İşgüzar qadınlar üçün dəbli ayaqqabı modelləri - FOTOLAR
Bizi izləyin

Dəb

İşgüzar qadınlar üçün dəbli ayaqqabı modelləri - FOTOLAR

Dikdaban ayaqqabılar qadının işgüzar obrazını tamamlamaqla qalmır, ona xüsusi eleqantlıq da qatır. Uğurlu biznes-ledi özünü dikdaban ayaqqabılarsız təsəvvür eləmir. Çünki ümumi ansamblın ahəngdar görünməsi məhz dikdabanlardan asılıdır. Bundan əlavə, aparılan araşdırmalar göstərir ki, dikdaban ayaqqabı geyinən qadınlar daha çox uğur qazanırlar. Qısa desək, klassik stilettolar işgüzar qadın üçün uğurun yarısı deməkdir.

Lakin saatlarla üzərində dayanmalı olduğumuz ayaqqabının maksimum rahat olması işgüzar qadın tərzinin birinci şərtidir. Bu gün müasir qadınların da əsas şərtlərindən biri məhz ayaqqabıdır: “Sizin əyninizdə nə olmasının ciddi əhəmiyyəti yoxdur, onu hansı ayaqqabı ilə tamamladığınız daha vacibdir”.

Ona görə də işgüzar xanımlar ayaqqabı alanda onun rahat və əlverişli olmasına fikir verməlidir. Sizə ayaq üstə dayanmağa mane olmayan nə çox hündür, nə çox alçaq dabanlı ayaqqabı seçməlisiniz..

İşgüzar üslubdan danışırıqsa, bu zaman keyfiyyətli dəridən tikilmiş bəzək-düzəksiz ayaqqabılara üstünlük verilməlidir. Onlar biznes-ledi üçün ideal seçimdir, üstəlik həmişə cəlbediciliyi ilə diqqət çəkirlər. Dekor isə minimuma endirilir. Bununla belə laklı, zamşa materialdan olan qadın tufliləri də işgüzar üslubda çox dəbli görünür.

Klassik qara tuflilər sanki işgüzar xanımlar üçün yaradılıb. Onu istənilən mövsümdə rahatlıqla geyinə bilərsiniz. Qara tuflilər hər bir xanımın işgüzar qarderobuna balaca qara paltar və ya ağ köynək kimi mütləq daxil olmalıdır.

Klassik stilettoların üstünlüyü ondadır ki, onlar işgüzar qadınların bütün tələblərinə cavab verir. Rəngi və forması mövsümdən mövsümə dəyişə bilər, dabanı iti, kvadrat və ya qalın ola bilər, amma əsas ideyası dəyişməz olaraq qalır. Səliqəli və klassik dabanlar çox qəşəngdir, qamətli silueti yaratmaq üçün ideal dabanın hündürlüyü isə 5-8 sm olmalıdır.

İsti mövsümlərdə qara rəngi bej tonları ilə əvəz etmək olar. Yaxud arxası bağlı burnu açıq tuflilərlə dəyişə bilərsiniz. Qışda ayaqqabının rəngi qəhvəyi, tünd göy, boz və qara tonlarda olmalıdır.

Mühafizəkar peşə ilə məşğul olan xanımlar yığcam və ənənəvi işgüzar üsluba üstünlük verməlidir. Daha yaradıcı peşə sahəsində işləyənlərə isə ayaqqabı seçiminə daha arxayınlıqla yanaşmaq imkanı verilir.

Yanları açıq, yaxud biləkdən bağlanan modellər işgüzar qadın tərzinə yüngüllük və zərif görünüş verir, isti havada da çox qəşəng görünürlər. Bu ayaqqabılar gözəl topuqlu qadınlar üçün daha münasibdir.

Ofis ayaqqabıları paltarın rəngindən bir az tünd olmalıdır. Əgər ayaqqabının rəngi ilə uğurlu corab seçsəniz, işgüzar üslubunuz çox zərif alınacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm