O, istənilən kişini gözəlliyi ilə ovsunlayırdı - FOTOLAR
Bizi izləyin

Dəb

O, istənilən kişini gözəlliyi ilə ovsunlayırdı - FOTOLAR

Merilin Monro stili ilə tanış olun

Şəxsi həyatı, aktrisalıq qabiliyyəti, saysız-hesabsız eşq, məhəbbət macəraları, hətta sirlərlə dolu intiharı ilə hələ də gündəmdədir. Ən əsası isə ölümündən illər keçməsinə baxmayaraq, cazibədarlığın, ehtirasın, seksin simvolu olmağa davam edir. Onun təbii zərifliyi və həssaslığı dizaynerləri indiyə qədər nadir retro kolleksiyaların yaradılmasına ruhlandırır.

Merilin Monro stilinin əsas xüsusiyyətləri

Onun kimi cazibədar görünmək istəyən xanımlar Merilin Monro üslubunu hələ də təqlid edirlər. Çünki Merilin Monro yeni gözəllik standartlarının təməlini qoyur. Bu standartlar isə öz növbəsində istənilən kişini ovsunlamağa imkan verirdi. Bu qayda hələ də istisna deyil... Sarı saçlar, qırmızı dodaq boyası, kürk, ağ əlcəklər Merilin Monronun vizit kartı idi.

Merilin Monro qəbullar, gurultulu və kübar tədbirlər üçün uzun əlcəklər seçirdi. O, bəlkə də, yeganə Hollivud aktrisasıdır ki, ağ əlcəklər onda təbii və gözəl qalırdı. Qlamur və retro üslubun əsas elementi olan uzun əlcəklər bu gün də son dərəcə populyardır. Qlamur üslubun müasir həvəskarları onları böyük məmnuniyyətlə istifadə edirlər.

Monronun ən sevdiyi rənglər arasında xaki, krem rəngi, qara, ağ və al-qırmızı var. Bu rənglərdən başqa retro tərzini təşkil edən çəhrayı, yaşıl, mavi rənglərə və xallı donlara da Merilin Manro stilində rast gəlmək olar. Məsələn, "Kişilər sarışınları sevir" filmindəki çəhrayı parlaq paltarı öz qarderobundan idi.

Son zamanlar dəbdə olan qələm ətəkləri Merilin şıq vodolazkalarla uyğunlaşdırmağı sevərdi.

Aktrisa zərif və cazibədar geyim tərzini hər zaman aksessuarlarla rövnəqləndirirdi. Xəzlər Merilin Monronun əvəzolunmaz bəzəyi idi. O, xəzlərin təntənəsini öz üzərində bacarıqla nümayiş etdirirdi. Cazibədar aktrisa dekolteli paltar geyinən zaman gözəl çiyinlərini xəz şərflərlə örtürdü. Çiyinləri xəzlə örtmək əslində bir Merilin Monro klassikasıdır...

Monronun bu günə qədər ən çox danışılan gözəllik cərəyanlardan biri sarı saçıdır. Olduqca düzgün üz quruluşuna malik olduğu üçün qısa sarı saçını dalğalı edirdi. Qısa dalğalı saçlar Merilin Monronun adı ilə bağlıdır.

Cazibədar aktrisanın qüsursuz makiyajına gəlincə, o, sadəliyə və təbiiliyə üstünlük verirdi. Makiyajda geyimdəki kimi təmtərağa və parıltıya yol vermirdi. Gözlərini ağ rəngli göz kölgəsi ilə vurğulayırdı. Gözlərinin ön planda olması üçün göz qapaqlarına açıq qəhvəyi göz kölgəsi çəkirdi.

Ümumiyyətlə, Merilin Monro kimi makiyaj etmək üçün ilk növbədə qüsursuz dəri effektini yaratmaq lazımdır. Bunun üçün dəriyə ənlik (krem şəklində) çəkməzdən əvvəl dəriyə nəmləndirici krem çəkilməlidir. Əgər dəridə qüsur varsa, korreksiya edən qələmdən istifadə etmək olar.

Kirşan və ya qəhvəyi toz şəklində olan ənliklə almacıq sümüklərinə çəhrayılıq verin. Parıltılı toz şəklində ənliklə almacıq sümüklərinin yuxarı hissəsini, çənəni, burunun yuxarı hissəsini vurğulayın.

Qaşların dəqiq konturunu çəkin. Bunun üçün açıq qəhvəyi qələmdən istifadə edə bilərsiniz.

Göz qapaqlarının xarici uclarına quşlar çəkmək üçün əvvəlcə gözün ucundan ağ qələm və ya ağ göz kölgəsi ilə quş çəkirik. Qara qələm və ya layner ilə göz qapağının üstünün və altının uc hissəsinə quş çəkilir. Xətlər çox nazik olmalıdır.

Əgər kiprikləriniz qısa və ya seyrəkdirsə, kirpik qoymaq olar. Merilinin qoyma kirpiklərinə oxşar kirpiklər yapışdırsanız, makiyaj daha çox oxşayar. Kirpik yapışdırandan sonra Merilin kimi bir neçə lay tuş çəkin.

Əvvəlcə dodaqların kənarlarını ağ qələmlə haşiyəyə alın. Elə çəkin ki, rəng kəskin bilinməsin. Sonra qırmızı qələmlə dodaqların kənarlarına kontur çəkin. Sonra isə qələmin rəngindən daha parlaq dodaq boyasını dodaqlarınıza çəkin. Fikir verin ki, Merilinin makiyajında dodaqlarının kənarları mərkəzinə nisbətən daha tünddür. Dodaqları bu cür rəngləmək onları daha həcmli göstərir. Deyilənlərə görə, Monro, o dodaqlara sahib olmaq üçün 5 qat pomada istifadə edirmiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm