“Cənubi Azərbaycanda ABŞ və Britaniyanın təsir “rıçaqları” işləməyə başlayacaq” - Gizli tarix
Bizi izləyin

Daha

“Cənubi Azərbaycanda ABŞ və Britaniyanın təsir “rıçaqları” işləməyə başlayacaq” - Gizli tarix

“Cənubi Azərbaycanda ABŞ və Britaniyanın təsir “rıçaqları” işləməyə başlayacaq” - Gizli tarix

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycanda milli azadlıq hərəkatının məchullarına gün işığı tutan dəyərli araşdırmasının dərcini davam etdiririk. Tədqiaqtın mənbəşünaslar, iranşünaslar və ümumən Pişəvəri hərəkatı ilə maraqlanan hər kəs üçün maraqlı olacağını düşünürük.

(Yazının əvvəli ilə burda tanış olun: " Bağırov :"Kürdlər və azərbaycanlılar arasında böyük silahlı toqquşma baş verə bilər" - http://publika.az/p/10144)

"Cənubi Azərbaycan və Şimali Kürdüstanda ABŞ və Britaniyanın təsir "rıçaqları" işləməyə başlayacaq"

Hadisələrin sonrakı təhlili göstərir ki, ABŞ və Böyük Britaniyanın siyasi dairələri Məhəmməd Rza şaha təzyiq göstərmək məqsədi ilə ona Cənubi Azərbaycanın liderləri ilə danışıqlar aparmağı tapşırırlar. Onlar şahın diqqətinə çatdırmaq istəyirlər ki, İranın daxili, xüsusilə də xarici siyasəti ABŞ və İngiltərənin nəzarəti altında həyata keçirilməlidir. Bu mənzərə SSRİ-Cənubi Azərbaycanda hərəkata nəzarət etmək istəmir və ya Stalin bu məsələnin həllindən yayınır? Suallarını meydana çıxardırdı.

Ona görə də, M.C.Bağırov İ.Stalinə növbəti məktubunda izah etmək istəyir ki, Moskva Cənubi Azərbaycan və Şimali Kürdüstanda baş verən proseslərə nəzarəti zəiflədərsə, Cənubi Azərbaycan və Şimali Kürdüstanda ABŞ və Böyük Britaniyanın təsir "rıçaqları" işləməyə başlayacaq.

F № 1, siy. № 89, iş № 112

MOSKVA, ÜİK(b)P MK

STALİN YOLDAŞA

Oktyabrın 20-də mən Naxçıvanda Pişəvəri, onun müavini Sadıq Padeqan və fədai (partizan) qoşunlarının generalı Qulam Yəhya Danişyanla görüşdüm.

Onlar İran Azərbaycandakı vəziyyət barədə məlumat verdilər, onların fikrincə, Tehranın ingilisyönlü hökumətindən daha nələr gözləməyin mümkün olduğu haqqında danışdılar və onlara hərbi hücumun baş verəcəyi halda zəruri yardım göstərilməsini xahiş etdilər.

Onların bəyan etdiyinə görə, Azərbaycanda əhalinin əhval-ruhiyyəsi əsasən müsbətdir. Azərbaycan Demokrat Partiyasının nüfuzu və təsiri möhkəmlənmir və güclənir. Torpaqların kəndlilər arasında bölüşdürülməsinin davam etməsi ilə bağlı böyük ruh yüksəkliyi müşahidə olunur. Ordu, xüsusilə də, partizanlar özlərini yaxşı aparır və heç bir şübhə doğurmurlar. Kürdlərlə qarşılıqlı münasibətlər qənaətbəxşdir. İndiyə qədər onlara imkan daxilində maddi yardım göstərilmişdir.

Son zamanlaradək Tehran hökumətinin Azərbaycana heç bir pul və maddi yardım göstərmədiyinə, üstəlik Azərbaycana məxsus 20 milyon tüməni qaytarmadığına baxmayaraq, azərbaycanlılar öz xərclərini birtəhər ödəyirlər, amma artıq kürdlərə, xüsusilə də çox ehtiyacları olan İraq kürdlərinə yardım etmək iqtidarında deyillər.

Bununla bərabər Azərbaycan sərhədində İran ordusunun böyük qüvvələri cəmləşmişdir. İran zabitləri və ingilis kəşfiyyatçılarının rəhbərliyi altında çoxlu iri quldur dəstələri yaradılmışdır.

Demək olar ki, hər gün bu və ya digər ərazidə həmin dəstələr silahlı hücumlarla azərbaycanlıların gücünü yoxlayırlar.

Azərbaycan daxilində ingilisyönlü irticaçı elementlər və ingilislər özləri əhalinin parçalanması üzrə fəal iş aparırlar. Çaxnaşma yaratmaq məqsədilə Azərbaycan ərazisində labüd müharibə haqqında şayiələr yayır, əhaliyə vaxtında Azərbaycandan getməyi təklif edirlər. Kürdlərin azərbaycanlılarla qarşılıqlı münasibətlərində ayrı-ayrı anormallıqlardan istifadə edərək, onları bir-birinə qarşı qaldırırlar.

Oktyabrın 17-də yenicə Təbrizə gəlmiş İngiltərə baş konsulu Karss qeyri-rəsmi görüş adı altında Peşəvərinin yanına getmişdir. Söhbət əsnasında o, Pişəvəriyə bir sıra suallar vermişdir:

1. Azərbaycan demokratları Təbriz aerodromunu genişləndirmək və yenidən qurmaq istəyirlərmi?

2. Azərbaycanlılar xarici ticarəti təşkil etmək və qaydaya salmaq fikrində deyillər ki?

3. Azərbaycanın hansı rayonlarında indiyə qədər neft yataqları aşkar olunub?

4. Neftdən başqa digər qiymətli yataqlar varmı?

5. Nə üçün azərbaycanlılar digər Avropa dövlətlərinin mədəniyyətindən istifadə etmək üçün onlarla daha sıx əlaqə qurmaq istəmirlər?

6. Azərbaycanlıların kürdlərlə qarşılıqlı münasibətləri necədir? Kürdlər Azərbaycanın şəhər və kəndlərinə hücuma hazırlaşmırlar ki? və s.

Pişəvəri cavab verib ki, kürdlər və azərbaycanlıların öz aralarında vuruşmasına səbəb yoxdur və onun partiyası qabaqcıl xalqların mədəniyyətinin təkcə Azərbaycanda deyil, bütün İranda yayılmasının lehinədir. Digər məsələlərə gəldikdə isə, Pişəvəri onlar barədə Tehran hökumətinə müraciət etməyi təklif edib, çünki bu məsələlər Demokrat Partiyasının funksiyalarına daxil deyil.

Tehrandan son hadisələrlə əlaqədar olaraq, Pişəvəri və onun yoldaşları hesab edirlər ki, məclisə seçkilər İrandakı demokratik qüvvələrin tam iflic vəziyyətinə salınana, Azərbaycan məsələsi aradan qalxana qədər uzadılacaq. Bundan başqa, onların fikrincə, Tehran hökuməti Azərbaycan məsələsini iki yolla: ya açıq silahlı hücumla, ya da qoşunları Azərbaycana yeritmək, qarnizon və jandarmeriyanın rəhbərliyini öz əlinə almaq imkanı qazanmaq üçün saxta saziş imzalamaq yolu ilə aradan qaldıra bilər.

Tehranla sonrakı danışıqlarla bağlı onlar yenidən təsdiq etdilər ki, bizim göstərişimiz olmadan heç bir müstəqil addım atmayacaqlar.

Silahlı hücuma gəldikdə isə, əhali sözsüz ki, müqavimət göstərəcək. Bu halda onlara yalnız silah, avtonəqliyyat və pulla kömək göstərmək lazımdır. Yardımın həcmi haqqında iki gün ərzində məlumat verməyə söz veriblər.

Azərbaycan

K(b)P MK-nın katibi (M.C.Bağırov)

22 oktyabr 1946-cı il

№ 33-34

Artıq 1946-cı ilin dekabrında regionda geosiyasi vəziyyət Azərbaycanın iki rəhbərləri S.C.Pişəvəri və M.C.Bağırovun xeyrinə olmayan şəkildə dəyişdi.

Demokratik respublikanın rəhbərliyi ilə çoxdan görüşmək istəyən ABŞ və İngiltərə emissarları sanki Tehran qoşunlarının Təbrizə doğru hərəkətini görmürdülər. Əslində, ABŞ və İngiltərənin mövqelərindəki etinasızlıq bəzi incə məqamlardan irəli gəlirdi.

Hələ İkinci Dünya müharibəsinin sonlarında, 1945-ci il fevralın 14-də ABŞ prezidenti F.Ruzvelt Səudiyyə Ərəbistanının kralı Əbdül Əziz ibn Əbdül Rəhman əl-Səuddan faşist Almaniyasının qurbanı olan yəhudilərin Fələstin torpağında yerləşdirilməsinə etiraz etməməyini xahiş etmişdi. Kralın bu xahişə münasibəti birmənalı olmuşdu. Kral belə cavab vermişdi: "Yəhudilərə qarşı törədilmiş cinayətlərə görə qoy Almaniya özü cavab versin. Yəhudilər almanlardan zərər çəkiblərsə, qoy onları incidənlərin adlarını çəksinlər. Nə üçün ərəblər başqalarının törətdiyi cinayətlərə görə cavab verməlidirlər?" Bu görüşdə Transərəb neft kəməri haqqında razılıq əldə olunmuşdu. Bundan sonra ərəb lideri digər müsəlman ölkələrinin rəhbərləri, o cümlədən İran şahı ilə görüşmüşdü. Onlarla məsləhətləşmələr apararaq, mövqelərini dəqiqləşdirmişdi. İran şahının mövqeyi birmənalı idi: İsrail dövləti olmamalıdır.

Amma ikinci Dünya müharibəsi sona çatdıqdan sonra Yaxın Şərqdə Mussolininin dövründə İtaliya ərazisi sayılan torpaqlar ərəb və müsəlman ölkələrinin birləşməməsi üçün əlindən gələni edən Böyük Britaniyanın ixtiyarına keçdi. Məsələn, 1946-cı ilin əvvəllərində Liviya İtaliyanın nəzarətindən çıxdı və ABŞ, İngiltərə və Fransa arasında bölüşdürüldü. Ərəb ölkələrinin birliyini, müstəqilliyini istəyən ərəb milli–vətənpərvər qüvvələrinin nəticədə nail olduqları onların liderlərinin ölkədən çıxarılmağa başlaması oldu. "Demokratiya daşıyıcıları" – London emissarları hətta ərəb dilində olan qəzetləri də bağlamağa başladılar. Öz protektoratını Ərəb Əmirliklərinə zorla qəbul etdirən Böyük Britaniya Fars körfəzində yerləşən Tombe-Bozorg, Tombe-Kuçek, Əbu Musa adlarının adını dəyişərək, orada öz dəniz donanmasını yerləşdirdi. Tehran tərəfi isə, bu adaları tarixən İran ərazisi hesab edərək, onları geri tələb edirdi. Bu adalar keçmiş Vest-Hindistan tranzit yolunda Böyük Britaniyanın hərbi-dəniz qüvvələrinin yerləşdiyi strateji obyektlər sayılırdı. Həmin adalar Böyük Britaniyaya kommunikasiyaların təhlükəsizliyini təmin etmək üçün öz hərbi-dəniz donanmasını saxlamağa imkan verirdi.

Nəzərə alaq ki, Cənubi Azərbaycanın sərhədləri Fars körfəzinə çıxmır, Fars körfəzinin İran sahillərində əsasən ərəblər və bəluclar yaşayır. O zaman ingilislər İran ərəbləri üçün muxtariyyət "layihəsi" hazırlamışdılar. Amma hadisələr elə dəyişdi ki, ABŞ prezidenti Trumen ərəb dövlətlərinin razılığını almadan 100 min yəhudinin Fələstində yerləşdirilməsini bəyan etdi. Bu addım ərəb və müsəlman dünyasında böyük qəzəbə səbəb oldu. Məsələn, Səudiyyə Ərəbistanı kralı Əbdül Əziz Trumena belə bir məktub göndərdi: "Sizin yəhudilərin mövqeyindən çıxış etməyiniz və onların Fələstin ərazisində yerləşdirilməsi haqqında bəyanatınız məni çox təəccübləndirdi. Bu ümumilikdə, bizim ABŞ-la əvvəlki razılaşmamıza ziddir" (Area Handbook, səh. 172).

Tarixi bağlarla ABŞ-a bağlı olan Böyük Britaniya strateji partnyorluqdan çıxış edərək, Fələstin məsələsi ilə əlaqədar Tehran hökuməti ilə danışıqlar aparmağa başladı. Vaşinqton və Londonun təklifləri bundan ibarət idi: əgər İran tərəfi Fələstin məsələsində ABŞ və Böyük Britaniyanın mövqeyində durarsa, Fars körfəzindəki adalardan imtina edərsə, Fars körfəzi yaxınlığındakı neft yataqlarının birgə istismarına razılıq verərsə, London və Vaşinqton Cənubi Azərbaycan və Şimali Kürdüstan məsələsini İran şahının maraqlarına uyğun şəkildə həll edəcək və onu hərbi baxımdan dəstəkləyəcək. Bu isə İran Azərbaycanı və Şimali Kürdüstanın sonu demək idi.

ABŞ və İngiltərənin şərtlərini qəbul edən Məhəmməd Rza şah öz ordusunu silahlandırıb Təbrizə yönəltdi. İran qoşunlarının şimala hərəkətindən narahat olan M.C.Bağırov Stalinə məktub yazaraq, hər vəchlə yardım göstərməyi xahiş etdi.

Amma heyhat! Tarixi proseslər Azərbaycanın xeyrinə inkişaf etmirdi.

Adıgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm