Taclı gözəllərin moda müharibələri - FOTOLAR
Bizi izləyin

Dəb

Taclı gözəllərin moda müharibələri - FOTOLAR

Dünyanın ən zəngin və nüfuzlu ailələrinə gəlin olan gözəllər artıq öz stilləri ilə də tez-tez gündəmə gəlirlər. Publika.az belə ailələrə gəlin olan gözəllərin siyahısına nəzər salıb.

Ötən gün İtaliyanın stil ikonası Beatris Borromeonun Monako şahzadəsi Pier Kaziraqi ilə ailə qurması taclı gözəllər arasındakı moda müharibələrini daha da alovlandırdı. Bəs, Beatris Borromeo kimdir?

“Yeni Qreys Kelli” adlandırılan 29 yaşlı Beatris nüfuzlu və zəngin ailənin qızıdır. Gözəl xanımın rəsmi nikahı Monakoda qıyılsa da, toy onun ailəsinə məxsus adalardan biri olan Laqo Madjoredə baş tutub.

Beatris Kolumbiya Universitetinin jurnalistika fakultəsini bitirib. “Newsweek” və “Daily Beast” kimi nüfuzlu mətbu orqanlarla əməkdaşlıq edib. “Vanity Fair” jurnalının “Ən yaxşı geyinənlər” siyahısında adı var. Moda həftələrinə həm tamaşaçı, həm də model kimi qatılır. “Ermanno Scervino”, “Blumarine and Blugirl” kimi firmaların dəfilələrinə çıxıb. Romantik və zərif geyim stili ilə diqqət çəkən Beatris Borromeonun ən sevimli brendi “Valentino”dur. Gənc xanım nikah üçün də geyimlərini bu brenddən seçib. Beatris modanın divlərindən olan Donatella Versaçe, Corcio Armani və Franka Sazzoni ilə dostluq edir.

Beatris stili ilə bütün taclı gözəlləri geridə qoymaq fikrində olsa da, onun güclü rəqibi də var. Ən böyük rəqiblərindən biri isə Dina Abdulazizdir. 1996-cı ildə Səudiyyə Ərəbistanı şahzadəsi Abdulaziz Bin Nasserlə ailə quran Dina özünəməxsus stili ilə şərqlə qərb arasında moda körpüsü yaratmağa çalışır. Cəsur geyimləri ilə hər kəsi təəccübləndirən xanım Ərəbistanın stil ikonası hesab edilir. Onun ən sevimli brendləri “Marni”, “Alexander Wang”, “The Row” və “Haider Ackermann”dır.

Stili ilə diqqət mərkəzində olan digər taclı gözəl isə İsveç şahzadəsi Sofiyadır. Bu qızın həyatı nağılları andırır. Çünki heç o özü də nə vaxtsa şahzadə olacağını ağlına gətirməyib. Əvvəllər kişi jurnalı “Slitz”ə yarıçılpaq pozalar verən modellərdən biri olub. “Paradise Hotel” adlı erotik şou vasitəsilə tanınıb. 2010-cu ildə İsveç şahzadəsi Karl Filipplə tanış olub. İlk görüşdə bir-birinə aşiq olan cütlük ötən ilin iyun ayında ailə qurub. 30 yaşlı Sofiyanın təbii makiyajı, zərif, dəbli ziyafət libasları və dalğalı saçları onu stil ikonasına çevirib. Sofiyanı daha çox Keyt Middleton ilə müqayisə edirlər. Adətən, isveçli dizaynerlərin geyimlərini geyinir. Gündəlik həyatda isə “Zara”, “H&M” kimi brendlərə üstünlük verir.

Elizabet Törn də iddialı stil ikonalarından biridir. Ailəsi Almaniyada ən böyük torpaq sahəsinə sahibdir. Reqensburqda 8-ci əsrdən qalmış 500 otaqlı qalada yaşayır.

2012-ci ildən bəri “Vogue” jurnalında redaktorluq edən şahzadə Erdem Moralıoğlu və Kristofer Keynin kolleksiyalarını çox bəyənir. Uzunboğaz çəkmələr, ağ köynək, romantik üslubda donlar və hündürdaban ayaqqabılar onun stilinin vaz keçilməzləridir.

Bu taclı gözəllərdən hansının dünyanın ən çox bəyənilən və təqib edilən stil ikonası olacağını zaman göstərəcək. Onların hər birini “İnstagram” hesabından izləyə bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm