40 il yaşadığı evə gedə bilməyən nazir
Bizi izləyin

Brendlərin tarixi

40 il yaşadığı evə gedə bilməyən nazir

Tarix dövrü olaraq öz səhnəsinə yeni fenomenlər çıxarır. Siyasi, ictimai və başqa sahələrdə işıq saçan şəxsiyyətləri misal göstərmək olar. Türkiyənin son on illiklərinə nəzər salanda ötən əsrin 90-cı illərində Turqut Özalı, Süleyman Dəmirəli, hazırda isə Rəcəb Tayyib Ərdoğanı fenomenlər siyahısına daxil etmək mümkündür.

Lakin tarixi şəxsiyyətləri qəhrəmanlıq zirvəsinə qaldıran amillər arasında onların istedad və bacarığı ilə yanaşı, yaxın ətrafın rolunu da danmaq olmaz. Bu gün sizə tanıdacağımz şəxs Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın populyarlığının artmasında müəyyən dərəcə payı olan, Türkiyənin əfsanəvi xarici işlər naziri, bu ölkənin yeni xarici siyasət konsepsiyasının müəllifi və uğurlu icraçısı, siyasi straterq, Türkiyənin Kissinceri, professor Əhməd Davudoğludur.

Yetim Əhməd

O, Türkiyənin yeni xarici siyasi konsepsiyasının “baş memarı” kimi ad çıxarıb. AKP iqtidarının xarici siyasətinə yön verən başlıca fiqurdur.

Amma onun bilinməyən tərəfləri də var – Davudoğlunu Davudoğlu eləyən məqamlara işıq tutmaqdır fikrimiz.

26 fevral 1959-cu ildə Türkiyənin Konya vilayətinin Daşkənd qəsəbəsində doğulan Əhməd Davudoğlu dörd yaşında anadan yetim qalır. Anası Məmnunə xanımı həkimə vaxtında çatdıra bilmədikləri üçün dünyasını dəyişmişdi.

Buna görə onun yaddaşında ana surətindən çox bir xəyal ilişib qalmışdı.

Əhməd 6 övladın tək oğlan uşağıydı. Atası Məhmət Davudoğlu ucqar dağ qəsəbəsində şəxsi maşını ilə yük daşımaqla məşğul olurdu. Həyat yoldaşını itirən Məhmət bəy daha sonra Səfurə xanımla evlənərək İstanbula köçür. Bəlkə də Əhməd bəyin zirvələr fəth etməsində məhz bu köç əsas rolu oynadı.

Əhmədə nənəsi Hacıqızəbə analıq eləməli olur. Onun təlim-tərbiyəsində böyük əməyi olan və nəvəsiylə ana kimi rəftar edən Hacıqızəbə daim onun üçün dualar edirmiş.

Davudoğlu nənəsinin dualarından birini xatırlayır: “Oğlanlarınla ordu, qızlarınla oba olasan. Qoç-qoç oğlanların ardınca qoşa, dünyalar ayaqlarına gələ, hər kəs səndən məsləhət ala...”

95 il ömür sürən nənəsinin Davudoğluna tarixə maraq aşılayan şəxslərdən biri olduğu deyilir. Davudoğlu haqqında yazılmış “Hoca” adlı kitabda o, nənəsinin şeirlə söylədiyi rəvayətlərini yada salır: “Nənəmin oxuduğu şerlər hələ də xatirimdədir:

Xorasan idi diyarımız,

İsfahandan keçdi yolumuz.

Karvan olub köçdük bu diyarlara...”

Köçəri qızı Səfurə xanım

Əhməd Davudoğlunun həyatında ögey anası Səfurə xanımın da izləri var... Bir köçəri qızı olan Səfurə xanım Əhməd bəyə ikinci ana oldu. Sonralar Davudoğlu ögey anasının adını böyük övladına verməklə ikinci anasına hörmət və ehtiramını göstərdi.

Bununla belə, Əhməd Davudoğlu hər şeyə görə atasına borclu olduğunu bildirir. Kasıbçılıq içində yaşayan atası Məhməd Davudoğlu özü təhsil ala bilməsə də, oğlunun təlim-tərbiyəsinə böyük əhəmiyyət verərmiş. Ailədə yeganə oğlan uşağı olan Davudoğlu işdə atasına kömək etmək istəyəndə atası onu dərs oxumağa evə göndərərmiş. Hətta övladına qəzet alıb oxuması üçün pul da verərmiş.

Bu yaşda uşağın qəzeti anlamqda çətinlik çəkəcəyini və hələlik ona qəzet almağın pul israfından başqa bir şey olmadığını irad tutan qohum-əqrabaya Məhməd Davudoğlu belə deyərmiş: “Şəkillərinə baxsa da yetərlidir...”

Ancaq o, görünür, təkcə şəkillərə baxmırmış. Hələ beşinci sinifdə oxuyarkən Davudoğlunun “Bizim Anadolu” qəzetində məqalələri çıxmağa başlayır. Əhməd Davudoğlunun həyatının “ən əsas şəxsiyyəti” hesab elədiyi atası illər sonra, 2003-cü ildə avtomobil qəzasında dünyasını dəyişəcəkdi...

Kitablarla baş-başa

Əhməd Davudoğlu orta təhsilini məşhur İstanbul Oğlanlar Liseyində, ali təhsilini isə Türkiyənin ən yüksək reytinqli Boğaziçi Universitetində aldı. Dostlari lisey illərində onu olduqca sakit təbiətli şagird, universitet illərində hamıdan uzaq kitablar arasında itib-batan tələbə kimi xatırlayırlar.

İstanbul Oğlanlar Liseyi Türkiyənin köklü orta məktəblərindən biri olmasıyla yanaşı, sol ideologiyanın güclü olduğu bir ünvan kimi də məşhurdu. Ancaq o, sol ideologiyanın təsirinə düşmədi, orta təhsilini öz inancı istiqamətində başa vura bildi.

1977-ci ildə orta təhsilini bitirən Əhməd Davudoğlu Boğaziçi Universitetinin iqtisadiyyat fakültəsinə qəbul oldu. Bu ixtisasa ürəyi qızmayan Davudoğlu bir il sonra siyasət bilimi (politologiya) fakültəsinə də daxil olur və beləliklə, eyni vaxtda iki ixtisas üzrə oxumağa başlayır.

1982-ci ildə iqtisadiyyatı, 1983-cü ildə siyasət bilimini uğurla bitirir. Universitetdə də heç bir ideoloji qrupa qoşulmadan, yalnız çoxlu kitab oxumaqla ali təhsilini başa vurur.

Tələbə yoldaşları arasında hazırda Türkiyə ictimai həyatında tanınan şəxslər də vardı (Adnan Büyükdeniz, Edhem Eldem ve Nuray Mert).

1984-cü ildə Əhməd Davudoğlu ixtisasca həkim olan Sara xanımla ailə həyatı qurdu, bu evlilikdən üçü qız olmaqla dörd övlad dünyaya gəldi. Evləndiyi vaxt Davudoğlu magistraturada oxuyur, həyat yoldaşı Sara xanım isə tibb təhsili alırdı.

Böyük qızı Səfurə Davudoğlu Türkiyənin məşhur qida holdinqi “Ülkər” qrupunun sahibi Sabri Ülkərin nəvəsi Əhməd Özokurla ailə həyatı qurdu, İstanbulda yaşayır. Əhməd bəy və Sara xanımın yeganə nəvəsi Yusif Səfurə xanımla Əhməd Özokurun övladıdır.

İkinci qızı Məymunə Davudoğlu isə İstanbul Ticarət Palatası direktor müavini Dursun Topçunun oğlu Talha Topçu ilə evlidir və ABŞ-da yaşayırlar. Davudoğlu ailəsinin üçüncü övladı olan oğluna atasının adını verib - Məhməd. Sonuncu övladı Həcər Bükə və oğlu Məhməd ailələri birlikdə Ankarada yaşayırlar.

İki təklif: ABŞ-dan və Malaziyadan

Davudoğlu ali təhsilini başa vurduqdan sonra tərəddüd eləmədən akademik karyerasını davam etdirmək istədi. Bunun üçün eyni universitetdə, siyasi idarəetmə ixtisası üzrə magistratura, politologiya və beynəlxalq əlaqələr ixtisası üzrə doktorantura təhsili aldı. Elmi rəhbəri Türkiyənin məşhur alimlərindən olan və Davudoğlunun akademik araşdırma tərzini hədsiz bəyənən Şərif Mardin oldu.

1989-cu ildə doktoranturanı başa vuran Davudoğluna eyni vaxta iki iş təklifi gəldi. Biri ABŞ-dan, digəri Malaziyadan. Davudoğlu ABŞ-ı yox, Malaziyanı seçdi. O, Qərb mədəniyyətinə kifayət qədər bələd olduğunu düşünürdü. Şərq mədəniyyətindəsə əskiyi vardı, ona görə Malaziyaya getdi.

O ərəfədə Əhməd və Sara Davudoğlların artıq iki qızı dünyaya gəlmişdi. 1990-cı ilin əvvəllərində Əhməd Davudoğlu dörd nəfərlik ailəsi ilə Kuala Lumpura yollandı. Buradakı İKT nəzdində Beynəlxalq İslam Universitetində əmək fəaliyyətinə başladı.

1995-ci ilə qədər Malaziyada işləyən Əhməd Davudoğlu Türkiyəyə döndükdən sonra Mərmərə Universitetində çalışmağa davam edir. 1999-cu ildə professor elmi dərəcəsi alır və Türkiyənin Beykənt Universitetinə keçir. Ona məşhurluq qazandıran “Strateji dərinlik” adlı kitabını da həmin zamanda yazır. Bundan sonra ardı-arası kəsilməyən konfranslara dəvət olunan Əhməd Davudoğlunun get-gedə populyarlığı artmağa başlayır.

Siyasi karyera

Türkiyənin hazırkı prezidenti Abdullah Güllə 1980-ci illərdə, baş nazir Rəcəb Tayyib Ərdoğanla isə o, İstanbul Bələdiyyəsinin rəhbəri seçilməzdən öncəki ərəfədə tanış olduğu deyilir. Abdullah Güllə daha sıx münasibətlər saxladığı bəllidir.

Abdullah Gül prezident seçiləndən sonra Davudoğluna səfir rütbəsi verilərək baş nazir Ərdoğanın baş müşaviri təyin olundu. Xarici işlər naziri vəzifəsinə təyin edilənə qədər isə “kölgə nazir” sayılırdı...

Deyilənə görə, 2007-ci ildə vəzifəsindən ayrılıb təkrar akademik elmlə məşğul olmaq istəyir, amma həm prezident Abdullah Gül, həm də baş nazir Ərdoğan ona siyasətdə daha fəal rol ayırdılar.

Həmin tarixdən etibarən çox ağır iş qrafiki ilə işlədiyi, hətta 40 ilə yaxın yaşadığı İstanbuldakı evinə çox nadir hallarda gedə bildiyi söylənir.

Davudoğlunun İsrail, Fələstin, Suriya məsələlərində ön plana çıxdığı və fenomenləşdiyi iddia olunur.

“Türkiyənin Kissingeri”, “Kölgə adam”, “İncə taktikaçı” kimi ləqəbləri var. Həmçinin “Yeni Osmanlıçılığı” həyata keçirmək istəməsi iddiası ilə sıx-sıx tənqidlərə məruz qalır. Bu tənqidi əsla qəbul etməyən Davudoğlu sözügedən nəzəriyyə ilə Türkiyəni regionda passiv ölkə statusundan çıxarıb, mərkəzi fiqura çevirmək məqsədi güddüyünü vurğulayır.

Ailədə ikinci

Ailədə Sara xanımın daha çox sözünün keçdiyini bildirilir. Əhməd bəy həyat yoldaşını evin naziri, özünü isə evin sakini sayır. Sara Davudoğlunun eyni zamanda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın bacısı Vəsilə İldən xanımla yaxın rəfiqə olduğu iddia edilir.

Sara həyat yoldaşı haqqında belə deyir: “Evləndiyimiz vaxt Əhməd bəy magistratura təhsili alırdı və mən inanırdım ki, o, nə edirsə doğrusunu edir. Bu gün də bu düşüncəm dəyişmədi. Əhməd bəy necə mənim seçimlərimin çətinliklərinə dözdüsə ve dözürsə, mən də onun seçimlərinin çətinliklərinə hörmətlə yanaşıram. Hətta ona dəstək verməyə çalışıram. Hazırkı vəziyyətimizin bunu tələb etdiyini düşünürəm. Universitetdə işlədiyi vaxtda da, baş müşavir olduğu zamanda da, indi də ölkəmiz üçün, insanlıq üçün, bizim və övladlarımız üçün yararlı işlər gördüyünə inanıram.

Övladlarımızın ilk müəllimi həmişə özü olub. Biz evdə də ciddi məsələlər barəsində danışmağı çox sevirik. Məsələn, qızımla tarix və psixologiya barəsində saatlarla söhbətdən heç birimiz sıxılmıdrıq”.

Sara Davudoğlu həyat yoldaşı ilə xarici səfərlərə getməyi xoşlamır. O, uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmağı və həkimlik peşəsini davam etdirməyi xaricə səfərə çıxmaqdan daha üstün tutur.

Sara xanım deyir ki, həyat yoldaşının evdə ən sevdiyi iş kitab rəfini incələmək və kitabları rəfə səliqəylə düzməkdir. Əhməd bəy rəfində kitabların yeri dəyişdikdə dərhal bilir.

“Əhməd bəy yemək bişirə bilirmi” sualına cavabda Sara xanım deyib: “Bir tək pendirli yumurta bişirə bilir, amma yaxşı bişirir...”

...İndi 40 il yaşadığı evinə gedə bilmədiyi söylənən əfsanə siyasətçinin həyatı budur. Böyük adamlar onlara ehtiyac olan yerdə zühur edirlər.

Hər vaxt iş başındadırlar.

Vurğun Həsənli

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm