“Qorxmadan taxa bilmədiyim üzüyü saxlamaq axmaqlıq idi" - FOTO
Bizi izləyin

Dəb

“Qorxmadan taxa bilmədiyim üzüyü saxlamaq axmaqlıq idi" - FOTO

Duyğuları ifadə etməyin ən gözəl yolu sevdiyin xanıma eşqin simvolu olan almaz hədiyyə etməkdir. Təəssüf ki, çox az kişi sevdiyi qadını bahalı daş-qaşlara layiq görür. Riçard Barton həmin nadir kişilərdəndir. O, sevdiyi qadın uğrunda sərvətindən keçərək dünyanın ən bahalı üzüyünü alıb. İlk cəhdi uğursuzluqla nəticələnsə də, o, məğlubiyyətilə razılaşmayıb və dünyanın ən bahalı daşına sərvət xərcləmək bahasına olsa da, sonda onu əldə edib. Almazın sahibini uzun danışıqlardan sonra razı salıb. Bəs, həmin üzüyün sahibi o bəxtəvər qadının kim olduğunu təxmin edə bildinizmi? Əlbəttə ki, o, brilyantları kişilərdən çox sevən əfsanəvi aktrisa Elizabet Teylordur.

Karte-Barton Teylor daşı nəinki Publika.az-ın "Moda inqilabları" layihəsi, eləcə də, kino ssenarisi üçün maraqlı mövzudur. Dünyanın bahalı almazı sayılan Karte-Barton Teylorun tarixi həm də böyük məhəbbət dastanıdır!

Almazın orijinalı 1966-cı ildə Cənubi Afrikada tapılıb. İşlənməmiş almazın çəkisi 241 karat olub. Almazı işləmək tanınmış zərgər Harri Uinstona tapşırılıb. Zərgər xam almazı armud formasına salaraq, ondan üzük düzəldib. Almazı platinlə halqaya alaraq ətrafına iki almaz da əlavə edib.

Üzüyü taxanda qorxudan əsirdi...

Almazın ilk alıcısı milyarder və naşir Valter Annenbergin bacısı Harriet Annenberq Ames olub. Annenberq Ames onu Nyu-york şəhərində taxa bilmədiyi üçün bu nadir daşı satmaq qərarına gəlib. Onun sözlərinə görə, milyon dollarlıq daşı əlcəyin altında gizlədərək qorxa-qorxa taxıb: "Onu taxanda qorxumu gizlədə bilmirdim və bu, kənardan açıq-aydın görünürdü. Ona görə də almazı uzun illər bank seyfində saxladım. Qorxmadan taxa bilmədiyim üzüyü saxlamaq axmaqlıq idi".

Dəlicəsinə sevdiyi qadını sevindirmək üçün ona milyonlar xərcləməyə hazır idi

1967-ci ildən ilk alıcısını tapan daş iki il sonra "Sotheby's Parke-Bernet" Nyu-York auksionunda hərraca qoyulub. Hərraca ilk dəfə üzük formasında çıxarılıb. Bu daşın alıcıları arasında Aristotel Onassis və sultan Bruney kimi milyarderlər də olub. Lakin daşın taleyi hərrac elan olunmazdan çox-çox əvvəl həll olunmuşdu. Belə ki, bahalı daş-qaş həvəskarı Elizabet Teylor ona çoxdan göz dikmişdi. Hərraca aktrisanın əri Riçard Bartonun nümayəndəsi qatılıb. Almazın başlanğıc qiyməti 200 000 dollar təşkil edib. Barton sevdiyi qadını sevindirmək üçün ona milyonlar xərcləməyə hazır olsa da, ilk cəhdi uğursuzluqla nəticələnib və nadir almaz ona qismət olmayıb. Almaza 1 milyon təklif edən Bartonun vəkili onu alacağına əmin olsa da, sonradan məlum olub ki, "Cartier" zərgərlik evi almazı rekord qiymətə - 1,050,000 dollara alıb.

Yeri gəlmişkən qeyd edək ki, bu, tarixdə almazın dəyərinin milyon dolları aşdığı ilk fakt idi. Buna görə də şirkət ona öz adını vermək hüququ qazanıb.

İnfarkt olaram

Bəzi mənbələrdə göstərilib ki, Barton almazı ala bilmədiyi üçün keçirdiyi böyük təəssüf hissini şəxsi qeydlərində belə ifadə edib: "Almazı Sofi Loren və Jaklin Kennedi və hər hansı qadının üzərində görmək dözülməz olardı, infarkt ola bilərəm. Onu ala bilmədiyim üçün manyaka dönmüşəm. Almaza 2 milyon dollar da verməyə razıyam, hətta lazım gələrsə, həyatımı belə qurban verərəm! Məni dərhal "Cartier"-in nümayəndəliyi ilə calaşdırın".

Barton gündəliyində bu almazı israrla almaq istəməsini daşın çox valehedici olmasıyla izah edib:

"Almaz çox gözəldir, ona görə də o, Yer Kürəsinin ən gözəl qadınına məxsus olmalıdır!"

Sevgilisinin yanına əliboş qayıtmayan aşiq

Riçard Barton gözəl sevgilisinin yanına əliboş qayıtmaq fikrində deyildi. Onun "Cartier" moda evinin nümayəndəsi Robert Kenmor ilə səhərdən axşama qədər davam edən telefon danışıqları nəticə verib. Almazın yeni sahibi ona özünün və sevimli həyat yoldaşının adını verib. Bundan sonra almaz tarixdə Karte-Barton-Teylor adı ilə qalıb.

Almaz bir neçə gün ərzində Nyu-Yorkda beşinci küçədə yerləşən "Cartier" mağazasının vitrinində göstərilmək şərti ilə satılıb. Almazı görmək üçün minlərlə insan növbəyə düzülüb. 3 gün ərzində ona baxmağa 6000-dən çox adam toplaşıb.

Cazibədar aktrisa almazı üzük kimi istifadə etməyi düşünməyib. Məsələ ondadır ki, üzük çox ağır olduğundan onu barmaqda gəzdirmək çətin olub. Teylorun sifarişi ilə zərgərlər üzüyə bəzək verən daşı çıxararaq onu boyunbağıya çeviriblər. Özü də xüsusi ölçülərlə. Belə ki, boyunbağının uzunluğu və forması traxostemiya (əməliyyat) prosedurasından sonra aktrisanın boynunda qalan izə uyğun müəyyənləşdirilib. Teylor həmin izi örtən almazı il ərzində 30 dəfədən artıq taxa bilməzdi. Bundan başqa, onu yalnız silahlı mühafizə dəstəsinin müşayiəti ilə taxmağa icazə verilib. Bir sözlə, almaz Teylorun yaxasında nüvə bombası kimi qorunub. Aktrisa əfsanəvi boyunbağını ilk dəfə aktrisa Qreys Kellinin 40 illik yubileyi münasibətilə, ikinci dəfə isə "Oskar" mükafatlandırma mərasiminə taxıb. Daha sonra Teylor üçün almazın 2800 dollara surəti çıxarılıb.

Teylor Riçard Bartondan boşandıqdan sonra almaz növbəti dəfə hərraca çıxarılıb. Aktrisa boyunbağı ilə bağlı xatirələrdən xilas olmaq üçün onu satışa çıxarmağa qərar verib. Almazın satışı xatirələrini susdurmaqda ona yardım etməsə də, satışdan əldə etdiyi pul başqalarına kömək edib. Belə ki, aktrisaya məxsus olan bahalı almaz hərracda 3 000 000 dollara satılıb. Həmin pulun böyük hissəsi hospitalın tikintisinə xərclənib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm