Universitetinin ilahiyyat fakultəsini bitirən Horst Kaşner 1954-cü ildə rahib rütbəsini almışdı. Uşaqlıq illərini Şimali Berlində, Almaniya Demokratik Respublikasında keçirmişdi.

Polyak qatışığı

Araşdırıcılar ailənin ən böyük övladı olan Angelanın ana tərəfdən polyak qatışığı olduğunu bildirirlər. Onun Markus (7 iyul 1957) adında bir qardaşı, Ayren (19 avqust 1964) adlı bir bacısı da var.

Angela gəncliyində azadlıq istəyən, əksər şagirdlərin üzvü olduğu Azad Alman Gənclər (FDJ) təşkilatına yazılmışdı. O, Azad Alman Gənclər Təşkilatının regional təbliğat və təşviqat şöbəsi olan “Agitprop”un katibi vəzifəsini icra eləmiş, həmin təşkilatın mədəniyyət məsələləri üzrə katibi vəzifəsinə yüksəlmişdi. İctimai fəaliyyəti səbəbilə Angela rus dilini yaxşı mənimsəyə bilmişdi.

Ali təhsilini ADR-in Templin şəhərində Leypsiq Universitetində alan Angela Kaşner 1973-78-ci illər arasında fizika ixtisası üzrə ali təhsilə yiyələndikdən sonra, 1978-90-cı illər ərzində Berlindəki Elmlər Akademiyasının Fizika-Kimya İnstitutunda elmi işçi kimi çalışmışdı.

Kuantum kimyası sahəsində elmlər doktoru dərəcəsini almış Angelanın bir neçə elmi əsəri işıq üzü görmüşdü.

Angela Kaşner 1977-ci ildə yəni tələbə ikən eyni fakültədə oxuyan Ulrix Merkel ilə ailə həyatı qurmuş, bu evlilik 1982-ci ildə boşanma ilə bitmişdi. Angela “Merkel” soyadını ilk evliliyi zamanı almışdı. Boşansa da soyaddan imtina eləməmişdi.

Qeyri-rəsmi evlilik və xristian demokratlar

İkinci dəfə 17 il birlikdə yaşadığı professor Yoaxim Soyerlə (Joachim Sauer, 19 aprel 1949) ailə qurmuşdu. 1981-ci ildən etibarən bir yerdə yaşayan Merkel-Yoaxim cütlüyünün qeyri-rəsmi ailə həyatı xristian-demokratların mühafizəkar baxışları ilə üst-üstə düşmürdü. Bunu partiyanın imicinə zərbə hesab edən təşkilat rəhbərliyi Angela Merkelin qısa zaman ərzində ya evliliyi rəsmiləşdirməsini, ya da bu həyat tərzinə son verməsini istəyir.

Angela Merkel partiya rəhbərliyinin iradını nəzərə alır, 1998-ci ildə ailə həyatını rəsmiləşdirir.

Əri Yoaxim sadə həyat tərzi keçirməyi, televiziya və mediadan uzaq durmağı sevərmiş. Angelanın özü də şəxsi həyatını ictimailəşdirməyi xoşlamır.

Angela Merkelin övladı yoxdur.

Siyasət meydanında

Xanım Merkel istəməsə də 1986-cı ilə qədər marksist-leninist siyasi xəttinə uyğun fəaliyyət göstərmişdi. Kommunist rejimin son dövrlərində alovlanmış demokratiya hərəkatlarının ön sıralarında yer almış, 1989-cu ildə Berlin divarının yıxılması hadisəsinin canlı şahidlərindən biri olmuş və yenicə təsis edilmiş “Demokratik Oyanış” hərəkatına üzv yazılmışdı.

O, siyasətə “mülki haqqları müdafiə qrupu” vasitəsilə 35 yaşında atılmışdı. Şərqi Almaniyada keçmişini təmiz saxlayan, yəni Kommunist Partiyasına üzv olmayan nadir qadınlardan biri kimi Angela Merkel baş nazir Helmut Kolun diqqətini çəkmiş və o, gənc protestant Angelanın siyasətə qoşulmasında böyük rol oynamışdı.

Merkelin siyasətə gəldiyi ilk illərdə onun yol göstəricisi rolunu Helmut Kol öz öhdəsinə götürmüşdü. Almaniyanın birləşməsindən iki ay öncə xanım Merkelin Xristian Demokratlar Birliyinə (CDU) üzv olması Şərqi Almaniyada qəzəblə qarşılanır və onu “vətən xaini” adlandırırlar.

1998-ci ildə keçirilmiş seçkilər nəticəsində Helmut Kol rəhbərliyindəki Xristian Demokratlar Birliyi (XDB) istədiyi nəticəni qazana bilmir. Kol təşkilata yeni ruh gətirmək üçün qızı kimi sevdiyi Angela Merkeli partiyaya icraçı katib təyin edir.

Angela həmçinin Helmut Kol kabinetində Qadın və gənclər naziri vəzifəsini də tutur.

Ustada qarşı...

2000-ci ildə Helmut Kolun rəhbərlik elədiyi XDB rüşvət qalmaqalı ilə sarsılmağa başladı. Bu məsələdə Merkel əvvəlcə Helmut Kolun yanında yer aldı. Hətta Kolun Səudiyyət Ərəbistanına tank satışı qarşılığında rüşvət almasına xanım Merkel: “Tamamilə böhtandır!” deməklə reaksiya verdi.

Lakin vəziyyət kritik həddə çatanda alman ictimaiyyətində XDB-nin gözdən düşməyə başladığını anlayan Angela Merkel və onun kimi düşünən partiya mənsubları Helmut Kolu müdafiə etmək əvəzinə onu qınamağa, tənqid etməyə başlayırlar. Sərgilədiyi bu mövqe Merkelin populyarlığının artmasına və nüfuz qazanmasına gətirib çıxarır.

Belədə Kol və yaxın adamları Merkelin partiyadan uzaqlaşdırılması üçün fəaliyyətə keçir, ancaq buna müvəffəq ola bilmirlər. 10 aprel 2000-ci ildə XDP özünə yeni rəhbər seçmək üçün qurultaya gedir və xanım Merkel partiyanın ilk qadın rəhbəri olur.

2002-ci ildəki parlament seçkilərinə gedərkən, xristian demokratlar blokunun (bu bloka Xristian Demokratv Birliyi və Xristian Sosialist Birliyi daxil idi) vahid namizədi kimi XSB-nin nümayəndəsi Edmund Ştoyber təmsil edirdi. Lakin qələbə rəqib Gerhard Şröderin olur.

İkinci yüksəliş

Angela Merkeli məşhurlaşdıran ikinci yüksəlişi ABŞ-ın İraq hərbi əməliyyatı zamanı başlayır. Alman siyasətçilərdən ABŞ-a dəstək verilməsi zəruriliyini iddia edən və qısa zaman ərzində ABŞ-a yardım göstərilməsi təklifində bulunan Angela Merkel olur. Merkelin təklifi Şröder hökuməti tərəfindən müsbət qarşılanmır.

Təklif həftələrlə alman ictimaiyyətində müzakirə obyektinə çevrilir, gündəmdən düşmür. Məsələ yavaş-yavaş Şröder hökuməti əleyhinə işləməyə başlayır. Sonda Merkelin təklifi ilə razılaşmaq məcburiyyətində qalırlar... Bu, Merkelin siyasi səhnədə ciddi zəfərlərindən birinə çevrilir.

2005-ci ildə keçirilmiş parlament seçkilərindən öncə XDB-XSB birliyinin vahid namizədi kimi yenə də Edmund Ştoyber irəli çıxır. Lakin seçki kampaniyasından öncə Ştoyber şərqi almaniyalılar haqqında “Onlar axmaqdırlar” ifadəsi işlətməklə xoşagəlməz duruma düşür.

Şərqi Almaniyadan olan siyasi qrup Merkelin rəhbərliyi altında “real namizədi” sərt tənqid atəşinə tutur. Birlik Ştoyberin namizədliyindən imtina edir. Bu zaman Angela Merkel öz namizədliyini irəli sürür.

Merkelin namizədliyi alman ictimaiyyəti üçün gözlənilməz olur. Çünki o, Almaniyada elə də güclü mövqeyə sahib olmayan şərqi almaniyalı və dini inancına görə daha mülayim idi. Halbuki XDB-XSB siyasi bloku mühafizəkar protestant və katoliklərin güclü təsiri altında idi.

XSB Almaniyanın qərb hissəsində yaşayan mühafizəkar katoliklərin qurduğu partiyadır və onun mənsubları şərqi almaniyalıları sevmir. Siyasi blokdakı XSB Angela Merkeli istəməsə də, Almaniyanın “dəmir qadını” blokun vahid namizədi kimi seçkilərə getməyə müvəffəq olur.

Uğurlu seçki kampaniyası aparan Angela Merkel mühafizəkarlığı ucbatından alman ictimaiyyətində çox da sevilməyən XDB və XSB siyasi blokuna “yeni imic” gətirir. Yəni sözügedən blok Merkel sayəsində “qərarsız seçicilərin” sevgisini qazanır. Bununla xanım Merkel Almaniyadakı elə də az olmayan “qərarsız seçicilərin” səslərini bu birliyə yönəltməyə nail olur.

2005-ci il seçkilərində həm Şröder qrupu, həm də Merkel qrupu ciddi mübarizə aparır. Seçki nəticəsində 1% fərqlə Şröderi üstələyən Merkel 35,2%-lə Almaniyanın yeni Baş naziri olur. Dünyanın ən güclü qadını alman parlamentinin təsdiqini aldıqdan sonra 22 noyabr 2005-ci ildə 51 yaşında, 1871-ci ildən sonra Almaniya tarixinin ən gənc, ilk Şərqi Almaniya mənşəli, eyni zamanda ilk qadın Baş naziri kimi tarixə düşür.

O, diktator rejimin ardından demokratik yolla, böyük əzmlə çalışaraq Avropanın və dünyanın ən güclü qadını imcinə yiyələnir. Amerikanın məşhur “Forbes” jurnalının keçirdiyi ictimai sorğuya əsasən Angela Merkel hazırda dünyanın ən güclü qadını sayılır.

Daim “bir nömrə”...

O, əslində məktəb illərində də daim “bir nömrə” olmaq istəyərmiş. Yəni dünyanın ən güclü qadını uşaqlıqdan mübarizə aparmağı, irəli atılmağı özünə peşə seçibmiş.

Merkel uzun müddətdən sonra alman iqtisadiyyatını canlandıra bilmiş, onun yenidən güclənməsinə impuls vermiş siyasi fenomendir. Statistikaya əsasən, 2011-ci ildə ən çox miqrant qəbul etmiş ölkə Almaniya olub. Ölkəyə iş dalınca gəlmiş miqrantların sayı son 30 ildə ilk dəfə 1 milyonu keçib.

Angela Merkel eyni zamanda Almaniyanı “tədriclə atom enerjisindən tamam azad olun ölkə” teoriyası ilə “təmziləməyə” çalışan və bunu həyata keçirmək istəyən şəxs kimi alman ictimaiyyətinin sevgisini qazanmış “təbiətsevər” kimi də tanınmaqdadır.

Merkel siyasi fenomen olduğu qədər də maraqlı bir şəxsiyyətdir. Onun bioqrafiyasını araştıran professor Volfqanq Stok deyir: “Gəncliyində heç kim onu sevməzdi, tərifləməzdi, ancaq o həmişə bunları anlayışla qarşılayardı”.

Gecələr diskotekada...

O, sadə və zənginlikdən uzaq bir ailənin övladı idi. Tələbəlik illərində gündəlik xərclərini ödəmək üçün gecələr diskotekada belə işləmişdi. Merkel öz emosiyasını biruzə verməzmiş. Həmçinin uşaq vaxtı tez-tez işığı söndürməyi unudarmış.

O, ərikli tortu, tək başına alış-veriş etməyi, Vaqnerin musiqisini sevir. Evində 3 tutuquşu bəsləyir.

Ailə münasibətlərinə gəlincə, qohum-əqrəbaya sıx bağlı adam deyil, qohumlarındansa dostlarını yad etməyi sevir. Angela qısqanc da olmayıb.

Bir çoxlarının fikrincə, Angela Merkelin mənfi tərəfi qərarlarını dəyişməsidir. Bunu XDB mənsubları müsbət xarakter kimi dəyərləndirirlər. Onların fikrincə, bu, Merkelin nə düşündüyünü öyrənmək istəyən rəqiblərə çətinliklər yaradır.

Dünya mediası onu İngiltərənin siyasi fenomenlərindən olan sabiq Baş naziri Marqaret Tetçerlə müqayisə edərək “Maqqi-Anqi əfsanəsi” adlandırır.

Angela Merkel xristian-demokrat olsa da abort və homoseksuallıq məsələlərində tolerant mövqeyə sahibdir. Şərqi Almaniyada böyüdüyünə görə o, özünü azadlığın dəyərini yaxşı bilənlərdən hesab edir...

Vurğun Həsənli

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR