Payızda dəbli görünmək istəyənlər üçün 10 trend – FOTOLAR
Bizi izləyin

Dəb

Payızda dəbli görünmək istəyənlər üçün 10 trend – FOTOLAR

Payız və qış aylarında nələrin trend olacağını öyrənmək istəyirsiniz?

Elə isə diqqətiniz Publika.az-da olsun!

Moda mütəxəssislərinin payız və qış ayları üçün 10 proqnozunu təqdim edirik:

Məxmər parça

Soyuq havalar üçün ən münasib parçalardan biri olan məxmər bu il də dəbdədir. Qarderobunuza məxmərdən tikilmiş geyimlər, hətta məxmər ayaqqabılar əlavə etməyə tələsin.

Solğun çalarlar

Bu günə kimi solğun çalarların, adətən, yay aylarında istifadə edildiyinin şahidi olmuşduq. Ancaq bu il dizaynerlər bizi təəccübləndirmək istəyirlər. Odur ki, qışa uyğun solğun çalarlar dəbə minəcək. Solğun mavi isə ən çox görəcəyimiz rəng olacaq.

Bənövşəyi

Dəfilələrdə nümayiş olunanlardan belə görünür ki, qarşıdan gələn payız və qış aylarında ən populyar rəng bənövşəyi olacaq. Odur ki, bu qış bənövşəyinin müxtəlif çalarlarına müraciət edə bilərsiniz. Dəb mütəxəssisləri bənövşəyinin açıq tonu olan lavanda çiçəyinin rənginin daha çox seviləcəyini proqnozlaşdırırlar.

Xalta

Bu ilin aksessuar dəbində elə bir yenilik yoxdur. Ötən il dəbdə olan xalta formasındakı boyunbağılar bu il də trendlər arasında yerini alıb. Mən bunu dizaynerlərin hiyləsi hesab edirəm. Çünki ötən il xalta boyunbağıları nə qədər reklam etsələr də, bu aksessuarlara istənilən reaksiyanı ala bilmədilər. Xanımların bir çoxu bu qeyri-adi dəblə ayaqlaşmaq istəmədi. Odur ki, brendlər əllərində qalan malları satmaq üçün bu il də xalta dəbini zorla həyatımıza daxil etməyə çalışırlar.

Tenis paltarları

Ağ rəng uzun müddətdir ki, dəbdə hakimiyyəti ələ keçirib. Tenis ayaqqabıları da bir neçə mövsümdür ki, trendlər arasındadır. Dizaynerlər indi də tenis geyimlərini gündəlik həyatımızın bir parçasına çevirməyə çalışırlar. Görək, bu dəblə kimlər ayaqlaşacaq.

Sviterlər

Sinəsi “V” formasında kəsilmiş, uzun və bol kəsimli sviterlər dəbi fəth edəcək. Siz də qış ayları üçün belə bir sviter əldə edin.

Parlaqlıq

Əsasən, yağışdan qorunmaq üçün geyinilən paltarlarda müşahidə edilən parlaqlıq payızın əsas dəb tendensiyasına çevriləcək. Belə ki, parlaq pencək, ətək və ayaqqabılar mövsümün trendləri arasına daxil olacaq.

Balonkalar

Ötən il Rihannada görüb ələ saldığımız uzun və iddialı balonkaları bu il dəblə ayaqlaşmaq istəyən hər kəsin üzərində görəcəyik.

Bəzəkli cinslər

Cins dəbində dizaynerlər 2000-ci ilə qayıdıblar. Bu il cinslər eynilə 2000-ci ildəki kimi bəzəkli və naxışlı olacaq. Xüsusilə də, naxışlı cins şalvarlar ilin ən populyar geyiminə çevriləcək. Ümid edirəm ki, bunun sonu muncuqlarla bəzənmiş cinslərə gedib çıxmaz.

Qrafika və illüziya

Ağ və qara rəng hər zamankı kimi populyarlığını qoruyub saxlayır. Ancaq bu il ağ və qara rəngli geyimlərdə xüsusi illüziyalar, qrafika üsulları nəzərə çarpacaq. Zolaqlar, tül və dekolte qara rəngli geyimlərə xüsusi ecazkarlıq qatacaq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm