Dəb dünyasına meydan oxuyan livanlı dizaynerlər - FOTOLAR
Bizi izləyin

Dəb

Dəb dünyasına meydan oxuyan livanlı dizaynerlər - FOTOLAR

Kutyur Yaxın Şərqdə tikiş sənətinin yüksək təcəssümü kimi özünü çoxdan doğruldub. Bu gün isə livanlı dizaynerlərin Hollivud ulduzları üçün hazırladığı ziyafət libaslarından baxışları qoparmaq mümkün deyil. Qırmızı xalça mərasimlərində dəb tənqidçilərinin müsbət rəylərini qazanan məşhurlar hər dəfə sübut edir ki, onlar üçün qüsursuz obrazları hazırlayan livanlı dizaynerlər dəbdəbə və zərif gözəlliyi çox yaxşı duyur.

Publika.az bu gün modapərəst oxucuları Suriya, Fələstin, Oman kimi bir çox müsəlman dövlətlərin müharibə ocağına çevrildiyi bir dövrdə dəb aləminə meydan oxuyaraq nəhəng imperiyalarını yardan və dünya mətbuatının diqqətini çəkməyi bacaran 5 livanlı dziaynerlə tanış edib.

“Elie Saab”

Qırx il əvvəl qədim tarixə malik ərəb ölkəsində - Livanda dünyaya gələn balaca oğlan təsəvvür edə bilməzdi ki, vaxt gələcək və onun adı dünya moda tarixinin səhifələrinə qızıl hərflərlə yazılacaq. O, hələ uşaq yaşlarından öz bacıları üçün köhnə pərdələrdən paltarlar tikiridi. Artıq 16 yaşında Eli Şərq geyimləri mühafizəkarlığı haqqında stereotipi qırmaq üçün Parisə təhsil almağa gedir. Doğma estetikası ilə fransız zərifliyini birləşdirərək gənc dizayner öz xüsusi, qeyri-adi üslubunu yaradır. Ustalıq məharətini daha da artırandan sonra yenidən vətənə qayıdır və özünün ilk atelyesini açır. Eli Saabın özünəməxsus tərz Livana qayıtdıqdan sonra ona inanılmaz dərəcədə populyarlıq gətirir.

Livanlı dizaynerin sehrbaz ləqəbini qazanması təsadüfi deyil. Onun kolleksiyaları sanki Hans Kristian Andersenin nağıl səhifələrindən çıxıb. Məsələ burasındadır ki, o tikiş texnikalarını uşaqlıqdan, özü də heç kimin köməyi olmadan mənimsəyib. Əslində Saabın yaradıcılığında heç bir sehr yoxdur. Onun bütün kolleksiyaları uzun və gərgin əməyinin nəticəsidir.

Bahalı daş-qaşlardan, nadir krujevalardan və digər qiymətli materiallardan istifadə edən livanlı dizaynerin istedadı tezliklə bütün dünyaya yayılır. O, Avropanın ən kübar xanımlarından, o cümlədən kral ailələrindən sifarişlər almağa başlayır. 2000-ci ildə artıq şərq dəbinin kralı adına layiq görülən dizyaner ikinci dəfə Parisə gələrək orada özünün ilk moda salonu açır və kolleksiyalarını göstərmək üçün Yüksək Moda nümayişlərinə vəsiqə qazanır.

“Elie Saab” sözün həqiqi mənasında yarandığı ilk illərdən məşhurluq əldə edə bilib. Məsələn, 2002-ci ilin 24 martında Los-Ancelesdə "Oskar" mükafatının növbəti təqdimetmə mərasimi dizayner üçün taleyüklü məsələ idi. Çünki həmin mərasimə qaradərili aktrisa Holli Berri hələ heç kimin tanımadığı livanlı dizayerdən, yəni, Eli Saabdan geyinmək qərarına gəlmişdi. Həmin gecə həm aktrisa, həm də dizayner üçün unudulmaz olur. "Oskar" tarixində ilk dəfə idi ki, qaradərili aktrisa "Ön planda ən yaxşı qadın aktrisa" roluna görə layiqli mükafat qazanır. Holli Berri mükafatı almaq üçün səhnəyə Eli Saabın aşağısı tünd qırmızı enli yubkasında, yuxarı hissəsi isə çiçək naxışları ilə bəzədilmiş şəffaf köynəyində qalxmışdı. Bu hadisə modelyerin taleyində dönüş nöqtəsi olur. Belə ki, aktrisanın əynindəki libas "Oskar" tarixinin ən seksual paltarı kimi həmişəlik yadda qalır. Məhz bu libas Eli Saaba Hollivud elitası ilə tanışlıq üçün vizit kartı funksiyasını yerinə yetirir.

Dizaynerin ilk kolleksiyaları bu gün gördüyümüz üslubundan xeyli fərqlənirdi. Yaradıcılığının ilk illərində o, rəngbərəng parçalara, əlvanlığa və asimmetrik kəsimlərə üstünlük verirdi. Buna baxmayaraq müxtəlifliyə də can atan dizyaner daim yeni fasonlar üzərində baş sındırırdı. Biserlərlə, şüşə muncuqlarla və daş-qaşlarla işlənmiş ilk kolleksiyası isə 2011-cu ildə nümayiş olunur. Livanlı dizyaner istiqamətini incə üslub və şahanə zərifliyə dəyişməsi ilə Ancelina Coli Cessika Bil, Anna Kendrik, Nina Dobrev, Marion Kotiyyar, Cessika Çesteyn, Lizabet Bensk, Reyçel Makadams və başqalarının rəğbətini qazanır. Onlar mühüm tədbirlərdə obrazlarını Eli Saaba etibar edirlər, eləcə də varlı ailələin qızları gəlinliklərini mbu moda evindən seçir.

İndi önəmli mərasimlərin heç biri “Elie Saab” moda evinin dəbdəbəli paltarları olmadan ötüşmür. Hollivud ulduzları livanlı dizaynerin xüsusi olaraq onlar üçün hazırladığı libaslarla qırmızı xalçada poza verməkdən qürur duyur.

“Reem Acra”

Eli Saabın ən güclü rəqiblərindən biri də öz həmyerlisi Rim Akradır. Öz karyerasına Beyrutda başlayan Rim Akra orada sırf kişi geyim istehsalı ilə məşğul olub. Dizaynerlik fakültəsini bitirdikdən sorna Rim Qərbə köçür, əvvəlcə fransız ESMOD məktəblərində oxuyur, sonra isə Amerika Moda Texnologiyaları İnstitutuna qəbul olur.

Tikiş sahəsində fitri istedadı Akra 1997-ci ildə öz adı altında xüsusi brendini buraxır və ilk kolleksiyası Nyu-Yorkda debüt edir. Bir sözlə, Eli Saab Avropanı fəth etdiyi bir vaxtda, Rim ştatlarda dünya ulduzlarının sevgisini qazanmaq üçün gecə-gündüz çalışırdı. "Min bir gecə" nağıllarından ilham alan Rim Akra gəlinlik kolleksiyalarının yaradılması prosesində ən müxtəlif ideyalarını həyata keçirir.

O, gəlinliklərdə bir qayda olaraq kiçik qiymətli muncuqlar, qızıl saplar, o cümlədən İsveçrə parçalarından istifadə edir. Hər bir kolleksiyası böyük zəhmət tələb edən əsl əl işidir. Bu da onun geyimlərini Yüksək Kuturye predmetinə çevirir. Buna bamayaraq, “Reem Acra” moda evi hələ də yüksək moda nümayişlərinin üzvü deyil.

Lakin Yüksək Moda Sindikatına üzvlüyün olmaması moda evinin müştərilərini qətiyyən narahat eləmir. Belə ki, özündə şərq dəbdəbəsi ilə Nyu-York funksionallığının toqquşmasını əks etdirən libasları Cessika Alba, Lesli Mann, Selena Qomez, Cennifer Lopes və başqa ulduzlar böyük məmnuniyyətlə geyinir. Bu məşhurlar “Reem Acra”-dan geyinməklə nəinki, moda tənqidçilərinin müsbət rəylərini qazanır, eyni zamanda qırmızı xalçada özünü rahatlıq hissi ilə təmin edir.

“Georges Hobeika”

“Reem Acra”dan fərqli olaraq “Georges Hobeika” moda evinin işlərini Paris moda həftəsi çərçivəsində görmək mümkündür. O, özünün ilk şousunu 2001-ci ildə, dünyanın moda paytaxtı sayılan Parisdə təşkil edib. “Chanel” moda evində böyük təcrübə keçən Hobeykanın həmin vaxt Beyrutda artıq böyük bir atelyesi fəaliyyət göstərirdi.

Çoxillik yaradıcılıq prosesində qazanılmış təcrübə ilk nümayişdən fransız tamaşaçıları ovsunlamaqda livanlı izaynərə kömək edir. “GH” moda evinin tikmə sənətinin fantastik nümunələri sayılan kolleksiyaları 150-dən işçisinin zəhmətinin nəticəsidir. Hər muncuğu, hər tikişi onu göstərir ki, Hobeyka həqiqətən də "Moda böyük işdir" şüarına əməl edir.

“Georges Hobeika” brendinin kolleksiyalarına əsasən türkiyəli və rusiyalı ulduzlar müraicət edir. Moda evi Çin və hind aktrisaları arasında da böyük şöhrətə malikdir, onlar beynəlxalq kinofestivallarda və qala gecələrində livanlı dizaynerin möhtəşəm tualetlərindən istifadə edirlər. Hollivud dünyasının aktrisaları və populyar ifaçıları isə sözügeden moda evindən çox nadir hallarda geyinir. Yəqin ki, bu da Hollivud ulduzlarının çılpaq trendinə meyl etməsi ilə bağlıdır. Axı qadını geyindirmək onu soyundurmaqdan daha çətindir və bu, yüksək zövq duyumu tələb edir.

70-ci Kann Kino Festivalında iştirak eden Fahriye Evcenin dərin yarığı olan bəyaz libası da bu moda evinə aid idi. Fahriye açıqlamasında etiraf etmişdi ki, festival üçün geyim seçimində nişanlısı Burak Özçivitin fikrini nəzərə alıb.

Image result for fahriye kann

“Tony Ward”

Beyrutdan olan Toni Uard da müasir dəb dünyasında öz sözünü demiş dizaynerlərdən biridir. Toninin atası vətənində böyük atelye sahibi idi, Yaxın Şərqin elit təbəqəsinin nümayəndələri bu atelyedən geyinirdi. Uşaqlıqdan lüks və təmtəraq içində yaşayan Uord dəb aləminə hədsiz maraq bəslədiyi üçün atasının peşəsini davam etdirir. O, birinci Parisə mühacir edərək Yüksək Moda Sindikatın nüfuzlu məktəbində irsi bacarıqlarını inkişaf etdirmək qərarına gəlir. Təhsilini başa vurduqdan sonra istedadlı gənc “Lanvin”, “Christian Dior” və “Chloe” ilə əməkdaşlıq edir. 1997-ci ildə isə şəxsi brendininin əsasını qoyur.

İtaliya və Fransa Moda Həftələrində uğurla çıxış edərək Toni dünya ulduzlarını geyindirən qərb stilistlərin diqqətini çəkir. Böyüyən imperiyası dizyanerdən “Haute Couture” kolleksiyalarından heç də fərqlənməyən yüksək keyfiyyətli hazır geyim xəttini yaratmağı tələb edirdi. Zaman keçdikcə markanın müştəriləri gəlinlik xəttinə də ehtiyac duyur.

Brendin xətlərinin zənginləşdirilməsi ilə yanaşı Uord xaricdən ölkəyə innovasiya və uyğunlaşdırılmış layihələri tətbiq etməklə Livanın da tikiş sənayesini inkişaf etdirir. Onun həmyerliləri Avropada ofisləri açmaqla məşğul olduğu bir vaxtda dizayner doğma şəhərində öz qərargahını genişləndirir, jurnalistlərin suallarına isə qısa və aydın cavab verir: "Qazandığım təcrübə, Parisdə aldığım təhsil mənim üçün ən önəmlisidir. Amma həmişə Beyruta qayıdıram, çünki evdən kənarda yaratmaq iqtidarında deyiləm. Mən öz köklərinə və şərq qadınlarının gözəlliyinə qarşı həddən artıq bağlı insanam".

Livanlı dəb ustasının hər bir fasonu bir neçə həftə ərzində ən yaxşı parçaları və qiymətli daşları istifadə etməklə yaranır.

Zuhair Murad

Zuhair Murad sehrbazdır. O yalnız effektli paltar tikmir, o hər bir qızın bayram axşamlarında, qırmızı xalıda və ya öz toyunda şahzadə olmaq kimi əlçatmaz xəyalını həyata keçirir. O, yaratdığı libaslar sayəsində xanımın kütlə içində seçilməsinə, hətta uzun illər unudulmamasına nail olur. Kişilər isə öz xanımlarını bu libaslarda görəndə riqqətə gəlirlər, hətta öz şahzadələrinə yenidən aşiq olurlar…

Bu brendin də yaranma tarixi yuxarıdakılarla oxşardır. Zuhair Murad da vətəndaş müharibələri ərəfəsində Parisə mühacir edir, orada dizaynerlik üzrə təhsil alır, daha sonra Livana qayıdaraq öz atelyesini açır. Lakin digər ərəb kuturyelərdən fərqli olaraq o, nəcibliyə və incəliyə can atırdı. Murad öz kolleksiyalarında zərif seksuallığı ön plana çıxarmağı çox sevir. Bu səbəbdən dizaynerin əsas müştəriləri arasında “Victorias Secret”in mələkləri yer alır. İdeal bədən quruluşunu vurğualayan geyimlərlə qırmızı xalçada poza verən modellər öz görkəminə görə, livanlı dizaynerə borcludur. Məsələn, Adriana Lima, Alessandra Ambrosio, İzabel Qular, Kendis Sveynpol, Şanel İman və başqaları demək olar ki, bütün tədbirlərə Zuhairin zəngin naxışlı, şüşə muncuqla bəzədilmiş nadir paltarlarında göz oxşayır və bununla da "best-dressed" (ən yaxşı geyinənlər) siyahısına öz adlarını daxil edirlər.

Eləcə də Cessika Parker, Keti Perri və Sofiya Verqara, Krissi Teyqen, Mila Kunis, Teylor Svift, Cennifer Lopes kimi tanınmışlar müsəlman dizaynerin işlərinə heyrandır. Yeri gəlmişkən qeyd edək ki, Sofiya Verqara öz gəlinlik paltarını adıçəkilən dəb ustasına etibar etmişdi. 47 yaşlı Ceylo isə hər nümayişdən sonra dizaynerin kolleksiyasının yarısını özünə götürür.

Antik tərz ilə müasirlik estetikasının vəhdətini özündə əks etdirən markanı sırf kutyur seqmentinə aid etmək olar. Hər mövsüm üçün, hətta mövsümlər arası da yeni kolleksiyalar yaradan şərqli dizayner alta moda xətlərinə üstünlük verir, hansı ki, burada yaradıcı fikirlər daha dolğun əks etdirilir.

2005-ci ildən etibarən Zuhair Murad "pret-a-porte" kolleksiyası ilə dünyanın hər yerindən ona müraciət edən elitanın tələblərinə cavab verən geyim nümunələri yaradır. Dizayner detallara xüsusi diqqət yetirir və öz sehrli üslubu ilə paltarlara yeni ideya gətirir. Dizayner deyir: "İlkin təəssürat heç vaxt unudulmur, aldadıcı deyil, o, uzun müddət yadda saxlanılır. Mən bu anın yaradıcısı və səbəbkarı olmaq istəyirəm. Bu işdə ilham mənbəyinin olması çox vacibdir. Fantaziyam və dəbə olan ehtirasım məni ilhamlandıran başlıca amillərdir. Ölkəmin təsvirolunmaz təbii gözəlliyinin də mənim yüksək moda aləminə daxil olmağımda böyük rolu var . Madam kutür öz təxəyyülümü nümayiş etdirə və rəssam kimi özünü təsdiq edə bildiyim bir taxçadır", - Murad müsahibələrinin birində deyirdi.

Yüksək modanın kralı statusuna layiq görülən Muradın əsərlərini ulduzlu səmanın, güllü çəmənlərin və əsrarəngiz meşə gözəliklərini özündə əsk etidrən müasir incəsənətin layiqli təzahürü adlandırmaq olar. Onlar kütləvi bazar və kommersiya dövründə öz qanunları diktə edən Moda Olimpinin zirvəsini fəht etməyi bacarıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm