İlin ən dəbli gəlin ayaqqabıları və aksessuarları - FOTOLAR
Bizi izləyin

Dəb

İlin ən dəbli gəlin ayaqqabıları və aksessuarları - FOTOLAR

Gəlinin ayaqqabıları paltarın altından çox görünməsə də, ən azı gəlinlik qədər qəşəng olmalıdır. Saç aksessuarları isə bir gəlinin stilinin əyani göstəricilərindən biridir.

Publika.az gəlin namizədləri üçün 2015-ci ildə ayaqqabı və aksessuar dəbinə aid maraqlı məlumatları təqdim edir:

Ayaqqabılarla başlayaq

2015-ci ildə qızların ayaqlarında ən çox gözə çarpan trend retro stili və qalın dabanlı ayaqqabılardır. Bu trend rahatlığa üstünlük verən gəlinlərin xoşuna gələcək.

Bu ayaqqabıların üzərində isə mövsümün digər bir trendi parlaq daş detalları görüləcək.

Parıltılı parçalardan hazırlanan ayaqqabılar gəlin namizədlərinin ayaqlarını cəlbedici göstərəcək.

Ayağın üstünü bürüyən ipli ayaqqabılar gəlinlik stilində də özünü göstərir.

Krujevalı gəlin ayaqqabıları isə illərdir ki, öz aktuallığını qoruyub saxlaya bilib. Bu ayaqqabı modelləri kristallarla bəzədilir.

Gəlinlər daha çox ağ, krem və süd rəngli ayaqqabılara üstünlük verirlər. Bu mövsüm daha cəsarətli rənglər təklif olunur. Mavi tonları bu ilin trendidir. Daha iddialı xanımlar isə qırmızı da istifadə edə bilər. Gümüşü və qızılı tonları da bu yaz gəlin ayaqqabılarında ən çox istifadə edilən rənglərdir.

Bir çox gəlin namizədi yüksək dabanlı və platformalı ayaqqabılar seçir. Lakin altı düz formalı ayaqqabılara üstünlük verənlərin sayı da az deyil.

Yekun olaraq onu deyə bilərəm ki, gəlin namizədlərinə ayaqqabı məsələsində azadlıq verilib. Qızlar arzuladığı ayaqqabını geyinməkdə sərbəstdir.

Saç aksessuarlarına gəlincə, 2015-ci ildə gəlin namizədlərinə romantik saç düzümləri təklif olunur. Daha təbii, daha sadə saç modelləri və saç aksessuarlarına üstünlük veriləcək.

Təbii daranmış və açıq buraxılan saçların aralarına ilişdirilmiş çiçəklər qızların saçlarını bəzəyəcək.

Saç sancaqları yeni mövsümün sevimli dəb cərəyanlarından biridir. Cəsur gəlin namizədləri bu dəbi çox sevəcək.

Aşağı yığılan toppuzlar, bohem dalğalar və bu saçları bəzəyən daş-qaşlı saç bantları da aktualdır.

Fransız hörükləri, balıq quyruğu saç modelləri toy günü üçün ideal variantdır. Dağılmaq ehtimalı olmadığı üçün həyatınızın ən özəl günündə rahatlıqla istifadə edə bilərsiniz.

1920-ci illərin dəbinə aid nostalji saç bantları da 2015-ci ilin saç aksessuarı dəbinə aiddir.

Parıltılı və göz qamaşdıran daşlardan, qaz tükündən istifadə edilərək hazırlanan saç sancaqları çox qəşəng görünür.

Alın lentləri bu mövsüm də çox dəbdədir.

Duvaqlarda isə ənənəvilik hökm sürür. Uzun fata və fata uclarında əl işi bəzəmələr görəcəyik.

Bununla yanaşı, qısa və üzü örtən duvaq da variantları da təklif olunur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm