60-cı illərə səyahət - O dövrün qadınları belə geyinirdi - REPORTAJ/FOTO
Bizi izləyin

Dəb

60-cı illərə səyahət - O dövrün qadınları belə geyinirdi - REPORTAJ/FOTO

Ötən əsrin 60-cı illərinin dəbli tendensiyaları yenidən populyarlıq zirvəsindədir. Dünyanın elə bir aparıcı dizayneri və adlı-sanlı markaları yoxdur ki, həmin dövrün dəbinə müraciət etməsin. Amma ədalət naminə, qeyd etmək lazımdır ki, bugünkü modelyerlər 60-cı illərin stilini eynilə təkrarlamır, sadəcə ən yaxşı ideyaları seçir və onlardan məharətlə istifadə edirlər. Bəs 60-cı illər dedikdə hansı dəb trendləri assosiasiya olunur? Əlbəttə ki, Tviqqi, Jaklin Kennedi, Bricit Bardo, Bitlz qrupu, gənclər dəbi anlayışı, hippi tərzi, populyar incəsənət növləri, azadlıq və müstəqillik, eləcə də bir çox başqa detallar yada düşür. Adlarını çəkdiyimiz stil ikonalarının obrazları qadın dəbində hökm sürmüş mühafizəkar təməlləri dağıdır və yeni stil standartları yaradırlar... Ümumiyyətlə, bu onillikdə dəb aləmi üçün tamamilə yeni olan bir çox cəsarətli ideyalar meydana çıxıb. Elə bu səbəbdən də əfsanəvi 60-cı illərin üslubu dünya moda tarixinə ən parlaq onillik kimi daxil olub.

Publika.az bu yazıda oxucuları Bakıda ilk dəfə olaraq Heydər Əliyev Fondunun dəstəyilə keçirilən Aleksandr Vasilyev Fondunun 60-cı illərə aid geyim nümunələrinin toplandığı “Modernizm və Moda” sərgisi ilə tanış edib.

Dəb tarixinin ən parlaq onilliyinə həsr olunmuş nadir ekspozisiyada o dövrün ən məşhur moda evləri tərəfindən hazırlanan 350 aksesuar, həmçinin 100 geyim nümunəsi nümayiş olunur. Sərgiyə baxmağa gələn ziyarətçilər bir daha onun şahidi olacaq ki, 60-cı illərin xanımları bu gün ultra dəbli geyinən qızlardan və İnstaqram blogerlərindən heç də geri qalmayıb. Əksinə ən cəsarətli tendensiyaları, futuristik bəzək əşyalarını, plastik ayaqqabı və çantaları ilk dəfə həmin dövrün modapərəstləri öz üzərində sınaqdan keçirib. Mənim kimi çoxları da o fikirdədir ki, sərgidə təqdim olunan bir çox bəzək əşyaları müasir dövrün trendləriylə uyğunluq təşkil edir. Digər təəccüb doğuran məqam ondan ibarətdir ki, Aleksandr Vasilyevin bu kolleksiyasının yarım əsrdən çox yaşı olmasına baxmayaraq, bu gün də təzə kimi görünür.

Sərginin ekspozisiyası 40 il ərzində toplanıb. Kolleksiyaçı, moda tarixçisi, interyer dekorasiyaçısı, teatr rəssamı, dəb sahəsində bir sıra məqalə və kitabların müəllifi, sənətşünas və televiziya proqramlarının aparıcısı - Aleksandr Vasilyevin sözlərinə görə, sərgi böyük əziyyəti nəticəsində ərsəyə gəlib. O, 60-cı illərə aid olan aksessuarlar toplamaq üçün Avstraliyaya, Yaponiyaya, Çinə, Türkiyəyə, Fransaya, İtaliyaya, İsveçrəyə, Litvaya, Latviyaya, Estoniyaya, Rusiyaya, Cənubi Amerika ölkələrinə və digər ölkələrə səyahət edib.

Aleksandr Vasilyev hesab edir ki, bu, həm də maarifləndirici sərgidir. “Modernizm və Moda” sərgisi Azərbaycanın dizaynerlərini, rəssamlarını, rejissorlarını, aktyorlarını, yazıçılarını, bir sözlə, o illərin ruhuna nüfuz etmək istəyən hər kəsin ilham mənbəyi olacaq. Axı moda həm də tətbiqi sənətin bir hissəsidir. Yeri gəlmişkən, A.Vasilyevin qənaətinə görə, dəb təkcə kommersiya deyil, həm də yüksək mədəniyyətin ayrılmaz hissədir.

60-cı illərin dəbi nə ilə seçilirdi?

60-cı illərdə gənclərin çoxu maddi baxımdan müstəqil olmuşdu, onlar heç kimə bənzəmədən unikal olmağa can atır, geyimlərində yeni nəslin fərqləndirici xüsusiyyətlərini vurğulayır və öz ruhuna yaxın olan musiqi tərzlərini dinləyirdilər. Odur ki, geyim istehsalçıları üçün gənclərin tələblərini ödəyən paltar və bəzək əşyaları buraxmaq daha sərfəli idi. Hər şeydən əvvəl elmi-texniki tərəqqi sürətlə inkişaf edirdi.

Kosmos əsrinin dəbə təsiri

Moda ekspertləri haqlı olaraq 1960-ci illəri inqilabi dövr adlandırırlar. "Modernizm və moda" sərgisinə gələrək bunu əyani şəkildə görmək olar. Sərgidə kosmos atmosferi və avanqard cərəyanların təsiri, eyni zamanda kədər, həsrət və bütöv bir dövrün əhval-ruhiyyəsi hiss olunur: Strazlar, parlaq rənglər, iri həndəsi ornamentlər, plastik donlar, laklı çəkmələr, qarışıq rəng, formalar, fakturalar və s.

Kosmos əsrinin inqilabi yenilikləri cəmiyyətlərdə və bununla birgə dəb dünyasında da dəyişikliklər yaratmışdı. Xüsusilə ilk kosmonavt Yuri Qaqarinin 1961-ci ildə, birinci qadın kosmonavt Valentina Tereşkovanın 1963-cü ildə kosmosa uçuşu dəb aləmində silinməz izlər qoyub. Bu hadisə Paris modelyerlərinin kosmik mövzuya müraciət etməsinə səbəb olub. Bununla da dizaynerlər qadınların xəyalən də olsa, kosmosa uçmaq arzusunu reallaşdırıb...

Ayaqqabı formaları, baş geyimlərində və digər aksesuarlarda da əksini tapan kosmik dəb erası 1969-cu ildə amerikalıların Aya ilk enişilə sona çatıb. Heydər Əliyev Mərkəzindəki sərgidə bu futuristik ideyaları özündə əks etdirən kifayət qədər aksessuarlar təqdim olunur. Sərgidə çoxsaylı bəzək əşyalarıyla yanaşı çantalar, şlyapalar, ayaqqabılar da yer alıb. Şübhəsiz ki, bunlar moda ilə maraqlanan hər bir xanımda dərin təəssürat oyadacaq.

Sərginin ən çox maraq doğuran - “Go-go” çəkmələri

Parıltılı parça və ya sintetik materialdan tikilən, alçaq dabanlı və uzunboğaz çəkmələr o dövrün ən populyar trendi idi. Belə çəkmələrə “go-go” adı verilmişdi. Zərli və laklı uzunboğaz çəkmələr qısa müddətdə moda dünyasında o qədər geniş vüsət alır ki, onun şərəfinə eyniadlı “go-go" rəqs növü də yaranmışdı. “Go-go” çəkmələrinin əsas təbliğatçıları fransız modelyeri Andre Kurrej, Pyer Karder və ingiltərəli modelyer Meri Kvant idi. Dəb ustaları uzunboğaz çəkmələri qısa yubkalarla birləşdirmişdi. Bu ideyadan bəhrələnən bir çox dizaynerlər “go-go” çəkmələrinin kütləvi istehsalına başlamışdı. Heydər Əliyev Mərkəzində nümayiş olunan dəb sərgisində də bu cür çəkmə modelləri xüsusi nəzərə çarpır. Qeyd etmək lazımdır ki, ziyarətçilərin daha çox diqqətini cəlb edən məhz onlardır.

60-cı illərin eynək və çanta dəbi

60-cı illərin bəzək əşyaları iriölçülü olması ilə xarakterikdir. Plastik materiallardan hazırlanan süni zinət əşyaları, polimer materiallardan ayaqqabı və çantalar da ilk dəfə 60-cı illərdə dəbə minib.

Plastik materialdan hazırlanan böyük çərçivəli eynəklər də 60-cı illərin məhsullarıdır. Sarı, qırmızı, yaşıl kimi gözlənilməz rənglərdə istehsal edilən çərçivələr bütün modapərəstlərin qəlbini fəth etmişdi. Onların ən nadir nümunələri ilə “Modernizm və Moda” sərgisində tanış ola bilərsiniz.

Sərginin metal effektli ziyafət klatçları, eləcə də plastik materialdan hazırlanan çantalar futuristik formaları ilə seçilir. Onu da qeyd edək ki, məşhur modelyer Pako Raban da metaldan və plastikadan "Kosmik üslub"da geyim nümunələrinin istehsalı ilə məşğul olub. Bijuteriya və plastik aksessuarlar kolleksiyasını o, ilk dəfə 1966-ci ildə nümayiş etdirib. Sərgidə nümayiş olunan bəzək əşyalarının bir çoxu da elə ona aiddir.

“Modernizm və Moda” sərgisini izləməyə gələn ispaniyalı turist İlaria Qonzales Akosta təəssüratlarını bizimlə bölüşüb: “Bənövşəyi tufliləri görəndə uşaqlıq illərim yadıma düşdü. Mənim də eyni ilə bu rəngli tuflilərim vardı. Sanki bir anlıq həmin illərə səhayət etdim”.

Sərgini izləməyə gələn azərbaycanlı xanım Cavadova Zülfiyyə təəccübünü gizlətməyib: “Aksessuarlar çox xoşuma gəldi, qeyri-standart və maraqlıdır. Xüsusilə gecə klatçları çox dəbdəbəlidir. Onları indi də böyük məmnuniyyətlə istifadə edərdim”.

70-ci illərə doğru dəb dünyasında tamamilə fərqli istiqamətlər yaranmağa başladı. Bu isə başqa mövzudur... Və elə düşünməyin ki, dəb aləminə səyahət sadəcə 60-cı illərlə kifayətənləcək. Təşkilatçıların sözlərinə görə, bakılıları və şəhərin qonaqlarını müxtəlif tarixi dövrlərin geyimlərinin təqdim ediləcəyi silsilə sərgilər gözləyir.

Aleksandr Vasilyev də gizlətməyib ki, altı aydan sonra moda həvəskarlarını Bakıda daha maraqlı bir sərgisi sevindirməyi planlaşdırır. Odur ki, əziz dəb həvəskarları, növbəti dəb sərgisində görüşənədək...

Aleksandr Vasilyevin 40 ilə yaxındır ki, topladığı kolleksiyada XVII əsrdən müasir dövrədək müddəti əhatə edən 50 min eksponat var. Müxtəlif ölkələrdən əldə olunan eksponatlar arasında öz dövrlərinin ən yaxşı atelyelərində hazırlanan yüksək dəb şedevrləri yer alıb.

Heydər Əliyev Mərkəzində təşkil olunan “Modernizm və Moda” sərgisi 2018-ci il aprelin 5-dək davam edəcək.

Aytən,

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm