Bakılı xanımları dəbli olmağa səsləyən stil - FOTOLAR
Bizi izləyin

Dəb

Bakılı xanımları dəbli olmağa səsləyən stil - FOTOLAR

Ulduz həyatının gərgin və yorucu ritmi, çəkilişlər və ağır iş şəraiti bu gün onların gündəlik həyatda dəbdəbəli olmasına maneçilik yaradır. Onlar diqqətdən, kameradan və tamaşaçı rəğbətindən kənarda sadə və rahat paltarlara üstünlük verirlər. Ulduzların şəhər stili qırmızı xalıdakı kimi qlamur obrazlardan fərqli olaraq gözə girmir, həddindən artıq cəlbedici deyil, amma eyni zamanda, maraqlı və dəblidir. Ulduzların dəbli və rahat görünmək tələbləri urban stilində nəzərə alınıb. Məşhurların gündəlik küçə stilləri sadəliyi və rahatlığı ilə seçilir. Buna urban, yəni şəhərli stili deyilir.

Hər dəfə xanımları bir stil haqqında dərindən məlumatlandırmağa çalışıram. Bu vəzifəyə yenə də sadiq qalaraq dəbi yaxından izləyən, ona pərəstiş edən xanımlar üçün urban stili ilə bağlı maraqlı və faydalı informasiyalar, eyni zamanda, çox qiymətli məsləhətlər verəcəyəm.

Bir çox insan "urban" stilini nəyin ehtiva etdiyi ilə yaxından maraqlanır. Publika.az-ın "Moda inqilabları" layihəsi çərçivəsində urban stilinin qayda-qanunları və bu üsluba nələr daxil olduğu haqqında ətraflı məlumat verəcəyəm.

Urban stili - müasir gəncliyin olduqca maraqlı geyim tərzidir. Burada xüsusi çərçivələr və məhdudiyyətlər yoxdur. Azadlıq və individuallıq bu üslubun mahiyyətini təşkil edir. Bu gün urban tərzində geyinən və şəhərlərimizin küçələrini zəbt edən gəncləri tanımaq elə də çətin deyil. Axı gənc qız və oğlanların böyük əksəriyyəti belə üslubda paltar geyinirlər. Urban üslubu özünəməxsusluğu əks etdirir və gənclərin müasirliyini ifadə edir.

Urban stili şəhərin küçələrində dostları və sevgilisi ilə gəzməyə çıxanda orijinal və bənzərsiz olmaq istəyən insanlar üçün nəzərdə tutulur. Bu stil qeyri-adi və cəsarətli insanların özünüifadə tərzidir. Qeyd etmək lazımdır ki, bu tərz böyük şəhərin küçələrində kifayət qədər münasib və parlaq görünür.

Urban stili gənclərin geyim üslubundan başqa, həm də musiqiyə də aid edilir. Hesab olunur ki, bu geyim tərzi son günlərdə kifayət qədər populyar olan "R&B" (Musiqi janrıdır. Amerikada qaradərili musiqiçilərin caz və rep sintezindən yaratdığı musiqi janrıdır.) üslubu ilə yaxından əlaqəlidir. Bu üslubun parlaq nümayəndələrinə: Maykl Ceksonu, Uitni Hyustonu, Meray Kerini misal göstərmək olar.

Bəziləri hesab edirlər ki, urban tərzi kifayət qədər orijinaldır. Digərləri isə bu üslubda geyinmək üçün cəsarət tələb olunduğunu düşünür. Amma hər halda belə üslub var və olacaq. Yəqin ki, hələ uzun müddət və xeyli gənclər tərəfindən sevilməyə davam edəcək.

Demək lazımdır ki, bu üslubda öz xarici görünüşü ilə çevriliş etmək istəyən olduqca qeyri-adi və cəsarətli insanlar geyinirlər.

Bəs gənclərin bu üsluba dəqiqliklə əməl etməsi üçün nələr tələb olunur?

Urban üslubu - iki tanınmış klassik və "casual" istiqamətlərinin qarışığıdır.

İlk baxışda kombinasiyası çox nadir görünən bu iki üslub birlikdə ideal harmoniya yaradır. İstənilən şəraitə: işgüzar görüşlər və qeyri-rəsmi əyləncə məclislərinə uyğun olan rahat ansamblların yaradılması üçün münbit zəmin hazırlayır. Üslubun əsası - klassik rəng palitrası, son dərəcə dəbli və rahat geyimlər və aktual trendlərdən ibarətdir. Urban stilinə müraciət edən qızların gündəlik ansambllarının əsas xəttini təbiilik və sadəlik təşkil edir.

Urban üslubunda rənglər, printlər

Şəhər stilinin rəng çeşidlərinə adətən solğun, soyuq, boz rənglər daxildir. Bunun açıqlaması çox sadədədir. Modapərəst xanım öz ansambllarında ətrafında olan tonları əks etdirir. Məlum olduğu kimi, şəhərlərin küçələrində parlaq boyalardan istifadə olunmur. Amma bu, o demək deyil ki, əlvan rənglərə yer yoxdur. Ansamblı qüvvətləndirmək üçün parıltı və əlvan rənglər özünü bəzək-düzəklərdə, aksessuarlarda göstərir. Bir qayda olaraq ağac yaşılı, dəymiş albalı qırmızısı, zərif-çəhrayı, çiçəkləyən ağacların əlvan rəngləri, iyul günəşinin sapsarı şüası, dinc səmanın parlaq mavi tonları aksessuarlarda və müəyyən elementlərdə istifadə olunur. Printlər mövzusundan söhbət düşəndə urban üslubu bu məsələdə o qədər də səxavətli davranmağa icazə vermir. Belə ki, gül motivləri, ecazkar tropik naxışlar və ornamentlər ümumi təmkinli, klassik istiqamətlərlə qarışdırılır. Burada həndəsi - sadə fiqurlar, düz xətlər, qaz ayağı, zolaq və dama naxışları hökmranlıq edir.

Şəhərli xanımın qarderobunda əşyaların rəngi təmkinli və parlaq ola bilər. Lakonik fasonlar və parlaq aksessuarlar urban stilin əsas atributlarına daxildir.

Şəhərli stilində parıltını və rəngarəngliyi adətən aksessuarlar öz öhdəsinə götürür. Qızlar geyimdə qəhvəyi, göy rənglərdən və ümumiyyətlə, militari üslubunun istənilən rənglərini istifadə edə bilərlər.

Urban stilinin əsas qətnamələrinə bunlar daxildir

Klassik elementlər şəhərli üslubunun daimi üzvləridir. Bunlara: qələm ətəklər, cinslər, köynək paltarlar, kombinezonlar, bluzlar aid edilir. Əgər bu əşyalar klassik üslubda çox lakonik və ciddi görünürsə, urban stilində sərbəstliyə yol verildiyi üçün daha azad, dəbli və müasir görünürlər. Burada geyimlərdəki bəzəklər çoxlu maraqlıdır və detallarına qədər düşünülüb, hər biri orijinallığı ilə seçilir.

Paltarlar, köynəklər və yubkalar ornamentlərlə, strazlar və əlavə bəzəklərlə tamamlanır. Bu dekorlar paltarı daha incə və yüngül edir. Şəhər üslubunda ciddi qaydalara yer yoxdur. Əsas tələblər parçanın keyfiyyəti və fasonların qüsursuz olmasıdır. Cinslərin trikotajlarla konsepsiyası əsl nəcib şəhərli obrazı yaradır. Yeri gəlmişkən, cinslər urban stilinin əsas tərkib hissəsidir. Lakin ansamblda ancaq bir cins geyim iştirak etməlidir. Müxtəlif fasonlu yubkalar da urban stilinə xasdır.

Paltarlara, toplara və bluzlara xüsusi tələbat olsa da, dərin dekolte birmənalı şəkildə qadağandır.

Qızlar dar və enli cinslər geyinə bilərlər. Bu üsluba parlaq lasinlər və rəngbərəng kolqotlkalar da daxildir. Lasinləri daha çox adi koftalarla və maykalarla birləşdirirlər. Cins şalvarın üstündən rəngbərəng koftalar geyinmək olar. Kombinezonların altından geyinilən müxtəlif zolaqlı koftalar da çox məşhurdur.

Şəhərli üslubunun zəngin görünməsi üst geyimlərdən çox asılıdır. Məsələn, dəri gödəkcələr, plaşlar, ponçolar, bürüncəklər, balonka kurtkalar və paltolar da zövqlə seçilməlidir.

Çox şaxəli şəhərli stilində şərflər, irihəcmli aksessuarlar, yaylıqlar, əlcəklər də alqışlanır. Bu stilin modapərəst sahibi qarderobunu irihəcmli bəzək-düzəklərlə, şlyapalarla və digər baş geyimləri ilə zənginləşdirməyə razı olmalıdır.

Özünə baxımlı xanımın çantası haqqında unutmaq olmaz. Çanta klassik və ya torba formasında ola bilər. Çanta tamamilə sizin zövqünüzün məhsulu olmalıdır.

Bu tərz ofis stili üçün də uyğun gəlir. Lakin işdən sonra hər bir qız rəsmi nə varsa, hər şeyi ləğv edib, azad olmaq istəyir. Elə bu səbəbdə də şəhərli stili son vaxtlar çox aktualdır. Çünki onda cansıxıcı məhdudiyyətlər yoxdur. Rahatlıq başda olmaqla insanlar istədiklərini seçməkdə sərbəstdirlər.

Şəhər üslubu gənc obrazı yaratmaq üçün əla bazadır. Bu stildə əsas rolu insan fantaziyası oynayır. Tendensiyaları sındırmaqdan və nə isə fərqli bir şeylər fikirləşməkdən qorxmayın. Sonda onu qeyd etmək istərdim ki, stil insanı deyil, insan stilin yaradıcısıdır. İnsanın daxili dünyası zəngindirsə, individual olmağa cəsarəti çatırsa, müxtəlif üslubların əşyaları qarışdırmaqdan heç vaxt qorxmur. İnanıram ki, bu yazım sizə maksimum dərəcədə cəsarətli olmağa səsləyə bildi... Daxili dünyanızı ifadə etməkdən və dəbli olmaqdan qorxmayın!

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm