Brilyantlarla eşq yaşayan cazibədar aktrisa - FOTOLAR
Bizi izləyin

Dəb

Brilyantlarla eşq yaşayan cazibədar aktrisa - FOTOLAR

Kişilər qadınları tərk edirlər, təmtəraqlı, parıltılı zinət əşyaları isə xanımları ən çətin anda belə darda qoymur. Onlar həmişə mücrüdə öz sahiblərini gözləyirlər. Qadınların qızıla və brilyanta olan acgözlüyünün səbəbi bəlkə də brilyantların xanımlara kişilərdən daha sədaqətli olmasıdır...

Məlumdur ki, zinət əşyaları ağır depressiyada olan bir qadının kədərli gözlərinin parıldamasına səbəb olur, əhvalını qaldırır. Yəni, birbaşa sağlamlığına təsir göstərir. Sağlamlıqdan söz düşəndə isə qənaət birmənalı şəkildə yolverilməzdir. Əziz kişilər, sevdiyiniz xanımların sağlamlığını düşünürsünüzsə, onları xüsusi günlərdə qızıl və brilyantlarla sevindirin.

Publika.az-ın “9 Don” layihəsi çərçivəsində bu həftə saysız-hesab zinət əşyalarının sayı ilə həm kino, həm də moda dünyasında dərin izlər qoyan Elizabet Teylor haqqında maraqlı məlumatları nəzərinizə çatdıracağam. Daha dəqiq desəm, brilyantlarla sevişən kino divanın daş-qaş mücrüsünə nəzər salacağıq.

Tərcümeyi-halı

Elizabet Teylor (əsl adı Elizabeth Rosemond Taylor) 27 fevral 1932-ci ildə Londonda dünyaya gəlib. Böyük Britaniya əsilli aktrisanın hələ uşaqlıq illərindən ulduzu parlayır. O, yetkinlik dövründən öz istedadı, bacarığı, qabiliyyəti, həyat tərzi, gözəlliyi və bənövşəyiyə çalan gözləri ilə başqalarından fərqlənir və tanınırdı.

Elizabet Teylor "Batterfild 8" və "Virciniya Vulfdan kim qorxur?" filmlərindəki rollarına görə "Oskar" mükafatına layiq görülsə də, 1963-cü ildə çəkildiyi "Kleopatra" filmindəki Kleopatra rolu ilə daha çox assosiasiya olunur.

"Kleopatra" filmindəki rolu ilə daha çox yaddaşlara həkk olunan aktrisa 1980-ci illərdə QİÇS-lə mübarizəyə qoşulub. 1985-ci ildə QİÇS Tədqiqatı, 1993-cü ildə isə QİÇS Fondunun Amerikada əsasını qoyub.

Elizabet Teylor 23 mart 2011-ci ildə, 79 yaşında yerləşdirildiyi Los-Anceles xəstəxanasında ürək dayanmasından vəfat edib. Aktrisanı həmişəyaşıl bitki olan qardeniya, bənövşə və zanbaqla bəzədilmiş tabutda dəfn ediblər.

Brilyantlarla sevişən qadın

Elizabet Teylorun brilyantlarla yaşadığı məhəbbət macərasından danışsaq, böyük bir novella alınar. Elə buna görə Elizabetə “brilyantlarla sevişən” aktrisa deyirdilər. Elizabet sanki brilyantlarla bərq vurmaq üçün yaradılmışdı... Kişilər çoxsaylı həyat yoldaşları və pərəstişkarları olan Hollivudun kino divasını sevir və ona gözəl zərgərlik nümunələri göndərirdilər. Bütün dünyada məşhur olan "Elizabet Teylor kolleksiyası" onun pəristişkarlarının hesabına yaranıb. Elizabet Teylor həm qədim şahzadələri canlandıranda, həm də gündəlik həyatında brilyantlardan bir dəqiqə belə olsun ayrıla bilmirdi.

Elizabet Teylor təkcə istedadlı aktrisa kimi deyil, həm kişilərin qəlbini fəth edən afət, həm də unikal zərgərlik məmulatları kolleksiyasının sahibi kimi dünyanın hər yerində məşhurdur.

Elizabet Teylorun məşhur kitabını məhz qiymətli daşlar haqqında yazması onun zinət əşyalarını həddindən çox sevməsini bir daha sübut edir. Kitabda aktrisa bütün ərlərinin çariçası olduğunu qürurla etiraf edirdi.

Əbəs deyil ki, aktrisanın 3-cü həyat yoldaşı Mayk Todd ona üzərində “Sən mənim kraliçamsan” yazılmış tac hədiyyə edir. 1957-ci ildə aldığı "Oskar” mükafatının təqdimetmə mərasimində bu tac onu hamıdan fərqləndirirdi.

1957-ci ilin avqustunda Elizabet Teylor və Mayk Todd (onun üçüncü əri) Fransadakı villasında istirahət edirlər. Elizabet hovuzda üzən zaman Mayk gözlənilmədən ona “Cartier” loqolu içində gözəl yaqut dəsti olan üç qırmızı qutu hədiyyə edir.

Yeri gəlmişkən, belə səxavətli hədiyyələri aktrisa zaman-zaman özü də özünə hədiyyə edirdi. Məsələn, bir dəfə o, fransız zərgər Joelo Artur Rozentalyuya sapfir sırğalar sifariş verir. Onların hazırlanmasında Elizabetin gözlərinin xüsusi çalarını əldə etmək üçün daşların müxtəlif rənglərindən istifadə edilib. Dizayner xatirələrində yazıb: "O deyirdi ki, gözləri mənimki kimi mavidir. Bəzən isə yaşıl olurdu. Bızilərinə isə elə gəlir ki, onun gözləri bənövşəyidir”.

“JAR” fransız zərgərlik evinin tarixi, aktrisanın gözünün rənginin güclə sezilən biləcək çalarda hazırlanan həmin sırğaları

Elizabet Teylor dünyanın bütün zinət əşyalarını onun ayaqları altına tökməyə hazır olan kişilərin qəlbini fəth edirdi... Teylorun dəbdəbəli kolleksiyasını təşkil edən zinət əşyalarını yalnız bu sözlərlə təsvir etmək olar: tarixi, dini, sirli, əfsanəvi, hətta çox bahalı.

Hollivudun Kleopatrası həm daş-qaş kolleksiyası topladığı, həm də 8 dəfə ərə getdiyi üçün onu kolleksioner adlandırırdılar. Onlar arasında 5-ci həyat yoldaşı Riçard Barton səxavətli olması ilə xüsusi seçilirdi. Şübhəsiz məhz bu cəhətinə görə aktrisa onunla iki dəfə ailə qurmağa razı olub.

Yazımın qəhrəmanı gənc aktyorla “Kleopatra” filminin çəkilişlərində tanış olublar. Riçard Barton Teylora evlilik təklifini edəndə ona 69 karatlıq brilyant qaşlı üzük hədiyyə etmişdi. "Teylor-Barton" adlı üzük indiyədək dünyanın ən bahalı brilyantı sayılır.

Məşhur "Teylor-Barton" brilyantının çəkisi 69 karatdır, onun tarixi hələ 1966-ci ildən başlayıb. Belə ki, işlənməmiş almaz Carda tapılıb. Zərgər Harri Uinston ondan armud formasında brilyant düzəldir.

Filmin çəkilişləri zamanı Riçard gözəlçəsini zümrüdlərə qərq edir. Bənzərsiz “Bvlgari” dəsti onların xoşbəxt günlərindən xatirə qalır. Məhz onda Barton bu məşhur cümləsini deyir: "Mən Lizi pivə ilə tanış etdim, o isə məni “Bvlgari” ilə".

1965-ci ildə Bartonun bağışladığı brilyant, zümrüd və sapfirlərlə bəzədilmiş sancaq da Teylor üçün çox əziz idi. Elizabetin sözlərinə görə, “Tiffany & Co” -dan olan bu bəzək əşyası Riçard ilə nikahlarının ilk həyəcanlı günlərinin rəmzi kimi qalıb.

Kleopatranın güzgüsü də “Bvlgari” brendi tərəfindən filmin çəkilişləri üçün xüsusi olaraq yaradılıb. Qızıldan və firuzədən hazırlanmış bu nadir əşya aktrisanın kolleksiyasına daxil idi.

Aktrisanın şərəfinə Elizabet adı verilən möhtəşəm brilyant (bu dəfə çəkisi 33 karat) Riçardın böyük ehtirasının daha bir göstəricisi idi. Bahalı zinət əşyaları ilə daim diqqət mərkəzində olan aktrisaya 1968-ci ildə “Müqəddəs Sevgililər günündə” 5-ci həyat yoldaşı Riçşard Barton armud formasında çox unikal mirvari kolye hədiyyə edir. Bu parlayan zərgərlik sənət əsəri Teylorun ən sevimli zinət əşyası idi. Yeri gəlmişkən qeyd edim ki, o, ölənə qədər bu kolyesindən ayrılmır.

55 karatlıq əfsanəvi sədəf daş XVI əsrdə aşkar edilib və sonradan İspaniya tacının bir hissəsinə çevrilir. Xatırladım ki, kraliça İzabella bu tacla dahi Valeskasa poza verib. Dünyanın ən qüsursuz xəzinəsinin sahibi (Əlbəttə ki, Bartonun yardım ilə) olan Elizabet onu “Cartier” evinin zərgərlərinin əlinə verir. Zərgərlər onu modelini tamamilə dəyişirlər.

Bir çox bədxahlar iddia edirlər ki, belə səxavətli hədiyyələrlə Barton xəyanətlərinə görə öz günahını yumaq istəyirdi. Bu, belədir, yoxsa yalan, artıq heç kim bilmir. Amma Bartonun aktrisaya zəngin tarix hədiyyə etdiyinə etiraz etməyə haqqımız yoxdur. Məsələn, “Tac-Mahal” brilyantını o, aktrisaya 40 yaşında alıb. Bu daşın gözəlliyi tarixi qədər dərin idi. Adından göründüyü kimi bu daş dünyanın 7 möcüzəsindən biri olan mavzoleyin adı ilə bağlıdır. Tac Mahal mavzoleyini Şah Cahan gənc vəfat etmiş həyat yoldaşının xatirəsinə tikdirmişdi.

İmperator Mümtaz-Mahalın qəfil ölümünə qədər bu brilyantı sevimli həyat yoldaşına düz 4 dəfə hədiyyə edib.

Riçard Barton 1971-ci ildə Elizabet Teylorun ilk nəvəsinin şərəfinə ona “Van Cleef & Arpels”-dən üzrəində "Sən o qədər gözəlsən ki, heç kim sənin nənə olduğuna inanmaz" yazılan dəst hədiyyə edir.

Art-deko stilindəki boyunbağını Riçard həyat yoldaşının növbəti ad günündə hədiyyə edir. Bir qədər sonra boyunbağıya üzük də sifariş edir. Sapfirdən hazırlanmış boyunbağı “Bvlgari”-dən idi.

Elizabet Teylora bahalı daş-qaşları ilə ayrılmaq asan olmasa da, aktrisa ömrünün son illərində zinət əşyalarına olan sevgisini belə ifadə edir:

"Bilirəm ki, mənim qiymətli zinət əşyalarımda qeyri-adi magiya və tilsim var. Lakin ümid edirəm ki, onları əldə edən digər insanlar zinət əşyalarını mənim kimi saxlayacaq və qorumaq istəyəcəklər. Çünki biz hamımız bu gözəlliyin müvəqqəti sahibləriyik".

2012-ci ildə adıçəkilən ən qeyri-adi zinət əşyaları hərraca çıxarılır. Başlanğıc qiyməti 20 milyon dollar idi. Ulduzun kolleksiyasını məhz bu məbləğə qiymətləndirmişlər. Hərracda qiymətlər demək olar ki, 6 dəfə qaldırılır. Əldə olunan bütün vəsaitlər müxtəlif xeyriyyə təşkilatlarının göndərilir. Bunu Teylorun özü ölümündən əvvəl vəsiyyət etmişdi.

Bəlkə bu qədər kişinin onu sevməsinin səbəbi nə gözəlliyi, nə də ki, şöhrəti idi. Yəqin, kişilər onu hissiyyatlı və belə səxavətli olduğu üçün sevirdi...

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm