Dəb həftəsinin III günündə nələr baş verdi? – FOTOLAR
Bizi izləyin

Dəb

Dəb həftəsinin III günündə nələr baş verdi? – FOTOLAR

Dünən Azərbaycan dəb həftəsinin III günü baş tutub.

Moda həftəsinin III günündə əvvəlcə özbək dizayner Hafiz Xanın kolleksiyası nümayiş olunub. Daha sonra ukraynalı dizayner Anjela Bezroda və qazaxıstanlı dizayner Elizin kolleksiyası, sonda isə azərbaycanlı dizayner Fidan Osmanın debüt kolleksiyası nümayiş olunub.

Publika.az xəbər verir ki, Hafiz Xanın dəfiləsində podiuma ilk olaraq Azərbaycanın tanınmış modelyer-dizayneri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova çıxıb. Dizayner bildirib ki, G.Xəlilova ilə uzun illərdir dostluq edir: “Mən onunla dostluğumu yüksək qiymətləndirirəm, onun işlərinə və insani keyfiyyətlərinə heyranam”. Hafiz Xanın sözlərinə görə, o, sonuncu dəfə Bakıda 1987-ci ildə olub və şəhərin indiki görünüşündən, baş vermiş dəyişikliklərdən sarsılıb: “Bakı inanılmaz dərəcədə gözəlləşib, eyni zamanda, şərq özünəməxsusluğunu qoruyub saxlayıb. Bizi Bakıda çox yaxşı qarşıladılar. Moda həftəsi də yüksək səviyyədə təşkil olunub”. Hafiz Xanın gecə geyimlərindən ibarət kolleksiyasında qara və sakit tonlar üstünlük təşkil edib. Bütün parçalar xüsusi sifarişlə hazırlanıb və bir-birini təkrarlamır, hər parçadan bir nüsxədir.

Maraqla gözlənən kolleksiyalardan biri də ukraynalı dizayner Anjela Bezrodanın dəfiləsi olub. O, qonaqları əlvan rənglərdən təşkil olunmuş kolleksiyası ilə sevindirib, əsas diqqəti isə xəz detalları çəkib.

Moda həftəsi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Fransanın ölkəmizdəki səfirliyinin dəstəyilə keçirilir. Moda həftəsi mayın 26-dək davam edəcək. İldə iki dəfə keçirilən tədbir ölkəmizdə dəb sənayesinin populyarlaşdırılmasına və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün şəraitin yaradılmasına yönəlib. Tədbirdə moda sənayesinin beynəlxalq ekspertləri, ən böyük satış şəbəkələrinin və mağazaların bayerləri, yerli və beynəlxalq jurnalların, beynəlxalq PR agentliklərinin nümayəndələri iştirak ediblər. Məlumat üçün bildirək ki, bu il ilk dəfə olaraq Bakıda Şeron Stoun, Monika Beluççi, Selin Dion, Beyons, Ledi Qaqa kimi məşhurlar üçün libaslar tikən fransız dizayneri Jan-Klod Jitrua da öz kolleksiyasını nümayiş etdirəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm